• cümə, 19 Aprel, 09:09
  • Baku Bakı 13°C

Ermənistanın keçmiş rəhbərləri hədəfdə

13.12.19 18:03 1788
Ermənistanın keçmiş rəhbərləri hədəfdə
Politoloqların fikrincə, Paşinyan "Qarabağ klanı”nın təsir imkanlarını məhdudlaşdırmaq üçün əlindən gələni edir

Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra baş nazir postuna sahib olan Nikol Paşinyan bir müddət sonra keçmiş prezident Robert Koçaryana qarşı cinayət işinin açılmasına və daha sonra həbsinə nail oldu. İlk dövrlərdə Koçaryan 2008-ci ilin mart hadisələri bağlı ittiham olunurdusa, sonradan ona qarşı küllü miqdarda dövlətə məxsus maliyyəni mənimsəmə ittihamı da əlavə edildi.
Onun müdafiəsinə qalxan "Qarabağ klanı” və qondarma "Dağlıq Qarabağ” rejiminin gücünü görən Paşinyan yeni addımlar atmaq qərarına gəlib. Belə ki, bir müddətdən sonra sakitliyi pozan keçmiş baş nazir Sarksiyan Paşinyanı tənqid etdikdən sonra ona qarşı da dövlət büdcəsini mənimsəməklə bağlı iddialar səsləndirilib. Fakt odur ki, Paşinyan Ermənistanın keçmiş rəhbərlərinə qarşı "səlib yürüşü”nə başlayıb. Paşinyanın indiki məqamda məqsədi nədir və bu, Ermənistandakı prosesləri hansı istiqamətə aparacaq?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirdi ki, Paşinyanın karyerası ilə bağlı gələcək ümidləri heç də yaxşı deyil: "O, hakimiyyətə gəldiyi ilk vaxtdan əsas diqqətini özünün siyasi karyerasına yönəldib. Təbii ki, Paşinyanı ən çox narahat edən qondarma "Dağlıq Qarabağ”dakı vəziyyətdir. Xatırlayırsınızsa, Avropada olanda belə fikir səsləndirmişdi ki, qondarma rejimdə də demokratikləşməni yaymaq lazımdır. Onun söylədiyi fikirlərin sətiraltı ifadəsi ondan ibarət idi ki, qondarma rejimdə də çevriliş baş versin, rəngli inqilab olsun və orada Paşinyana loyal olan qüvvələr hakimiyyətə gəlsin. Həmin o ərəfədə qondarma rejimdə "hakimiyyətə” qarşı kütləvi çıxışlar baş verdi və hətta təhlükəsizlik xidmətinin rəhbəri istefaya getdi. Bütün bunlar ona dəlalət edir ki, Paşinyanın qondarma rejimlə bağlı ciddi narahatlıqları qalmaqdadır. O bütövlükdə məsələyə "Qarabağ klanı” kontekstindən baxır. Yəni, "Qarabağ klanı” Paşinyan üçün ciddi təhlükə olaraq qalmaqdadır. Ona görə də Paşinyan əlindən gələni edərək bu klanın təsir imkanlarını məhdudlaşdırmaq istəyir. Təbii ki, bu istiqamətdə əsas fiqurlar Koçaryan və keçmiş prezident Sarkisyandır”.
E.Mirbəşiroğlu qeyd etdi ki, Paşinyanın Sarkisyana qarşı təqiblərə başlayacağı gözlənilən idi: "Vurğulamaq lazımdır ki, onsuz da hakimiyyətə gəldiyi vaxtdan Sarkisyanın yaxınlarına qarşı təqiblər həyata keçirirdi. Ümumiyyətlə, hesab edirəm ki, bütün bunlar Ermənistanda hakimiyyət uğrunda mübarizənin təzahürləridir. Paşinyanın hakimiyyətdə olmasının birinci ili başa çatmaq üzrədir və baxmayaraq ki seçkilərə üç ilə yaxın bir zaman var, o, növbəti seçkidə də qələbə qazanmaq istəyir. Bu baxımdan Paşinyan bütövlükdə diqqətini "Qarabağ klanı” və qondarma rejim üzərində kökləməkdədir. Qondarma rejimə intensiv səfərləri, orada səsləndirdiyi ifadələr də ona dəlalət edir ki, Paşinyan bu istiqamətdə hərtərəfli fəaliyyət göstərir. Bu fəaliyyətin biri ictimai şüura təsir etməkdən ibarətdir. Mübarizəsinin digər istiqaməti isə qondarma rejimlə birbaşa bağlılığı olan siyasi fiqurları tam zərərsizləşdirməkdir. Sarkisyana qarşı təqiblər məhz qeyd etdiyim ikinci istiqamətə aiddir, yəni siyasi rəqiblərini tamamilə sıradan çıxarmaq yönündə atılmış addımlar kimi nəzərdən keçirmək lazımdır”.
Politoloq Natiq Miri hesab edir ki, Ermənistandakı hadisələr fonunda bir çox siyasətşünaslar mənfi məcralar axtarırlar: "Bunu daha çox Paşinyan hökumətinin despotik rejim olması ilə əlaqələndirirlər. Düşünürəm ki, bu belə deyil, çünki sözün əsl mənasında həm Koçaryan, həm də Sarkisyanın rəhbərlik etdiyi "Qarabağ klanı” cinayətkar bir rejim idi. Bu rejim həm Ermənistanda, həm də Azərbaycanın işğal olunmuş ərazilərində bir hərbi xuntaya rəhbərlik edirdi. Düşünürəm ki, bu cinayətkar rejim və ona rəhbərlik edən insanlarla bağlı cinayət məsuliyyətinin yaradılması Ermənistan dövlətinin və erməni xalqının haqqıdır. Çünki fikir verirsinizsə, həm Koçaryan, həm də Sarkisyan haqqında başladılan hüquqi prosedurlar, eyni zamanda Koçaryanın həbsdə qalması prosesi Ermənistan ictimaiyyətində hansısa etirazlarla qarşılanmır. Bundan başqa, ABŞ-ın Respublikaçılar İnstitutunun keçirdiyi rəy sorğusu da var. Erməni xalqı bu rəy sorğusunda birmənalı olaraq heç bir zaman Koçaryan və Sarkisyanın təmsil olunduğu siyasi güc mərkəzlərinə səs verməyəcəyini ifadə edib. Bu da bir daha göstərir ki, erməni xalqı əslində bu cinayətkar rejimin fərqindədir”.
N.Miri vurğuladı ki, Paşinyan hökuməti iqtidara sahib olarkən erməni xalqına bir çox vədlər verib: "Bu baxımdan Paşinyan hökuməti verdiyi vədlərin bəzilərini yerinə yetirmədiyi üçün onları ört-basdır etmək məqsədilə diqqəti həbslərə yönəldib. O, bir növ erməni xalqının bu cinayətkarlara patoloji nifrətindən istifadə edərək diqqəti əsas hədəflərdən yayındırmağa çalışır. Bununla da Paşinyan hökuməti müəyyən qədər zaman qazanmış olur. Ermənistan bu gün hansısa iqtisadi irəliləyişlər əldə edə bilməyib. Çünki perspektiv yalnız regionun əsas ölkələri olan Azərbaycan və Türkiyə ilə normal münasibətlərdən keçir ki, Ermənistan rəhbərliyi də təəssüf ki, buna hazır deyil. Ona görə də bu cür iqtisadi və demoqrafik problemlərdən diqqəti yayındırmaq üçün qalmaqallı proseslər və həbslər həyata keçirir.
Həmçinin bu gün Paşinyan hökumətinə ciddi müxalif güc mərkəzi mövcud deyil. Belə bir güc mərkəzi potensial olaraq yenə də "Qarabağ klanı” ola bilər ki, əslində bu klanın liderlərini də həbsə atdırmaqla, dolayısı ilə gələcəkdə yaranacaq problemləri indidən həll etmək istəyir”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər