• çərşənbə axşamı, 19 mart, 12:57
  • Baku Bakı 8°C

Deputat: “ASAN xidmət” və DOST mərkəzləri uğurlu modelimiz kimi təqdim edilir

05.08.21 15:30 348
Deputat: “ASAN xidmət” və DOST mərkəzləri uğurlu modelimiz kimi təqdim edilir
"ASAN xidmət” mərkəzlərinin yaradılmasında əsas məqsəd dövlət xidmətlərinin göstərilməsində şəffaflığın təmin edilməsi və korrupsiyaya qarşı mübarizədir. "ASAN xidmət” Azərbaycan brendi olaraq dünyada ilk dəfə ölkəmizdə tətbiq olunub. Əhalinin "ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərdən məmnunluğu 99,5 faizdir. Bu, o deməkdir ki, "ASAN xidmət” mərkəzlərinin fəaliyyəti əhalimizin ürəyincədir və insanlar üçün maksimum rahatlıq yaradılıb. Ölkəmizdə bu mərkəzlərin sayı 21-ə çatıb. Bu günlərdə Bakıda altıncı "ASAN xidmət” mərkəzi istifadəyə verildi. Fəaliyyətə başlayan mərkəzlərdə göstərilən dövlət və özəl xidmətlərin əhatə dairəsi də genişləndirilir. Məsələn, 6 saylı "ASAN xidmət” mərkəzində 320-dən çox xidmət göstəriləcək.
Kaspi.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov bildirib.
Azər Badamov deyib: "ASAN xidmət”in yaradıldığı 2012-ci ildən bu günədək mərkəzlərə 7 milyon 495 min vətəndaş tərəfindən 45 milyondan çox müraciət edilib. Bütün bunlar mərkəzlərə olan inamın artmasının göstəricisidir. Prezident İlham Əliyevin uzaqgörənliyi və ölkənin gələcəyini müasir innovasiyaların inkişafında görməsi bu mərkəzlərin sayının artmasını şərtləndirir.
2007-ci ildə elektron hökumətin əsasının qoyulmasından sonra bu sahədə əldə etdiyimiz uğurlar "ASAN xidmət” və DOST mərkəzlərinin yaradılmasını sürətləndirdi. Ölkədə iqtisadiyyatın innovasiyalarla idarə olunmasında qazanılan nailiyyətlər və informasiya texnologiyalarının tətbiqi sahələrinin genişlənməsi bu gün təqdim etdiyimiz "ASAN xidmət”lərin əhatə dairəsinin də gündən-günə genişləndirilməsinə, həmçinin bir mərkəzdən daha çox sayda dövlət xidmətlərinin təqdim olunmasına şərait yaradıb.
"ASAN xidmət” sahələrində əldə edilən uğurlu təcrübə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin yaradılmasına yol açdı. DOST mərkəzlərinin sayı da getdikcə artmaqda, əhatə dairəsi genişlənməkdədir. DOST mərkəzləri layihəsi özünü doğruldaraq vətəndaş məmnunluğunu 95 faizə çatdırıb. Bu mərkəzlər əsasən sosial xidmətlərlə əhatə olunaraq, sosial sahədə vətəndaşların müraciətlərinin yüksək səviyyədə yerinə yetirilməsinə imkan yaradır. Sosial xidmətlər sahəsində aparılan islahatlar, DOST mərkəzlərində xidmətlərin elektronlaşdırılması və bir mərkəzdən təqdim edilməsi, həmçinin xidmətlərə əlçatanlığın asanlaşması vətəndaşların ürəyincə olmaqla bərabər, şəffaflığın təmin olunmasına da yol açır. "ASAN xidmət” mərkəzlərində "YAŞAT” Fondu vasitəsilə şəhid ailələrinə və qazilərə dəstək verilir. Həmçinin DOST mərkəzlərində dövlət hesabına yüksək texnologiyalara əsaslanmış protezlər təqdim olunur və reabilitasiya xidmətləri dövlət hesabına göstərilir.
"Ümumiyyətlə, qeyd edə bilərəm ki, "ASAN xidmət” və DOST mərkəzləri Azərbaycan intellektinin məhsulu olmaqla uğurlu modelimiz kimi təqdim edilir. Bu mərkəzlər dövlət xidmətlərinin göstərilməsində bürokratik əngəlləri və vaxt itkisini aradan qaldırmaqla şəffaflığı artıraraq vətəndaşların ürəyincə oldu. Əminəm ki, gələcəkdə ölkəmizdə belə mərkəzlərin sayı daha da artacaq və bütün ölkə ərazisini əhatə edəcək.
Bundan əlavə, bizim bu sahədə modellərimiz bir çox ölkələr tərəfindən öyrənilir. Azərbaycan dövləti gələcəkdə də ən müasir innovasiyaları və texnologiyaları tətbiq etməklə əhalinin rahatlığını təmin edəcək, onların rahat yaşayışının təmin edilməsinə töhfə verəcəkdir”, - deyə deputat qeyd edib.
banner

Oxşar Xəbərlər