• çərşənbə axşamı, 17 dekabr, 14:43
  • Baku Bakı 7°C

“Bu intriqa Azərbaycan müxalifətinin probleminə çevrilib”

10.04.14 10:40 1732
“Bu intriqa Azərbaycan müxalifətinin probleminə çevrilib”
ADP sədri Sərdar Cəlaloğlunun APA-ya müsahibəsi
- Bu gün müxalif düşərgədə vəziyyət necədir? Azərbaycan müxalifətinin əsas problemini necə xarakterizə etmək olar?

- Azərbaycan siyasi qüvvələrinin problemidir ki, birincisi, ictimai hadisələr şəxsiləşdirilir, ikincisi, siyasi münasibətlərdə ifrata varılır. Yəni müxalifətdə iki lider arasında olan şəxsi-qərəzlik, bir-birini qəbul etməmək siyasi müstəviyə, partiyalar arasında rəqabətə çevrilir. Eləcə də ifrata varılır. Müxalifət iqtidarı, iqtidar müxalifəti düşmən gözündə görür. Bundan başqa, bir-birindən fərqli siyasət aparan müxalif qüvvələr bir-birini iqtidara işləməkdə, xəyanətdə ittiham edir. Bu, Azərbaycan müxalifətinin ən ciddi qüsurlarından biridir və demokratikləşmənin kifayət qədər dərk olunmamasının, demokratik dəyərlərin mənimsənilməməsinin, ümumiyyətlə, Azərbaycanda siyasi həyatın ciddi ənənələrinin olmaması ilə bağlıdır. Müxalifətdə AXCP və Müsavat Partiyasının liderləri arasında Azərbaycan xalq hərəkatından başlayan intriqa bu gün də Azərbaycan müxalifətinin, hətta Azərbaycan cəmiyyətinin probleminə çevrilib. Çünki müxalifətin zəifləməsi cəmiyyətin zəifləməsi, dövlətin zəifləməsi deməkdir. Yəni İsa Qəmbər və Əli Kərimli arasında intriqa, bu iki şəxsin bir-birini gözü götürməməsi, bir-birini qəbul etməməsi bugünkü vəziyyətə gətirib çıxarıb. Azərbaycan müxalifəti 20 ildir, bir addım da irəli gedə bilmir. Bizim bütün sosial enerjimiz iqtidarla müxalifət və müxalifətlə müxalifət arasındakı intriqalara gedir.
- Müxalifətin prezident seçkilərindən öncə yaratdığı Milli Şuranın hazırkı durumunu və perspektivini necə dəyərləndirirsiniz?

- Açığı, prezident seçkilərinə qədər Rusiyanın Milli Şuraya dəstək verməsi ilə bu qurumun çox ciddi perspektivli görünürdü. Amma Rusiya prezidenti Vladimir Putin Azərbaycana gəlib gedəndən sonra Milli Şuranın heç bir perspektivi qalmadı. Çünki Milli Şuranın xaricdən dəstəyi olmadı, qurumun daxilində də bir-birini qəbul etməyən qüvvələr, təşkilatlar yığılmışdı. Ona görə də dərhal Rəsul Quliyev, Lalə Şövkət, Eldar Namazov Milli Şuradan çıxdı. Sonra da Müsavat Partiyası Milli Şuranı tərk etdi. İndi Milli Şura AXCP və onun ətrafında olanlarından ibarət qurumdur. Milli Şuranın bundan sonrakı perspektivinə gəlincə, ölkənin siyasi həyatında ciddi iştirak edə, proseslərə ciddi təsir edə bilməyəcəklər. Amma Milli Şurada təmsil olunan qüvvələrin bu qurumdan özlərini təsdiq üçün istifadə etməsi mümkündür.
- Milli Şurada AXCP sədri Əli Kərimli və KXCP sədri Mirmahmud Mirəlioğlunun uzun müddət bir arada olacağı nə dərəcədə inandırıcıdır?

- Bunu gizlətmək də mümkün deyil. “Mehriban düşmənlər” ifadəsi var. Müsavat Partiyası və AXCP arasında hansı problem varsa, ondan iki qat artıq problem AXCP və KXCP arasındadır. Sadəcə, bəzən situasiya elə olur ki, bir-birini qəbul etməyən qüvvələr də bir araya gəlir. İndiki halda bu iki partiyanın Milli Şurada olması da bununla bağlıdır. AXCP və KXCP-nin Milli Şurada birgə olması uzun müddət davam edə bilməz. Uzun müddət bir yerdə olmaq o ittifaqın möhkəmliyinə xidmət etməz, əksinə, zəifləməsinə gətirib çıxarar. Çünki bu, təşkilatdaxili ziddiyyətlərin saxlanılması deməkdir. Bu ziddiyyət Milli Şuradakı münasibətlərlə bağlı yaranmayıb, əvvəldən mövcud olub.
- Yeri gəlmişkən, Milli Şuranın qurucularından olan “El’ Hərəkatının sədri Eldar Namazov qurumdan çıxaraq, qurultay keçirəcəyini, yeni qurum, partiya yaradacağını bəyan edib.

- Mən deyəndə, Eldar Namazov inciyir. Eldar Namazovun siyasi partiya quruculuğu, təşkilatçılıqla bağlı heç bir qabiliyyəti yoxdur və heç vaxt partiya yarada bilməz. Mən belə deyəndə, xətrinə dəyir, deyir ki, Sərdar Cəlaloğlu mənimlə düşmənçilik edir. Partiya yaratmaq, təşkilatçılıq işləri həyata keçirmək fərqli məsələdir. Eldar Namazov nə vaxt istefa verib? 10 il əvvəl. 10 ildir, Eldar Namazov ən müxtəlif dövrlərdə bu təşkilatı yaradır, filan işi görür… Ortalığa bir şey qoya bilməyib. Eldar Namazovun çox yaxşı ağlı, düşüncəsi var, müasir dövrün nəbzini tuta bilir. Amma bu o demək deyil ki, Eldar Namazov həm də yaxşı təşkilatçıdır. Eldar Namazovun təşkilatçılıq qabiliyyəti olmadığına görə təşkilat yarada bilməz.
- Bəs ADP-nin Ümid Partiyası ilə birgə yaratdığı Qarabağ Blokunun perspektivini necə görürsünüz? Blok yaratmısınız, ancaq prezident seçkilərinə hər partiya öz namizədi ilə qatıldı. Qarşıdan da bələdiyyə seçkiləri gəlir. Blokun taleyi necə olacaq?

- Bir çox məsələlər obyektiv səbəblərlə bağlıdır, subyektiv səbəblərlə bağlı deyil. İstər bizim iki nəfərlə prezident seçkilərində iştirakımız, istərsə də bələdiyyə və gələcəkdə parlament seçkilərində iştirakımız obyektiv səbəblərlə bağlıdır. Subyektiv olaraq Ümid Partiyası ilə ADP bir-birinə o qədər yaxınlaşıb ki, demək olar, biz bir partiya kimiyik. İqbal Ağazadə ilə mənim aramdakı münasibət də qardaş münasibətidir. Amma elə obyektiv səbəblər var ki, həmin obyektiv səbəblər bəzən gözləntiləri olduğu kimi doğrultmağa imkan vermir. Bu, ölkədəki demokratik şərait, seçkilərdə partiyaların qrup maraqlarının bir-biri ilə toqquşması və digər səbəblərdir. Bir blokda da olanda bəzən insanların maraqları üst-üstə düşməyə bilər. Bu, dünya təcrübəsində də belədir. Bu gün Rusiya hücum edərək Ukrayna torpaqlarını işğal edib, halbuki MDB-də, ATƏT-də, BMT-də bir yerdədirlər. Bir yerdə olmaq bir olmaq demək deyil. Bəzən elə obyektiv səbəblər meydana çıxır ki, mövqelərdə fərqliliklər yaranır.
- Yəni bələdiyyə seçkilərinə də bu iki partiya arı-ayrı qatıla bilər?

- Bələdiyyə seçkilərinə ayrı-ayrı qatılmayacağıq. Bələdiyyə seçkilərin birgə gedəcəyik, bu seçkilərə ayrı-ayrı qatılmağımızı şərtləndirən səbəb yoxdur.
banner

Oxşar Xəbərlər