Dünya ədəbiyyatından qısa hekayələr

Xavier Alfaro Kalvo
Sevginin Zamanı
İnsan sevəndə zaman dayanır. Sabah iki saat
boyunca sənə baxdım. Dünən sənə daha çox baxa bilmək üçün özümə iki əlavə göz
alacağam.
Avqusto Monterroso
Qara qoyun
İllər
öncə uzaq bir ölkədə yaşayan bir qara qoyunu güllələdilər. Yüz il sonra peşman olan sürü onun at üstündə
bir heykəlini ucaldıb parkın ən gözəl yerinə qoydular. Sonrakı illərdə də nə
zaman bir qara qoyun görsələr onu da o dəqiqə edam edirlərmiş ki, gələcək nəsillərin
sıradan qoyunları heykəl sənətiylə məşğul
ola bilsin.
Alejandro Jodorovski
Pəri
Başında tacı olan qurbağa bir adamın önünü kəsib
"öp məni” dedi. Adam düşündü: "Qurbağa ovsunlanıb. Onu öpsəm krallığın varisi
olan gözəl bir şahzadəyə çevrilə bilər. Onunla evlənib taxt-taca sahib olaram”.
Və qurbağanı öpdü. Adam bir göz qırpımında qurbağaya çevrildi. Öpdüyü qurbağa
sevinclə qışqıraraq dedi: "Əzizim, çoxdandır sənə cadu ediblər, amma nəhayət səni
xilas etdim!”
Karel Çapek
Yanlış
Ağdənizdə gəmiylə gedirdik. Hər yer
gömgöydür. Dənizin harada bitib səmanın harada başladığını ayırd etmək olmur.
Buna görə limanda və gəmidə hər yerdə haranın yuxarı, haranın aşağı olduğunu
göstərən lövhələr var. Bu lövhələr olmasa adam səmayla dənizi qarışdırar. Ötən
gün gəmimizin kapitanı bir gəminin
yanlışlıqla dənizdə üzmək əvəzinə səmayla üzdüyünü dedi. Gəmi ucsuz-bucaqsız səmadan
bir daha geri dönmədi və indi onun harada olduğunu heç kim bilmir.
Xulio Kortasar
Paskalya adasının güzgüləri
Paskalya Adasının qərbində güzgüyə baxanda
keçmiş zamanı, şərqində güzgüyə baxanda isə gələcək zamanı görmək olurdu. Ancaq
millimetrlik ölçüylə güzgünün adada indiki zamanı göstərdiyi nöqtəni tapmaq
olardı. Yenə də güzgünün haradasa düzgün göstərməsi bütün güzgülərin də düzgün
göstərdiyi mənasına gəlmirdi. Çünki fərqli materiallardan hazırlanan bu
güzgülərin işləmə metodu fərqli idi. Bu səbəblə Gugenheim təqaüdüylə adaya
tədqiqat üçün gələn antropoloq Salomon Lemos adanın şərq tərəfində üzünü
qırxarkən güzgüdə özünü xəstəlikdən ölmüş gördü. Amma eyni zamanda Paskalya
Adasının qərbindəki kiçik güzgü heç kimə (çünki qayaların arasına düşmüşdü)
öncə şortla məktəbə gedən Salamon Lemosu, sonra anası və atası tərəfindən
vannada sevinclə sabunlanan balaca Salomon Lemosu, sonra da Trenkue Lauqindəki
bir tarlada "quu qu” deyərək xalası Remeditosu duyğulandıran Salomon Lemsou
göstərirdi.
İstvan Örkeny
Yuva
Qızcığazın dörd
yaşı vardı. Ötən günləri çoxdan unutmuşdu. Anası onu dəyişikliklərə hazırlamaq
üçün tikanlı məftillərin yanına gətirdi. Uzaqdan keçən qatarı göstərib dedi:
-
Bax, o qatar bizi də evə aparacaq.
-
Bəs onda nə olacaq?
-
Onda öz evimizdə olacağıq.
-
Nə deməkdi öz evində olmaq? – deyə
soruşdu qızcığaz.
-
Yəni əvvəllər yaşadığımız yerə
qayıdacağıq.
-
Nə var ki orada?
-
Balaca ayı oyuncağı xatırlamırsan?
Bəlkə, digər oyuncaqlarında durur hələ.
-
Ana, evdə də gözətçilər olur?
-
Yox, qızım, evdə gözətçilər olmur.
-
Yəni oradan qaça bilərik?
Tərcümə: Ramil Əhməd
