
Başı dərddə olan Makron
Siyasət
04 Dekabr 2020, 15:43
231
Fransa prezidentinin
dəbdəbəli həyat tərzi vətəndaşların hiddətinə səbəb olub
Türkiyə mediasının Avropanın "xəstə adamı” adlandırdığı Fransa
prezidenti Emmanuel Makron ətrafında qalmaqallar yenidən ölkə gündəmini tutub.
Fransa daxilində problemləri həll etmək əvəzinə, diqqəti daha çox ölkə xaricində
yaşanan problemlərə yönəltməsi, haqlı şəkildə narazılıqlara yol açıb. Gah
Aralıq dənizində Türkiyə ilə gərginliyə baş vurur, gah da Azərbaycanla
Ermənistan arasında münaqişədə birtərəfli qaydada işğalçının yanında dayanmağa
üstünlük verir. Ən acınacaqlı olan odur ki, ATƏT-in Minsk qrupunun həmsədri
ola-ola işğalçı dövlətə hərtərəfli dəstək verir. Dövlət başçısı olaraq hələ də,
Fransa Senatının qondarma rejimin tanınması kimi rüsvayçı tövsiyəsinə hər hansı
bir təpki göstərməyib. Bu kimi hallar da, Fransa cəmiyyətində haqlı
narazılıqlara gətirib çıxarıb. Fransızlar haqlı olaraq nədən Makronun daxili
problemlərə diqqət ayırmadığı barədə ona suallar ünvanlayırlar. Bir faktı da
qeyd edək ki, media və cəmiyyətin hədəfinə tuş gələn Makron, prezident
kürsüsünə əyləşməzdən əvvəl qalmaqalları ilə tək fransız mediasında deyil,
dünya mediasının da "diqqətində” qalmağa müvəffəq olub. Onun şəxsiyyəti
ətrafında uzun illərdir ki, söz-söhbətlər dolaşır və indi iş o yerə çatıb ki,
yürütdüyü daxili və xarici siyasətdən narazı olanların sayı günbəgün artır.
Məhz onun yanlış siyasətinin nəticəsidir ki, etirazlar bütün ölkəni bürüyüb.
Faşist təmayüllü təşkilatların aktivləşməsi, miqrantlara qarşı ikili yanaşma,
başqa dinin nümayəndələrinə qarşı ayrı-seçkilik pik həddə çatıb.

Dağılan cəmiyyət
Yerli, Türkiyə, Rusiya və bir çox dünya mediasında Fransada
aksiyaların polis zorakılığı ilə müşayiət olunması barədə informasiyalar
yayılır və bu addımlara görə Fransa hakimiyyəti tənqid olunsa da, reaksiya
yoxdur. Və bütün bunların müqabilində Makron hakimiyyəti baş verənləri sakitcə
seyr etməklə kifayətlənir. Məhz onun hakimiyyəti dövründə fransızlar Avropada
digər ölkələrə nisbətən ən çox vergi ödəyicilərinə çevriliblər. Əmək haqlarından
çıxılan vergilər kəskin şəkildə artıb. Əvvəlki illərlə müqayisədə vergilər daha
çoxdur. Hətta təqaüdə çıxan insanların məvaciblərindən belə vergi tutulmağa
başlanıb. Hazırda Fransa əhalisinin 73 faizindən çoxundan vergi tutulur və onlar
Makron hakimiyyətinə qarşıdır. Bundan başqa, Fransada təhsil haqqı deyilən bir
şey yox idi. Sadəcə, qeydiyyat üçün çox aşağı məbləğdə vəsait ödənilirdi.
150-200, maksimum 300 avroya qədər pul ödənilirdi. İndi isə həmin məbləğ 2000
avrodan aşağı deyil. Hətta liseylərdə də qanun dəyişildi. Bir sözlə, bu
addımlar bütün sahələrə zərbə vurdu. Yaş səviyyəsindən asılı olmayaraq,
Fransada bütün səviyyələrdə, bütün sahələrdə etirazlar yarandı. Buna görə də
son etirazlar bu qədər genişləndi. Rusiya və digər postsovet ölkələrinin
mediasını izləyəndə belə qənaətə gəlmək olur ki, bu etirazları tətikləyən
xarici qüvvələr var. Amma burada baş verənlərə heç bir siyasi partiyanın, heç
bir xarici qüvvənin aidiyyəti yoxdur. Bütün baş verənlərin önündə sadə xalq
gedir. Etirazçıların tələbi odur ki, vergilər aşağı salınsın, maaşlardan yüksək
vergilər tutulmasın, əhalinin güzəranı yaxşılaşdırılsın, əvvəlki vəziyyətə
çatdırılsın, yerli və hətta xarici tələbələrin təhsil haqqı azaldılsın və
Makronun hakimiyyətə gəlməsindən sonra işçilərin işdən çıxarılmasının
sadələşdirilməsinə şərait yaradan qanun dəyişdirilsin və s. Bir sözlə, hər şey
bu dəyişikliklərdən sonra başlamışdı. İnsanlar boğaza yığılmışdı.

Makronun erməni sevgisi
Ən biabırçı hal isə Makronun həm qondarma soyqırımı məsələsində, həm
də Qarabağda Azərbaycanın başlatdığı "Azadlıq” əməliyyatına olan mövqeyidir.
Dəfələrlə anti-Türk bəyanatlar səsləndirməsi ilə tanınan Makronun həddən artıq
ermənipərəstliyi Qarabağ məsələsində üzə çıxdı. Bəllidir ki, dekabrın 22-də
Fransa parlamenti "erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması barədə
son dərəcə gülünc bir qanun layihəsi qəbul etməklə, demək olar ki, bütün
dünyanı heyrətləndirdi. Beləliklə, bütün dünyada demokratik təfəkkürün beşiyi
hesab edilən Fransa parlamenti, bəlkə də, bütün tarixi ərzində ən şərəfsiz bir
qanun layihəsinə imza atdı. Makron da buna göz yumdu.
Ən biabırçı hal isə Makronun hərbi əməliyyatların dayandırılması,
Azərbaycana qarşı beynəlxalq rəy formalaşdırılması və cəza tədbirləri kimi
həyata keçirdiyi səyləridir. Minsk qrupu həmsədri olan ölkə ermənilərə tək
siyasi dəstək deyil, iqtisadi, hərbi dəstək göstərdi. Əldə olunan məlumatlara
əsasən, Fransanın hərbi kəşfiyyatı davamlı şəkildə əldə etdiyi məlumatları
Ermənistana ötürüb, Fransadan Ermənistana raket sistemləri də daxil olmaqla,
silah-sursat göndərilib. Fransa, hətta ən yüksək səviyyədə Ermənistan
hakimiyyətinə Azərbaycanın münaqişədə üstünlük əldə etməsinə imkan
verməyəcəyini vəd edib. Lakin Azərbaycan əsgəri Fransa prezidentinin səylərini
döyüş əməliyyatlarındakı uğurları ilə puç etdi. Azərbaycan işğal altındakı
torpaqları azad edərək, heç bir qüvvənin tarixi ədalətin bərpasına maneə
törətmək gücündə olmadığını bütün dünyaya göstərdi.

"Varlıların prezidenti”
Yeri gəlmişkən, son günlər mediada Fransa prezidentinin adı
cah-cəlallı həyat tərzi keçirməkdə, vergilərdən yayınma və s. qalmaqallarda
hallanmağa başlayıb. Onu Fransada "varlıların prezidenti” kimi qələmə verirlər.
Bu titulu qazanmasına səbəb bahalı mülklər və qiymətli kağız sahiblərinin
adlarının vergi siyahılarından çıxarmasıdır. Fransızlar onu təkcə ölkənin ən
imkanlı şəxsləri üçün hədiyyə etməkdə yox, həm də, cah-cəlallı həyat tərzi
sürməyə milyonlar sərf etməkdə günahlandırır. Məsələn, Rusiyanın nüfuzlu
"Lenta.ru” nəşri prezidenti ailəsinin cah-cəlallı həyat tərzi barədə
araşdırmasında yazır ki, 2018-ci ilin iyulunda Fransada qalmaqal qopdu. Bəlli
olur ki, prezident Emmanuel Makron xanımı Bricit ilə Yelisey sarayında rəsmi
naharlar və banketlər üçün həddən artıq bahalı olan 1,2 min dəstli serviz alıb.
Bunları isə birinci ledi şəxsən seçib. Ümumi dəyəri isə 50 min avrodur. Lakin
fransız kütləvi informasiyaları belə bir qənaətə gəliblər ki, qiymət 10 dəfə
azaldılıb, əslində isə qiyməti 500 min avronu keçir. Prezidentin yaxın ətrafı
dərhal iddia etməyə başladı ki, bu servislər keçmiş prezident Jak Şirakın
dövründə alınıb. Qəzəbli fransızlar Makronu yoxsullara nifrətlə yanaşmaqda
ittiham edir, xanımı ilə birlikdə dəbdəbəli həyat tərzi sürməkdə,
qarderoblarını doldurmaq üçün milyonlar sərf etməkdə ittiham edir. Məsələn,
2017-ci ilin avqustunda bəlli olub ki, prezidentliyinin üçüncü ayında tək öz
vizajistinə 26 min avro ödəyib. Bu pullar makiyaj və üzə qulluğa gedib. 40
yaşını isə dövlət başçısı ailəsi ilə birlikdə dəbdəbəli Şambor qəsrində qeyd
edib. Bir il sonra isə fransızları, qəfil məzuniyyətə çıxması ilə
təəccübləndirib. Xanımı ilə birlikdə Normandiyaya dördgünlük istirahətə yollanıb.
Cütlük Fransanın ən dəbdəbəli "La Ferme Saint-Simeon” otelində qalıb. Fransa
mediası yazır ki, Makronu dəbdəbəli və cah-cəlallı həyat tərzi sürməyə xanımı
məcbur edib. "Nyu-York Tayms” qəzeti
yazır ki, Biricitin qarderobunda ən bahalı vasitələr, o cümlədən klassik
brendlər "Balmain”, "Courreges” və "Diordan” paltarlar çoxluq təşkil edir. 67
yaşlı Biricit qısa ətəkli yubkalar geyinməkdən çəkinmir. "Bibi” və "Manyu”
(ər-arvad bir-birilərini belə adlandırır) özləri üçün xüsusi çimərlik də
düzəldiblər və bunun inşasına milyonlar sərf edilib. Təkcə Yelisey sarayında
müxtəlif dövlət qəbulları zamanı 95 min müxtəlif yemək hazırlanır. Bu
səbəbdəndir ki, Almaniya kansleri özünün aşpazını ixtisasını artırmaq üçün
Yelisey sarayına göndərib.
Ümumiyyətlə, Makronun özünə fransızlar skeptik yanaşır. Tez-tez
prezidentə xatırladırlar ki, vaxtilə iqtisadiyyat naziri olanda hökumət
xərclərini öz şəxsi ehtiyaclarını ödəmək üçün sərf edib. Bu vəsait isə 120 min
avro təşkil edib. Bu pulları prezident seçkiləri kampaniyası zamanı dəstək
toplamaq üçün həmkarlar təşkilatlarının liderləri ilə naharlara, populyar
artistlərə, rəssam və dini xadimlərlə görüşlərə sərf edib. Bu faktlara görə, "Anticor”
- korrupsiyaya qarşı mübarizə idarəsi araşdırmalar da aparmışdı. Onlar müəyyən etmişdilər
ki, prezident bir obyektin qiymətini 200 min dollar aşağı salıb. Ən çox sual
doğuran məsələlərdən biri də Makronlar ailəsinin Parisin mərkəzindəki dəbdəbəli
mənzilləridir. Bundan əlavə, Lion şəhərinin məhkəməsi Makronun seçki
kampaniyası dövründə xalq malını mənimsəməsi və dövlət büdcəsindən şəxsi
maraqlar üçün istifadə etməsi barədə ilkin araşdırmalara başlayıb.
Araşdırmalara görə, Makron seçki kampaniyasında qanuni limitdən daha çox, yəni
15-20 faizlik maliyyə güzəştlərindən faydalanıb. Və sonda qeyd edək ki, bu kimi
faktlar Makronun şəxsi həyatından götürülən azsaylı faktlardan biridir. Şübhəli
fəaliyyəti, dəbdəbəli həyat tərzinin maliyyə mənbəyi barədə xeyli qaranlıq
məqamlar var.
Azər NURİYEV
Digər xəbərlər