• cümə, 29 Mart, 14:05
  • Baku Bakı 14°C

Geosiyasi inqilaba yol açacaq layihə

21.05.21 17:15 1702
Geosiyasi inqilaba yol açacaq layihə
Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionları birləşdirəcək
Çin və Avropanın yaxınlaşması bu iki fövqəl güclər arasında olan dövlətlərə də təsirsiz ötüşmür. Dünya iqtisadiyyatının üç nəhəngindən ikisinin belə bir inteqrasiyası həmin dövlətləri nəqliyyat-logistik qüdrətlərini də aktivləşdirməyə sövq edir. Bu fonda Cənubi Qafqazdan Avrasyanın əhəmiyyətli nəqliyyat dəhlizləri keçə bilər. Koronavirus pandemiyası, regionallaşma, rəqəmsal medianın geniş istifadəsi, Dünya Ticarət Təşkilatının qaydalarının pozulması, ticarət müharibələri və Süveyş kanalında "Ever Given” ticarət gəmisi ilə bağlı yaşananlar dünya iqtisadiyyatına köklü şəkildə təsir edib və dəyişib. Bütün bunlar beynəlxalq ticarətin, dünya boyu daşınma halqasına yenidən qurulmasına səbəb olub. Transxəzər beynəlxalq nəqliyyat marşrutu və yaxud "Orta Dəhliz” Cənubi Asiya və Çindən başlayır, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyədən keçməklə Avropaya doğru uzanır. Bəlli olduğu kimi, 44 günlük İkinci Qarabağ Müharibəsi 2020-ci il noyabrın 9-da sülh razılaşmasının imzalanması ilə nəticələndi. Bu sülh razılaşması regionun geosiyasi, geoiqtisadi konfiqurasiyasını radikal dəyişikliklərə gətirmiş oldu. Ən əsası "Orta dəhliz” çərçivəsində Asiya və Avropa arasında nəqliyyat dəhlizlərinin inkişafında yeni imkanlar yaratmış oldu. Atəşkəs haqqında sülh razılaşmasının şərtlərinə uyğun olaraq Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat mübadiləsini təmin edir. Eyni zamanda, hər iki istiqamətdə vətəndaşların təhlükəsiz gediş-gəlişini, nəqliyyat vasitələrinin hərəkətini təmin edir. Bunun nəticəsində Azərbaycan Avropa qitəsinin düz ürəyində, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində əsas nəqliyyat xətti kimi mövqeyini möhkəmləndirmiş olur. Cənubi Qafqazda "Orta dəhliz”in bölgü nöqtəsi kimi Azərbaycan iki istiqamətdə şaxələnmiş olur. "Orta dəhliz” üzrə digər tərəfdaşlarla birlikdə Azərbaycan Şərq və Qərb istiqamətləri üzrə dəmir yollarının qurulmasında ən yaxşı balans yaradılmasına kömək edə bilər. Məhz bu da yeni "İpək yolu” layihəsini hazırlayanların əsas hədəfi idi. Beynəlxalq nəqliyyat assosiasiyası - FERRMED-in məsləhət şurasının üzvü Pyer Borqolçun sözlərinə görə, dəmir yolu ilə yük daşımaların qiyməti şərqə doğru daşımalar artdıqca azalır. Bu da transkontinental dəmiryolu marşrutlarının davamlılığına, inkişafına səbəb olur. Rəsmi Bakı artıq Naxçıvana qədər uzanacaq dəmir yolunun inşasına başlayıb. Bu xətt də işğaldan azad edilən ərazilərdən keçib gedir. Beləliklə, Zəngilan rayonu İran, Ermənistan və Azərbaycan sərhədlərin kəsişməsində nəqliyyat xətti rolunu oynamış olacaq. Bu səbəbdən də Zəngilanda beynəlxalq aeroport və avtomobil yollarının inşası aparılır. Moskva, Yerevan və Bakı arasında üçtərəfli - Azərbaycan və Naxçıvan arasında Zəngəzur dəhlizinin inşası ilə bağlı danışıqlar aparılır. Zəngəzur dəhlizi Ermənistan ərazisindən keçsə də, dəmir yollarına nəzarət Rusiyanın "Cənubi Qafqaz dəmir yolları”ndadır. Məhz bu şirkət uzun illərdir ki, Ermənistanın dəmir yollarına nəzarəti həyata keçirir.

Daha ucuz alternativ

London analitik mərkəzi - "Emerging Europe”in hazırladığı hesabatda qeyd edilir ki, Türkiyə və İran da Qarabağ münaqişəsinin nizamlanmasından sonra Cənubi Qafqazın geosiyasi xəritəsinin yenilənməsində, əlaqələrin qurulmasında maraqlıdırlar. Layihə Cənubi Qafqazın üç ölkəsini - Ermənistan, Azərbaycan və Gürcüstanı, habelə üç qonşusunu - Türkiyə, Rusiya və İranı əhatə edən "3 + 3" geosiyasi tərəfdaşlığının formatına uyğundur. Azərbaycanla Naxçıvan arasındakı Zəngəzur dəhlizi daha qısa bir marşrut təklif etdiyi üçün bölgədəki digər layihələrə nisbətən daha ucuz alternativdir. Məsələn, uzun illərdir nə beynəlxalq maliyyə qurumları, nə xarici hökumətlər, nə də Ermənistan İranla Ermənistan arasında 3,5 milyard dollar dəyərində olan yeni bir dəmir yolunun tikintisini maliyyələşdirə bilmədi. Çinin "Bir dəhliz-bir yol” təşəbbüsü Cənubi Qafqazdan keçən İpək Yolu marşrutunu yenidən bərpa edərək Avrasiya nəqliyyat şəbəkəsinin strukturunu dəyişdirir. Belə ki, yerüstü nəqliyyat Çinin daxili bölgələri üçün dünya bazarlarına açılan bir qapı rolunu oynayır. Layihə Pekinin mövcud dəniz yollarında həyatı əhəmiyyət kəsb edən alternativə çevriləcək. Onun dəniz nəqliyyatı hazırda "Adaların birinci zənciri” kimi Kamçatka yarımadasından Malay arxipelaqına kimi məhdudlaşır. Azərbaycanın və digər tərəfdaş dövlətlərin transkontinental marşrut üzrə nəqliyyat-logistik imkanları Avropa İttifaqı və Şərqli Asiyadan ixrac olunan məhsulların böyük hissəsinin əlavə və özü də yüksək qiymətlərlə daşınmasına səbəb olur. Azərbaycan, həmçinin özünün nəqliyyat potensialını gücləndirməkdədir. Xəzər dənizində birinci "yaşıl liman” və Avropadakı 26 limandan biri olan Bakı limanının ticarət dövriyyəsi ötən il 20 faiz yüksəlib. Bakı limanı 2020-ci ildə Avrasiyadan keçən yükdaşımaların, eləcə də, ticarətin böyük hissəsini qəbul edib. Son 30 ilin göstəriciləri ilə müqayisədə ötən il iri həcmli nəqliyyat vasitələri və konteynerlərlə bağlı işlənməsində rekord göstəricilər qeydə alınıb. 2020-ci ildə iri nəqliyyat vasitələrinin yük daşınması 28%, konteynerlər 15%, quru yolla yüklərin daşınması isə 280% artıb. Son beş illə müqayisədə ötən il Bakı limanında irihəcmli nəqliyyat vasitələri ilə yüklərin daşınması 5, konteynerlərlə 3, ümumi quru yolla yüklərin daşınma həcmi isə 3,5 dəfə artıb. Türkmənistandan mineral məhsulların (karbamid və gübrələr), eləcə də, Qazaxıstandan buğda ixracının artdığını nəzərə alsaq, Azərbaycanda yaxın gələcəkdə mineral və buğda terminalının inşası nəzərdə tutulub. Çin-Avropa yük daşıma qatarlarının Polşa və Belarusda transsərhəd stansiyasının yükburaxma qabiliyyətini maksimal şəkildə artıb. Bu səbəbdən də Avrasiya, o cümlədən "Orta dəhlizlə” alternativ yerüstü marşrutların artırılmasının əhəmiyyəti artır. Avrasiya və Cənubi Qafqazda geoiqtisadi dəyişikliklər bir-birini tamamlayır. Azərbaycana Asiya və Avropa arasında əlaqələrin qurulmasında öz rolunu oynamağa imkan verir.

Yeni coğrafi struktur

Hesabatda qeyd edilir ki, "Avrasiyada transkontinental daşınmalar və ticarət sahəsində yeni coğrafi struktur formalaşır: ötən il Çin-Avropa yük qatarları iyirmi futluq ekvivalentdə yarım milyonluq konteynerlər daşıyıb ki, bu da 2019-cu illə müqayisədə 65 faiz çoxdur. "Yaşıl dəhliz”lə Azərbaycanın yükburaxma sistemi Ümumdünya Gömrük Təşkilatının təkliflərinə əsasən gömrük buraxma məntəqəsindən yüklərin sürətli daşınması üçün əlverişli şərait yaratmağı öz üzərinə götürüb. Gömrük nəzarətinin tətbiqi risklərin qiymətləndirilməsi üzərində qurulub. Eləcə də, gömrük sənədləşməsi və nəqliyyat vasitələrinin daha şəffaf olmasını nəzərdə tutur. İqtisadiyyat üzrə Nobel mükafatçısı Pol Kruqmanın "Kanada ABŞ-a onun özündən də yaxındır” sitatını Ermənistana da tətbiq etmək mümkündür. Çünki bu ölkə Azərbaycan və Türkiyəyə özündən də yaxındır. Başqa sözlə, Ermənistanın əsas yaşayış məntəqələri (məsələn, Yerevan) Türkiyə və Azərbaycana daha yaxındır. Bu da Ermənistanın gələcək iqtisadi inkişafına təsir edir. Regionda Azərbaycan vasitəsilə yeni kommunikasiyaların açılması imkanlarından istifadə etməklə Fars körfəzinə və Rusiyaya gedib çıxmaq olar. Sinqapur möcüzəsinin qurucularından hesab edilən Li Kuan Yu yaxşı bir məsləhət verir – qonşularla müharibə aparmaq yox, ticarət etmək gərəkdir. Bunu Cənubi Qafqaza xüsusi ilə şamil etmək olar. Ticarətin qravitasiya modelinə əsaslanan qiymətləndirmə Azərbaycan və Ermənistan üçün ikitərəfli ticarəti zəruri edir”. Əlavə edilir ki, Avropa İttifaqının "Avropa və Asiyanı birləşdir” strategiyası çərçivəsində Avropa Komissiyası konkret təşəbbüslərin işlənməsini nəzərdə tutan tezislər təklif edib. Bunlar Avropa və Asiya arasında bağlılığı yaxşılaşdıra, o cümlədən nəqliyyat əlaqələri, enerji və rəqəmsal şəbəkəni gücləndirə bilər. Azərbaycanın Avropaya gedən neft və qaz boru xətlərinə olan təşəbbüsləri, onun nəqliyyat layihələri və "Azerbaijan Digital Hub” proqramı Azərbaycanı Yaxın Şərq, Mərkəzi Asiya, və Cənubi Asiyanın rəqəmsal xidmətləri üçün regional mərkəzə çevirir. Bunlar, ən əsas Avropa İttifaqının strategiyasına da uyğun gəlir. Çinin "Bir dəhliz-bir yol” və Türkiyənin "Orta dəhliz” layihəsi Azərbaycanın effektiv nəqliyyat imkanları ilə daha da güclənmiş olur. 2019-cu ildə Çin və Avropa İttifaqı arasında ticarət dövriyyəsi 560 mlrd. avroya çatıb. Və bu səbəbdən də onlar "Orta dəhliz”in inkişafında maraqlıdırlar. "Orta dəhliz” eyni zamanda Türkiyə və Mərkəzi Asiya arasında ticarət dövriyyəsi baxımından əhəmiyyətlidir. Onlar arasında ticarət dövriyyəsi 6 mlrd. dollardır. Halbuki, Çin və Türkiyə arasında ticarət dövriyyəsi qeyd olunan ildə 21 mlrd. dollara yüksəlib.

Qafqaz üçün yox, daha geniş anlam

Beləliklə, bu gün Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik bir layihəyə çevrilir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi: "Əgər xəritəyə baxsaq, görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün”. Burada söhbət 1,1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək dəhlizdən gedir. Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionları birləşdirəcək. Zəngəzur dəhlizinin istifadəyə verilməsi, eyni zamanda, Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək. Xatırladaq ki, bu gün respublikamız Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, həm birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına mühüm təsir göstərir, həm də maliyyə dəstəyi nümayiş etdirir.
Zəngəzur dəhlizi Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq. Dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək.

Azər NURİYEV


banner

Oxşar Xəbərlər