• cümə axşamı, 28 mart, 21:31
  • Baku Bakı 13°C

Ən yaxşı cavab - TƏHLİL

09.10.21 09:45 850
Ən yaxşı cavab - TƏHLİL
Prezident İlham Əliyev İrandan ölkəmizə yönələn ittihamlara cavab verdi: "Burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq. Biz bu ittihamları rədd edirik, qəbul etmirik və sübutlar tələb edirik”
Azərbaycan olduqca həssas regionda, böyük güclərin geosiyasi maraqlarının kəsişdiyi coğrafi ərazidə yerləşir. Bu baxımdan Azərbaycan həm qonşuluq siyasətində, həm də digər region ölkələri ilə olan münasibətlərində balanslaşdırılmış siyasət yürüdür. Burada bütün dövlətlərlə eyni cür məsafə saxlamaq, ilk olaraq Azərbaycanın milli maraqlarını önə çəkmək əsas olaraq götürülür.
Ölkəmizə qarşı əzələ nümayişi
Ermənistanla sərhədlərin delimitasiya və demarkasiyası tam başa çatmasa da, əsgərlərimiz SSRİ dövründən müəyyən olunan ərazilərdə Vətənin keşiyində ayıq-sayıq dayanırlar. Rəsmi Bakı böyük humanizm göstərərək Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsindən istifadə etməsi üçün Ermənistana şərait yaradıb. Rəsmi İrəvan yolun bu hissəsinin Azərbaycan ərazisi olduğunu qəbul edib, bununla hesablaşıb. Belə bir reallıq fonunda İran qeyri-səmimi davranış nümayiş etdirir, gah hansısa əyalət mollasının timsalında, gah da bəzi rəsmi şəxslərin dili ilə Azərbaycanın ünvanına əsassız ittihamlar səsləndirir. Paralel olaraq rəsmi Tehran Azərbaycan-İran sərhədində, Araz çayı boyunca hərbi təlimlər keçirir, ölkəmizə əzələ nümayiş etdirməyə çalışır.
Region üçün arzuolunmaz hal
Əlbəttə ki, bütün bunlar təəssüf doğurur. İlk növbədə ondan başlayaq ki, Azərbaycan xarici siyasət kursunda daim region dövlətləri ilə maraqların üst-üstə düşməsinə çalışıb, qarşılıqlı əməkdaşlıq çərçivəsində hərəkət etməyə üstünlük verib. Azərbaycan ABŞ-İran münasibətlərinin kəskinləşdiyi 2003-2006-cı illərdə belə, öz qonşusunun maraqlarının, ərazi bütövlüyünün əksinə olan hər hansı addım atmayıb. Prezident İlham Əliyev 2006-cı ildə ABŞ Prezidenti Corc Buşun dəvəti ilə Vaşinqtonda səfərdə olarkən media qarşısında bəyanat verərək bildirib ki, Azərbaycan ərazisindən istifadə edilib qonşu dövlətlərə zərər verilməsinə imkan yaradılmayacaq.
Təzyiq və təhdid dili
Azərbaycanın qonşu İrana mərd münasibəti, ərazi bütövlüyünə dəstəyi qarşılığında Tehran rəsmiləri və mollaları fərqli münasibət sərgiləyiblər. 30 ilə yaxın vaxt ərzində İran Ermənistanı işğalçılıq siyasətindən çəkindirmək üçün hər hansı addım atmayıb. Azərbaycanın Cəbrayıl və Zəngilan rayonları, o cümlədən 130 kilometrlik Azərbaycan-İran sərhədi Ermənistan işğalı altında saxlanılanda, bu ərazilər narkotacirlərin, terrorçuların "oylağına” çevriləndə İran bir dəfə də olsun hərbi təlim keçirməyib. Amma Ermənistan işğalına son qoyulub ərazi bütövlüyümuz təmin olunduqdan sonra Tehran rəsmiləri həyəcanlanıb. Görünən budur ki, İran regionda yaranan yeni reallıqla barışmaq istəmir. Öz köhnə ampluasında olan İran mollaları, bəzi rəsmi şəxsləri Azərbaycanla dostluq, mehriban qonşuluq, müsəlman qardaşlığı çərçivəsində deyil, təzyiq və təhdid dilində rəftar etməyə üstünlük veriblər.
Heç kim bizim işimizə burnunu soxmasın!
Onlara ən yaxşı cavabı Prezident İlham Əliyev bu günlərdə Cəbrayıl rayonuna səfəri zamanı verib. O, Azərbaycanın müstəqil siyasət apardığını diqqətə çatdıraraq deyib ki, ölkəmiz öz xarici əlaqələrini və daxili işlərini bildiyi tərzdə planlaşdıracaq, heç kim bizim işimizə burnunu soxmasın: "Biz xoş niyyət göstəririk. Amma bu, o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Mən bunu burada – Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq. Biz bu ittihamları rədd edirik, qəbul etmirik və sübutlar tələb edirik. Bilirsiniz, bu yaxınlarda İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uydurmuşdur. Mənə məlumat verildi, mən dedim ki, fikir verməyin. Hansısa əyalət mollasının sözləri ilə biz indi bu fikirlərə əhəmiyyət verəsi deyilik. O kimdir ki?! Sadəcə olaraq, əhəmiyyət verməyin. Amma sonra əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Onlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun”.
Ərturan İSMAYIL
banner

Oxşar Xəbərlər