“Birlik, həmrəylik və məsuliyyət hissi ilə bu virusa qalib gələcəyik”
04.08.20 20:35
2902
Azərbaycan pandemiya ilə uğurla
mübarizə apara bilən ölkələr siyahısındadır
Ölkəmizdə, bütün dünyada olduğu
kimi, pandemiya ilə mübarizə davam edir. Ölkə vətəndaşlarının səbir və təmkinli
davranışı, karantin qaydalarına riayət etmələri, fərdi məsuliyyət və dövlət
tərəfindən görülən irimiqyaslı tədbirlərin nəticəsində artıq müsbət dinamikanı
görürük. Belə ki, son vaxtlar virusa yoluxan insanların sayı gündən-günə
azalmaqda, sağalan insanların sayı isə sürətlə artmaqdadır. Elə bu səbəbdən də
karantində yumşalma xarakterli addımlar atılır.
"İnsanlar
yeni reallıqla yaşamağı öyrənsələr...”
Hacəttəpə
Universitet xəstəxanasında çalışan azərbaycanlı həkim Turanə Rəsulova deyir ki,
insanlar yeni reallıqla yaşamağı öyrənsələr, müsbət nəticələr əldə olunacaq:
"Bu virusa yoluxmanın qarşısının alınmasında sosial məsafə həddindən artıq
önəmli faktordur. Hər şeyi dövlətin qadağasına bağlamaq olmaz. Öz üzərimizə
düşən məsuliyyəti başa düşməliyik ki, bu mübarizədən qalib çıxa bilək. Qarşıdan
payız fəsli gəlir, bizi naməlum qış gözləyir. Bu payız COVİD-19-un ikinci
dalğasının olma ehtimalı var. Bunun üçün güclü olmalı, özümüzü qorumalıyıq.
Açıq havada yalnız insanların toplu şəkildə olmadığı yerlərdə sosial məsafə
gözləyərək vaxt keçirməliyik”.
Həkimin sözlərinə görə, ciddi
karantin rejiminin tətbiqi ilə səhiyyənin çökməsi mərhələsinin qarşısı alındı:
"Həmçinin insan sosial varlıqdır. Bu həm sosial, həm iqtisadi, həm də psixoloji
problemlərə yol aça bilər. Odur ki, şərtlər bir az yumşaldılaraq, nəzarət
olunur. Yəni virusun yayılmasında artım müşahidə olunmasa, növbəti mərhələyə
keçid olunacaq. Əksi baş verərsə, yenidən sərtləşdiriləcək. İkinci, üçüncü
dalğa gələ bilər. Hər nə olursa-olsun, insanlar sağlamlıqlarına biganə yanaşmamalıdırlar.
Az da olsa simptomları hiss edirlərsə, mütləq şəkildə həkimə müraciət
etməlidirlər. Virusun dünyanı cənginə almağındansa, uğurlu təcrübi nümunələrdən
istifadə edib, vəziyyəti ələ almaq daha məqsədəuyğundur. Önəmli olan,
deyilənlərə qulaq asmaq, dövlətin tapşırıqlarına əməl etməkdir. Əslində biz
milli həmrəylik dövrünü yaşayırıq. Dövlətin gördüyü bütün tədbirlər
sağlamlığımız naminədir”.
Birlik,
həmrəylik və məsuliyyət
Millət
vəkili Elman Nəsirov deyir ki, birlik, həmrəylik və məsuliyyət hissi
ilə bu mübarizədən qalib çıxa bilərik: "Koronavirusla mübarizə bütün dünyada
aparılmaqdadır. Lakin pandemiyaya hələ də qalib gəlmək mümkün olmayıb.
Ayrı-ayrı ölkələr bu bəlaya qarşı müharibədə müəyyən "döyüşlər”də qalib
gəliblər. Azərbaycan da həmin dövlətlər siyahısındadır. Biz bir "döyüş”ü
udmuşuq. Amma müharibə davam etməkdədir. Döyüşü udmağımızın da əsas səbəbi ölkə
rəhbərliyinin çevik, operativ, qabaqlayıcı addımları ilə bağlıdır. Pandemiya
ilə mübarizədə sərtləşdirmə və yumşaldılma prosesləri bir-birini əvəzləyir. Hər
şey vəziyyətdən asılıdır. Sağalma faizi yoluxmanı bir neçə dəfə üstələdiyi
təqdirdə, bilirsiniz ki, yumşalma prosesinə start verilir, əksi olduqda isə,
sərt karantin rejimi yenidən tətbiq edilir. Hesab edirəm ki, Azərbaycan
prezidenti İlham Əliyevin həm milli, həm regional, həm də beynəlxalq səviyyədə
atdığı addımlar sayəsində Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizə
aparan dövlətlər sırasında daha yaxşı nəticələr əldə edib. Burada ən mühüm
məsələlərdən biri ilk növbədə birlik, həmrəylik və məsuliyyət hissi ilə
bağlıdır. Ara-sıra Azərbaycanda yoluxma faizinin artması, hesab edirəm ki, ilk
növbədə müəyyən insanların məsuliyyətsiz davranışı ilə bağlı olur”.
"Əldə
etdiyimiz nəticəni qoruyub saxlamalıyıq”
Deputatın sözlərinə görə,
nəticələrimiz ürəkaçan olsa da, arxayın olmamalıyıq: "Hələ də xəstəliyə
inanmayan insanlar var. Bu davranış çox anlaşılmazdır və qətiyyətlə
pislənilməlidir. Çünki həmin insan yaxşı immunitetə malik ola və xəstəliyi
simptomsuz keçirə bilər. Amma o, yaşlı ata-anasını, qohumunu, qonşusunu və
cəmiyyətin ayrı-ayrı üzvlərini xəstələndirə bilər ki, bu da çox təhlükəlidir.
Ona görə də ilk növbədə məsuliyyət hissi olmalıdır. Burada 3 prinsip əsas yer
tutur: maskalardan istifadə, sosial məsafənin saxlanması və gigiyenik qaydalara
əməl edilməsi. Sevindirici haldır ki, Azərbaycanda yoluxma faizi kəskin şəkildə
düşməyə başlayıb. Bu virusa yalnız dövlətin apardığı siyasətlə qalib gəlmək
mümkün deyil. Burada, hesab edirəm ki, birlik, həmrəylik və məsuliyyət olmalıdır.
Şükürlər olsun ki, bu istiqamətdə nəticələrimiz ürəkaçandır. Amma bütövlükdə bu,
arxayınçılığa əsas verməməlidir. Çünki bəzi ölkələrdə ikinci, hətta üçüncü
dalğanın başlaması haqqında məlumatlar var. Heç bir halda arxayınlaşmaq olmaz.
İndi əldə etdiyimiz nəticəni qoruyub saxlamalıyıq və məsuliyyətli olmalıyıq”.
"Böyük
dövlətlər bu xəstəliyin qarşısında aciz qalıblar”
Əməkdar
artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Azad
Şükürovdeyir ki, belə dövrdə hər kəsi razı salmaq o qədər də asan iş deyil:
"Koronavirusla mübarizədə dövlətin atdığı addımları dəstəkləyirəm. Yeni tibb
müəssisələrinin yaranması, modul tipli xəstəxanaların təşkili, digər tədbirləri
yüksək qiymətləndirirəm. Buna baxmayaraq, bəzi adamlar bu tədbirlərə bir qədər
aqressiv yanaşır, karantin qaydalarına riayət etmək istəmir. Amma məsələ tez
həll olunacaq qədər bəsit deyil. Kifayət qədər böyük dövlətlər bu xəstəliyin
qarşısında aciz qalıblar. Bunu yoluna qoymaq, hamını razı salmaq elə də asan
proses deyil. Mən pandemiya ilə mübarizədə dövlətin apardığı siyasəti
dəstəkləyirəm. Öz şəxsi həyatımda, ailəmlə davranışlarımda Operativ Qərargahın
tapşırıqlarına ağılla, təmkinlə, səbirlə riayət edirəm. Düzdür, sənət adamı
olaraq mənə çox çətindir. Daim tədbirlərdə olan, ölkənin müxtəlif bölgələrinə
tez-tez səfər edib, tədbirlərdə çıxış edən, dərsdə tələbələrlə ünsiyyətdə olan
bir adam üçün 6 ay evdə oturmaq asan deyil, kifayət qədər çətindir. Amma nə
etmək olar ki... Bu, böyük bir bəladır və təkcə bizdə deyil, bütün dünyada var.
Biz də bununla mübarizə aparmağa məcburuq”.
Həmsöhbətimiz deyir ki, insanlar
bu virusa dırnaqarası baxsa da, sonradan anladılar ki, həyata keçirilən bütün
tədbirlər əhalinin sağlamlığı üçündür: "Sevindirici haldır ki, artıq maskasız
adamlara hamı irad tutur, tələb edir ki, mağazaya maskasız girmək olmaz. Bu
mənada insanlarda da düzgün yanaşma formalaşır. Mənim ümidim böyükdür.
Düşünürəm ki, biz bu bəla ilə mübarizədən qalib çıxacağıq. Sadəcə olaraq, bu
yumşalma dövründə gərək əhalimiz diqqətli olsun. Yumşalma tədbirləri o demək
deyil ki, virus bitib. Biz bundan sonra da "başımızın ağrımaması” üçün mübarizə
aparmalıyıq. Diqqətli, səliqəli olmalı, gigiyenik qaydalara əməl etməliyik ki,
bu virusa qalib gələ bilək. Demokratik cəmiyyətin ən vacib şərtlərindən biri
odur ki, hər kəs öz üzərinə düşən məsuliyyəti dərk etsin. Bir insan kimi hər
kəs öz ailəsinə, qonşularına, cəmiyyətə münasibətdə öz məsuliyyətini hiss
etməlidir. Bu çox vacib şərtdir”.
Amerikada
işləyən həkim, professor Nərgiz Muğanlinskaya isə deyir ki, biz bu mərhələni
səbirlə, təmkinlə atlada bilsək, virus mutasiyaya uğrayıb insan üçün təhlükəsiz
bir virusa çevriləcək: "Başa düşüləndir ki, karantin şəraitində yaşamağa məcbur
olan insanlar stress və depressiyaya məruz qalırlar. Lakin burada mütləq
anlamaq lazımdır ki, karantinin əsas məqsədlərindən biri də birdən-birə çox
adamın xəstələnməsinə mane olmaqla, resursların çatışmazlığının qarşısının
alınmasıdır. Çalışın ki, özünüzü qoruyun, sağlam qalın. Xəstələnmək
qismətinizdirsə, mümkün qədər gec xəstələnin, çünki gələcəkdə bu xəstəlik üçün
də müalicə çətin olmayacaq. Ona görə də səbir etmək lazımdır”.