• cümə, 26 Aprel, 13:04
  • Baku Bakı 23°C

Cənubi Qafqaza Romadan baxış - TƏHLİL

16.10.21 09:30 761
Cənubi Qafqaza Romadan baxış - TƏHLİL
Politoloq: "Türkiyə tərəfi bir daha ABŞ liderinin diqqətinə bölgə ilə bağlı baxış bucağını çatdıracaq. Ümid edək ki, bu kimi görüşlərdən sonra dünyada "münaqişə bitməyib” kimi sərsəm fikirlərdən uzaqlaşacaqlar”.
Qarabağ məsələsinin müxtəlif vaxtlarda dünya liderlərinin görüşlərində müzakirə edilməsinin şahidi oluruq. Lakin 44 günlük Vətən müharibəsindən sonra Qarabağ əsas mövzu olaraq diqqət mərkəzində olub. Bu görüşlərdə Azərbaycanın haqlı mövqeyini dəstəkləyən liderlər olsa da, bölgədə sabitliyin olmasını istəməyənlər də tapılır. Xüsusilə, bir sıra dövlətlər tərəfindən bölgədə sülhün bərpa edilməsi üçün Ermənistanın işğalçı mövqeyindən geri çəkilib sülh sazişini imzalaması istiqamətində hansısa addımlara rast gəlinmir. Əksinə, 30 il ərzində heç bir sülhə gətirib çıxaran fəaliyyəti olmayan ATƏT-in Minsk qrupunun fəaliyyətinin yenidən bərpa edilməsi üçün hansısa addımlar atılır. Lakin bütün bu cəhdlərin heç bir fayda verməyəcəyini bildikləri halda yenə də öz məzmunsuz mövqelərini əsaslandırmağa cəhd göstərirlər. Əlbəttə ki, nəticə dəyişməyəcək və Qarabağla bağlı hər hansı problemin olmadığını dərk edənə qədər diplomatik mübarizə davam edəcək. Bu məsələdə isə Azərbaycana qardaş və dost ölkələrin dəstəyi hər zaman olduğu kimi özünü göstərir. Bu istiqamətdə, xüsusilə Cənubi Qafqazda stabilliyin təmin olunması üçün qardaş Türkiyənin atdığı addımlar diqqətdən kənarda qalmır.
Romada Qarabağ müzakirə ediləcək
Bu günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfəri çərçivəsində həmkarı Putinlə Qarabağla bağlı məsələləri bir daha müzakirə etdi. İndi isə növbəti müzakirə Ərdoğanla Bayden arasında olacaq. Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Baydenin "G-20” liderlərinin oktyabrın 30-31-də Romada keçiriləcək Zirvə toplantısı çərçivəsində baş tutacaq görüşündə ABŞ-la siyasi, iqtisadi, energetika, təhlükəsizlik, terrora qarşı mübarizə, ticarət, müdafiə sənayesi, Əfqanıstan, Suriya, İraq, Qarabağ, Qafqaz, Liviya, Şərqi Aralıq dənizi, başqa bölgələr və digər qlobal məsələlər müzakirə ediləcək. Türkiyə liderinin Putinlə görüşündən sonra ABŞ prezidenti ilə görüşməsi diqqət çəkən məqamdır. Bayden-Ərdoğan görüşündə Qarabağ məsələsinin müzakirə edilməsi nə qədər əhəmiyyətlidir və bu görüşdən gözlənilənlər nədir?
"Cənubi Qafqazdakı yeni proseslərlə bağlıdır”
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədovbildirdi ki, son bir il ərzində dünya liderləri görüşərkən Qarabağla bağlı müzakirə aparırlar: "Söhbət Cənubi Qafqazdakı yeni proseslərlə bağlıdır. Türkiyənin ABŞ və Rusiya ilə təmaslarında Azərbaycanla Ermənistan arasında baş verənlər daim müzakirə predmeti olur. Onu qeyd edim ki, bundan əvvəl Türkiyə prezidenti Ərdoğanla rusiyalı həmkarı Putin arasında keçirilən Soçi görüşündə digər problemlərlə yanaşı, Qarabağ məsələsi də müzakirə edilmişdi. İndi isə Bayden və Ərdoğan arasında digər məsələlərlə yanaşı, Cənubi Qafqaz da müzakirə predmeti olacaq”.
"Nəticənin qənaətbəxş olacağı suallar doğurur”
Politoloq qeyd etdi ki, bundan əvvəl Türkiyə lideri ilə ABŞ prezidenti arasında Nyu-Yorkda qısa bir görüş baş tutmuşdu: "Həmin görüş Türkiyə ilə ABŞ arasında buzu əridə bilməmişdi. Ona görə də, bir çox problemlərlə bağlı məsələ açıq qalıb. Elə bu yaxınlarda Baydenin İraq kürdlərinə dəstəklə bağlı açıqlaması bir daha onu göstərir ki, Vaşinqtondakı demokratlar administrasiyası bölgə ilə bağlı siyasətində Azərbaycan və Türkiyə ilə bağlı, təəssüf ki, müsbət addımlar atmaq niyyətində deyil. Ona görə də, Baydenlə Ərdoğanın görüşündə Qarabağ məsələsi ilə bağlı müzakirədən qənaətbəxş nə isə gözləmək inandırıcı deyil”.
"Bundan sonra da belə olacaq”
Z.Məmmədov vurğuladı ki, əslində, ABŞ çoxdan Türkiyə ilə Cənubi Qafqazda baş verənlərlə bağlı müzakirə aparmalı idi: "Çünki Türkiyə NATO ölkəsidir və de-yure ABŞ-ın bölgədəki ən yaxın müttəfiqi sayılır. Cənubi Qafqazda ilk dəfə olaraq NATO ölkəsinin rus hərbiçiləri ilə üz-üzə dayanması kimi faktlar Vaşinqtonu fəal olaraq Türkiyənin yanında yer almasına gətirib çıxarmalı idi. Biz bunu görmədik. Bu, bir daha onu göstərir ki, bu kimi ölkələr daima ermənilərdən maşa kimi istifadə ediblər və bundan sonra da belə olacaq.
"…sərsəm fikirlərdən uzaqlaşacaqlar”
Elə bu yaxınlarda Azərbaycanın bəzi sərhədyanı ərazilərində baş verən müxtəlif proseslərlə bağlı ABŞ səfirliyinin susqunluq nümayiş etdirməsi və yaxud Amerikanın Ermənistandakı səfirinin Qərbi Zəngəzura səfər etməsi də bunun göstəricisidir. Hər halda, Türkiyə tərəfi bir daha ABŞ liderinin diqqətinə bölgə ilə bağlı baxış bucağını çatdıracaq. Ümid edək ki, bu kimi görüşlərdən sonra dünyada "münaqişə bitməyib” kimi sərsəm fikirlərdən uzaqlaşacaqlar”.
Bəxtiyar Məmmədli
banner

Oxşar Xəbərlər