• şənbə, 20 Aprel, 15:25
  • Baku Bakı 23°C

Bölgə üçün itməyən əhəmiyyət

06.08.21 18:15 685
Bölgə üçün itməyən əhəmiyyət
Politoloqun fikrincə, Gürcüstan elə bir açar ölkədir ki, həm Türkiyənin Qərblə münasibətlərində mühüm rol oynayır, həm də İngiltərə-Çin ittifaqında yer alır
"Zəngəzur dəhlizi” aktuallaşandan sonra bəzi ekspertlər Gürcüstanın region üçün əhəmiyyətinin azaldığını iddia edirdilər. Lakin bu günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstan hökumətinin başçısı İrakli Qaribaşvili ilə telefon söhbəti zamanı Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli mexanizmini liderlər səviyyəsində canlandırmaq istəyində olduğunu qeyd edib. O, xüsusilə, regional nəqliyyat və elektrik xətlərinin səmərəliliyi və təhlükəsizliyinin təmin edilməsi baxımından birgə tədbirlərin əhəmiyyətini vurğulayaraq, nazirlər, deputatlar tərəfindən uğurla həyata keçirilən Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli mexanizmlərinin olduğunu diqqətə çatdırıb. Türkiyə ilə Gürcüstan arasında strateji tərəfdaşlığın daha da önəmli olduğunu ifadə edən Ərdoğan, Gürcüstanı regional əməkdaşlığın açarı olaraq gördüyünü bildirib. Əslində, Türkiyə prezidenti bu fikri ilə Gürcüstanın region üçün əhəmiyyətinin azalmadığına işarə edib, yoxsa... Ümumiyyətlə, Gürcüstan, Türkiyə və Azərbaycanın birgə fəaliyyəti bölgə üçün hansı əhəmiyyət kəsb edir?

"İşğalçılıq siyasəti imkan vermədi ki...”

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Nəzakət Məmmədova bildirdi ki, geosiyasi baxımdan Gürcüstan Azərbaycanın Qərbə açılan qapısı olub: "Əlbəttə ki, Azərbaycan Ermənistan üzərindən də layihələrini həyata keçirə bilərdi. Lakin Ermənistanın işğalçılıq siyasəti buna imkan vermir. Buna görə də, Azərbaycan Gürcüstan üzərindən layihələrini həyata keçirdi və Türkiyə ilə əlaqələrini genişləndirdi. Bu gün hələ də Ermənistanla sülh müqaviləsi imzalanmayıb. Belə bir şəraitdə Gürcüstanın əhəmiyyəti yenə də qalır”.

Gürcüstanın Qərb üçün əhəmiyyəti

Politoloq başqa amillərin olduğunu da vurğulayıb: "Bilirik ki, yaxın zamanlarda Avropa İttifaqının rəhbərliyi Azərbaycana, bütövlükdə bölgəyə səfər etdi. Bu səfərdən sonra Gürcüstan, Moldova və Ukrayna Avropa İttifaqı ilə daha da yaxınlaşmaq üçün sənəd imzaladılar. Həmin sənəddən sonra Gürcüstanın əhəmiyyəti daha da artır. Onu qeyd edim ki, Gürcüstan həm Avropa İttifaqı, həm ABŞ-la yaxındır, həm də NATO-ya üzv olmaq istəyir. Yəni hazırda Gürcüstan Qafqazda Qərblə yaxınlaşmaq istəyini ortaya qoymuş bir ölkədir. Təbii ki, Ermənistan buna çalışır, amma Rusiya imkan vermir. Azərbaycan isə bəlli olduğu kimi, balanslı siyasət yürüdür. İndiki halda Gürcüstanın Qərb üçün əhəmiyyəti çox böyükdür. Türkiyə və Prezident Ərdoğan da heç də Rusiya ilə yaxınlaşmaq, Qərbdən uzaqlaşmaq siyasəti yürütmür. Türkiyə NATO-dakı yerini qoruyub saxlayır. Əbəs deyil ki, Əfqanıstandan çıxan ABŞ qüvvələri bir sıra strateji məntəqələri Türkiyə hərbiçilərinə həvalə etmək istəyir. Bu isə ABŞ-la, o cümlədən NATO ilə Türkiyənin yaxınlığının göstəricisidir”.

Azərbaycan olmasa, alınmaz

N.Məmmədovanın sözlərinə görə, Türkiyə və Qərbin yaxınlığı ilə bağlı çoxlu nümunələr gətirə bilərik: "Onu qeyd edim ki, Türkiyə, sadəcə anqlo-sakson ittifaqında Amerika ilə yaxınlığını İngiltərə ilə əvəz elədi və İngiltərə-Çin ittifaqında yer tutdu, Azərbaycanı da ora daxil etdi. Bütün bunlar onu deməyə əsas verir ki, Ərdoğan heç də Qərbdən uzaqlaşmayıb. Hesab edirəm ki, Türkiyənin Gürcüstanla yaxınlaşmasını məhz Qərb istəyir. Eyni zamanda Türkiyənin daxil olduğu "Böyük İpək Yolu” kimi meqa layihələr var ki, burada da Gürcüstan rol oynayır. Yəni Gürcüstan elə bir açar ölkədir ki, həm Türkiyənin Qərblə, ABŞ, Avropa İttifaqı ilə münasibətlərində mühüm rol oynayır, həm də İngiltərə ilə Çin ittifaqında yer alır. Azərbaycan olmadan Türkiyə bölgədəki siyasətini həyata keçirə bilməz. Amma burada Gürcüstanın da rolu az deyil. Yəni Gürcüstan olmadan Türkiyə və Azərbaycan necə bir-birinə bağlana bilərlər? Bölgədə Gürcüstan çox əhəmiyyətli rol oynayır və bunu Ərdoğan da yaxşı bilir. Ona görə də, Ərdoğan Gürcüstana xüsusi diqqət ayıraraq, bu ölkənin əhəmiyyətini bir daha dilə gətirib”.

Fransanın məqsədi nədir?

Politoloq qeyd edib ki, hazırda Gürcüstan siyasətində üç böyük qüvvə iştirak edir - Rusiya, ABŞ və Avropa Birliyi: "Avropa Birliyinin əsas təmsilçisi rolunda isə Fransadır. Belə bir şəraitdə Türkiyə burada həm də müstəqil söz sahibi olmağa çalışır. Xüsusilə, Fransanın son illərdə Gürcüstanda öz təsirini artırması Türkiyəni qane etmir. Cavaxetiyadakı separatizmi alovlandırmaqla "Böyük Ermənistan” yaradıb ermənilərin Qara dənizə çıxışını təmin etmək istəyən ölkə məhz Fransadır. Təsəvvür edin ki, bu baş verərsə, Türkiyənin bölgədəki geosiyasi maraqlarına nə qədər zərbə vurula bilər. Ona görə də, Türkiyə hər vəchlə Gürcüstan üzərində təsirini artırmağa çalışır. Gürcüstan hər zaman Azərbaycan və Türkiyənin regional və beynəlxalq siyasətində önəmli ölkə olub, bundan sonra da olacaq. Üstəlik, Avrasiya İqtisadi Birliyinin 12 azad ticarət zonalarından 6-sı İran-Ermənistan sərhədində, Mehridədir. Ermənistan Gürcüstanı da bura təşviq etmək istəyir. Belə olan halda, gördüyümüz kimi, Gürcüstanın nəinki Türkiyə, bütün bölgə üçün əhəmiyyəti daha da artır”.

"Gürcüstanın özündə də destruktiv qüvvələr var”

N.Məmmədova qeyd etdi ki, burada təkcə Türkiyə-Azərbaycan-Gürcüstan ittifaqından söhbət getmir: "Hər üç ölkənin yer aldığı böyük layihələr var. Bu, Çindən İngiltərəyə qədər planetin 65 faiz əhalisinin yaşadığı coğrafiyanı əhatə edən "Böyük İpək Yolu” və digər layihələrdir. Həm Azərbaycan, həm də Gürcüstan bu layihələrdə açar rolu oynayır. Təbii ki, Gürcüstanın özündə də destruktiv qüvvələr var. Amma onlar da yaxşı başa düşür ki, Gürcüstan bu məsələlərdə iştirak etməlidir. Çünki ölkə çox kasıbdır, resursları zəngin deyil. Bu ölkə ancaq tranzitdən qazanc əldə edə bilər”.

Bəxtiyar Məmmədli


banner

Oxşar Xəbərlər