Günümüzün yazarları və sosial şəbəkə tələsi
Amerikanın son bir neçə ildə dünyada librettoları və ədəbi tənqidi
məqalələri ilə tanınan yazarı Laura Harrinqton ədəbiyyatı yalnızlıq, səssizlik
işi hesab edir. Harrinqton və "Harper Mountain Press” nəşriyyatının redaktə
şöbəsinin aparıcı məsləhətçisi olan həyat yoldaşı birmənalı şəkildə ədəbiyyatın
insana gündəlik qayğılarını unutduracaq qədər maraqlı bir mühitdə yarana
bildiyinə inanır, yalnız vərdiş edilmiş həyat ritmindən arınmış insanın
mükəmməl ədəbi nümunə yarada biləciyini iddia edirlər. Harrinqton yaşı artıq
50-ni haqlamış, müasir dünyanın standartlarına həm iş əmsalı, həm aktivlik
göstəriciləri, həm də dünyəvi ideyaları ilə kifayət qədər ayaq uyduran bir
dünyagörmüş olsa da, uşaqlığını şəhərdən, hər cür psixoloji, mənəvi-emosional
təzyiqlərə məruz qaldığı üçün həssaslıq, simpatiya göstərmək kimi insani
keyfiyyətləri önəmsəməyənlərin mühitindən çox-çox uzaqda keçirdiyi hər
məqaləsində, hər əsərində özünü açıq-aşkar büruzə verir.
Günümüzün Yeni Dünyasının məşhur qələm adamlarından olan Larinqton
onlarla dram əsərinin, musiqili komediyaların, librettoların müəllifi, bir çox
beynəlxalq nüfuzlu mükafatın qalibidir. Harrinqton dramaturgiya üzrə "Massachusetts
Culture Comittee Prize” mükafatına layiq görülmüş ilk xanımdır. İlk debüt əsəri
"Alice Bliss” ilə "Clauder” mükafatına layiq görülən Harrinqtonun "Ev”
("Home”), "100 monoloq” ("100 monologues”) kitabları da ABŞ, İtaliya və
Danimarkada böyük maraqla qarşılanıb. Müəllifin daimi tribunası olan
"thereviewreview.net” onlayn dərgisində sosial media və ədəbiyyat adamlarının
həyatı haqqında yer almış məqaləsini təqdim edirik.
Son iki ayda sosial media ilə olan bütün əlaqələrimi tamamilə kəsmişəm. Bu yaxınlarda
həyat yoldaşımla iki fasiləsiz iş ilindən sonra ilk dəfə tətilə çıxdıq. İkimiz
də uzun müddət o qədər ağır rejimdə işləmişdik ki, dincəlməyə çox ehtiyac
duyurduq. Mən kitabımın son yoxlamalarını tamamlayıb redaktoruma təhvil
vermişdim. Sonra hardasa bir ay hər gün ailə və qoyumlarımızı ziyarət etmişdik,
bu proses hər ikimiz tükəndirmişdi.
Sadəcə ölkəni tərk etməklə kifayətlənməyib, bütün elektron cihazları
da evdə qoyduq. Rabitəsiz 3 həftə!
Bu vəziyyəti dostlarıma danışanda bəziləri qibtə etdi, bəziləri isə
özlərini belə bir situasiyanın içində fikirləşib, soyuq tərlər axıtdı. Düzünü
desəm, ilk bir neçə gün eşitdiyimiz hər telefon səsi hər ikimizin diksinməmizə
səbəb olurdu.
İlk düşüncələrimiz belə idi: Bu ki gülməlidir! Sonrakı düşüncələrimiz:
Məgər biz hamımız Pavlovun (red. İvan Petroviç Pavlov. Rus alimi, Nobel
mükafatı laureatı, fizioloq və psixoloq) təcrübə itləriyik?
Bu prosesdən şüurlu asılılığımız təxminən belə idi: Elə öyrədilmişəm
ki, hər dəfə "bip” səsi eşidəndə yerimdən sıçrayıram. Sanki hər mesaj çox böyük
əhəmiyyətə malikdir. Məncə, bu sizdə də olur, amma gələn böyük bir ehtimal ki,
telefon firmasının yeniləmə və ya hansısa markanın reklam mesajıdır.
Tətilimizin növbəti günlərində və həftələrində isə heç telefon səsi
eşitmədim. Finistrda, Britannidə (Fransa əyalətləri) sanki dünyanın sonunda
idim. Şam yeməyi üçün yer axtaran zaman "Yelp”ə (məşhur və tövsiyə olunan
restoran və otel xidmətlərinin axtarış portalı) müraciət etmədim. Bunun əvəzinə
otel işçisindən soruşdum, bazardakı alma satan kişidən məsləhət aldım. Yenə də
əyalətdəki ən yaxşı şirniyyat evini tapmaq üçün heç bir sayta daxil olmadım;
hamısını tək-tək özüm axtardım.
Getmək istədiyimiz yerləri tapmaq üçün kağız xəritələrdən istifadə
etdik. Onları xatırlayırsınızmı? Fransada bir tütün dükanından ala biləcəyiniz
bir kağız xəritədən. Fransanın Tabak (tütün dükanı) adlanan bu nadir tapıntı
dükanlarında nələr yoxdur ki; gəzinti xəritəsindən tutmuş, gözəl bir qələmə,
çox satılan romanlara qədər hər şey var.
Yaxşı, bəs bu xəritə ilə yolu tapa bildikmi? Çox vaxt hə. Amma düşünün,
bəzən azmağın da verdiyi bir həzz var. Azmaq və yeni yerlər kəşf etmək.
Velosiped sürdük, sahillərdə gəzişdik, ətraf kəndləri və balaca kafeləri ziyarət etdik,
bazarları gəzdik, abidələrin içlərinə girdik, uçmuş monastırları kəşf etdik.
Üstəlik bu müddət ərzində 6 kitab oxudum. Gündəlik tutdum və bunun nəticəsində
şanslı, amma çox vaxt daimi diqqət tələb edən yaşam tərzimdən qurtulmuş hiss
etdim özümü. Zehnim və bədənim arasında təkrar əlaqə qura bildim.
Daha çox əylənməyə, fikirlərimi sahmanlamağa başladım. Artıq
həqiqətən dərin düşüncələrə dalıb xəyal qura bilirdim. Kompüter arxasında çox
vaxt keçirdiyim günlərdə düyünlənmiş bədənim çözülməyə başladı. Zahiri və
daxili dünyam genişləndi, rəngləndi. Hətta yeni kitabımın üzərində işləməyə
başladım.
Düşünmə tərzimin dəyişdiyini hiss edirdim. "Facebook” ya da
"Tvvitter”da nə paylaşmalı olduğumu və ya blogumda nə yazsam, diqqət çəkər deyə
düşünmürdüm artıq. Bağçada oturub günəşin batmasını izlədim. Hansısa şəbəkədə
paylaşmaq üçün şəkil çəkmədim, ləziz yemək və gözəl söhbətlərdən həzz aldım.
Çünki yaşadığım bu əsrarəngiz təcrübə heç bir fotoşəkildə əks oluna bilməzdi.
Əksinə belə yerdə şəkil çəkmək o anı zədələyər və partnyoruma yaşadığımız bu
təcrübəni virtual olaraq paylaşmağın, o anı onunla realda yaşamaqdan daha
önəmli olduğunu hiss etdirə bilərdi. Həqiqi, saf və hansısa vasitəçi olmadan
yaşanan təcrübələrin yaratdığı duyğulara nə qədər ac olduğumu başa düşdüm.
Hiper bağlantı və sosial media "tanrı”larının əsla icazə vermək
istəməyəcəkləri bu səssizliyə, durğunluğa və məhrəmiyyətə nə qədər çox
ehtiyacım olduğunu hiss etdim.
Bir yazıçının əsas məqsədinin - özümün əsas məqsədimin nə olduğunu
düşünməyə başladım. Yazıçı "mən”ə qayğı göstərməyin yaradıcı insana özünü necə
hiss etdirə biləcəyini düşündüm. Bir yazar olaraq mənim işim nədir? İstədiyim
kimi yaza bilmək və bunu davam etdirə bilmək üçün nələrə ehtiyacım var? Zamana,
məkana, kitaba və daha çox kitaba, oxumaq və öyrənmək üçün mükəmməl yazarlara,
yaxşı yeməyə və xoş söhbətlərə, canlı fiziki həyat tərzinə (mümkünsə açıq
havada) və mənəviyyatıma yönəldə biləcəyim qayğı və sevgiyə. Zehni və mənəvi
olaraq o anların içində olmaq: görərək, hiss edərək, xəyal quraraq bütün bunlar
mənimi yaradıcılığımı qidalandırır.
Son zamanlarda kitab yazmaqla yanaşı, sosial
media və marketinqlə də məşğul olan yazarlar, "Facebook”, "Tvitter” və Bloqlarda
paylaşımlar edərək oxucularla daimi əlaqədə olmağın əhəmiyyətli olduğunu
düşünürlər. Yazıçı dostlarımın yaxın çevrələri, ailələri və balaca uşaqları ilə
birgə bu ağır işin öhdəsindən gələ bilmək üçün sərf etdikləri səyləri
izləyirəm. Onlara qibtə edirəm. Mən də onlar kimi etməyə, onlar kimi olmağa
çalışdım. Amma işləri relsə oturda və səmimi deyirəm axtardığım tarazlığın
yaxınına belə düşə bilmədim.
Yaradıcılığın və sosial medianın bu birgə ortaq məşğuliyyəti,
çoxlarının öhdələrinə götürmüş olduğu bu ikiqat ağır iş mənim üçün dözülməzdir.
Bu nöqtədə situasiyanı sadəcə dözüm tələb edən çətinlik və ya mənimsəniləcək
bir bacarıq olaraq görməkdən çox, situasiyanın kökündə daha əsaslı bir
problemin olduğu nəticəsini çıxarıram. Diqqətin mütəmadi olaraq dağılmasının
beyinə necə təsir etdiyini kim bilir? Beynimiz bu sürətli "başla və
bitir" əmirlərinə öyrəşə bilirmi? Və bu
tələskənlik-bəzən həzz verici də olsa - bir yazıçının yaradıcılıq
prosesində ehtiyac duyduğu şeyin tamamilə əksi deyilmi?
Qətiyyətlə və əminliklə deyə bilərəm ki, bütün bu və digər işlər, hal-hazırda
nə qədər önəmli görünsə də, mənim yaradıcılığımı qidalandırmır. Bu mövzuda
Virginia Vulfla tamamilə razılaşıram. O, "Jacobun Otağı” kitabının çapından
sonra baş verən və bir həftə içində geniş şəkildə yayılan sensasiyaların yazılarını
bitirdikdən sonra baş verməsindən məmnun olduğunu açıqlamışdı. O zamanlar
"Xanım Dallovey” əsəri üzərində işləyən Vulf lüzumsuz sensasiyaya səbəb olduğu
və ədəbiyyata tamamilə uzaq insanları belə söz deməyə cəsarətləndirdiyi üçün öz
yaradıcılığından şübhə etməyə başlamışdı. Belə bir situasiyada əsl ədibin verə biləcəyi
ən yaxşı qərarı verib və böyük həvəslə qədim Yunan ədəbiyyatı nümunələri
oxumağa başlayıb.
Heç bir şübhə yoxdur ki, mən bunun tərəfdarı olduğumçün məsələyə çox
romantik yanaşıram, amma Vulfun əzmli səyləri və özünü sözün əsl mənasında
oxuma-yazma və öyrənməyə kökləməsi mənə dərindən təsir edir. Bu tərz bir
özünəqapanmanı sadəcə və sadəcə tam olaraq köklənmə, yaradıcı prosesin
mahiyyətinə fokuslaşmayla bacara bilərik, amma virtual, saxta və daim məşğul
olduğumuz dünyanı kənara qoymaq şərti ilə. Oxumağı da məhz buna görə sevirəm.
Elə yazmağı da məhz bu səbəbdən sevirəm.
İşimə konsentrasiya ola bilməməyimin əsas səbəbi olan diqqət
dağınıqlığımın üzərimdəki hökmranlığını
birmənalı şəkildə rədd etmək zəiflik, yoxsa güclülük göstəricisidir? Əminəm ki,
bu suala veriləcək cavablar ən az ətrafımızdakı yazıçılar qədər çoxvariantlı və
müxtəlifdir. Və yenə də əminəm ki, özümüzə bu tip suallar verməyə öyrəşməli, özümüz
və etdiyimiz iş üçün nəyin yaxşı
olduğuna qərar verib onu etməliyik.
Tərcümə etdi: Elcan SALMANQIZI