• cümə, 19 Aprel, 17:15
  • Baku Bakı 25°C

“Gənclərimiz xalqımızın dəyərlərini qorumalıdırlar” - Fotolar

06.12.19 15:45 1921
“Gənclərimiz xalqımızın dəyərlərini qorumalıdırlar” - Fotolar
Prezident İlham Əliyev: "Belə olan təqdirdə biz öz milli mənliyimizi, ləyaqətimizi saxlaya, qoruya bilər, hansısa başqa bir mühitdə ərimərik”

Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Şamaxıda "ASAN Həyat”ın açılışından sonra kompleksin əməkdaşları ilə görüş keçirib. Görüşdə çıxış edən dövlət başçısı gənclərə səslənərək bildirib ki, gənclərimiz xalqımızın əsrlər boyu yaratdığı dəyərləri gələcəkdə qorumalıdırlar. O, xalqımıza xas olan, əsrlər boyu yaşatdığımız milli-mənəvi dəyərlərin məhz bu prinsiplər üzərində qurulduğunu diqqətə çatdırıb. Qeyd edib ki, belə olan təqdirdə biz öz milli mənliyimizi, ləyaqətimizi saxlaya, qoruya bilər, hansısa başqa bir mühitdə ərimərik. Prezident xalqımıza xas olan xüsusiyyətlərin könüllülər hərəkatı ilə üst-üstə düşdüyünü xatırladıb. Deyib ki, artıq minlərlə, on minlərlə könüllümüz var: "Bu yaxınlarda göstəriş vermişdim ki, dövlət orqanlarında da könüllülər fəaliyyətə başlasın, oraya cəlb olunsunlar. Artıq nazirliklərdə, dövlət şirkətlərində könüllülər qrupları vardır. Özəl şirkətlər könüllüləri işə cəlb etməlidirlər. Çünki bu, həm onlara xeyir gətirəcək, həm ümumi işimizə töhfə verəcəkdir. Ona görə könüllülər qarşısında hesab edirəm ki, bütün imkanlar açıqdır”.

Prezident İlham Əliyevin səsləndirdiyi fikirləri "Kaspi” qəzetinə şərh edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev deyib ki, hər bir xalqı başqasından fərqləndirən onun dili və adət-ənənəsinə dayanan kimliyidir. Deputatın sözlərinə görə, bu fərq yoxdursa, o xalq yoxdur, xalq yoxdursa, onun dövlətindən danışmaq anlamsızdır: "Prezident İlham Əliyev dəfələrlə bu haqda öz fikirlərini bildirib və özəlliklə də inteqrasiya adı altında assimilyasiya təhdidi ilə daha çox üzləşmək qorxusu olan gənclərimizə çağdaşlaşmağın heç də avropalaşmaq, qərbləşmək demək olmadığını bildirib. Bəziləri bunu özünütəcrid prizmasından qiymətləndirməyə cəhd edir. Amma bu özünütəcrid yox, indiki qloballaşma dönəmində pop mədəniyyətinin və onun arxasındakı məkrli niyyətin total təhdidi ilə üz-üzə qaldığımız bir şəraitdə öz mənliyini, öz kimliyini qabartmaq, onu qoruyub saxlamaqdır. Yeri gəlmişkən, elə qərb cəmiyyətinin öz içərisində də məhz milli maraqlardan çıxış edən əsl liderlər bənzər yanaşma sərgiləyiblər. Məsələn, Fransada Şarl de Qolldan Jak Şirakadək ölkələrinin tarixində mühüm rol oynayan dövlət xadimləri dəfələrlə ingilis-sakson basqısı qarşısında fransız kimliyini qoruyub saxlamağın zərurətini vurğulayıblar və o yöndə bununla bağlı konkret addımlar atılıbdır”.


Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, Yeni Azərbaycan Partiyası (YAP) Gəncə Şəhər Təşkilatının sədri Naqif Həmzəyev bildirib ki, dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual gənclərin yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Deputat vurğulayıb ki, illər keçsə də "Gənclər bizim gələcəyimizdir” şüarı dəyişməz və günün aktual mövzusu olaraq qalır: "Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti məhz gələcəyimiz olan gənclərin hərtərəfli inkişafına, fiziki və mənəvi sağlamlığının təmin edilməsinə, gənc nəslin milli mənəvi ruhda tərbiyə edilməsinə hesablanıb. Son illərdə ölkəmizin davamlı inkişafının təmin olunmasında geniş vüsət alan gənclərdən ibarət könüllülük hərəkatı gənc nəslin qarşısında yeni imkanlar açıb. Ölkənin intellektual, bilikli, bacaraqlı gəncləri onlara yaradılan fürsətlərdən istifadə edərək, cəmiyyətin rifahının daha da yaxşılaşdırılması istiqamətində aparılan genişmiqyaslı layihələrdə iştirakları ilə töhfələrini əsirgəməyiblər. Dövlət başçısı tərəfindən könüllülüyə göstərilən qayğı və dəstək könüllülük dövründə gənclərin respublikamızda aparılan islahatların, inkişafın fəal üzvünə çevrilməsinə şərait yaradıb”.

Millət vəkili N.Həmzəyev söyləyib ki, Prezident İlham Əliyev Şamaxıya səfəri zamanı "ASAN Həyat" kompleksinin açılışında kompleksin əməkdaşları ilə görüşündə gənclərin könüllülük hərəkatına diqqət çəkməsi hər bir dövlətin gələcəyinin yetişməkdə olan gənc nəsildən, onun Vətəninə bağlılığından asılı olduğuna daha bir nümunədir: "Ölkə başçısı İlham Əliyevin qeyd etdiyi kimi, artıq, on minlərlə könüllümüz var. Dövlət orqanlarında, nazirliklərdə, şirkətlərdə gənclərdən ibarət qrupların könüllülük fəaliyyətinə cəlb olunması könüllülük sahəsində gənclər üçün daha böyük perspektivlər açıb. Bununla yanaşı, görülən tədbirlər ölkənin kadr ehtiyatını da inkişaf etdirir”.

Alpər TURAN

banner

Oxşar Xəbərlər