• cümə, 29 Mart, 10:16
  • Baku Bakı 5°C

Beynəlxalq ictimaiyyətin rədd etdiyi “seçki”

07.04.20 16:41 748
Beynəlxalq ictimaiyyətin rədd etdiyi “seçki”
Deputatların fikrincə, qondarma rejimdə keçirilən "seçki”ləri Ermənistanın işğalçılıq siyasətinin davam etdirilməsi kimi nəzərdən keçirmək lazımdır

Azərbaycanın işğal olunmuş ərazilərində martın 31-də keçirilmiş qondarma "seçki” beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq rədd olundu və ölkəmizin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edildi. Maraqlı məqam ondan ibarətdir ki, əvvəlki illərdən fərqli olaraq müxtəlif ölkələr və beynəlxalq təşkilatlar tərəfindən verilən bəyanatların sayı daha da artıb və onların mövqeyi açıq bəyanat formasında ifadə edilib. "Seçkilər”ə dair münasibət Türkiyə, Ukrayna, Gürcüstan, Bosniya və Herseqovina, Moldova, Kanada, Avstraliya, Qoşulmama Hərəkatı, Türk Şurası, Türk Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, GUAM, ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT PA, Avropa İttifaqı, NATO, Çex respublikası, Estoniya, Latviya, Litva, Rumıniya, Bolqarıstan, Finlandiya, Almaniya, İtaliya, Monteneqro, Böyük Britaniya, Belçika, İsveç, Xorvatiya, İran və digərləri tərəfindən ifadə olunub. Buradan da məlum olur ki, Türkiyədən tutmuş uzaq Kanada və Avstraliyaya qədər, Türk Şurasından tutmuş NATO-ya qədər dünya ictimaiyyətinin rəyi yekdildir. Əlbəttə ki, bəyanatlarda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda keçirilmiş qondarma "seçkilər” tanınmır və qeyri-qanuni hesab olunur. O cümlədən də qondarma "seçkilər” konstitusional olmadığı üçün heç bir hüquqi qüvvəyə malik deyil.
Bəyanatlarda qeyd edildiyi kimi, qondarma "seçkilər”in nəticələri davam edən danışıqlar prosesini və bölgənin statusunu əvvəlcədən müəyyənləşdirmir. Birmənalı olaraq, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyi dəstəklənir. Heç şübhəsiz ki, bəyanatlarda münaqişənin BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə dəstək ifadə olunur.
Xüsusi olaraq tərkibində Avropa, Asiya, Afrika, Latın Amerikası, Okeaniyadan 120 dövləti birləşdirən və BMT-dən sonra ikinci ən böyük siyasi təsisat sayılan Qoşulmama Hərəkatının yaydığı kommünikedə vurğulanır ki, ərazilərin güc yolu ilə qəsb edilməsi yolverilməzdir və Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyət heç bir ölkə tərəfindən tanınmayacaq.
Eləcə də, aralarında müxtəlif ölkələrdən olan deputatlar da daxil olmaqla, ayrı-ayrı şəxslər tərəfindən verilmiş açıqlamalarda bütün dünyanın hazırda koronavirus pandemiyası ilə üzbəüz qaldığı bir vaxtda "seçki” keçirilməsi məsuliyyətsiz addım kimi dəyərləndirilib. Beləliklə, "seçkilər”ə münasibətdə dünya ictimaiyyəti bir daha rəsmi Yerevana "qırmızı kart” göstərərək işğalın və onun nəticələrinin heç bir zaman qəbul edilməyəcəyi mesajını göndərmiş oldu. Bununla, dünya həm də bir daha göstərdi ki, Qarabağ Azərbaycandır!
Ona görə də Ermənistan "seçki”, "demokratiya” kimi perspektivsiz şoularını bir tərəfə qoyub səmimi və ciddi şəkildə sülh danışıqlarında iştirak etməli və öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxartmalıdır. Münaqişə isə yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, ərazi bütövlüyünün tam olaraq bərpa olunması ilə həll oluna bilər.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elşad Mirbəşir bildirdi ki, son illərin tendensiyası ondan ibarətdir ki, Azərbaycanın münaqişə vəziyyətində siyasi potensialı güclənməkdədir: "Bu, o anlama gəlir ki, beynəlxalq instansiyalarda Azərbaycanın haqq səsi daha aydın eşidilir, ölkəmizin ərazi bütövlüyü dəstəklənir. Biz bunu dəfələrlə beynəlxalq təşkilatların bəyanatlarında müşahidə edirik. Təbii ki, bu, Azərbaycanın xarici siyasətinin, diplomatiyasının uğuru, dövlətimizin etibarlı tərəfdaş kimi qəbul olunmasının və digər sahələrdə ölkəmizin potensialının güclənməsinin nəticəsidir. Qeyd etmək lazımdır ki, mart ayının 31-də Dağlıq Qarabağdakı qondarma rejimdə keçirilən "seçki”ləri ümumi şəkildə Ermənistanın işğalçılıq siyasətinin davam etdirilməsi kimi nəzərdən keçirmək lazımdır. Təbii ki, gözlənildiyi kimi, bu "seçki”lərə beynəlxalq ictimaiyyətin münasibəti birmənalı olmadı və qondarma "seçki”lər heç bir instansiya tərəfindən tanınmadı, qınayan mövqelər nümayiş etdirildi”.
E.Mirbəşirin sözlərinə görə, bu məsələdə başqa bir reallığı da qeyd etmək lazımdır ki, ATƏT-in Minsk qrupunun qondarma "seçki” ilə bağlı bəyanatı nisbətən yumşaq xarakterli idi: "Gözlənilən o idi ki, münaqişənin tənzimlənməsi missiyasını öz üzərində daşıyan bir qurum daha sərt reaksiya versin, "seçki”nin nəticələrinin tanımadığını bildirsin və belə halların münaqişənin tənzimlənməsi prosesinə mənfi təsir göstərdiyini vurğulasın. Sadəcə olaraq, ATƏT-in Minsk qrupunun mövqeyi ondan ibarət oldu ki, bu "seçki” "Dağlıq Qarabağ” rejiminin statusunu dəyişmir. Təbii ki, dəyişmir, amma nisbətən sərt şəkildə ifadə olunsaydı, hesab edirəm ki, bu, ümumiyyətlə, ATƏT-in Minsk qrupu missiyasının ruhuna uyğun olardı. Lakin bütövlükdə Azərbaycanın özünün formalaşdırdığı reallıq ondan ibarətdir ki, ölkəmiz çox ciddi tərəfdaş kimi qəbul olunur. Azərbaycanın həm siyasi, iqtisadi, həm də diplomatik potensialı artıq öz sözünü deyir və dövlətimizin ədalətli mövqeyi beynəlxalq səviyyədə dəstəklənir. Məhz bunun nəticəsi idi ki, qondarma rejimdə keçirilən "seçki” beynəlxalq ictimaiyyət tərəfindən tənqidə məruz qaldı”.
Millət vəkili, politoloq Arzu Nağıyev bildirdi ki, Dağlıq Qarabağ ərazisində qondarma rejimin keçirdiyi "seçki” bütün beynəlxalq hüquqi normalara və qanunlara zidd olduğuna görə, bir çox dünya ölkələri və beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmayıb: "Bunun da bir neçə səbəbi var. Məlumdur ki, bu saxta seçkilər dəfələrlə keçirilib. Hər dəfə bir sıra dövlətlər bu məsələyə birmənalı şəkildə reaksiya verib. Ermənistan çalışırdı ki, bu "seçki”yə dünyanın bir sıra dövlətlərindən müşahidəçilər gəlsin. Lakin istəkləri baş tutmadı. Koronavirus pandemiyası bütün dünyada tüğyan etməsinə baxmayaraq, onlar öncədən elan verdilər ki, guya Dağlıq Qarabağ ərazisində belə bir infeksiyaya yoluxma halı yoxdur: "Amma bu bəyanat, göründüyü kimi, heç bir xarici dövlət və beynəlxalq qurum tərəfindən qəbul olunmayıb. Saxta "seçki” prosesində 12 nəfərə yaxın namizəd irəli sürülüb. Onların arasında əsas iki fiqur olub ki, həmin şəxslər Paşinyan hakimiyyətini öz əməlləri ilə razı sala bilirdilər. Biri keçmiş "baş nazir” Araik Arutunyan, digəri isə keçmiş "xarici işlər naziri” Masis Mailyandır. Qeyd etmək lazımdır ki, bu iki namizəd arasında da ciddi narazılıqlar mövcuddur. Onlardan birinin bu qondarma qurumun rəhbərləri olması üçün ermənilər "siyasi fiqurları” dünyaya tanıtmağa çalışırdılar. Təsadüfi deyil ki, keçirilən qondarma seçkilərin ikinci turuna da məhz bu iki şəxs keçib”.
A.Nağıyev vurğuladı ki, ATƏT-in Minsk qrupunun həmsədrləri, Qoşulmama Hərəkatı, BMT, NATO və s. bir sıra təşkilatlar saxta "seçki”ləri tanımadıqları ilə əlaqədar bəyanatlar yayıblar: "Hətta Dağlıq Qarabağın öz ərazisində bu seçkilərə qarşı mitinqlər başlayıb. Bu məsələyə bir neçə aspektdən yanaşmaq lazımdır. Əvvəla, bu, Azərbaycan hakimiyyətinin apardığı xarici siyasətdir. İkincisi, Azərbaycanın Xarici İşlər Nazirliyinin, diaspora təşkilatlarının Azərbaycandan kənarda həyata keçirdiyi siyasətdir və son olaraq da yerli politoloq və siyasətçilərin daimi qondarma qurumun saxta "seçkilər”lə bağlı verdikləri bəyanatlardır. Bu kimi aparılan proseslər saxta seçkilərin dünya dövlətləri tərəfindən lazımınca qınanmasına təsir edib. Heç bir dövlət tərəfindən tanınmayan qondarma qurumun keçirdiyi saxta "seçki”lərin də taleyi eyni olub. Təbii ki, bu "seçki”nin ikinci turunun keçirilməsi üçün də çalışacaqlar. Lakin bu, bir daha göstərir ki, Paşinyan Qarabağ kartından istifadə edərək öz hakimiyyətinin gələcəkdə iqtisadi korrupsiyasını həyata keçirmək üçün addımlarını atır. Lakin dünya artıq əvvəlki dünya deyil və beynəlxalq təşkilatlar, həmçinin, BMT səviyyəsində qondarma rejimin keçirdiyi "seçki” qəbul edilmir”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər