Barış dövrünə keçid? - TƏHLİL
Brüsseldə
və Moskvada keçirilən danışıqlarda üçtərəfli bəyanatların tələblərinin yerinə
yetirilməsinin vacibliyi vurğulanır. Bütün bunlar Ermənistan cəmiyyətinə
göstərir ki, danışıqların harada və kimin vasitəçiliyi ilə keçirilməsindən
asılı olmayaraq, onlar bu addımları atmalıdırlar.
İki gün öncə Brüsseldə Avropa İttifaqı (Aİ)
Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham
Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Tərəflər
bölgədəki vəziyyəti, o cümlədən təhlükəsizlik, sabitlik və sülh şəraitində
inkişaf məsələlərini müzakirə ediblər.
Növbəti önəmli addım
Görüşün nəticəsi olaraq, Azərbaycan tərəfindən
vaxtilə irəli sürülən təşəbbüs və bir müddət öncə rəsmi Bakının təqdim etdiyi
baza prinsipləri əsasında sülh sazişinin hazırlanmasına başlanılması üçün hər
iki ölkənin xarici işlər nazirlərinə təlimat verilib. Azərbaycan Xarici İşlər
Nazirliyi Brüssel görüşünü ölkəmizin maraqlarına uyğun olaraq, bölgənin gələcək
sülh və əmin-amanlıq şəraitində inkişafının təmin olunması istiqamətində
atılmış növbəti önəmli addım kimi qiymətləndirib.
Şarl
Mişelin açıqlama verməsi onu göstərir ki...
Millət
vəkili Sahib Alıyev Brüssel
danışıqlarının Azərbaycanın gündəliyi əsasında keçirildiyini bildirib. Deputat
qeyd edib ki, əgər Ermənistan yenə forpostcasına davranmasa və ya
davrandırılmasa, Brüssel danışıqları regionun postmünaqişə dövründən barış
dövrünə keçməsi yönündə yaxşı perspektiv vəd edir: "Brüssel görüşünün nəticəsiz
bitməyəcəyi haqda bir çoxları kimi məndə də müəyyən nikbinlik vardı. Sonra
Ermənistan rəhbərliyinin bəzi açıqlamaları və İrəvanda təşkil olunan etiraz
aksiyası bu nikbinliyi xeyli azaltdı. Ancaq görünür Avropa İttifaqı Şurasının
Prezidenti Şarl Mişel erməni baş nazir Nikol Paşinyana başa saldı ki, təkcə
regionda deyil, Avrasiyada gedən proseslər, özəlliklə Rusiya-Ukrayna savaşında
yaranmış vəziyyət onlara forpostcasına davranmağa, yəni sözdə sülhə hazır olduqlarını
bildirib, əməldə "mərkəz"in diktəsi ilə hərəkət etmək üçün yer
qoymur. İrəliləyiş olmalı, görüşsonrası açıqlamada da vurğulandığı kimi,
2020-ci il 10 noyabr üçtərəfli bəyanatında əksini tapan bütün məsələlər yerinə
yetirilməlidir. Hələ Brüssel danışıqlarından öncə bu görüşün məhz Azərbaycanın
gündəliyi əsasında keçiriləcəyini demişdim. Şarl Mişelin açıqlaması onu
göstərir ki, məhz belə olub. Ermənistan rəhbərliyinin bizim 5 maddəlik sülh
təklifimizə "əlavələr"i buxarlanıb, "Arsax" yoxdur, Qarabağın
haylar yaşayan hissəsi var, "status" haradadırsa, oradadır,
xortlaması mümkün deyil. Brüssel danışıqlarının nəticəsi barədə Azərbaycan və
Ermənistan rəhbərlərinin deyil, Avropa İttifaqı Şurasının Prezidenti Şarl
Mişelin açıqlama verməsi onu göstərir ki, tərəflərin tam razılığa gəlmədiyi
məsələlər hələ də qalır”.
Ermənistan
bu dəfə vaxt uzada bilməyəcək?
Millət
vəkili vurğulayıb ki, Azərbaycan Ermənistanla danışıqların ATƏT-in Minsk
qrupu çərçivəsində deyil, ikitərəfli formatda, yəni Bakı ilə İrəvan arasında
aparılmasını təklif edib. Onun sözlərinə görə, Brüssel görüşü vasitəçilərin
təşkilatçılığı ilə baş tutsa da, Minsk qrupu çərçivəsində reallaşdırılmayıb:
"Brüsseldə, yaxud Moskvada keçirilməsindən asılı olmayaraq, danışıqlar
Azərbaycanın istədiyi kimi, postmünaqişə fəlsəfəsi üzərində qurulur. Ermənistan
çalışırdı ki, danışıqlar Vətən müharibəsindən öncə Minsk qrupunun təklif etdiyi
gündəliyə qaytarılsın. Görünən budur ki, İrəvan heç nəyə nail ola bilmədi.
Azərbaycanın tələbi ilə sülh danışıqlarına keçid edildi. Brüsseldə və Moskvada
keçirilən bütün danışıqlarda üçtərəfli bəyanatların tələblərinin yerinə
yetirilməsinin vacibliyi vurğulanır. Bütün bunlar Ermənistan cəmiyyətinə
göstərir ki, danışıqların harada və kimin vasitəçiliyi ilə keçirilməsindən asılı
olmayaraq, onlar bu addımları atmalıdırlar. Ermənistan əvvəlki dövrdə olduğu
kimi vaxt uzada bilməyəcək”.
Öhdəlikləri yerinə yetirməlidirlər
Sosial Tədqiqatlar
Mərkəzinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov qəzetimizə açıqlamasında deyib ki, Avropanın
siyasi paytaxtı Brüsseldə keçirilən görüş mühüm nəticələrlə yadda qalıb. Onun
sözlərinə görə, buna qədər Aİ Prezidenti Ş.Mişel Azərbaycan və Ermənistan
arasında razılığın əldə olunması üçün daim təşəbbüslərlə çıxış edib: "Bu görüşü
ötən il dekabrın 15-də Brüsseldə keçirilən danışıqların növbəti mərhələsi kimi
dəyərləndirmək olar. Şarl Mişelin bu barədə bəyanatında bir sıra diqqət çəkən məqamlar
var. İlk növbədə Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası məqsədi
ilə aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının təşkil edilməsi
razılaşdırılıb. Əgər Ermənistan aprel ayının 30-a qədər Birgə Sərhəd
Komissiyasının yaradılmasını təmin etməzsə, bu, Azərbaycana kifayət qədər əsas
verir ki, məsələləri birtərəfli qaydada həll etsin. 10 noyabr 2020-ci il
tarixli üçtərəfli razılaşmanın 4-cü maddəsinin yerinə yetirilməsi, eyni zamanda
Laçın dəhlizi üzərində suverenliyin bərpa olunması, həmçinin digər məsələlər rəsmi
Bakı üçün prioritetdir. Azərbaycan siyasi gündəliklə yanaşı, Ermənistanı sülhə
məcburetmə tədbirlərinə üstünlük verə bilər. Ona görə də Ermənistan məsələlərə
konstruktiv yanaşmalı, üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirməlidir”.
Daha çox iqtisadi izolyasiyada qalacaqlar, əgər...
Politoloq xatırladıb ki, üçtərəfli bəyanatlarda sərhədin
delimitasiyası barədə konkret müddəalar əksini tapsa da, Ermənistanın
qeyri-konstruktivliyi səbəbindən həm bu istiqamətdə, həm də nəqliyyat və
kommunikasiya əlaqələrinin bərpa olunması istiqamətində addım atılmayıb: "Bu
xüsusda üçtərəfli bəyanatın 9-cu maddəsinin implementasiyası baxımından Azərbaycan
İranla anlaşma memorandumunu imzalayıb. Bu memorandum sayəsində Azərbaycan
özünün ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını blokadadan
çıxarır. Üçtərəfli razılaşmanın 9-cu maddəsinin rəsmi İrəvan tərəfindən icra
olunmaması Ermənistanı bundan sonra daha çox iqtisadi izolyasiyada saxlayacaq”.
Rufik İSMAYILOV