• cümə, 19 Aprel, 01:36
  • Baku Bakı 18°C

Duma Ermənistanın Njde siyasətini hədəfə aldı

19.02.20 18:18 1531
Duma Ermənistanın Njde siyasətini hədəfə aldı
Politoloqların fikrincə, Ermənistanın faşizmə meylliliyini artıq müttəfiq olduğu ölkədə də görməyə başlayıblar

Azərbaycan rəhbərliyi tərəfindən faşist Qaregin Njdeyə Ermənistanda abidə qoyulması məsələsi gündəmə gətirildikdən sonra məsələ Rusiyada da diqqət mərkəzində qalır. Bu günlərdə Rusiya Dövlət Dumasında faşizm üzərində qələbənin 75 illiyi ilə bağlı deputatların, ictimaiyyət və media nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib. Tədbirdə bir sıra ölkələrdə, o cümlədən Ermənistanda faşizm ideologiyasının təbliğ edilməsi, həmçinin faşist əlaltılarının qəhrəmanlaşdırılması məsələsinə toxunulub. Burada çıxış edən rusiyalı tarixçi və teleaparıcı Dionis Kaptar Rusiya XİN-nin faşizmlə bağlı yaydığı sənədə istinad edərək deyib ki, Njdenin faşistlərlə əlaqədə olması ilə bağlı konkret faktlar var. Rusiyalı tarixçi qeyd edib ki, erməni tərəfi Njdenin fəaliyyətini "Ermənistan uğrunda mübarizə” kimi təqdim edir, ölkənin siyasi rəhbərliyi isə faşistin qəhrəmanlaşdırılmasını həyata keçirir.
Tədbirdə iştirak edən Ümumrusiya erməni ittifaqının vitse-prezidenti Lusik Qukasyan qarışıqlıq salmaq istəsə də, buna nail ola bilməyib.
Göründüyü kimi, artıq faşist Njde məsələsi Rusiya parlamentində gündəmə gətirilir və onun qəhrəmanlaşdırılmasında Ermənistanın siyasi rəhbərliyi ittiham edilir. Bu məsələnin mütəmadi olaraq gündəmə gəlməsində Azərbaycanın uğuru varmı?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə bildirdi ki, Azərbaycan zamanında faşist "qəhrəmanı” Njdenin Ermənistanda müqəddəsləşdirilməsinə ciddi etiraz etdi: "Ölkəmiz Böyük Vətən müharibəsində faşistlər tərəfindən vuruşan bir erməniyə Yerevanda heykəl qoyulmasının yolverilməzliyini bildirdi. Bütün dünya faşizmə qarşı mübarizə aparanda bunun əksinə olaraq Ermənistan faşist "qəhrəman”larına abidə qoydu. Bu məsələ çoxdan Azərbaycan hüdudlarından kənara çıxıb. Müxtəlif beynəlxalq təşkilatlarda bu məsələ vaxtaşırı hallanır. Əlbəttə ki, Azərbaycana istinad edilir, Njdenin kimliyi barədə məlumat verilir. Bunun artıq Rusiyada da ciddi müzakirə edilməsi ondan xəbər verir ki, Ermənistanın faşizmə meylliliyini artıq ona müttəfiq olan ölkədə də görməyə başlayıblar. Faşizmdən ən çox zərər görmüş Rusiyadır və rus xalqıdır. Ermənistanda bir faşistə heykəl qoyulması və "milli qəhrəman” elan edilməsi aydın məsələdir ki, gec-tez Rusiya ictimaiyyətini narahat etməli idi”.
A.Mirzəzadə qeyd etdi ki, Ermənistan ictimaiyyətinin tutduğu bu yol səhvdir: "Bu ölkənin ziyalılarının özünə nümunə götürdüyü şəxslərin siyahısını nəzərdən keçirməyə çox böyük ehtiyac var. Azərbaycan da zamanında bu məsələyə ciddi etirazını bildirmişdi. Rusiyanın vilayətlərindən birində Njdeyə lövhə qoyulmuşdu və şəhər dumasının rus milliyətindən olan deputatı həmin lövhəyə qara boya atmışdı. Sonradan şəhər rəhbərliyi Njdenin lövhəsini götürmək məcburiyyətində qalmışdı. Hesab edirəm ki, Azərbaycanın bu məsələdə prinsipial mövqeyi öz təsirini göstərməkdədir. Ermənistan isə Azərbaycan tərəfindən bu məsələnin gündəmə gətirməsindən çox narahatdır. Bu onu deməyə əsas verir ki, Ermənistan cəmiyyəti dəyərlərini yenidən nəzərdən keçirməlidir, özünün gələcəyini ona ləkə gətirən insanlara bağlamamalıdır. Rusiyanın bu məsələyə parlament səviyyəsində münasibət bildirməsi göstərir ki, artıq dünya ictimaiyyəti Njde məsələsində çox ciddi mövqeyini ortaya qoyur”.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki, bu cür müzakirələr Prezident İlham Əliyevin Aşqabadda MDB dövlət başçılarının zirvə toplantısı zamanı Ermənistanın ünvanına səsləndirdiyi sərt bəyanatlardan sonra intensivləşdi: "Biz çox gözəl bilirik ki, Ermənistan hər zaman faşizmi ictimailəşdirən və cəmiyyəti faşizm ideyaları üzərində tərbiyələndirən, eləcə də sosiallaşdıran ölkədir. Erməni rəhbərləri bu illər ərzində daima faşist və terrorçuları təlqin edib. Ermənilərin "qəhrəmanlar”ına nəzər salsaq görərik ki, onların hər birində faşizm ünsürləri var”.
Z.Məmmədov vurğuladı ki, Rusiya əslində çoxdandır ki, Njde məsələsinə önəm verməli idi: "Çünki əgər Ukraynada, Polşada, Baltikyanı ölkələrdə faşizmin qəhrəmanlaşdırılması Rusiya tərəfindən çox sərt şəkildə qınanılırdısa, Ermənistan məsələsində onlar bir qədər fərqli mövqe göstərirdilər. Eyni zamanda, Rusiyanın cənubunda Njdeyə abidə qoyulmuşdu və sair. Təbii ki, Azərbaycan daima ermənilərə qarşı informasiya müharibəsi apararaq erməni tarixinin çirkin oyunlarını, onların ambisiyalarını və ümumilikdə Cənubi Qafqazdakı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına mühüm töhfə verməkdədir. Rusiyada artıq Dövlət Dumasında bu məsələnin yenidən gündəmə gətirilməsi o deməkdir ki, faşizm üzərində qələbənin 75 illiyi ərəfəsində bu mövzu bir qədər sonra daha da geniş şəkildə ayrı-ayrı kütləvi informasiya vasitələrində işıqlandırılacaq”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər