AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanlı alim vərəmə qarşı peyvəndin COVID-19-a təsirlərini açıqladı

Azərbaycanlı alim vərəmə qarşı peyvəndin COVID-19-a təsirlərini açıqladı

Cəmiyyət
05 Avqust 2020, 15:22 425
Amerika Birləşmiş Ştatlarının (ABŞ) tibb alimləri tərəfindən vərəmə qarşı peyvənd olunan və olunmayan ölkələrdə COVID-19 virusunun indiki dövrdə məlum olan ölüm faizlərinin nisbəti ilə bağlı aparılan elmi tədqiqatın nəticələri məlum olub.

Bu barədə "Report"a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev məlumat verib.

Onun sözlərinə görə, fərqli peyvənd strategiyasını aparan bir sıra Avropa ölkələri də daxil olmaqla, sosial cəhətdən bərabər olan ölkələrdə COVID-19 virusunun bu günə məlum olan ölüm faizlərinə baxılıb: "Məlum olub ki, tədqiqata daxil edilən vərəm əleyhinə "BSJ" peyvəndini alan ölkələrdə bəlli olan ölüm faizi vərəmə qarşı peyvənd almayan ölkələrdən daha az olub. Tədqiqatın müəllifləri illər öncə vərəmə qarşı istifadə edilmiş peyvəndin hazırda koronavirusa yoluxmuş insanlarda xəstəliyi nisbətən yüngül keçirməyə səbəb olan amillərdən biri olmasını iddia edirlər. Həmçinin onlar bildirirlər ki, peyvəndin o zamanlardakı tətbiq strategiyası və hətta BSJ peyvəndindən asılı olmayaraq fərqli qitələrdəki insan populyasiyasının müxtəlifliyi də ölüm faizinin dəyişməsində rol oynaya bilər. 

Eyni zamanda Şərqi və Qərbi Almaniyada vərəm əleyhinə istifadə olunan peyvəndlərin tətbiqindəki fərqlər də incələnib. Müəyyən olunub ki, hazırda Şərqi Almaniyada bu peyvəndi alan şəxslər 45-84 yaş arasıdır. Qərbi Almaniyada isə peyvənd alanların 22-59 yaş arasında olduğu bildirilib. Bu iki regionun tədqiqatda olan müqayisəsinə baxdıqda isə "BSJ” peyvənd proqramı tətbiq edilən Şərqi Almaniyada ölüm faizinin Qərbi Almaniya ilə müqayisədə az olduğunu görürük".

Tibb elmləri doktoru bildirib ki, hazırda "BSJ" peyvəndinin virusa qarşı qeyri-spesifik peyvənd kimi istifadəsinin həyata keçirilməsi üçün Avstraliya, Amerika, Almaniya, Hollandiya və s. ölkələrdə böyük kliniki tədqiqatlara başlanılıb: "Almaniyada aparılan bu tədqiqatın məqsədi "BSJ" peyvəndinin gen texnologiyası vasitəsilə daha da inkişaf etmiş variantı olan peyvəndin təsirinin öyrənilməsidir. Söhbət VPM1002 peyvəndindən gedir. Hazırda işin üçüncü fazası bitmək üzrədir. Bu tədqiqat Almaniyada fərqli şəhərlərdə aparılır. Üçüncü fazaya hazırda səhiyyə sistemində çalışan həkimlər tibb bacıları və s. ibarət olmaqla min nəfər daxil edilib. İkinci fərqli bir tədqiqata isə yaşı 60-dan yuxarı olan 1800 insan daxil ediləcək".

Qeyd edək ki, N.Abdullayev hələ 4 ay bundan əvvəl qeyri-spesifik peyvəndin ölüm faizində müəyyən rol oynayacağını elmi incələmələrinin nəticəsində bildirmişdi. Alim Azərbaycanda da belə bir tədqiqatın aparılmasının məqsədə uyğun olduğunu hesab edirdi.