AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Əvvəlkindən də yaxşı Zəngilan olacaq”

“Əvvəlkindən də yaxşı Zəngilan olacaq”

Cəmiyyət
24 Oktyabr 2020, 11:15 825
 
Vahid Niftiyev: "Min şükür ki,  "məcburi köçkün” damğası üstümüzdən götürüldü”
 
"1993-cü ildən bəri oktyabrın 29-u biz nə toy etmişik, nə toya getmişik, nə də şənlənmişik. Çünki həmin tarix torpağımızın işğal olunduğu gün idi. Həmin gün o torpaqda doğulmuş, böyümüş, oranı vətən bilən hər kəsin ürəyində qara ləkə kimi qalmışdı. Ona görə, həmin gündə şənlənə bilmirdik. Doğma torpağımızın işğal olunması bizim üçün ölüm-itimdən betər hiss idi. 27 ildir ki, torpaqlarımıza həsrət idik, içimizdə nisgillə yaşayırdıq”.

Bu sözləri bizimlə söhbətində doğma torpağı – Zəngilanı işğaldan azad olunan 71 yaşlı Vahid Niftiyev söylədi. İndi sevincinin həddi-hüdudu yoxdur, 27 illik həsrət sona çatır, Zəngilana qayıdacağı sayılı günü səbirsizliklə gözləyir.

Bu sevincin fonunda Vahid müəllim Zəngilandan necə çıxmaqları, bu günə qədər olan məcburi köçkünlük həyatı və doğma torpaqlarının daim göz önündə canlanan gözəlliklərindən də danışdı.
 
Ölərdik, amma çıxmazdıq...
 
Elinə, obasına, doğma torpağına bağlı biri olan V.Niftiyev deyir ki, Zəngilanın düşmən tapdağı altına düşməməsi üçün son ana qədər əlindən gələni edib: "Son ana qədər də torpaqlarımızı tərk etmədik. Özüm Babaylı kəndindənəm. Axıra qədər döyüşmüşük, itkimiz olub, amma orda qalmışıq. Ancaq 1993-cü ilin oktyabrın 27-də çıxmağa məcbur qaldıq. Həmin gün göy-yer lərzəyə gəlmişdi. Çünki düşmən bir addımlığımızda idi. Qorxumuz ölümdən deyildi. Ölərdik, amma çıxmazdıq. Ancaq ailəmizə, qızlarımıza görə narahat idik. Mənim 8 övladım var idi, onun 6-sı qızdır. Qızlarımızın, qadınlarımızın, övladlarımızın əsir düşməyindən qorxurduq. Buna görə, məcbur çıxmalı olduq”.

V.Niftiyev ailəsini, övladlarını son anda xilas edə bilib: "Həmin vaxt artıq Zəngilandan çıxmaq da çətin idi. Hər tərəfimiz düşmən idi. Ermənilər Muradxanlı, Qubadlı və Cəbrayıl tərəfdən gəlirdilər. Füzuli də işğal olunmuşdu. Bakıya yolumuz yox idi. Bircə yol var idi, o da Araz çayı vasitəsilə İrana keçməli, sonra ölkəmizə gəlməli idik. Hamımız Arazın qırağına toplaşdıq. Rəhmətlik Heydər Əliyev Arazın suyunu bir az azaltdırdı və ordan çıxmaq üçün müəyyən qədər imkan yarandı. Mən və həyat yoldaşım bir avtobusa özümüzün və bacımın uşaqlarını yığıb Arazdan keçərək onları xilas etməyə çalışdıq. O vaxt nə qədər adam çayda batıb öldü. Bizim avtobus da çayın ortasında dayandı, işləmədi. Arxadan da ermənilər atırdı. Bizdən bir kilometr aralıya qədər ermənilər gəlmişdi. Arazdan keçənlərə atəş açırdılar. İranlılar bizə köməklik edirdilər, batan maşınları çıxarırdılar. Beləliklə, sağ-salamat keçib gələ bildik. Çox dəhşətli günlər idi. Allah heç kəsə göstərməsin”.
 

 
Çalışırdılar ki, bizi diri-diri yandırsınlar
 
V.Niftiyev bildirdi ki, ermənilər o vaxt dinc əhaliyə heç bir güzəşt etməyib, amansızlıqla davranıb: "Allah bizim o vaxt yaşadığımız müharibəni heç kəsə göstərməsin. Təsəvvür edin ki, əli silahsız, dinc əhalini əli silahlı cəlladlar qırır. Arazın qırağı ilə qaçırdıq. "Ay nənə!”, "Ay dədə!”, "Ay bala!” deyə qışqıran kim... Ana bilmir bala hardadır, bala bilmir ata hardadır, bax, bu cür zülmlə gəlib çıxmışıq. Qadın, uşaq, qoca deyib güzəşt də etmirdilər. Əksinə, çalışırdılar ki, bizi diri-diri yandırsınlar, başımızı kəssinlər. Onlar istəyirdi ki, Zəngilanda ikinci Xocalı faciəsinə səbəb olsunlar, amma alınmadı”.

Müsahibimiz məcburi köçkünlük dövründə pis yaşamadığını deyir, amma öz torpağının yerini heç nə vermədiyini də vurğulayır: "İnsan hara getsə, qurur-yaradır. Ailəsi, övladları üçün müəyyən bir şərait düzəldir. Biz də Bakıda öz qohumlarımızın yanında yerləşdik. Sonra ev, müəyyən şərait düzəltdik. Pis bir həyat yaşadığımızı deyə bilmərəm. Amma nə qədər yaxşı olursa olsun, öz el-obanın, torpağının yerini vermir. Boşuna deməyiblər ki, gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. İndi güzəranımız nə qədər yaxşı olur olsun, yenə vətən, yenə də vətən deyərdim”.
 
"Bu həsrət sona çatır”
 
V.Niftiyev "torpaq həsrətinin nə olduğunu vətənindən uzaq düşəndən soruşmaq lazımdır” deyə bir fikir də səsləndirdi: "Torpağından ayrı qalmağın necə hiss olduğunu anlamaq üçün gərək onu yaşayasan. Amma bunu yaşamağı heç kimə arzu etmirəm. Ürəyimiz qubar bağlamışdı. Tanıdığım bir çox insan var ki, xaricdə yaşayırlar. Amma söhbət edəndə, görürsən ki, yarı canları vətəndədir. Bu vətənin övladları harda yaşasalar da, yarı canı burdadır. Dediyim bu adamlar hələ öz istəkləri ilə gediblər, istədiklərində öz el-obalarını gəlib görə bilirlər. Ancaq bizim torpağımızı işğal etdilər, dədə-baba yurdumuza həsrət qoydular. Bu həsrətin yanğısı çox acı idi. Ancaq biz vətənimizi sevən millətik. Buna görə də, torpağımızın hər qarışı üçün canımızdan keçməyə hazırıq. Fikir verirsiniz, indi oğullarımız cəbhəyə döyüşməyə gülə-gülə gedirlər. Hamımız vətən üçünük, canımız ona fəda olsun”.

Müsahibimiz Zəngilanla bağlı "gözümün önündən nələr keçmir ki” deyib, o gözəlliklərdən danışdı: "Bu, vətəndir, hər daşı, hər künc-bucağı üçün darıxırsan. Bizim üçün dünyanın ən cənnət yeri Zəngilandır. Torpağıma qayıdanda, cənnətdə olduğumu rahatlıqla deyəcəyəm. Oranın dovşanları, ördəkləri, çayın balıqları, təbiəti, bulaqları, hamısı üçün darıxmışam. Daha nələr deyim, hamısının həsrətini çəkirdik. Şükürlər olsun ki, artıq doğma torpağımız bizdədir və bu həsrət sona çatır”.
 

 
Bu, bizim haqlı mübarizəmiz, müharibəmizdir
 
V.Niftiyev deyir ki, torpaqlarımızın geri qaytarılması üçün bizim bir yolumuz qalmışdı, indi o yolla gedirik və getməliyik: "30 ilə yaxındır ki, torpaqlarımızı sülhlə almaq üçün əlimizdən gələni etdik. Ölkə rəhbərliyi bunun üçün çalışdı. Amma heç bir nəticə olmadı. Görünən odur ki, bizə, torpaqlarımızı almaq üçün başqa yol qoymadılar. Bizim ölkəmizin rəhbərliyi, ordumuz, insanlarımız torpaqlarımızı müharibə yolu ilə alacaq gücə malikdir. Güc birlikdədir və biz o birliyi bu gün xalqımızda görürük. Yoldaşımın 68, mənimsə 71 yaşım var və evdə də bir qızım. Bəzən söhbətlər gəzəndə ki, müharibə dayanacaq, biz dəli oluruq. Bu, bizim haqlı mübarizəmiz, müharibəmizdir. Ermənilər bizə o qədər zülm ediblər ki... Ölməyə razıyıq, amma ermənilərin orda yaşamasına yox. Axıra qədər getməliyik, öldü var, döndü yoxdur. Bizim məqsədimiz budur.

Kiməsə elə gələ bilər ki, orduda vuruşan yaxınım yoxdur, ona görə müharibənin davam etməsində israrlıyam. Hazırda qohumlarımız və ən doğma adamlarımız orduda, döyüşdədir. Bununla belə, biz istəyirik ki, bu haqsızlıq bitsin. Gələcək nəsillərə qalmasın. Ermənilər sülhlə torpaqlarımızı bizə vermək fikrində deyil. Bir yol var və biz də o yolla getməyə məcbur qalmışıq. Ermənilər bizə o qədər zülm ediblər ki, cəbhədə övladları ölənlər belə müharibənin dayanacağını eşidəndə, dəhşətə gəlirlər. Müharibənin o zaman dayanmasına razı olarıq ki, ermənilər Laçından o tərəfə çıxacaqlar. Ondan sonra sülhdən danışmaq olar”.
 

 
Sevindiyimizdən o qədər ağlamışıq ki...
 
V.Niftiyev deyir ki, işğaldan azad olunan torpaqlarına gedəcəkləri günü səbirsizliklə gözləyirlər: "Qələbə xəbərinə sevindiyimizdən o qədər ağlamışıq ki... 27 ilin həsrəti var. Qurbanlar demişik. Bir-birimizə qonaqlıqlar söz veririk. Bütün ailə üzvlərimiz şadlanır və bütün xalq ayaq üstədir ki, görəsən, nə vaxt qayıdırıq? Burda nə qədər yaxşı yaşasaq da, öz torpaqlarımızın yerini verməz. Min şükür ki, "məcburi köçkün” damğası üstümüzdən götürüldü. Qalan hamısı düzələcək. Ev də düzələcək. Uşaqlar da hamısı gedib yaşayacaq. Yenə qurub-yaradacaqlar. Əvvəlkindən də yaxşı Zəngilan olacaq və insanlar da qədrini daha yaxşı biləcəklər. Prezident, Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirik. Allah onun canını sağ, işini avand eləsin. Allah əsgərlərimizi qorusun. İşğaldan azad olunan hər bir qarış torpağımız üçün canları, qanlarını gözə alaraq vuruşurlar. Şəhidlərimizə Allah rəhmət eləsin”.

Bu il oktyabrın 29-u Zəngilanın işğalının 27-ci ili tamam olacaqdı. Amma olmayacaq, çünki həmin hüznlü tarixə 9 gün qalmış – oktyabrın 20-də Zəngilan düşmən tapdağından azad olundu. Artıq bundan sonra zəngilanlılar oktyabrda işğal günlərini deyil, zəfər tarixini yadda saxlayacaqlar, qeyd edəcəklər. Digər işğal altında olan torpaqlarımızın sakinlərinə də Füzuli, Cəbrayıl, Zəngilan sakinlərinin yaşadıqları sevinc qismət olsun.

Aygün Asimqızı