Bu günümüzü sabaha çatdıracaq abidə - FOTOLAR
Ziyadxan Əliyev: "Heykəlin kürsüsüz olmasının özünəməxsus
səbəbi var. Böyük sərvət və hörmət sahibi olan Hacı Zeynalabdin Tağıyev
xalqına, Vətəninə, torpağına bağlı adam idi. Məhz buna görə də, onun heykəli
kürsüsüz qoyulub, xarakterini, şəxsiyyətini, səmimiyyətini nümayiş etdirib”.
Azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyev hərtərəfli
fəaliyyəti, xüsusən də xeyriyyəçilik əməlləri ilə xalqımızın tarixində və
yaddaşında böyük izlər qoyub. O, zamanının çətinliklərinə baxmayaraq, müsəlman
Şərqində ilk qızlar məktəbinin yaradıcısı olub. Bununla müsəlman qızların şəriət
məktəblərindən başqa, müasir məktəblərdə təhsil ala bilməsinə nail olub.
Təhsil müəssisələrinin himayəçisi
Xalqının gələcəyi, rifahı, maariflənməsi yolunda
böyük xidmətlər göstərib. Neft, toxuculuq, balıqçılıq, enerji sənayelərinə, nəqliyyat
sahəsinə böyük sərmayələr yatıraraq yeni iş yerlərinin açılmasına, insanların
sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına öz töhfəsini verib. Bakı şəhərinin
su təchizatının yaxşılaşdırılması üçün Xaçmaz rayonunun Şollar kəndindən
paytaxta qədər bulaq suyunun çəkilməsi də Hacı Zeynalabdin Tağıyevin adı ilə
bağlıdır. Məhz onun maliyyəsi, fədakarlığı sayəsində Bakı sakinlərinin o dövrdə
suya olan tələbatı ödənib, Şollar suyu paytaxta yeni həyat bəxş edib. Uğurlu
biznes fəaliyyətindən əldə etdiyi gəlirlər hesabına yeni məktəblər açıb, bir
çox təhsil müəssisələrinin himayəçisinə çevrilib, yüzdən artıq gəncin Rusiya,
Fransa, Türkiyə və Almaniyada yüksək təhsil almasına maddi yardım göstərib.
Xeyriyyə məqsədilə fəaliyyət göstərən cəmiyyətlər ya H.Z.Tağıyevin şəxsi
iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməyi ilə yaradılıb. Bu gün Bakıya
xüsusi gözəllik verən, paytaxtın memarlığını zənginləşdirən bir çox binalar da
məhz onun təşəbbüsü ilə inşa edilib. Bundan əlavə, onun vəsaiti hesabına
1885-ci ildə Bakının əsas mətbu orqanı olan "Kaspi” qəzetidərc olunub.
Vaxtilə milyonçu və xeyriyyəçi H.Z.Tağıyevin vəsaiti ilə nəşr olunan "Kaspi” qəzeti
müasir dövrdə də varlığını qoruyaraq öz ənənəsinə sadiq qalır, maarifçilik
missiyasını uğurla davam etdirir.
Maarifpərvər və ictimai xadim
Azərbaycan tarixində və xalqımızın yaddaşında
silinməz izlər qoyan H.Z.Tağıyevin xatirəsi hər zaman hörmətlə anılıb. 2019-cu
il martın 1-də Prezidentİlham Əliyevvə Birinci
vitse-prezidentMehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir
qrupu ilə görüş keçirərkən əməkdar artistBəhram Bağırzadə milyonçu və xeyriyyəçinin Bakıda heykəlinin
ucaldılması barədə təklif səsləndirib. Daha sonra Mədəniyyət Nazirliyi, Bakı Şəhər
İcra Hakimiyyəti və Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin heykəlinin
hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan edib. Tanınmışlarla
yanaşı, gənc rəssam-heykəltəraşlar və əcnəbi müəlliflərin də qatıldığı müsabiqəyə
26 əsər təqdim edilib. Onlar arasında heykəltəraş, Xalq rəssamı Xanlar Əhmədovun
işi qalib olub. 11 mart 2020-ci il tarixdə Prezident İlham Əliyev "Hacı
Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması haqqında” Sərəncam imzalayıb. Sərəncama
uyğun olaraq, Azərbaycan neft sənayesinin təşəkkülündə mühüm xidmətləri olmuş
böyük xeyriyyəçi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin
xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərinin mərkəzində onun abidəsi
ucaldılıb.
Xeyriyyəçilik ənənələrinin davamı
Bir neçə gün bundan öncə abidənin açılış mərasimində
iştirak edən Prezident İlham Əliyev əlamətdar hadisə münasibəti ilə xalqımızı təbrik
edib. Qeyd edib ki, H.Z.Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına,
ümumiyyətlə, Azərbaycanın inkişafına böyük töhfələr verib: "Çox zəngin adam
idi, amma hər kəs bilir ki, çox kasıb ailədə böyümüşdü və sərvətini öz zəhməti
hesabına qazanmışdır. Ancaq tarixdə o, zəngin adam kimi yox, məhz xeyriyyəçi
kimi qalmışdır. Əgər onun xeyriyyəçilik fəaliyyəti olmasaydı, yəqin ki, o, Azərbaycan
xalqının yaddaşında qalmazdı. Onun təşəbbüsü ilə Azərbaycanda bir çox önəmli
layihələr həyata keçirilmişdir. …Onun haqqında çox danışmaq olar. O, böyük şəxsiyyət
idi, xalqa bağlı olan, xalqı qəlbən sevən, xalqın gələcəyini düşünən bir insan
idi. Onu da bildirməliyəm ki, XIX əsrdə xeyriyyəçilik ənənələrini məhz
Zeynalabdin Tağıyev qoymuşdur. Bu ənənələr sovet dövründə, təbii ki, davam etmədi.
…Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən sonra sovet hakimiyyəti onu bütün
imkanlardan məhrum etmişdi, bütün əmlakları əlindən alınmışdı, tək bir bağ qalmışdı,
orada da o, ömrünün sonuna qədər yaşadı. O, uzun ömür yaşadı, dolğun ömür
yaşadı. Ancaq əfsuslar olsun ki, ömrünün sonunda bu cür ədalətsizliklə üz-üzə
qaldı və həyatdan çox narahat getdi. Bu gün isə müstəqil Azərbaycanda xeyriyyəçilik
ənənələri, onun qoyduğu xeyriyyəçilik ənənələri davam edir, geniş vüsət
almışdır. …Bu sahədə ən böyük xeyriyyəçi nəinki Azərbaycanda, Cənubi Qafqazda
Heydər Əliyev Fondudur”.
Keçmişimizə hörmət nümunəsi
Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri
doktoru, professor Ziyadxan Əliyev Bakı şəhərinin mərkəzində məşhur azərbaycanlı
milyonçu və xeyriyyəçi H.Z.Tağıyevin abidəsinin ucaldılmasını ölkəmizin mədəni-tarixi
həyatında əlamətdar hadisə kimi qiymətləndirib. Bildirib ki, Tağıyev yaşadığı
dövrdə göstərdiyi xeyriyyəçiliyə, maarifpərvərliyinə görə "millət atası” kimi
tanınıb. Onun sözlərinə görə, mesenat ən çətin günlərdə belə, xalqının yanında
olmağı bacarıb: "Hacı Zeynalabdin Tağıyevin Bakı şəhərində - İçərişəhərin
tarixi qala divarlarının yaxınlığında abidəsinin ucaldılması azərbaycanlı
milyonçunun həm şəxsiyyətinə, həm də keçmişimizə böyük hörmətdir. Bu, Tağıyevin
adının gələcək nəsillərə daşınmasıdır. Belə abidələrlə bu günümüzü sabaha
çatdırırıq. Heykəltəraş, Xalq rəssamı Xanlar Əhmədovun yaradıcılıq əsəri olan
abidə gözəl bir sənət nümunəsidir. Heykəlin kürsüsüz olmasının da özünəməxsus səbəbi
var. Böyük sərvət və hörmət sahibi olan Hacı Zeynalabdin Tağıyev xalqına, Vətəninə,
torpağına bağlı adam idi. Məhz buna görə də onun heykəli kürsüsüz qoyulub,
xarakterini, şəxsiyyətini, səmimiyyətini nümayiş etdirib. Bu heykəl keçmişimizə,
dünənimizə, milli-mənəvi dəyərlərimizə hörmətin nümunəsidir”.
Rufik İSMAYILOV