• çərşənbə axşamı, 23 aprel, 15:49
  • Baku Bakı 24°C

Azərbaycanla əməkdaşlıq Avropa İttifaqının maraqlarına tam uyğundur

24.07.21 13:30 384
Azərbaycanla əməkdaşlıq Avropa İttifaqının maraqlarına tam uyğundur
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycana rəsmi səfəri böyük tarixi və siyasi əhəmiyyət daşıyır. Əvvəla onu qeyd etmək lazımdır ki, Şarl Mişel əvvəlki dövrlərdə bölgəyə səfər etmiş Avropa İttifaqının aparıcı ölkələrinin təmsilçilərindən fərqli olaraq, region ölkələrinə münasibətdə bərabərlik işarəsi qoymağı bacardı, protokol vaxtını səfər etdiyi dövlətlər üçün eyni səviyyədə saxladı. Bu, olduqca müsbət yanaşmadır. Çünki o, bununla region ölkələri ilə münasibətlərə hansısa duyğularla deyil, sırf Avropa İttifaqının maraqları baxımından yanaşdığını göstərdi. Protokol vaxtı regionun hər bir ölkəsi üçün eyni oldu. Digər tərəfdən, Şarl Mişel Azərbaycanda bizim tezisləri dərindən öyrəndi. Onun çıxışında Azərbaycanın Qələbəsindən sonrakı ritorikasına uyğun davrandığını daha aydın şəkildə gördük. Çünki heç bir halda nə Dağlıq Qarabağ mövzusuna, nə də status məsələsində toxundu. Şarl Mişel Azərbaycanın prinsipial mövqeyinin nə olduğunu bildiyinə görə bu istiqamətdə mübahisə doğuracaq məsələlərdən yayınmağı bacardı. Bu da olduqca vacib bir addım idi.
Kaspi.az xəbər verir ki, bunu Böyük Qurtuluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa bildirib.
F.Mustafa deyib: "Avropa İttifaqı Azərbaycana əhəmiyyətli tərəfdaş kimi baxmaqla yanaşı, qarşılıqlı əməkdaşlığın inkişafında da maraqlı olduqlarını göstərir. Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu görüşdə bölgənin problemlərini dilə gətirdilər. Həmçinin bütövlükdə Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişaf perspektivləri aydın, açıq şəkildə ifadə olundu. Prezident İlham Əliyev mətbuat konfransındakı açıqlamasında Avropaya Azərbaycanın önəmini bir daha dəqiq şəkildə xatırlatdı. Birinci növbədə, bu önəm Avropanın 9 ölkəsi ilə Azərbaycanın strateji əməkdaşlıq sənədinin imzalanması ilə bağlı idi. Dövlətimizin başçısı onu da qeyd etdi ki, Azərbaycanın Avropanın əhəmiyyətli ölkələri ilə ikitərəfli münasibətləri xeyli inkişaf edib. Digər tərəfdən, nəzərdə tutulan layihələrin gerçəkləşdirilməsi üçün kommunikasiya xətlərinin mütləq açılmasının vacibliyini vurğuladı. Bu da Avropa İttifaqının marağına tam uyğun ola biləcək perspektivdir. Bu kontekstdə Prezident İlham Əliyev bildirdi ki, 10 noyabr sazişindən sonra Azərbaycan müharibə ritorikasını dəyişib. Azərbaycan torpaqlarını azad etdikdən sonra kommunikasiya xətlərinin açılması istiqamətində bütün səylərini ortaya qoyub. Finlandiyadan Hindistana qədər yükdaşımaların gerçəkləşdirilməsi üçün beynəlxalq lava limanlarının tikilməsi və Azərbaycanın digər istiqamətlərdə, o cümlədən Zəngəzur dəhlizinin açılması üçün atılan addımlar bunun bariz nümunəsidir. Bu addımlar həm də Avropa İttifaqının ticarət dövriyyəsinə əhəmiyyətli dərəcədə təsir göstərə biləcək bir gələcək vəd edir. Ona görə də bu istiqamətlərdə artıq geriyə dönüş yoxdur. Artıq müharibəyə deyil, bölgənin daha sülhsevər olması üçün işlərə diqqət yetirmək lazımdır.
Avropa İttifaqının bölgədə kommunikasiya xətlərinin bərpasına, ərazilərin minalardan təmizlənməsinə dəstəyi olduqca vacibdir.
Deputat vurğulayıb ki, Şarl Mişelin bölgələrə səfər etməsi müsbət hal kimi də qiymətləndirilir. Çünki Azərbaycanın Ələt Azad İqtisadi Zonası kimi nəhəng layihə ilə tanışlığı olduqca vacib idi. Digər tərəfdən, Şarl Mişelin Avropa İttifaqının ali təmsilçisi kimi Şamaxı Cümə məscidinə baş çəkməsi onun Azərbaycanın dəyərlərinə də hörmət bəslədiyini nümayiş etdirdi. Bütün bunlar onu göstərir ki, Azərbaycan müharibədəki Qələbəni qısa müddət ərzində diplomatiya sahəsində genişləndirmək əzmindədir.
Avropa İttifaqı kimi mühüm bir qurumun təmsilçisinin Azərbaycana səfəri və qarşılıqlı anlaşma münasibətlərinin formalaşması Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin nə dərəcədə uğurlu olduğunu göstərir. Çünki biz təkcə Avropa İttifaqı ilə deyil, eyni zamanda, qonşularımızla da regionun yenidən inkişafı üçün müxtəlif layihələr üzərində müzakirələr aparırıq. Bu müzakirələrdə də optimist nəticələr əldə edilməkdədir. Belə bir vəziyyətdə Avropa İttifaqının da maraqlarının bölgədə təmin edilməsi baxımından əməkdaşlığın ciddi səviyyədə inkişafına yeni perspektivlər açılır. Şarl Mişel də bu istiqamətdə öz mövqeyini ifadə edərkən onu göstərməyə çalışdı ki, Azərbaycan Avropa İttifaqı üçün kifayət qədər əhəmiyyətli bir ölkədir. Onunla əməkdaşlıq Avropa İttifaqının maraqlarına tamamilə uyğundur. Belə görüşlər, əslində, yalnız qısa müddət üçün hansısa məsələlərin müzakirəsi kimi anlaşılmamalıdır. Bu, gələcəkdə yeni sənədlərin imzalanması üçün müəyyən zəmin yaratmış olacaq.
"Azərbaycanın ən başlıca uğuru 44 günlük müharibədən sonra gözüyumulu Ermənistanı dəstəkləməkdən başqa bir iş görməyən qüvvələrin bu reallıqla barışması oldu. Avropa İttifaqının təmsilçiləri bütün çıxışlarında məhz Azərbaycanın yaratdığı yeni reallıqlar üzərindən müzakirəyə maraqlı olduqlarını göstərdilər. Bu da bizim üçün kifayət qədər önəmli yanaşmadır. Biz bu fürsətləri daha dərindən təhlil edərək, Avropa İttifaqı ilə münasibətlərimizin dərinləşməsi istiqamətində xeyli iş görməliyik. Prezident İlham Əliyevin təşviqedici yanaşması onlar üçün də qaneedici idi. Çünki bölgədə "ağıllı şəhər” və "ağıllı kənd” layihələrinin həyata keçirilməsi prosesinə Avropa İttifaqının da qoşulmasının təklif kimi irəli sürülməsi, bütövlükdə onları maraqlandıran digər sahələrdə əməkdaşlığın müəyyən perspektivlərinin xatırladılması effektli oldu. Həmçinin onlar üçün də düşünmək fürsəti yaratdı. Çox güman ki, yaxın gələcəkdə Avropa İttifaqının Azərbaycanla, işğaldan azad olunmuş bölgələrlə bağlı konkret təklifləri də diqqətimizə çatdırılacaq. Bütövlükdə bu səfər çox ciddi siyasi nəticələri olan, eyni zamanda, Azərbaycanın iqtisadi maraqlarına cavab verən ruhda müzakirələrin aparılmasına imkan yaratdı. Azərbaycanın həm də bölgədə yaratdığı yeni reallıqların dünyanın aparıcı güclərinə nə qədər düşünülmüş və məntiqli formada çatdırıldığının daha bir sübutu oldu”, - deyə Fazil Mustafa bildirib.
banner

Oxşar Xəbərlər