• cümə, 29 Mart, 15:43
  • Baku Bakı 14°C

Əsassız iddiaya qarşı əsaslı iddia

16.07.21 16:30 941
Əsassız iddiaya qarşı əsaslı iddia
Azərbaycan dövləti ədalətsiz konfiqurasiyanı dəyişdirir
Prezident İlham Əliyev iyulun 14-də Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edib. Şəhid ailə üzvləri və qazilər qarşısında çıxış edən Müzəffər Ali Baş Komandan Ermənistanda səsləndirilən bəzi bəyanatlara da diqqət çəkib. O, Dağlıq Qarabağ münaqişəsinin artıq başa çatdığını, bu adda coğrafi bölgünün olmadığını, sadəcə Qarabağın mövcudluğunu bəyan edib. Bildirib ki, iyulun 7-də imzalanan Fərman əsasında Qarabağ iqtisadi zonası yaradılıb, bütün Qarabağa aid olan rayonlar orada birləşib, Şərqi Zəngəzur iqtisadi zonası yaradılıb.


"Biz həqiqəti deyirik”

Ermənistanın bu məsələ ilə bağlı isterikaya qapıldığını söyləyən Prezident İlham Əliyev buna ehtiyac olmadığını, həm Şərqi Zəngəzurun, həm də Qərbi Zəngəzurun bizim tarixi torpağımız olduğunu vurğulayıb: "Biz tarixi unuda bilmərik, kiminsə siyasi maraqlarının girovuna çevirə bilmərik. Gəlsinlər, açsınlar tarixi sənədləri, xəritələri, baxsınlar, sovet hökuməti Zəngəzuru nə vaxt Azərbaycandan qoparıb Ermənistana verib. Bu, yaxın tarixdir - 101 il bundan əvvəl. Yəni biz deyək ki, bu, olmayıb? Nəyə görə? Biz həqiqəti deyirik. Bizim dədə-baba torpağımızdır: bütün Zəngəzur - Şərqi və Qərbi Zəngəzur. İndi Ermənistanda deyirlər ki, İlham Əliyev ərazi iddiası ilə çıxış edir. Əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Biz oraya qayıtmalıyıq, qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur. İndi bütün kommunikasiyalar açılandan sonra, əlbəttə, biz qayıdacağıq və Azərbaycan əhalisi öz dədə-baba torpaqlarına qayıdacaq. Üçtərəfli 10 noyabr Bəyanatında göstərilir: Bütün qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə”.


Ədalətsiz konfiqurasiya dəyişir

AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin açıq şəkildə səsləndirdiyi bu fikirlər, ilk növbədə Azərbaycan dövlətinin gücünü göstərir. Onun sözlərinə görə, əgər Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə iddialarından hələ də geri çəkilmirsə, bu mövzulardan manipulyasiya vasitəsi kimi istifadə edirsə, ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin səfirləri riyakar mövqe nümayiş etdirirsə, Azərbaycan tərəfi tarixi həqiqətləri deməkdən çəkinməməlidir: "Azərbaycan artıq regionun geosiyasi aktorlarından birinə çevrilməkdədir. Təbii ki, iqtisadi və siyasi baxımdan sıradan bir region dövləti olmaq, ya da sadəcə Cənubi Qafqazın lider dövləti olmaqla, regional proseslərin həllinə təsir göstərən geosiyasi aktora çevrilmək fərqli məsələlərdir. İndiyə qədər formalaşmış bir konfiqurasiya vardı, hər kəsin rolu bəlli idi. İndi isə Azərbaycan dövləti yürütdüyü siyasətlə, əməli fəaliyyətlə bu konfiqurasiyanı, həm də ədalətsiz konfiqurasiyanı dəyişdirir. Bu məqamda təbii ki, digər geosiyasi aktorlar birbaşa yolla təsirlər, dolayı yolla təzyiqlər göstərməyə, hansısa məsələlərdə manipulyasiyalar etməyə çalışacaqlar. Bu, bizim əzmimizi azaltmamalıdır. Əksinə, millət olaraq bizi daha da ruhlandırmalıdır. Çünki sıradan, formal müstəqil olan ölkələrə qarşı heç zaman belə təsirlər olmur”.


Zamanın gərdişi, ermənilərin pis vərdişi

Tarixçi-alim deyib ki, Azərbaycan Prezidentinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını yaratması, tarixi yaddaşımızın bərpası üçün çox əhəmiyyətli məsələlərdir: "XIX əsrdən etibarən biz nəyi görmüşük? Hər zaman ermənilər özlərinə aid olmayan əraziyə gəliblər, orada təxribatlar törədiblər, məsələni mübahisə predmetinə çeviriblər, sonra bunun üçün kənar dəstəyi qazanıblar və o əraziləri erməniləşdiriblər. Bu, Üçkilsə, İrəvan, Zəngəzurla bağlı məsələlərdə də belə olub. Qarabağın dağlıq hissəsi ilə bağlı da ermənilər eyni taktikadan istifadə edirdilər. Əgər 1993-cü ildə ümummilli lider Heydər Əliyev hakimiyyətə gəlməsəydi, cənab Prezident İlham Əliyev qədər müdrik, uzaqgörən və cəsur bir lider ölkəni idarə etməsəydi, ermənilər və Ermənistan bu niyyətlərinə çata bilərdilər. Azərbaycanın məhdud imkanlara malik olduğu dövrdə ümummilli lider Heydər Əliyev Qarabağla bağlı bu prosesi dayandırdı. Cənab Prezident İlham Əliyev isə zamanın gərdişini və ermənilərin pis vərdişini geriyə çevirdi. Qarabağ məsələsində tarixi ədaləti bərpa etdi. Tarixdə ilk dəfə olaraq biz hansısa məsələni mübahisə predmetinə çeviririk. Həm də ermənilərdən fərqli olaraq, biz özgə torpağından deyil, tarixən bizim olan ata-baba yurdlarımızdan danışırıq”.


Prezident tarixə və hüquqa əsaslanır

E.Kəlbizadə söyləyib ki, Zəngəzurun tarixi taleyi hər zaman Azərbaycan ərazisində yaranmış dövlət və imperiyalarla birbaşa bağlı olub: "Zəngəzur adlanan tarixi coğrafi məkan Eldənizlərin, Ağqoyunlularım, Qaraqoyunluların, Səfəvilərin, Əfşarların idarəsində olub. XVIII əsrin ortalarında bölgənin qərb hissəsinin böyük bir qismi Naxçıvan xanlığının, şərq hissəsi isə Qarabağ xanlığının tərkib hissəsi olub. Mənbələrdə bu bölgəyə aid əksini tapmış toponimlərin böyük əksəriyyəti türk dilindədir. Hətta ermənilərin Qafqaza köçürülməsindən sonra, XIX əsrin 80-90-cı illərində belə, bölgənin azərbaycanlı - müsəlman-türk əhalisi əksəriyyəti təşkil edib. Cümhuriyyət dövründə Zəngəzur Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi olub. Zəngəzurun qərb hissəsinin Ermənistana verilməsinin tarixi bəllidir. Sənədlərdə yazılanları, bu gün erməniləri himayə edənlər çox gözəl bilirlər, oxuyub başa düşürlər. Bu baxımdan, cənab Prezident tarixi torpaqlarımızdan bəhs edərkən, azərbaycanlıların o torpaqlara qayıtmasından danışarkən, həm tarixə, həm də Ermənistanın imzaladığı üçtərəfli bəyanata - hüquqa əsaslanır. Əgər sənəddə qaçqınların öz torpaqlarına qayıtması əksini tapıbsa, deməli, həm də XX əsrin 80-90-cı illərində öz dədə-baba torpaqlarından didərgin salınmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin də hüquqları bərpa olunmalıdır”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər