• çərşənbə, 24 Aprel, 10:33
  • Baku Bakı 13°C

BUDAĞINDAN QOPAN YARPAQ

14.03.16 10:14 2909
BUDAĞINDAN QOPAN YARPAQ
Qazağıstan Yazıçılar Birliyinin katibi, Avrasiya Yazıçılar Birliyinin Məşvərət Şurasının üzvü,TÜRKSOY Qazağıstan Ölkə Təmsilçisidir.Bir çok ədəbi və fəlsəfi esselər müəllidir. Qazax dilindən bir çox əsəri Türkiyə türkçəsin çevirmişdir.

Ağacların yollara səpdiyi yarpaqları sovurmaqdaydı xəzan küləyi. Qatar-qatar gələn buludlar payızdan qışa köç edirdi. Uzaqdakı meşələrin hüznlü uğultuları, dərələrdən axıb gedən çayların şırıltıları duyulurdu.
Soyuq rüzgar əcəlin əli kimi yarpaqları budağından qopararaq havada ayrılıq rəqsini oynadırdı. Saralan yarpaqlar yaşam zamanının bitdiyini göstərmək istəyirmiş kimi torpağın üstünə enirdi bir-bir. Bura məzarlıq idi. Babasıyla nənəsinin Töləgen məzar daşını əlləriylə oxşayaraq sanki onlara təsəlli verməyə, ovutmağa çalışırdı. Dodaqlarında duaları səsləndikcə göz yaşlarını saxlaya bilmədi. Həsrət hislərini oyandıran yarpağın düşüşü onu uşaqlıq günlərinə doğru çəkdi. Fikrə gedən gözlərinə və yanaqlarına toxunmağa başlamışdı bir hənirti.
O günlərdə...
Bir dediyini iki etməyən nənəsi onun şirnikləndirib ağlını azdırırdı. Cibindən şirniləri, noğulları əskik olmazdı. Arxasına mindirib qapı-qapı gəzdirərdi. Hər kəsdən onu çox sevərdi... Həyatı boyunca ibtidai məktəbdə çalışan babası isə ən sevdiyi müəlliminin adını vermişdi ona. "Mənim nəvəm Tölegen Bəy kimi elm sahibi olsun!" deyə dua etmişdi qulağına əzan oxuyaraq. Ölümündənə əvvəl qəzetdə nəvəsinin rəsmi çıxması münasibətiylə bir qara qoçu qurban kəsib kasıblara paylamışdı ...
O anda quşların civiltisi ruhuna yeni həyat sevincin qatmağındaydı. Qəbiristan fərqli bir dünya kimiydi. Səssizdi; amma bu səssizliyinə həyatın gerçəklərini qışqıraraq izah edirdi. Ətrafını əhatə edən qovaq ağacları budaqlarını uzadaraq yalvarış içində sirli dualarını uğultuyla göyə doğru göndərməkdəydilər.
Tölegen fikrində baba və nənənəsiylə vidalaşaraq qəbirlərin yanından ayrıldı.
Qəbiristanın çıxış qapısına doğru ilan kimi qıvrılan incə bir cığırı tutub irəlillədi. Yol boyu son aylar məzar daşlarına hələ adlar yazılmayan qəbirlərin çoxalmış olduğunu gördü.
Çıxış qapısına yaxınlaşanda tənha bir məzarın başında inləyərək ağlayan yaşlı bir qadını gördü. Gözyaşını baş örtüyünun ucuyla silərək, "Qızım, övladım, səni diri-diri basdırdılar! Canlı canlı atdılar uçurumdan! "deyə sayıqlayan zavallı qadın, diz çökərək məzar daşına sarılırdı.
- Allah Allah! Bu qadın kimdir, görəsən? deyə düşündü. Məzar daşındakı yazıları oxuya bilmək üçün qəbirə tərəf addımladı. Addımların cığırdakı xəzan yarpaqları üzərində ətrafa yayılan xışıltıdan birdən-birə arxasına dönən yaşlı qadının onu gördüyündə gözlərindən atəş fışqırırdı. Dümağ saçları dağınıq idi. Üzü gömgöy göyərmişdi. Diqqətlə Tölegene baxdı. Sonra hikkə ilə qaşlarını çatarak:
- Yaxınlaşma! Qızımı diri-diri torpağa basdıran sənsən, yaxınlaşma! Çıx get buradan! "deyə qışqırdı.
- Yox, xanım! Mən ancaq təsəlli etmək istədim...
- Mənim kiçik mələyimi sizlər öldürdünüz! Hamınız cavab verəcəksiniz!
- Xədicə xala! Məni tanıyamadımmı? Mən qonşunuz Gülnazın oğluyam... Allah rəhmət eləsinz
- Xeyr! dedi, - ağlayaraq. "Əslində, onu mən basdırdım... Diri-diri boğazladım övladımı, mən, mən..."
- Mən də Türkiyədən yeni gəldim, Xədicə xala. Tətil üçün ... - demək istəyəndə birdən-birə sözünü kəsərək;
- Mələyimi atası öldürdü ... O da cavab verəcək, sən d ... Hər kəsin yaxasına yapışacağım. Get burdan!
Tölegen bir müddət səssiz qaldı və;
- Başınız sağ olsun! deyərək oradan uzaqlaşdı.
Quşlar qulaq kəsilmişdi. Külək aram-aram əsməyə başladı. Hava birdən-birə soyudu.
Qəbiristanlıqdan uzaqlaşan Tölegen iliklərinə qədər üşüdü.
Əvvəllər ona hər zaman isti çörək göndərən Xədicə xalanın sözlərinə bir məna verə bilmədi. Yeganə qızının vəfat etdiyini eşitmişdi, amma öldürüldüyündən xəbəri yox idi. Şübhəsiz ki, ana ürəyi dözə bilməzdi bu müsibətə. Xədicə xalanı bu qədər yaşlı görməmişdi daha əvvəl. Qızının ölümü, həqiqətən, qadını üzüb əldən salmışdı…
Amma ata da qızını öldürərmi heç? Olmaya başqa biri öldürmüş? Niyə öldürüblər, görəsən? Qızı orta məktəb şagirdi deyildimi? Həm ədəbli, həm də çox bacarıqlı biri idi. Kim bilir bəlkə qəza keçirib?
Qara dağlardan əsən küləyə qarşı gedən Tölegen xəyalını məcbur edib ürəyinin dərinliyinə baş vururdu. Nədənsə, o anda babasıyla nənəsinin yoxluğunu hiss etdi. Onların bir zamanlar ruhunu oxşayan şəfqət dolu duyğularının xiffətini çəkdi. Buludları deşən günəş şüaları kimi içindəki ağını aradan qaldıracaq tərtəmiz hisslərə ehtiyacı vardı. İndi sanki qəbiristanlıqda Xədicə xalanın qızı deyil, o özü idi dəfn olunan. Torpağın üstündə yox, altında idi sanki. Həm mənasız, həm də dərin mənaları ehtiva edən yaşlı qadının o acı sözləri könlünü daraltmıştı. Necə olub da diri-diri basdırılıb? İnsan öz övladını çuxura atar mı? Hansı günahla o günahsız qızcığaz öldürülmüş görəsən?
…Rüzgar zorla qanad çırpan quşların inadını qıraraq əsirdi. Küləyə qarışı uçan quşların səsi o əsnada qəbiristanlıqdakı qız uşaqlarının ağlamaları kimi duyulur. "Ana, Anaaa!.. Atacan! .."
Birdən-birə diksindi və arxaya dönərək qəbiristanlığa doğru baxdı. Firuzəyi bahar rəngiylə boyanan tənək yarpaqları budaqlarından qoparaq tökülürdü. Baharı solurdu güllər, çiçəklər. Ağaclar da cənazədə düzülən camaat kimiydi. Yerindən qımıldamayan dilsiz daşlar heykələ çevrilən bir mələyə bənzəyiridi. Dirilişin keşikçiləri idi onlar. Əbədi həyatın muştuluğu bəlkə də onlarda gizli idi.
Tölegen bir ağacın yanında xəyala daldı. Küləyin qumları sovurduğu isti diyarlara düşmüşdü. Geriyə doğru əsrləri aşaraq, dövrləri dəyişərək qaranlığın aydınlığa hamilə olduğu dövürdəydi sanki. İnsanların cəhalətə məğlub olduqları zamana çatmışdı. Gələcəyi bağrında daşıyan qız övladlarını diri-diri basdıran qövmün zülmünə şahid olurdu ...
***
…Roma və Sasani İmperatorluqlarının hökm sürdüyü illəri idi. Ay hələ Vida Təpəsindən doğmamışdı.
İzsiz Ərəb çöllərində heç dayanmayan küləklər qumları təpədən təpəyə daşıyırdı. Yandıqca yanan çöllərə sərinlik çökürdü.
Gecəydi...
…Evlərdən yüksələn səslər çölün uğultusunda qarışdı. Qonşu qadınları doğan qadına yardım üçün qonşu evə axışdılar. Çöldə ilk övladının doğumunu gözləyən adam həm sevincli, həm də kədərliydi. O anda könlünü işıqlandıran on dörd gecəlik aydan müjdə və möcüzə gözləyirdi…
Evin içindən körpənin qışqırıq səsi eşidildi. O birdən-birə həyəcanlandı. Qapını araladı və içəriyə girər-girməz; "Qızmı, oğlanmı?" deyə soruşdu. Qadınlar sevinclərini gizləyərək səssiz qaldılar. Körpəsini qucağına alan ana sevincindən ağlayırdı:
- Qızımız oldu... gələcək oğullarımızın bacısı... Ata oldun ..." dedi tər içində ana.
O nə deyəcəyini bilmədi. Sevinmədi; sevinə bilməzdi, tam tərsinə hirsindən udqundu. Üzü qapqara qaralmış halda çölə çıxdı. "Xalqın içində necə gəzərəm mən? Belə ata olmaqdansa, itib yerin dibinə girsəm min dəfə yaxşı olmazdımı? "deyə düşündü.
***
Əslində, onun gözlədiyi müjdə bu deyildi. Çünki qohumlarının ona acıqlanacaqlarını bilirdi. Dostları ondan uzaqlaşacaqdı. Qonşuları göz aydınlığı vermək yerinə üzünə baxmayacaqlardı. Belə bir ləkəni qəbul edə bilməyəcəkdi. Çünki, o dövrdə qadın elə dəyərsizdi ki, hətta heyvanlardan daha az hörmətləri vardı. Qadın ancaq əyləncə ünsürüydü. Bu səbəbdən hər zaman xor baxılırdı Qadınlar yalnız Ərəb çöllərində deyil, Romada, Sasanilərin arasında da eyni taleyə sahibdilər.
Hirsindən ürəyi sıxıldı. Bədirlənmiş ayın işığında qaranlığı yararaq kimsəsiz çöllərə doğru yol aldı. Küləklə sovrulan qumlar üzünə çarpırdı. Sonra yanıb sönən ulduzlara baxaraq qışqırdı: "Mənim nə günahım var ?!"
Göyə doğru yüksələn qışqırıqlar çölün dibsiz qaranlığında itib yox olurdu.
Qarşısında iki yolu vardı: ya qızını bağışlayıb yaşmasına qərar verəcəkdi, ya da...
Şübhlər ondan əl çəkmirdi. Min cür tərəddüd içindəydi. Tam da o əsnada əlindəki bellə çuxur qazan birinə rast gəldi:
- "Yoxsa mənim başıma gələnlər sənindəmi başına gəldi?" deyə soruşdu. Çuxuru qazan adam udqunaraq: - "Sən bu taleyə bir bax. Olası şey deyil?! "dedi.
"Qadınlar kişiləri doğurmaz oldular." "Bax gör bu gün neçə çıxır qazılıb? Tanrılarımız bağışlasın, bizi nə deyək?!”
O gecə evinə döndü və xanımın təkidi, yalvar-yaxışıyla qızına həyat bağışladı. Lakin aldığı bu qərarından əzab çəkəcəyini də yaxşı bilirdi...
Onu topa-topa buludlara mindirərək əsrlər ardına aparan soyuq küləklər dindi. Düşüncənin dərinliyində gəzən Tölegen qəfildən burnuna vuran torpaq qoxusundan diksindi. Həyatlarını itirən övladların torpağa qarışan ölümün qoxusunu almış kimiydi. Ürəyi titrədi, burnu sızladı. Göy üzünə yoldaşlıq edərək ağladı. Ağır-ağır yerindən qalxıb evinə doğru getdi. Küçədə ip atlayaraq oynayan qızlar yağışın yağmasına sevinirdilər. "Yağışın altında nə qədər çox qalsan, o qədər tez böyüyərsən," deyərək gülüşdülər. Həyatın xoşbəxtliyi o şirin gülüşlərdə gizli idi. İslanan üzlərini silərək ceyran balası kimi atılıb düşürdülər. Çiçəkdən-çiçəyə qonan kəpənəklər kimi dümağ qanadlarıyla günahından ötəri yanıb-tutuşanların könüllərini sərinlədirdi. Bir ömür deyil, min ömür bu kəpənəklərin uğuruna fəda edilməyə dəyərdi.
Gülümsədi Tölegen. Dərin nəfəs alaraq yoluna davam etdi.
"Veda Təpəsinə Ay doğmasaydı nə olardı halımız? O kimsəsiz çöllərdə Gül bitməsəydi sevgi dilini anlaya bilərdikmi? Zəmzəm sularını içərək içimizdəki yanğını söndürə bilərdikmi? İnsanlıq adına edilən bu qədər gözəllikdən kam ala bilərdikmi?" deyə düşündü.
Ya o adam kimi öz övladımızı çuxura atacaq, ya da…
***
İllər keçdi.
Ucsuz-bucaqsız səhra…
Günəş, səmada bir dar ağacı…
Hər şey, amma hər şey su dilənirdi…
Zülm zirvədə, ədalətsizlik ən pik nöqtəsindəydi. Bəşər goreşənləriylə belə ittifaq bağlamışdı. Dişli olan dişsizi paça-parça edir, dişsizlər isə çarəsizdi.
Anaların için-için ağlamaqdan başqa çarələri yoxdu. Ataların ürəkləri möhür vurulmuş daşdı. Doğulduğu gecə qızına həyat bağışlayan adam utancından iş gedə bilmir, dostlarıyla əvvəlki kimi görüşmür, qohumlarını evinə dəvət edə bilmirdi. Qızından sonra daha uşaqları olmayınca ailəyə ən yaxın olan insanlar günahsız övladı şeytan gözündə görməyə davam etdilər. Bu uşaq olmasaydı guya, Tanrılar onlara daha gözəl bir oğlan bəxş edəcəkdi
Qızı böyümüşdü. Qəfəsdə böyüyən nazlı quş kimi. Anası zaman-zaman qızını dayısı uşaqları ilə oynasın deyə qardaşı evinə aparırdı. Qızcığaz dayısını çox sevərdi.
…Həyatından bezən adam gecə vaxtı səhrada bir çuxur qazdı. Qərarlı idi. Belə yaşaya bilməzdi artıq. O gecə xanımına qərarını söylədi. Sabah üçün hazırlıq görməsini əmr etdi. Ertəsi gün çöldə bayraq-bayraq dalğalanan külək, gələcək o qorxunc anın xəbərçisi kimi əsərdi. - "Qıza təzə paltar geydir, dayısıgilə aparacağam," dedi xanımına.
Səhərə qədər ağlayan ana qızının ən gözəl paltarını çıxarıb qoxladı və bir müddət donub qaldı. Qızcığaz ətəyindən çəkərək; "Tez ol, ana," dedi. "Dayım bizi gözləyir. Niyə tez olmursan?”
Çarəsizdi. Könülü qırıqdı ananın. Ürəyindən qan damcılayırdı. "Tanrılar nə səbəbə mənim qızımı seçdilər? Niyə o? Onun nə günahı var idi? Nə edə bilərəm ki... " deyərək İçin-için ağladı.
Qızına paltarını geydirərək qucaqladı. Buraxmaq istəmədi. Atası qızın əlindən çəkərək; "Yaxşı, bəsdi ta" deyə bildi. Anasını yanaqlarından öpən qızcığaz: - "Ana, niyə ağlıyırsan, hara getsək qayıdacağıq" dedi.
Çölə çıxdılar. Qızcığaz atasının arxasınca qaçdı. Qapıda qalan anası ağlamağa başladı. Qızına dəsmal yelləyirdi.
Evdən uzaqlaşdılar. Anası huşunu itirib yerə sərildi.
Atası səs çıxarmadan qazdığı çuxura doğru gedirdi. Qızcığaz gül bağçasında uçuşan kəpənək kimi oradan-oraya atdanıb düşürdü. O qədər xoşbəxt idi ki, dayısının uşaqlarıyla oynayacaqdı.
Atası əlindən tutaraq qızını çuxurun yanına gətirdi. Əlini buraxa bilmirdi. Əlləri o qədər tərləmişti ki, qızcığaz kiçik əlini çəkərək; "Atacan," dedi. "Biz bura nə üçün gəldik?"
Danışa bilmirdi.
Yenə qızın əllərindən tutaraq bir az da yaxınlaşdı quyunun kənarına. Qızcığaz şəfqət dilənirmiş kimi atasının üzünə baxdı. Bəlkə də atası ona bir sürpriz edəcək deyə düşündü günahsız uşaq.
Atanınsa ürəyi o qədər qəddarlaşmışdı ki, qızının kürəyinə təpiklə vurmaqdan da çəkinmədi. Quyuya doğru yıxılarkən qızcığaz: "Atacan!" deyə fəryad etdi. O anda göy guruldadı, şimşək çaxdı. Zavallı qızcığaz atasının ətəyindən güclə tuta bildi. Toz-torpaq içində çırpınır, atasının toz basan ayağını silib yalvarırdı; "Nə olur, atacan! Məni çıxar ayaqlarını təmizləyim" deyirdi.
Günahsız uşaq atasının ona təpik vurduğundan xəbərsizdi. Ayağının sürüşdüyünü zənn edirdi. Lakin atası yenə ona təpik vurunca, o zəif və zərif kəpənək, dalından qopan firuzə yarpaq kimi quyunun dibinə düşdü...
"Ata, atacan! Yalvarıram məni bu quyudan çıxart, yalvarıram!” deyərək son dəfə yazıq-yazıq baxdı atasını gözlərinə. Qızcığazın fəryadına məhəl qoymayan ata əlinə keçən nə varsa, daş, qum, torpaq, hamısını yeganə qızının üstünə atır, quyunu bir anda doldurmaq, izi itirmək istəyirdi. Və özü öz əlləriylə öldürürdü balasını.
Və oradan uzaqlaşdı...
***
- Oğlum, nə yaman islanmışsan - dedi anası içəriyə girən Tölegeni görəndə..
- Ana, mən qəbristandaydım, babamla nənəmin məzarlarını ziyarətə getmişdi, -dedi.
- Bərəkallah, oğlum! Çox yaxşı etmisən. Get əynini dəyiş, gəl otur, sənə dadlı yemək bişirmişəm.
- Onsuz da, evə girən kimi yeməyin qoxusunu almışam, ana. Türkiyədə sənin bişirdiyin dadlı yeməklərdən olmur. Çox darıxıram. Atam gəlmədimi? Uşaqlar da gözə görünmür?
- Narahat olma, bir azdan gələrlər. Onlar sən gəldikdən sonra evə tez qayıdırlar.
- Ana, bu gün də bazara getmişdinmi?"
- Bir neçə günlüyün gəlmisən. Səni qoyub bazaramı gedim? - dedi ana gözlərində parlayan yaşı silərək.
- Qəbiristanlıqda Xədicə xalanı gördüm... dedi Tölegen səsini qısaraq.
- Taledir bu, oğlum, taledir... Xədicə xalan çox düşüb son zamanlar.
Allah köməyi olsun! Qızı vəfat eləyəndən dəliyə dönüb zavallı qadın. Hər gün qəbiristanlıqdadır.
- Məni tanımadı. Bir də... öldürdülər filan dedi.
Oğlum, bu, çox uzun söhbətdi, deyib anası dərin bir nəfəs aldı: Qız, əslində, intihar etdi.
- Diri-diri öldürdülər, qızımı deyə sayıqlıyırdı…
- Hə oğlum, əslində, hər kəs cavabdehdir, anası da, atası da... - deyərək ana bir az dayanıb nəfəsini dərdi, sonra - Hər kəs yəni... Köhnədən insanlarda mərhəmət vardı. Hər kəs bir-birinə hörmət edərdi. Bəs indi? İndi, kimsə kimsəyə mərhəmət göstərmir. Pulu olan özünü peyğəmbər zənn edir.
- Ana, sən intihar etdi deyirsən, amma?
- Bəli, elə oldu. Qızcığaz On dörd gecəlik ay kimi çox gözəldi. O qədər gözəldi ki, Xədicəyə: "Qonşu ayıq ol, qızını götürüb qaçmasınlar," demişdim. Qızı o zaman orta məktəbi bitirmək üzrə idi. Almatıda gözəllik yarışmasına getdi. Elə əsl məsələ oradan başladı ...
- Necə yəni?" deyə soruşdu Tölegen çayını içərək.
- Belə bizim bu qonşudakı Dublatın qızı, arxa küçədəki Əhmədin qızı, bir də bizim bu Zeynəb var ha, onun qızıyla birlikdə gözəllik yarışmasına qatılmaq üçün getmişdlər. Sonra Xədicənin qızı Qazaxıstanın gözəllik kraliçası seçilmiş. Orda bir Amerikalı qızı dünya gözəllik yarışmasına dəvət etmiş. Həm də Amerikada universitetdə oxudaram deyib.
- Qız getdimi?"
- Getməsə olardımı? Anasıyla qonşuluqda kim varsa, hamısını dəvət edib qonaqlıq verdilər. Biz də göz aydınlığa getmişdik. Hamımızın gözü qarşısında qızı beləcə uzaq, qürbət ellərə göndərdilər. Əslində, hamımız da orada idik. Sən demə o gün günahsız tifili öz əllərimizlə gedər-gəlməz əbədi səfərə uğurlamışıq. Beləcə altı ay sonra eşitdik ki, orada olanda intihar edib. Cəsədini böyük bir çətinliklə gətirdilər. Niyəsini təbii ki, kimsə bilmir…
…Tölegen bağçaya baxan pəncərənin kənarında oturmuşdu. Çölə nəzər saldı. Ərik ağacının budağında qalan tək saralmış yarpağın küləklə necə mübarizə apardığını gördü. Rüzgarsa hər tərəfdən əsirdi. Yalnız yarpaq isə rüzgarın inadına budağında rəqs edirdi. Tölgen tək qalan saralmış yarpağın rüzgara duruş gətirməsinə baxır və görünür, hələ düşmək zamanı gəlməmişdir deyə düşünürdü...
Tərcümə edən: Məmməd İsmayıl
banner

Oxşar Xəbərlər