Evi də, işi də bir olan cütlük - AİLƏ
"Bir müddət
bir yerdə işlədik və gördüm ki, Vüsalə kimi işçini əldən buraxmaq olmaz. Və beləcə,
bir də anladım ki, Vüsaləni heç həyatda da əldən buraxmaq olmaz”.
Müxtəlif
sahələrdə çalışan insanların bir araya gəlməsi, sevməsi, ailə qurması sanki adi
bir haldır. Amma eyni peşənin sahiblərinin evliliyi, əslində, çox maraqlıdır.
Bu gün müsahibim olan cütlüyünsə nəinki peşəsi, həm də adları eynidir. Lap "Evləri
köndələn yar”dakı Surxayzadənin Rasim və Rasiməsi kimi. Bu maraqlı cütlük gənc rejissorlar ailəsi
Vüsal və Vüsalə Məmmədovlardır. Amma evləri köndələn yox, evi, işi bir olan
yardırlar. İkisi də hazırda bir layihə üzərində işləyir.
"Qaça-qaça getdim”
Vüsalə Məmmədova
deyir ki, əslində, uşaqlıqdan jurnalist və ya aparıcı olmaq istəyirmiş: "İmtahanda
balım çatmadı. Seçim edəndə anam daha çox müəllimliyin üstündə dayansa da, mən
kinoşünaslığı seçdim. Və qəbul da oldum. Çünki anam istəməyinə baxmayaraq, müəllimlik
peşəsi nə mənim xarakterimə, nə tərzimə uyğun idi. Universitetdə oxuduqca daha
da marağım artdı və başa düşdüm ki, seçimim düz olub. Təhsil aldığım müddətdə nəzəri hər şeyi bilsəm
də, praktikaya ehtiyac duyurdum. İxtisasımı dərindən öyrənmək üçün iş axtardım.
"Xəzər” telekanalında serial çəkilirdi, geyim rəssamının köməkçisinə ehtiyac vardı.
Düşündüm ki, işləyim, əsas odur, "set”də olum, iş prosesini görüm. Bir həftə işlədim,
ancaq geyimlə məşğul olduğumdan "set” üzü görə bilmədim, çıxdım. Bir il sonra
Vüsal "facebook”da paylaşım etmişdi ki, aktyorlar kastinqə dəvət olunur. Mən də
yazdım ki, bəs sizə işçi lazımdır? Yazdı ki, yox! Bir müddət sonra özü mənə
yazdı ki, rejissor assistentinə ehtiyac var. "Bacararam” dedim və qaça-qaça
getdim.
Özünə güvən,
özünü inkişaf etdir
"Məktəb
illərində idmançı və ya proqramçı olmağı
düşünürdüm” - deyir Vüsal Məmmədov: "Biz ailəlikcə incəsənət yönümlüyük.
Ona görə də məktəbi bitirəndə anamın məsləhəti ilə rejissorluğu seçdim. Məni
qabiliyyət imtahanına Cəmil Quliyev hazırlamışdı. Onun dərsləri də mənə xüsusi
təkan və motivasiya verirdi. Tələbəlik dövrümdə ancaq nəzəriyyənin yetmədiyini
gördüm və əlavə olaraq kurslara, telekanallarda praktikaya gedirdim.
"Xəzər” TV-də
Cihan Taş və Rüfət Şahbazov işləyirdi. Mən də onlara qoşuldum. Və beləliklə,
serial, qısa film çəkməyə başladıq. Cihan bəy mənə dedi ki, sən bu sahədə çox
bacarıqlısan, özünə güvən, özünü inkişaf etdir. 2017-ci ildən müstəqil rejissor
kimi fəaliyyətə başladım. "Oscar Film Production”un baş prodüseri Yaşar Əhmədov
yeni çəkiləcək serialın quruluşçu rejissoru olmağı təklif etdi və başladıq. Qısa
filmlər, sosial layihələr, seriallar çəkdik. Sosial layihə olan fiziki məhdudiyyətli
uşaqlara həsr etdiyimiz "Gözləri ilə danışan mələklər” layihəsi böyük marağa səbəb
oldu.
"Uçurum”
serialının 3-cü mövsümündə ailə həyatı qurduq”
Vüsal və
Vüsalə arasında sevginin necə yarandığı maraqlıdır. Vüsal deyir ki, hər şey iş
prosesində oldu: "Bir müddət bir yerdə işlədik və gördüm ki, Vüsalə kimi işçini
əldən buraxmaq olmaz. Və beləcə, bir də anladım ki, Vüsaləni heç həyatda da əldən
buraxmaq olmaz. Vüsalənin hər vaxt, hər yerdə, hər işdə lazım,
mənə dayaq olduğunu anladım. Və "Uçurum” serialının 3-cü mövsümündə ailə həyatı
qurduq”.
"Başa
düşürsən ki, bu, sənin adamındır”
"Əslində,
özü sonralar etiraf etmişdi ki, mənə hissləri lap əvvəldən olub” deyir Vüsalə və
gülür: "İlk dəfə işləyəndə. Onda mən
bunu hiss etməmişdim, açığı. İnsanlar bir yerdə olduqda bir-birini tanıyır.
Bir-birinin yaxşı və pis cəhətlərini görür, tanıyır, alışır. Həm də, artıq
bilirsən, başa düşürsən ki, bu, sənin adamındır. Birgə olmağımızın səbəbi günün
çox hissəsini bir yerdə keçirməyimizdir”.
Sözə qulaq asmayan Vüsalə, məsləhəti sevməyən Vüsal
Bir-birinin
mənfi cəhətlərini də dedilər. Vüsal deyir ki, Vüsalənin pis cəhəti çox vaxt sözə
qulaq asmamağı, öz bildiyini etmək istəməsidir. Vüsalə də deyir ki, Vüsal məsləhətləşmir,
öz bildiyini edir. Vüsalə, söhbətarası bir az Vüsaldan şikayətləndi də: "Mən
onun həyat yoldaşıyam deyə ən çox ərki də elə mənə edir. Düzü, bu, mənə bir o qədər
də xoş gəlmir, küsürəm ondan. Başqalarının səhvi olanda onlara mülayim şəkildə,
mehribanlıqla deyir. Amma mənim cüzi bir səhvim olanda çox sərt reaksiya verir, bu da mənə xoş olmur, qırğın düşür. Vüsal
başıma oyun açır. Ən çox da çay içməyə imkan vermir. Bir dəfə çay süzdüm ki,
soyusun, getdim aktyorlarla danışdım. Sən demə, bu da kamera quraşdırıb məni çəkirmiş.
Çayın içinə duz töküb. Rahatca oturub çay içmək istəyirdim ki, ağzım qır duz
oldu. Bilmədim nə edim, o da mənə baxıb gülürmüş. Sonra eyni şeyi də mən ona etdim”.
"Vüsalə
yaxşı rejissordur, amma...”
Vüsal da
danışdı. Deyir ki, Vüsalə yaxşı rejissordur, amma tələskəndir: "Ümumiyyətlə, öz
təcrübəmdən belə nəticə çıxartmışam ki, rejissor gərək heç bir işdə tələsməsin.
Əgər sən rejissorsansa, həyatda, işində, qurduğun kadrlarda, oxuduğun ssenaridə
heç vaxt tələsməməlisən ki, ortaya yaxşı bir iş çıxara biləsən”.
"Birinci
növbədə maliyyə çatmır”
Cütlüklə serial
və film sektorundakı problemləri də müzakirə etdik. Vüsal deyir ki, serial
işində birinci növbədə maliyyə çatmır: "Bəzən
deyirlər ki, bizimkilər türklər kimi çəkmir. Yetmiş milyonluq Türkiyəni on
milyonluq Azərbaycanla müqayisə etmək kimidir bu. Orda və burda seriallara
sponsorluq edən şirkətlər arasında yerlə göy qədər fərq var. Serial və film
sektorunda vergilər azalsa, uyğun formaya salınsa, bu sektor da inkişaf edər”.
"Tamaşaçı
həm şikayət edir, həm də...”
Vüsalə də
bir ayrı problemdən danışdı: "Kinoteatrlarda da problem var. Tamaşaçı sayı çox
azdır. Ona görə ki, tamaşaçılar komediya janrına üstünlük verir. Əslində, özləri
bayağı komediyalardan şikayət edirlər, amma ən çox da elə həmin filmlərə baxırlar.
Dram janrında olan filmlər büdcə gətirmir. Çünki tamaşaçı izləmir. Əgər
tamaşaçı olsa, çəkiliş qrupu da xərclədiyi pulun heç olmasa 90 faizini götürsə,
növbəti bir film üçün təkan olar. Yəni tamaşaçı həm şikayət edir, həm də gedib şikayətçi olduğu filmə baxır”.
Sonda "Vüsalə
yaxşı rejissordur, yoxsa həyat yoldaşıdır?” sualıma Vüsal belə cavab verdi:
"Vüsalə hər şeydən öncə, yaxşı insandır!”
Söhbətləşdi: Xanım Aydın
Foto:Tapdıq
Abdullayev / Global Media Group