Bir təsadüflə dünyanı gəzən roman
Müasir dünya ədəbiyyatının klassiklərindən
olan, əsərləri bir çox dillərə tərcümə edilmiş, nüfuzlu ədəbi mükafatlar sahibi
alban yazıçısı İsmayıl Kadare bəlkə də çox az oxucunun tanıdığı bir müəllif ola
bilərdi. Ta özünün də ağlına gəlmədiyi bir təsadüf sayəsində əsərləri Fransaya
çıxana qədər... Kadarenin "kader”i bir
başqa ədibin sıxıntılardan can qurtarmaq üçün göstərdiyi çaba ilə dəyişərək
dünyaca məşhur olub. Belə ki, II Dünya Müharibəsindən sonra Fransada yaşayan mühacir
Yusuf Vrioni öz ölkəsinin tərəqqisi üçün bəzi cəhdlər göstərir. Amma onun bu
səyləri kommunist rejimli hakimiyyətin xoşuna gəlmir. Nəticə etibarilə Vrioni
tezliklə özünü sinfi düşmən kimi həbsxanada görür. Həyatının bu qəfil
dəyişikliyindən dəli olmaq həddinə gəlmiş Vrioni həbsxanada ikən əlinə necəsə
Kadarenin kitabı düşür və onun fransız dilinə çevirməyə başlayır. İşin maraqlı
tərəfi də odur ki, Vrioninin əvvəlcə ağır işlər gördürülən hücrəyə salmaq
istəyiblər ki, əgər o, burada səhərdən-axşama qədər fiziki zəhmət tələb edən
işlərlə məşğul olsaydı, bəlkə də Kadareni öz ölkəsində bir qrup oxucudan başqa
tanıyan olmayacaqdı. Çünki heç öz ölkəsində də şeirlərindən başqa kitabına izn
verilməyən Kadarenin ədəbi yaradıcılığı tükdən asılı vəziyyətdə idi. Onun
tərcümə etdiyi "Ölü ordunun generalı” isə əlyazmadan çevrilərək dostları
tərəfindən gizli şəkildə Fransaya aparılıb. Fransada böyük şöhrət tapan əsər
tezliklə İtaliyaya da ayaq açdı. Burada isə özünün ekran versiyasında hətta
ədəbiyyatdan uzaq insanların da qəlbinə tanınmış italyan aktyor Marçello
Mastroyaninin sayəsində yol tapdı. Və beləliklə İsmayıl Kadare diktator Ənvər
Xocadan sonra dünyada tanınan ikinci alban oldu. Yeri gəlmişkən, hər ikisi eyni
şəhərdən – Qirokastrodandır. Yazıçı əvvəlcə bütün əsərlərini qeyri-leqal
şəkildə Fransaya ötürüb, ardınca da özü bu ölkəyə mühacirət edib.
Şəfiqə ŞƏFA
XX əsrin yüz ən yaxşı əsərləri sırasına
düşmüş "Ölü ordunun generalı” bəşəriyyətin bütün dönəmlərdə müharibədən çəkdiyi
acıların bir daha fərqinə varmaq, doğma yurdun müqəddəsliyini, torpağa sədaqət,
fədakarlıq, qəhrəmanlıq, cəsarət kimi hisslərin bir daha qabardılması mahiyyəti
daşıyır. Əsər müharibədə ölmüş italyan əsgərlərinin sümüklərini iyirmi il sonra
öz vətəninə aparmaq sırasında baş verən hadisələr çevrəsində cərəyan edir.
Sadəcə sümüklərdən ibarət olan bu "ölü ordu” illərdir vətənə qayıtmağın
həsrətindədir. Eyni zamanda bir işğal nəticəsində alban xalqının çəkdiyi
iztirablar da diqqətdən kənarda qalmır.
Təbii ki tarixi hadisələrdən bəhs edən hər
hansı bir əsəri oxumaq üçün ilk növbədə həmin epoxa ilə bağlı məlumatlanmaq
işin yarısını görmək qədər asanlaşır. Üstəlik mövzu Albaniya qədər dünyaya az
tanınmış, Avropanın inkişafda ləngiyən ölkəsi haqqındadırsa, bu məlumatları
gecikmədən əldə etmək oxucunun işinə yarayacaq. İyirmi il öncə iki düşmən
ölkənin – xüsusilə qalib və məğlub ölkənin nümayəndələrinin bir arada olması
hadisələri ədəbi cəhətdən daha cazib və maraqlı edir. Amma mövcud tarixi
faktlar oxucunu tərəddüd içində qoyur və tezliklə tərəfini seçməyə vadar edir.
Burda əlbəttə ki, əsərin müəllifinin bələdçiliyi ilə yola çıxmaq daha məntiqli
görünsə də, tezliklə müəllifin özünün də bir tərəfdə qaldığı aydın sezilir.
Bəlkə də bu üzdən ağır kommunust rejimində həm alban, həm də sovet hökuməti
əsəri çap edib-etməməklə bağlı tərəddüd yaşayırdı?!
Kadare romanda öz xalqını ideallaşdırmaq
niyyəti güdmür. Əksinə, onu bütün çatışmazlıqları ilə oxucuya tanıdır. Onun
özündən bir dəfə bununla bağlı soruşanda belə cavab verib: "Mən yazarkən
düşünmürəm ki, yazdıqlarım Albaniyanı bəzəyəcək ya yox. Mən yazıçıyam və
niyyətim olanları göstərməkdir, olmayanları sırımaq yox. Mənim ölkəmdən bir
dəfə nümunəvi kommunist düzəltmək istədilər, nəticəsi göz önündədir. İndi də
bəziləri Albaniyadan nümunəvi İslam ölkəsi yaratmaq istəyirlər ki, tərkibində
çoxsaylı xristianların da olduğu bir ölkədə bunun da nəylə nəticələnəciyini
təsəvvür etmək çətin deyil. Mənim tək istəyim Albaniyanın nümunəvi ölkə yox,
dünyaya ayaq uyduran, müasir ölkə olmasıdır”.
Bu ideallıqdan uzaqlığı əsərdə albanlar
haqqında belə bir cümlə ilə göstərir: "Albanların əksəriyyəti vəhşi,
sivilizasiyaya uzaq dağ adamlarıdır. Onları yola gətirmək çətindir”. Güman ki,
bu cümlədən sonra albanları sadə, Avropanın bir küncündə yaşayan sakit xalq
kimi təsvir edən oxucu artıq bu millətlə bağlı fikirlərini "silkələyir”. Amma
maraqlıdır ki, bu sözü alban torpaqlarını işğal etmiş bir ölkənin generalı
deyir, daha doğrusu, müəllif generalı belə bir etirafa vadar edir. Bütün
münaqişəli xalqlardakı kimi burda da "özümüzkü” və "düşmən” tərəf var. İ.
Kadare ortada durmağa çox cəhd edir. Bəzən doğma dağların küləyi, bəzən isə
Qərbi Avropadan əsən küləklər qızıl orta mövqeyini qorumağa mane olur. Çünki
müəllif müharibə və onun fəsadlarına hər iki tərəfin gözü ilə baxmalı və onu
oxucularına göstərməlidir. Qərb tərəfdən baxanda Albaniya nə qədər Avropaya bir
"yamaq” kimi görünən, uzaq dağ xalqıdırsa, öz doğma gözləri xalqının daha azad,
sivil, dünyaya qaynayıb-qarışmış görmək arzusundadır. Yaralı xalqdır, müharibə
yaraları məğlublar üçün çətin sağalır. Odur ki, bu yaranı vuran ölkənini
generalını xalq nifrətlə qarşılayır. Əsərdə maraqlı bir hissə var: camaat nə
qədər qəzəbli olsa da sadə insanların qonaqpərvərliyi, qonağı məmnun salma
istəyi ilə general və keşişi toya dəvət edir, yuxarıbaşa oturdurlar.
Ümumiyyətlə qonaqpərvərliyin öz qanunları var, xüsusən də sadə, şəhər
qarmaqarışıqlığından uzaq, sadə insanlarda. Belə insanlar qapısına gəlmiş ən
qatı düşmənə də yer verər. Doyurub, hal-əhval tutub dərdinə həyan olmadan,
yardımını təklif etmədən, razı salmadan yollamaz. Bu xalqın bir tərəfdən
keçmişi unudub yeni həyata, dostluğa uzanan əlidir. Digər tərəfdən isə keçmiş
öz qanlı xatirəsi ilə izlərini buraxmır. Qoca Nisa qarı generalın qarşısını
keçib iyirmi ildir ürəyində saxladığı, qəlbində yük kimi yığılmış ağrını dilə
gətirir. Toyda xoşagəlməzlik olmaması üçün qarını uzaqlaşdırırlar. Amma o,
yenidən toya girərək bütün nifrətini qusur. Qadının qızı zabit tərəfindən
zorlanıb, sonra gənc qız buna dözməyərək intihar edib, əri torpağını qoruyarkən
öldürülüb. Və qarı nifrət qarışıq fəxarətlə qızını zorlayan İtalyan zabitinin meyitinin qalıqlarını
generalın qarşısına atır. İllərdir öldürüb həyətindən basdırdığı bu yükdən azad
olur. Toy adamlarının dəhşətdən bir-birinə qarışmış hay-küyü kəsildikdən sonra
general qarının gətirdiyi sümük torbasını bir "hədiyyə” kimi qəbul edir. Axı
onun da bu torpaqlara gəlişinin məqsədi bu idi! "General heç bir söz demədən
əyilib titrək əllərilə torbanı götürdü. Kürəyinə atıb məclisdən çıxdı. Axı nə
deyəydi? Nə cavab verəydi? Yağışın altında yavaş-yavaş irəliləyərkən onun bir
çiyni əyilmişdi. Onun çiyninə quru sümüklər deyil, doğma ordusunun bu
torpaqlardakı ayıbı ağırlıq edirdi. Keşiş də başını aşağı salıb onun dalınca
çıxdı. Onların arxasından bir qadın naləsi bütün məclisi başına aldı”.
Bu sətirlərdə qaysaqlansa da, bir himə
qanamağa hazır yaranın hələ də sağalmadığını göstərir. Yazıçı odla su
arasındadır. O bir ədəbiyyat adamı olaraq sülh, dostluq, dinclik istəyir. Amma
nə qədər qopsa da, "vəhşi xalq”dan ayrılıb fransız mədəniyyətinə, italyan
kübarlığına qoşulsa da əli qabarlı, ürəyi yaralı xalqının ağrısını unutmağı da
özünə ar bilir. Hər halda yazıçı Fransada yaşasa da, fransız, rus, ingilis
dillərində sərbəst danışsa da əsərlərini ancaq albanca yazır.
Keçmişə yenidən nəzər salmaqla sanki yazıçı
da özünü, düşüncələrini, kimliyini "təzə”ləyir, oyaq saxlayır. Buna nə dərəcədə
müvəffəq olur, hər halda o, artıq seçimini edib. Sadəcə millətinin oğlu kimi
dünyanın sivil mərkəzində üzərinə düşən öhdəliyi təkbaşına yerinə yetirir. Bu
yolda kübar dünyanın da çaldığına oynamalı olur ki, "Allahın unutduğu ölkə”sinə
Buker kimi mükafat gətirsin, "Nobel”ə ümidlərini artırsın. Şəfiqə ŞƏFA