• cümə, 29 Mart, 06:28
  • Baku Bakı 5°C

General yox, şəhid olmağı seçən leytenant

03.04.21 09:00 1179
General yox, şəhid olmağı seçən leytenant
"Dedi ki, bayrağa bükülü gələcəyəm, məni şan-şöhrətli qarşılayarsınız”
Bütün fənləri yaxşı oxuyur, orta məktəbi qırmızı diplomla bitirir. Anasının, nənə-babasının yönləndirməsi ilə gələcəkdə iqtisadiyyat üzrə təhsil almağa qərar verir. Bu istiqamət üzrə repetitor yanına hazırlığa gedir, ancaq bir gün gəlib nənəsi Cəmilə Əlizadəyə deyir: "Nənə, səndən bir xahiş edəcəyəm, amma sözümü yerə salma. İcazə ver, sənədlərimi hərbi məktəbə verim. Mən hərbi ilə nəfəs alıram”. Nənəsi cavab verir ki, yaxşı oxuyursan, ona görə iqtisadiyyat təhsili almağını istəyirik. Deyib ki, mən hansı istiqamət üzrə təhsil alsam da, yenə hərbiyə yönələcəyəm, ona görə də, mane olma.

Beləliklə, hərbi sahəyə yönəlir. Hərbi təhsilə başlamamışdan bir gün öncə isə hisslərini gündəliyinə belə qeyd edir: "Sabah hərbi məktəbin qapıları üzümə açılır. Çox həyəcanlıyam. Gözümə yuxu getmir. O formanı geyinməyi çox səbirsizliklə gözləyirəm. Sırf gələcək həyatımın xoş olmağı üçün deyil, Vətənə layiqli övlad olmaq üçün gedirəm”.

Söhbət Vətən müharibəsinin iştirakçısı, leytenant Samir Əliyevdən gedir. Qeyd edək ki, Samir Əliyev 1999-cu il avqustun 9-da Bakı şəhərində anadan olub. Orta təhsilini Xətai rayonu 55 nömrəli tam orta məktəbdə alıb. Orta məktəbi qırmızı diplomla bitirib. 2016-cı ildə Heydər Əliyev adına AliHərbiMəktəbə daxil olur. 2020-ci ildə təhsilini başa vurub Mingəçevir şəhərində hərbi hissədə xidmətə başlayır.

Bəli, o, Vətənə layiqli övlad olmaq üçün hərbini seçmişdi. Elə vətənin dar günündə - İkinci Qarabağ Savaşı başlayan gündən də ön cəbhəyə gedən vətən oğullarından olur. Döyüşdə qəhrəmanlıqla iştirak edən Samir sentyabrın 30-u şəhidlik zirvəsinə ucalır. II Fəxri Xiyabanda dəfn olunur.
"Hərbçi olmağımla fəxr edirəm” deyirdi”
Samir Sevda Əlizadənin yeganə övladı olub, ana, oğlunu atasız, tək böyüdüb. Deyir ki, həyatda əsas məqsədi oğlu üçün gözəl gələcək qurmaq idi: "Samiri 1 yaşından özüm tək böyütmüşəm. Gözümün ağı-qarası bir balam idi. Onun yaxşı təhsil alması, gözəl gələcəyi olması üçün əlimdən gələn hər şeyi edirdim. O da ağıllı uşaq idi. Dərslərini yaxşı oxuyurdu. İstədiyi sahəni seçə bilərdi, amma hərbini arzulayırdı, çünki elə kiçik yaşlarından hərbiyə maraqlı idi. Uşaqlıqdan onda hərbçi xarakteri olduğunu hiss edirdik. Deyirdi ki, ki komandir olacağam. Əsas oyuncaqları əsgər, tank fiqurları və s. bu tipli idi. Hamısı da otağındadır, gələcəkdə övladlarına vermək üçün qoruyub-saxlayırdım, qismət olmadı. Biz iqtisadiyyata getməyini istəyirdik, amma o, hərbini istədi. Hərbiyə getdiyinə bir gün belə peşman olmadı. "Hərbçi olmağımla fəxr edirəm” deyirdi”.

Anası oğlunun dilindən "şəhid” kəlməsinin düşmədiyini deyir: "Hərbi təhsili başa vurandan sonra Mingəçevirə təyinat aldı. Deyirdi ki, ora çox gözəldir, amma mən Qarabağ zonasına düşmək istəyirəm. Cəbhəyə yaxın, düşmənlə üzbəüz ərazidə xidmət etməyi arzulayırdı. Mənim də tək övladım idi, o, müharibə deyəndə, istər-istəməz narahat olurdum. Deyirdi ki, inşallah yaxşı olacaq. Müharibədən də öncə dilindən "şəhid” kəlməsi düşməzdi. Əsəbiləşirdim, deyirdim ki, belə danışma. Deyirdi ki, şəhidlik hər adama qismət olmur”.

Anası Samirin hərbi akademiyada təhsil aldığı müddətdə seçildiyini də bildirdi: "Samir dərsdə bir dəfə müəllimin səhvini tutub. Rəisi gəlib Samirə deyib ki, haqqında çox eşitmişəm, onda bu dərsi sən deyəcəksən. Samir o dərsi keçib, çox da yaxşı alınıb. Bunu mənə fəxrlə danışırdı. Deyirdi ki, mama, dərsi elə yaxşı keçdim ki. Samir akademiyada tanınırdı. Bu da zəhmətinin nəticəsi idi. İmtahan ərəfəsi evə gələndə də, bütün günü hazırlaşırdı. Harasa gedirdiksə, kitab-dəftəri əlində olurdu, yaxşı hazırlaşmaq üçün əlindən gələni edirdi”.
"Dedi ki, mama, zəhmətini halal elə”
Samir ailədə tək uşaq olsa da, kaprizli deyilmiş. Sevda xanım bildirdi ki, əksinə, anasının çətinliyini başa düşürmüş, onu incitməmək üçün əlindən gələni edirmiş: "Düz danışan, təmiz insan idi. Mələk imiş. Tək uşaq idi, amma kaprizli də deyildi. Yerini bilərdi. Heç nə tələb etməzdi, heç nədən narazı olmazdı. Nə etsəydim, deyirdi ki, yaxşıdır, əladır. Başa düşürdü ki, anası təkdir. İndiyə qədər məni hansısa davranışı ilə incitməyib. Hətta işləyib mənə dəstək olmaq da istəyirdi, qoymurdum. Deyirdim ki, dərslərini yaxşı oxusun. Hərbidə oxuduğu müddətdə yayda bir aylıq evə gəlmişdi, onda da deyirdi ki işləyim, pul qazanaram, sənə kömək olar. Amma icazə vermirdim”.

Müharibəyə yola düşməmişdən bir gün öncə zəng vurub anasından halallıq istəyir: "Dedi ki, mama, zəhmətini halal elə. Çox pis oldum, dedim ki, bu nə sözdür? Sən demə müharibəyə gedirmiş... Sonra da danışırdıq, deyirdi ki, hər şey yaxşıdır, gələcəyəm, yaxşı olacaq, ürəyinizi sıxmayın, siz yaxşı olun. Bizim narahat olmamağımız üçün elə deyirdi”.

"Qələbəni onunla bir yerdə qeyd etmək istəyirdik”
Döyüşdən öncə halallıq aldığı şəxslərdən biri də nişanlısı Nərmin Mehdiyeva olur: "Müharibəyə getməmişdən öncə mənə zəng vurub halallıq istədi, müharibəyə getdiyini dedi. Dedi ki, bayrağa bükülü gələcəyəm, məni şan-şöhrətlə qarşılayarsınız”.

Nərminlə Samir 5-ci sinifdə oxuyarkən tanış olublar. Nərmin Samiri bir çox müsbət xüsusiyyətlərinə görə seçdiyini deyir: "Eyni məktəbdə oxumuşuq. Bizim sinifdə uşaq sayı az olduğuna görə bölüb başqa siniflərə qatdılar. Mən də Samirgilin sinfinə düşmüşdüm. Amma başqa sinfə getmək istəmədiyim üçün ağlaya-ağlaya həmin sinfə girmişdim. Samir deyirdi ki, səni ağlaya-ağlaya görəndə xoşum gəlmişdi. Sonra o sinifdə oxudum. 5-ci sinifdən məni sevib, bunu bircə dostu bilib. Amma 9-cu sinifdə mənə deyib. "Hə” deməyim üçün səbəb çox olsa da, həmin vaxt tələsmək istəmirdim. Ona görə "yox” dedim. Amma zamanı gəldiyində, razılıq verdim. Çünki çox sadiq, diqqətcil, tərbiyəli, hər şeyin yerini bilən biri idi. Qısqanclığı var idi, bu da xoşuma gəlirdi. Yaxşı ki, onu tanımışam, yaxşı ki onun nişanlısı olmuşam”.

Nərmin qələbə xəbərini Samirin dilindən almaq, qələbəni onunla bir yerdə qeyd etməyi çox istəyirmiş: "Samir torpaqların azad olunmasında onun da payı olmasını istəyirdi. Biz də qələbəni onunla bir yerdə qeyd etmək istəyirdik. Lakin o torpaqların azad olunması uğrunda canını fəda etdi. Biz qələbəni onunla bir yerdə qeyd edə bilmədik. Həmişə məzarına gedirdim, Qələbə günü də getdim. Dedim ki, həmişə yanına boynubükük gəlirdimsə, bu gün başı dik gəlirəm. Qardaşların qisasını yerdə qoymadılar, torpaqlarımızı düşməndən geri aldılar”.
"Samir taqımın lideri olmuşdu”
Döyüş yoldaşı, Bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini Elşən Eminli deyir ki, Samir 21 yaşlı bir gənc olsa da, özündən yaşca böyük insanlar ona böyük kimi hörmət edirdilər: "2020-ci ildə hərbi akademiyanı bitirib ordu sıralarına qatıldı. Həmin vaxtdan mən onu tanıdım. İlk təəssürat olaraq elə düşünürdüm ki, çox sakit biridir. Amma qısa zamanda dostlaşdıq, söhbət etdik və tanıdıqca, gördüm ki, sakit deyilmiş, sadəcə ciddi, dərin düşüncəli adamdır. Onun tabeçiliyində 15 nəfər şəxsi heyət xidmət edirdi. Hamısı da müddətdən artıq xidmət edənlər idi. Samirin taqımında yaşca ən kiçik özü idi. Yaşı az olsa da, ona böyük kimi hörmət edirdilər”.

E.Eminli bildirdi ki, Samir çox qısa müddətdə öz işinin öhdəsindən gəlməyi bacarmışdı: "Onun rəhbərlik etdiyi taqım həmişə öndə gedirdi. İstər idmanda, istər də döyüş hazırlığında, atış dərslərində və s. Bu da onun nəticəsi idi ki, Samir işinə həvəslə, məsuliyyətlə yanaşırdı. Qısa müddətdə bölməsini ələ aldı. Bir var taqım komandiri olasan, biri də var taqımın lideri olasan. Lider gözə görünməyən, amma hər kəsin bacarmayacağı işdir. Samir taqımın lideri olmuşdu”.

E.Eminli deyir ki, döyüşlərdə Samir və onun bölüyündəki əsgərlər öz qəhrəmanlıqları ilə seçilirdi. O, Samirin iştirak etdiyi sonuncu döyüşdən danışdı: "Sentyabrın 30-u bizə komanda gəldi ki, çox vacib bir postu ermənilərdən almışıq, amma orda qüvvə azdır, əldə saxlamaq çətin olacaq, tez ora gedin. Biz də köməyə getdik. Samirin də bölüyü bizimlə getdi. Gördük ki, çox qəliz vəziyyətdir. Elə strateji post idi ki, ermənilər onu geri almaq üçün bir gündə 4 dəfə hücum etdilər. Erməni oranı geri alsaydı, Talışkənd yenidən Ermənistanın nəzarətinə keçə bilərdi. Suqovuşana da girmək mümkün olmazdı. Hamımız deyirdik ki, bu qədər şəhid verib oranı almışıq, lazım gəlsə, hamımız şəhid olarıq, amma düşmən geri ala bilməsin. Böyük qrup yuxarı - posta getdi, amma Samirin qrupu ermənilərdən bizə gələn yolu kəsmək üçün aşağıda qaldı. Düşmənin posta gəlməsinə imkan verməməli idilər. Biz postda erməninin bir hücumunun qarşısını yeni almışdıq ki, yaxınlıqda partlayış səsi eşidildi. Dedilər ki erməninin tankı Samirgilin qrupunun yanına gəlib. Erməni tankı və arxasında da ermənilərin 20-yə yaxın xüsusi təyinatlıları. Onlar bizə arxadan hücum etmək istəyiblər. Həmin yüksəklikdə 150-200 nəfər olardıq. Erməni orda bizə qarşı bir tank atışı edə bildi. Mən həmin tank atışı nəticəsində yaralandım. Amma 5 nəfərlik qrup tankın və 20-yə yaxın xüsusi təyinatlının posta yaxınlaşmasına imkan verməyib. Necə? Öz canları bahasına. Biz partlayış səsini eşidən kimi Samirgilin istiqamətinə getdik, gördük ki, ermənilərin tankı geri çəkildi, xüsusi təyinatlılardan sağ qalan, yaralanan 7-8 nəfəri qaçırdı. Sırf o yüksəkliyin düşmənə keçməməyi, ordakı əsgərlərin sağ qalması üçün Samirgilin qrupu hamısı şəhid olmuşdular. Bir nəfər sağ qalmışdı, onun da huşu özündə deyildi. Sinələrini erməni tankının qarşısına verib onların posta gəlmələrinə imkan vermədilər. 5 nəfər özünü qurban verməsəydi, 150-200 nəfərin çoxu şəhid olmuşdu”.

"Güclü məntiqi var idi”
Samir orta məktəbdə seçilən şagirdlərdən olub. Texnologiya müəllimi Aidə İsmayılovanın sözlərinə görə, hətta məktəbi bitirəndən sonra da Samiri həmişə digər şagirdlərə nümunə kimi çəkirmişlər: "Mən onların sinif rəhbəri idim. Tərbiyəli, ağıllı, savadlı, vətənpərvər bir şagird kimi yadımda idi. Hər dəm danışmazdı, amma hər mövzunu müzakirə edəcək savada, dünyagörüşə malik uşaq idi. Güclü məntiqi var idi, riyaziyyatı çox yaxşı oxuyurdu. Samir Hövsanda yaşayırdı, məktəb isə Xətaidə idi. Yol o qədər uzaq olsa da, o, dərsə bir dəqiqə belə gecikmirdi. Məktəbi qurtarandan sonra belə, onu həmişə şagirdlərə nümunə çəkirdim, deyirdim ki, belə bir şagirdim var idi, o qədər uzun yol gəlirdi, amma heç vaxt gecikmirdi, daim dərsə hazır olurdu. Məsuliyyətli idi, böyük-kiçik yerini bilirdi. Tək mən yox, bütün müəllimləri ondan çox razı idilər”.

Bir dəfə nənəsi ilə söhbət edəndə, "nənə, mən şəhid olmaq istəyirəm” deyib. Nənəsi isə "Şəhid niyə? Mən sənin general olmağını istəyirəm. Bilirəm ki, olacaqsan” deyə bildirir. O isə cavabında "Şəhidliyin yanında general nədir ki?” deyib. Bəli, o, şəhid olmasaydı, o zirvəyə çata bilərdi, çünki bu günə qədər harda olubsa, nümunəvi olmağı bacarıb. Amma o, general deyil, şəhid olmağı seçib.
Ailəsi sonda bir istəklərinin olduğunu bildirdi. Təhsil aldığı Xətai rayonu 55 nömrəli tam orta məktəbə Samirin adının verilməsini arzulayırlar. Ümid edirik ki, əlaqədar qurumlar şəhid ailəsinin bu istəyinə biganə yanaşmayacaqlar.

Qeyd edək ki, Samir Əliyev ölümündən sonra 3-cü dərəcəli "Rəşadət"ordeni və "Vətən Uğrunda” medalı ilə təltif edilib.
Aygün Asimqızı


banner

Oxşar Xəbərlər