• cümə, 27 Dekabr, 05:17
  • Baku Bakı 9°C

Fransa sülh prosesini yenidən əngəlləyir

24.02.24 00:15 3244
Fransa sülh prosesini yenidən əngəlləyir

Paris Ermənistana uzaqmənzilli raketlər verməyi planlaşdırır. İki ölkə arasında hərbi sahədə əməkdaşlıqla bağlı yeni sazişlər imzalanıb. Rəsmi Bakı cavab olaraq bəyan edir ki, bu addımlar bölgədəki sülh prosesinə xidmət etmir.  

Fransanın Cənubi Qafqazda sülh səylərini davamlı olaraq əngəlləmək cəhdləri səngimir. Makron hökuməti növbəti dəfə Azərbaycan və Ermənistan arasında aparılan ikitərəfli danışıqlardan sonra vəziyyəti gərginləşdirmək üçün İrəvana özünün yeni direktivlərini diktə edir. Bu prosesdə ən böyük narahatlıq isə İrəvanın silahlandırılması prosesinin sürətləndirilməsidir.   

Paris İrəvana uzaqmənzilli raketlər də verəcək?

Ermənistanın müdafiə naziri Suren Papikyan və fransalı həmkarı Sebastyan Lekornu hərbi əməkdaşlığa dair sənədlər paketi imzalayıblar. “Report” xəbər verir ki, digər müqavilə müdafiə nazirinin müavini Karen Brutyanla adı açıqlanmayan fransız şirkətinin nümayəndəsi arasında imzalanıb. Sazişlərin detalları açıqlanmayıb. Bundan əlavə, Paris İrəvanda hərbi mövcudluğunu da artırmaq niyyətindədir. 

"Fransanın Ermənistanda daimi hərbi məsləhətçisi olacaq". Bu barədə İrəvanda səfərdə olan Fransanın müdafiə naziri Sebastyan Lekornu erməni həmkarı Suren Papikyanla birgə keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Fransa Ermənistana silahlar göndərib: “Yaxın vaxtlarda “Bastion” zirehli texnikaları da tədarük ediləcək. Lazım olarsa, qısa, orta və uzunmənzilli raketlər də verəcəyik”.  S.Papikyan isə bildirib ki, Ermənistanla Fransa arasında hərbi əməkdaşlıq uzunmüddətli xarakter daşıyır. 

Bütün bu faktlar rəsmi Bakı tərəfindən kəskin etirazla qarşılanır. Bakı dəfələrlə xəbərdarlıq edib ki, Parisin məlum siyasəti bölgədə sülh səylərinə xidmət etmir.

Fransanın Ermənistanı hərbiləşdirmək siyasəti 

Fransanın bölgəmizdəki təxribat xarakterli siyasəti ATƏT Parlament Assambleyasının Vyanada keçirilən qış sessiyasında da qaldırılıb. Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev bildirib ki, Fransanın siyasəti Cənubi Qafqazda onsuz da kövrək olan sülhə xələl gətirir. O qeyd edib ki, Fransa hökuməti İrəvana silah tədarükü ilə bağlı yeni sövdələşmələr vəd edərək Ermənistanı hərbiləşdirmək siyasəti aparır: “Fransanın bu siyasəti yalnız regionda onsuz da kövrək olan sülh və təhlükəsizliyə xələl gətirir, Bakı ilə İrəvan arasında normallaşma prosesinə ciddi şəkildə mənfi təsir göstərir. Buna görə də belə siyasətə son qoyulmalıdır”.
A.Quliyev vurğulayıb ki, fransalı deputatların Azərbaycana qarşı iddiaları əsassızdır və Ermənistanın hərbiləşdirilməsinə dəstək vermək üçün sadəcə bəhanədir.

Paşinyan Parisin dili ilə danışır

Qeyd edək ki, Paris tək siyasi müstəvidə yox, həm də informasiya cəbhəsində Azərbaycana qarşı ittihamlar səsləndirərək bölgədəki sülh prosesinə əngəl yaradır. Maraqlıdır ki, Ermənistan baş naziri Nikol Paşinyanın Fransaya səfəri zamanı "France-24" kanalına müsahibəsindəki son bəyanatları da məhz bu siyasətin tərkib hissəsi kimi qiymətləndirilir. 

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan baş naziri Nikol Paşinyanın “France-24”ə müsahibəsində dediyi fikirləri Fransa tərəfinin sülhə davam edən mənfi göstəricisi kimi qiymətləndirib. Bəyanatda qeyd edilib ki, Almaniya kanslerinin təşəbbüsü ilə liderlər arasında keçirilmiş sonuncu görüşdən sonra Ermənistan tərəfindən bu kimi açıqlamalar verilməsi və bunun üçün məkanın məhz Fransa olaraq seçilməsi, Almaniyanın səylərinə Ermənistan tərəfindən hörmətsizlik olmaqla, Fransa tərəfindən sülh prosesinə davam edən mənfi təsirlərin göstəricisidir. 

Xatırladaq ki, N.Paşinyan fevralın 22-də “France 24”ə müsahibəsində Azərbaycana qarşı iddialarla çıxış edib və sülhün təmin olunmamasına görə rəsmi Bakını ittiham edib. 

banner

Oxşar Xəbərlər