• cümə, 29 Mart, 03:19
  • Baku Bakı 7°C

Bölgədə sülhün bərqərar olması üçün ƏSAS ŞƏRT

24.03.23 12:00 1367
Bölgədə sülhün bərqərar olması üçün ƏSAS ŞƏRT

"Ermənistan rəhbərliyinin son günlərdə Azərbaycana qarşı artan təcavüzkar ritorikasını qətiyyətlə pisləyirik".

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

Ermənistan prezidenti Vahaqn Xaçaturyanın martın 23-də İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibəsində Azərbaycana qarşı səsləndirdiyi növbəti əsassız iddiaları şərh edən nazirlik sözçüsü bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi istiqamətində artan beynəlxalq səyləri heçə sayan bu kimi bəyanatlar bölgədə vəziyyətin qəsdən gərginləşdirilməsinə xidmət edir.

"Həm işğal dövründə, həm də 2020-ci il müharibəsindən sonrakı dövrdə təcrübə göstərib ki, Ermənistan tərəfi adətən hərbi təxribatlar törətməzdən əvvəl, məsuliyyəti Azərbaycan tərəfinin üzərinə atmaq məqsədilə bu kimi kütləvi dezinformasiya kampaniyası həyata keçirir. Azərbaycanlılara qarşı 30 il müddətində etnik təmizləmə və kütləvi qırğınlar törətmiş, ərazilərini 30 il müddətində işğal altında saxlamış, şəhər və kəndləri viran qoymuş Ermənistanın rəhbərliyinin Azərbaycanı etnik təmizləmədə və müharibə ritorikasında təqsirləndirməsi saxtakarlıq nümunəsidir. Bölgədə sülhün bərqərar olması üçün Ermənistan rəhbərliyi təcavüzkar ritorikadan əl çəkməli, Azərbaycanın ərazi bütövlüyünə qəsd və daxili işlərinə qarışmaq kimi təcavüzkar fəaliyyətlərə son qoymalıdır", - XİN rəsmisi vurğulayıb.

banner

Oxşar Xəbərlər