Ermənistanda faşizmə pərəstiş

Ermənistanda faşizmə pərəstiş

Siyasət
14 Oktyabr 2019, 18:26 828
Sovetlər birliyinin dağılmasından sonra MDB məkanındakı bəzi dövlətlər sivil, demokratik inkişaf yolu seçsələr də, Ermənistanın istiqaməti fərqli oldu. Ermənistan tarixi "ənənəsi”nə sadiqlik nümayiş etdirərək terrorizmi və faşizmi özünün dövlət ideologiyası kimi təsdiqlədi. Bunun nəticəsi idi ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsi zamanı faciələr törətfi. II Dünya müharibəsi zamanı faşistləri əlaltısı olan və qəddarlığı ilə əsir düşərgələrində ad çıxaran Qaregin Njde bu gün də ermənilərin "qəhrəmanı”dır. Bütün dünyada faşizmin lənətləndiyi bir vaxtda 2016-cı ildə Sarkisyan hökuməti tərəfindən Yerevanın mərkəzində Njdeyə heykəl ucaldıldı.
Təbii ki, bu addımı atan ermənilərin Njdeyə olan istəyinin kökündə faşizmə "pərəstiş” dayanırdı. Belə olmasaydı, Qarabağın işğalında iştirak edən, əli azərbaycanlıların qanına batan və sonradan hakimiyyətə gələn Sarkisyanın bu gün rəhbərlik etdiyi Respublikaçılar Partiyasının gerbində faşizm simvolları yer almazdı. Təəssüf ki, Sarkisyan hakimiyyətdən getsə də, Paşinyan hökuməti dönəmində də faşizm təbliğatı dayanmadı. O da sələfləri kimi Njdeni ermənilərin "qəhrəmanı” hesab edir və ona alternativ olan Respublikaçıların Partiyasının gerbindəki faşist simvoluna göz yumur. Əslində bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan dövlət olaraq faşizm ideologiyasını birmənalı şəkildə qəbul və təbliğ edir.     
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, dövlət başçısı İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı zamanı çox mühüm tezislər səsləndirdi: "Bu da ilk növbədə onunla bağlı idi ki, Azərbaycan dövləti faşizm üzərində qələbənin əldə edilməsində çox böyük rol oynayıb. Həmin dövrdə neftin 70 faizini, benzinin 80 faizindən, mühərrik yağının 90 faizindən çoxunu Azərbaycan təmin edirdi və bunun sayəsində faşizm üzərində qələbə əldə edilib. Bütövlükdə Azərbaycan nefti olmasaydı, təbii ki, faşizm üzərində qələbə mümkün olmazdı. Dövlət başçısı bu tezisləri söylədikdən sonra qeyd etdi ki, bütün bəşəriyyət, eyni zamanda MDB-dəki xalqlar faşizm üzərində qələbənin 75 illiyinə hazırlaşır. Prezident İlham Əliyev təəssüflə qeyd etdi ki, bu gün MDB məkanında, xüsusilə Ermənistanda faşizmin qəhrəmanlaşdırılması, bu ideologiyaya xidmət etmiş şəxslərin adlarının əbədiləşdirilməsi prosesi gedir. Bu kontekstdə cənab Prezident Ermənistanda "milli qəhrəman” səviyyəsinə qaldırılmış faşist Q.Njde üzərində dayandı. Dövlət başçısı söylədi ki, III Reyxə xidmət etmiş və Hitlerin yaxın silahdaşlarından biri olmuş bu şəxsə Ermənistanda hündürlüyü 6 metrə çatan abidə qoyulub. Eyni zamanda Q.Njdenin adı Ermənistanda metro stansiyasına, küçəyə verilib. Bu da faşizmin qəhrəmanlaşdırılmasıdır. Belə bir yanaşma isə qəbuledilməzdir. Çünki bu addım faşizm üzərində qələbədə canından keçmiş insanların ruhuna böyük hörmətsizlikdir”.
E.Nəsirov qeyd etdi ki, bütün bu faktlarla bağlı konkret sənədlərə istinad edildi: "Prezident İlham Əliyev vurğuladı ki, Rusiyanın Xarici İşlər Nazirliyi bu ilin mayında məhz bu hadisə ilə bağlı sənəd hazırlanıb və mənfi rəy verilib. Bu sənəddə məhz Ermənistanda faşizmin qəhrəmanlaşdırılması ilə bağlı məsələlərə diqqət cəlb edilib. Eyni zamanda, Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin kollegiyası tərəfindən nəşr edilmiş 12 cildliyin 6-cı cildində faktlar göstərilir və dəlillərlə sübuta yetirilir ki, Q.Njde faşistlərin əlaltısı olub. Dövlət başçısı qeyd etdi ki, bu məsələlərə qiymət verilməlidir və faşizmin təbliği, təşviqi qəbuledilməzdir. Yeri gəlmişkən qeyd edim ki, cənab Prezidentin bu mövqeyi Rusiya dövlət başçısının çıxışında da öz təsdiqini tapdı. Putin də vurğuladı ki, heç bir halda faşizm müsbət mənada təbliğ olunmamalıdır və buna yol vermək olmaz. Dünya birliyi XX əsrin "vəbası” olan faşizmə qarşı qələbənin 75 illiyinə hazırlaşır. Ermənistandan başqa heç bir yerdə faşizmə xidmət etmiş şəxsi qəhrəmanlaşdırılmır. Rusiyada, Fransada da aşizmə xidmət edən şəxslər olub, lakin heç bir halda onlara heykəl qoyulmayıb. İndiki halda dünya faşizmlə mübarizədən danışır, qələbənin 75 illiyinə hazırlaşır, amma Ermənistan bu ideologiyanı təbliğ edir və faşizmi dövlət siyasəti səviyyəsinə qaldırılır”.      
Millət vəkili, politoloq Hikmət Məmmədov bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında işğalçı Ermənistanda hökm sürən faşizm ideologiyasına söykənən terrorçuluğu bir daha ifşa etdi: "İkinci Dünya müharibəsində faşizmə xidmət etmiş Q.Njdeyə Yerevanda heykəlin qoyulması erməni siyasi hakimiyyətinin kökündə terrorçuluğun durduğunun bariz nümunəsidir. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğal olunması və soyqırımı törədilməsi faşizm ideologiyasının əyani sübutudur. Ermənistan rəhbərliyi terrorçuluq və faşizmlə silahlandığına görə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində addımlar atmır. Prezident İlham Əliyevin iclasda bu məsələni gündəmə gətirməsi işğalçı Ermənistanın iç üzünün açılması deməkdir. Azərbaycan Prezidenti tarixi arqumentlərlə Ermənistan siyasi rəhbərliyinin faşizm ideologiyasını ifşa etdi və MDB məkanında faşizmin qurbanı olmuş insanların xatirəsi kontekstində bunun yolverilməz olduğunu bildirdi”.
H.Məmmədov vurğuladı ki, Prezident İlham Əliyev Ermənistanın apardığı təcavüzkar siyasəti dünya ictimaiyyətinə çatdırmaqla məsələnin nə qədər təhlükəli olduğunu bir daha göstərdi: "Azərbaycan Prezidenti sübut etdi ki, Ermənistanın apardığı işğalçı siyasət faşizmə olan sevgi ilə bağlıdır. Azərbaycan Prezidenti iclasdakı çıxışında söylədi ki, 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi "Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim edib. Prezident bununla MDB dövlət başçılarına sübut etdi ki, faşizm ideologiyası ilə silahlanmış Ermənistan təkcə Azərbaycan üçün deyil, digər postsovet ölkələri üçün də təhlükəlidir. Bu çıxış Azərbaycan həqiqətlərinin Ermənistanın işğalçılıq siyasəti kontekstindən bir daha dünyaya çatdırılması idi. Prezidentin çıxışından sonra MDB dövlət başçıları erməni terrorçularının Xocalı, Ağdaban və Daşaltı faciələrini faşizm ideologiyasına əsaslanaraq törətdiyini dərk etmiş oldular”.
 
BƏXTİYAR