• çərşənbə axşamı, 15 oktyabr, 04:09
  • Baku Bakı 15°C

Azərbaycan Milli Məclisini seçir 

31.08.24 06:00 2641
Azərbaycan Milli Məclisini seçir 

İlk dəfədir ki, bütün suveren ərazilərimizdə Milli Məclisə seçkilər keçiriləcək. Bu tarixi seçkilərdə 125 deputat mandatı uğrunda ümumilikdə 990 namizəd mübarizə aparır.

Sentyabrın 1-də Milli Məclisə seçkilər keçiriləcək. Qanunverici orqana keçiriləcək bu seçkiləri əvvəlkilərdən fərqləndirən başlıca cəhət onun müstəqil Azərbaycan tarixində bütün suveren ərazilərimizi əhatə edəcək ilk parlament seçkiləri olmasıdır. Diqqət çəkən məqam həm də odur ki, artıq öz doğma yurdlarına qayıtmış minlərlə keçmiş məcburi köçkün də Milli Məclisdə onları təmsil edəcək şəxsi məhz doğma yurdlarındakı səsvermə məntəqələrində səs verməklə seçəcəklər. 

125 yerə 990 namizəd iddialıdır

Qeyd edək ki, seçkilərin təbliğat-təşviqat kampaniyası artıq başa çatıb. Avqustun 31-i bütün ölkə ərazisində "sükut günü" sayılır. Qanunvericiliyə əsasən, parlament seçkisi ilə əlaqədar həmin gün seçkiqabağı təşviqat aparıla bilməz. Bazar günü isə 125 deputat mandatı uğrunda ölkə üzrə ümumilikdə 990 namizəd yarışacaq. Xatırladaq ki, deputatlığa 1 052 nəfərin namizədliyi qeydə alınsa da, sonradan 61 nəfər namizədliyini geri götürüb. Bir namizəd isə avtomobil qəzası nəticəsində vəfat edib. 

Seçki prosesinin əsas mərhələlərindən sayılan təbliğat-təşviqat kampaniyası zamanı şikayət və etirazlar qeydə alınmayıb. Təşviqat kampaniyası zamanı namizədlərin seçicilərlə birbaşa görüşlərinin, ünsiyyətinin təşkili məqsədi ilə Mərkəzi Seçki Komissiyası (MSK) müvafiq qurumlarla birgə 5 min 506 yer ayırıb. Onlardan 3469-u açıq, 2037-si isə qapalı məkan olub. 

Onlar ilk dəfə səs verəcəklər

İlk dəfə səsvermə hüququ əldə edən vətəndaşların da sayı maraq doğurur. MSK-nın məlumatına əsasən, bu say 51 min 141 nəfər təşkil edir. Bundan əlavə, seçkilərdə səsvermə prosesində vətəndaşların iştirakçılıq səviyyəsinin aktiv olması üçün bir sıra güzəştlər də nəzərdə tutulub. Belə ki, bəzi seçicilərin şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti başa çatsa da, bu, onların səs verməsinə məhdudiyyət yaratmayacaq. Seçicilər həmin vəsiqə ilə məntəqəyə gedərək səsvermə hüququndan maneəsiz istifadə edə biləcəklər. 

Seçkiləri nə qədər müşahidəçi izləyəcək?

Milli Məclisə növbədənkənar seçkilərə həm daxili, həm də xarici maraq olduqca böyükdür. Bunu qeydiyyatdan keçən müşahidəçilərin sayı da təsdiqləyir. MSK-nın açıqladığı statistikaya əsasən, növbədənkənar parlament seçkilərini izləmək üçün 604 nəfər beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Onlardan 227 nəfəri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçiləridir. Bundan əlavə, seçkilərə qatılacaq siyasi qüvvələri və namizədləri təmsil edəcək 111 min 200-ə yaxın yerli müşahidəçi də qeydə alınıb. Onlardan 65 minə yaxını 25 siyasi partiyanı təmsil edir. 

Bu ərazilərdə 54 məntəqə fəaliyyət göstərəcək

Qeyd etdiyimiz kimi, budəfəki parlament seçkiləri ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərdə də təşkil olunacaq. Həmin ərazilərdə 54 seçki məntəqəsi fəaliyyət göstərəcək. Lakin bu, son hədd deyil. MSK sədri Məzahir Pənahov mətbuata açıqlamasında bildirib ki, Böyük Qayıdış prosesi genişləndirildikcə, məntəqələrin də sayı artırılacaq. İşğaldan azad edilmiş ərazilərdə ümumilikdə 42 mindən çox seçici səsvermə hüququndan istifadə edəcək. 

1 000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb

Hazırlıq prosesi dönəmində Milli Məclisə seçkilərdə aşkarlığın və şəffaflığın yüksək səviyyədə təmin olunması xüsusi diqqətdə saxlanılıb. Bu məqsədlə bütün ölkə coğrafiyasını əhatə edən 1 000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Veb-kameralar vasitəsilə seçki məntəqələrində səsvermə günü prosesləri hamı üçün açıq platformada canlı nümayiş etdiriləcək, maraqlı subyektlər seçki məntəqələrinə getmədən belə gün ərzində prosesləri əvvəldən axıradək fasiləsiz müşahidə imkanı qazanacaqlar. 

Fiziki məhdudiyyətlilər üçün yaradılan şərait

Səsvermə hüququndan bütün vətəndaşların yararlanmasını təmin etmək məqsədi ilə həssas qrupların, əlilliyi olan şəxslərin də səsvermə prosesində iştirakına şərait yaratmaq üçün müvafiq addımlar atılıb. Belə ki, 2 471 seçki məntəqəsində əlil vətəndaşlar üçün 2 471 pandus quraşdırılıb. Eyni zamanda, görmə qabiliyyətində müəyyən problemlər olan seçicilər üçün Brayl əlifbası ilə trafaret çap edilib. 125 trafaret hazırlanıb və istisnasız bütün seçki məntəqələrinə çatdırılıb. 

"Exit-poll"u onlar keçirəcək

Seçkilərdə "exit-poll" keçirəcək təşkilatların da adı artıq bəllidir. MSK-nın qərarına əsasən, bu hüquq bir neçə təşkilata verilib. Belə ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "ORACLE ADVISORY GROUP" (Amerika Birləşmiş Ştatları) təşkilatı ilə, "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birlikdə seçkilərdə “exit poll” keçirmək niyyətini ifadə edib. “Sosioloji Tədqiqatlar Mərkəzi”nin də "exit-poll"a bağlı müraciətinə müsbət cavab verilib.  

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Azad Əliyev

banner

Oxşar Xəbərlər