Bir gəncin müsibəti

İtaliyada
laqeydliklə, ABŞ-da tərəddüdlə, keçmiş SSRİ-də böyük rəğbətlə qarşılanan "Ovod”
romanı bir əsrdən artıqdır ki, dolaşdığı ölkələrdə hələ də fikirləri
haçalamaqdadır. Ən sərrast tənqidçilər, ən dəqiq oxucular ortaq nöqtəyə gələ
bilmirlər: roman azadlıq, əqidə uğuruna qəhrəmanlıqdan bəhs edir, yoxsa sırf
antixristianlığın təbliğidir?!
Bəlkə də, "Ovod”un məhz sosialist ölkələrində
populyarlıq qazanması digər ölkə oxucularında belə bir təəssürat yaratmışdı.
Təsadüfi deyil ki, əsasən Polşa, Rumıniya, o vaxtkı Çexoslavakiya, Kuba, Çin Xalq
Respublikasında böyük maraq görmüşdü. "Ovod” SSRİ-nin bütün respublikalarının,
hətta muxtariyyətlərinin dilinə, ümumilikdə 24 dilə çevrilmiş, 9 milyondan
artıq tirajla buraxılmışdı. Hər halda "Qırmızı inqilab”ın lideri Leninin
stolüstü kitabı idi. İlk dəfə 1898-ci ildə Rusiyada çap olunan "Ovod” proletar
hərəkatının ən böyük dəstəkçilərindən olmuşdu. İnqilaba hazırlıq ərəfəsində
fəallar tərəfindən tövsiyə edilən bu kitab amal uğuruna usanmadan mübarizə
aparmaq, ateizmi təbliğ etmək istiqamətində xüsusən gənclərə örnək oldu. Elə
rus inqilabçıları, Avropadakı mühacirləri ilə yaxın əməkdaşlıq edən müəllif
Etel Lilian Voyniçin özünün də məqsədi bu idi. Missiya uğurla yerinə
yetirilmişdi, onsuz da Voyniç həmin dövrdə qatı kilsə nəzarətində olan köhnə
avropalılardan ümidini üzmüşdü. İngilis dilində yazılmış bu əsər heç bir
ingilisin kitab rəfinə yol tapa bilmədi, çünki Britaniya romanın çapına icazə
vermişdi. Bəlkə də dünyada sırf tərcümə olunduğu dillər sayəsində şöhrət tapan
nadir əsərlərdəndir. Voyniçi qane etməyən tək şey – romanın məhz gənclərə
tövsiyə olunması idi. Dəfələrlə romanın yetkin insanlar üçün yazıldığını
vurğulasa da, gənclərlə kifayətlənməli olurdu, axı gənc qəhrəman seçməklə
istiqaməti özü vermişdi.
Qərb şərhçiləri elə məhz bu səbəbdən Etel Lilian
Voyniçin məqsədinin qəhrəmanlıq salnaməsi yaratmaq olmadığını iddia edirlər.
Onların fikrincə, "Ovod” sırf antixristianlıq, hətta bu dinə qarşı fobiya,
ikrah yaratmaq məqsədi daşıyır. Əlbəttə, proletar hərəkatının hədəflərindən
biri də ateizmi yaymaq olsa da, müəllifin romanın qəhrəmanı timsalında özünün
Tanrıya olan nifrətinin qabardılması bəzi tənqidçilərdə narazılıq yaradırdı.
Məsələ burasındadır ki, roman İtaliyada XIX əsrdə baş vermiş inqilabi
hərəkatdan bəhs etsə də, həmin dövrün inqilabi abu-havasını, şəraitini, xalqın
etirazını, silahlı qalxınmanı, tarixi motivlərini qətiyyən əks etdirmir:
inqilab burada yalnız fon xarakteri daşıyır. Buna görə də bu günün ədibləri və
oxucuları əsəri tarixi roman kimi qiymətləndirmirlər. Voyniç bütün diqqətini
baş qəhrəmanın möhkəm xarakterinin, əzablarının, cəsarətinin təsvirinə
yönəldib.

Romanda
hadisələr 1830-cu illərdə cərəyan edir. Baş qəhrəman – gənc ingilis Artur
Berton anasının ölümündən sonra himayədarı olan keşiş Montanellinin məsləhəti
ilə İtaliyaya gəlir. Burada Artur sevgilisi Cemma ilə inqilabi hərəkata
qoşulur. Hərəkatın aktiv üzvlərindən olan Artur digərlərindən hətta jandarma
qarşısında, həbs təhlükəsində belə yenilməməsi, özünə aman diləməməsi ilə
fərqlənir. Bəs 19 yaşlı gəncdə inqilaba can atma, kilsəyə və onun xadimlərinə
nifrət hardan yarandı? Axı onun himayədarı, anasından sonra tək əziz adamı olan
Montanelli kilsə nümayəndəsi, mömin adam idi?! Gəncin sadə Arturdan qəddar
Ovoda dönməsi, Tanrıdan üz çevirməsi də elə məhz yaxınlarının ona vurduğu zərbə
sayəsində yaranır. Anasının atasına keşişlə xəyanət etməsi, illərlə atası
bildiyi adamın yad biri olması, bir sözlə bu mübariz gəncin qəlbində şəxsi
faciələrinin açdığı yaralar, doğmalarının yalanı və əlini yarıyolda
buraxan sevgisi onun həyata, inama olan
baxışlarını tamamilə dəyişir. İllərdir atası bildiyi insana anasının katolik
keşişi ilə xəyanəti, Allaha bəkarəti ilə sadiq qalacağına and içmiş bir kilsə
xadiminin bu səhvi ona qarşı ikrah yaradır. Özünə həmdəm bildiyi insanların
üzdə Tanrıya bağlılığını, əslində isə şeytani əməllərinin kökünü gənc oğlan
insanların özündə deyil, məhz dində axtarır. Onun fikrincə, dini xof, cəhalətə
bürünmüş cəmiyyət qınağından qorxu insanlarda belə ikiüzlülük yaradır. Bu
qənaət qəlbindəki nifrətə qarışaraq Arturu kilsənin və onun havadarlarının
qəniminə çevirir. Halbuki gənc tələbə hərəkata qoşularkən özünə vətən hesab
etdiyi İtaliyanın Avstriya qəsbkarlarından xilası üçün mübarizə aparırdı. Hətta
"Gənc İtaliya” hərəkatının devizi olan "Tanrı və xalq eşqinə” devizini dilində
əzbər edərək atdığı hər addımda tanrının ona və silahdaşlarına yar olacağını
düşünürdü. Axı İsa Məsih də amal və bəşəriyyətin xilası uğrunda canından
keçmişdi. Artur xəyalında özünü İsanın davamçısı kimi görürdü. Amma kilsə
xadimlərindən, din daşıyıcılarından gördüyü ilk yalandaca indiyə qədər inandığı
hər şey bir anda məhv olur.
Gənc oğlan kilsənin, xristianlığın, ona kor-koranə
sitayiş edənlərin sərt düşməninə çevrilir. Bununla da kifayətlənməyib özünü
Tanrının ən böyük düşmənlərindən elan edir. Ovoda görə Tanrı – mübariz insanın
özüdür. Burada Voyniç məharətlə qəhrəmanının mübariz ruhunu, dönməzliyini
göstərməklə inqilabçı rolunda onu əbədiyyətə qovuşdurur. Amma özü də bilmədən
elə qəhrəmanın timsalında İsa Məsihi yenidən dirçəldir. Voyniç Ovodla İsanı
qarşılaşdıraraq birincini daha zirvəyə qaldırmaq istəsə də yenidən əvvələ
qayıdır və qəhrəmanın ilk çağlarda İsa peyğəmbərdən ilhamlanmasının heç də onun
qəlbində tamamən bitmədiyini təsdiq edir.
Təbii ki, müəllif bunu istəmirdi,
onun niyyəti dinə aid olan hər şeyi yerlə-yeksan etmək idi. Ancaq bu
qarşılaşdırma ilahi qəhrəmanla inqilabi qəhrəmanı ortaq məxrəcə gətirir. Ovod
nə qədər sərt olsa da həyatı, bütün canlıları sevirdi, insanlara daha aydın
səma, daha firavan həyat bəxş etməyi, yanlış təfəkkürdən uzaqlaşdırmağı
düşünürdü. Hətta gildən düzəldilmiş dini fiquru keşiş Montanellinin yanında
qıraraq onun inancının da elə bu gil qədər qırılqan olduğunu sübuta yetirməyə
çalışırdı. Eyni addımı əsrlər öncə İsa Məsih etmədimi? Əlləri qandallı Ovod
jandarmdan, onların verdiyi işgəncədən qorxmadan, aman diləmədən amalına sadiq
qalarkən, çarmıxa çəkilmiş İsa kimi yaddaşlarda əbədiyyət qazandı. Ovod da İsa
və onun həvariləri kimi əzabkeşdir. Yəni müəllifin özü də bilmədən, istəmədən
yenidən İsanın ətrafına hərlənməsi onu sərrast oxucu baxışlarının hədəfində
gülünc göstərir. Çünki Voyniç bu əsərdə özünü və qəhrəmanını ateist göstərmək
istəsə də, əslində daha bərbad şəklə salır: axı mübariz və uzaqgörən insan baş
verən bütün çətinlikləri, yalanı, xəyanəti tanrının ayağına yazmaq istəyir. Elə
isə "insan öz taleyinin yaradıcısı və hakimidir” deyən Voyniç niyə qadir insana
inanmayıb yenidən Tanrıya müraciət edir? Ölüm ayağında oğlunu görən keşiş son
anda Tanrıdan üz döndərir. Bu məqamda da Voyniç yanlışa yol verir: bir sevgi
uğruna digər sevgini qurban verməklə. Halbuki qəhrəmanın sevgilisi onu tərk
edərkən müəllif qızı "əsl sevgi qurban verilməz, inkar edilməz” iradına
tutmuşdu. Demək ki, əsərin sonluğunun keşişin Tanrıdan dönməsi ilə bitməsi süni
şəkildə düşünülüb, məqsəd roman boyunca qabardılan Tanrıyla düşmənçiliyinin
məhz insanın qələbəsi ilə bitdiyini qabartmaq idi. Oxucu haqlı olaraq düşünür
ki, Voyniç bu əsəri dönəmin inqilabçılarının "sifariş”i ilə yazıb. Onun həyat
yoldaşı Sibir həbsxanasından qaçmış inqilabçı idi. Sonralar əri ilə mühacirətdə
olan rus inqilabçıları ilə dostluq edib, onlardan rus dilini də öyrənmişdi.
Lenini özünə ideal hesab edən xanım yazar inqilab liderinin "İnqilaba bir gün
deyil, həmişə hazır olmaq lazımdır” fikrini özünə şüar etmişdi. Yalnız o dövrün
abu-havasını düşünən, ateist qabarmanın gələcəkdə yatışacağını hesablamayan
Voyniç bununla da Ovodun ümumoxucu rəğbətini qazanmasına mane olub. Müəllif öz
qəhrəmanını Tanrıya və peyğəmbərə qarşı deyil, kilsəyə qarşı qoysaydı daha çox
rəğbət qazanardı. Çünki dini riyakarlıq, din xadimlərinin ikiüzlülüyü bütün
dinlərdə olub, var, güman ki, bundan sonra da olacaqdır. İnsanın Tanrıdan üz
çevirməsinin günahı Ali Yaradanın iblisi sınaq kimi göndərməsində deyil,
insanın bu sınaqdan üzüqara çıxmasındadır. Ona görə də "Ovod” bu gün də
oxunmağına baxmayaraq, əslində dönəm ədəbiyyatıdır. Yəni sosialist ruhu,
mübarizəni, dövrün sıçrayışını göz önündə canlandırmaq istəyən oxucu bu əsərə
müraciət edib, ondan böyük zövq ala bilər. Lakin yenidən bu zamanın reallığına,
öncəliklərinə qayıdarkən bugünkü oxucu romanı təkrar oxumağı düşünməz. Qeyd
etdiyim kimi, roman keçmiş SSRİ-də uzun illər sosialist təfəkkürünün ilham
mənbəyi kimi çıxış edib. İlk kosmonavtlar – Yuri Qaqarin, Valentina
Tereşkovanın etirafına görə, məhz bu romandan təsirlənərək qorxunu yenib hər
insanın qadir olmadığı cəsarətə şövqləniblər. Tanınmış sovet yazıçısı Nikolay
Ostrovski "Polad necə bərkidi?”, Maksim Qorki "Ana” əsərini "Ovod”dan
ilhamlanaraq yazıb. 1955-ci ildə "Ovod” əsasında çəkilmiş filmin musiqisini isə
görkəmli bəstəkar Dmitri Şostakoviç bəstələyərək şedevr yaradıb. Dəfələrlə
teatr səhnələrində oynanılıb.
Maraqlıdır
ki, müəllif özünün SSRİ-dəki məşhurluğunu yalnız 91 yaşındaykən öyrənib.
1955-ci ildə ona SSRİ-dən içində "Ovod” uğurlarından bəhs edən "Oqonek” jurnalı
göndərilib. Həyatının müdrik çağında olan, özünü unudulmuş hesab edən xanım
üçün bundan gözəl hədiyyə nə ola bilərdi? Həmin ildən etibarən yerdə qalan 5
illik ömrünü onu sevən, uca tutan SSRİ oxucularına həsr edir, sovet
respublikaları ilə məktublaşır. Yeri gəlmişkən, Etel Lilian Voyniç dünya
tarixinə öz məşhur əsəri ilə keçməsəydi belə onun, xüsusilə də ailəsinin adı
mütləq gələcək nəsillərə xatırlanacaqdı. Belə ki, dünyanın ən hündür zirvəsinin
adı Voyniçin ana babası Everestin şərəfinə adlandırılıb.
Şəfiqə ŞƏFA
