AZE | RUS | ENG |

Azərbaycan dövlətçiliyindən uzaq düşən radikal müxalifət

Azərbaycan dövlətçiliyindən uzaq düşən radikal müxalifət
Ekspertlərin fikrincə, ölkəmizə qarşı aparılan təxribat xarakterli kampaniyalarda radikal müxalifət öndə dayanır

Bir çox ölkələrin siyasi səhnəsində mövcud olan iqtidar və müxalifət düşərgəsi milli maraqlardan, dövlətçilikdən söhbət düşəndə, hər zaman birgə qərarlar qəbul edirlər. Bununla da dövlətin maraqlarını təmin etmiş olurlar. Misal üçün, qardaş Türkiyə. Türkiyədə dövləti təhdid edən məsələlərdə istər iqtidar, istərsə də müxalifət partiyaları bütün narazılıqları bir kənara qoyub bir yumruq kimi birləşərək vətən, millət mövqeyindən çıxış edirlər.
Lakin təəssüflər olsun ki, bunu Azərbaycanın siyasi səhnəsində görmək mümkün deyil. Çünki ölkədə fəaliyyət göstərən bir sıra müxalifət partiyaları öz maddi maraqlarına güc gələ bilmir, xaricdən aldıqları maliyyə hesabına emissarlarının tapşırıqlarını "layiqincə” yerinə yetirirlər. Bu azmış kimi, Azərbaycan dövlətinin maraqlarına qarşı da çıxış etməyi özlərinə "şərəf” və "borc” bilirlər. Radikal müxalifət düşərgəsi, təbii ki, öz qeyri-səmimi əməllərini demokratiya, insan haqları pərdəsi ilə ört-basdır etməyə çalışır. Elə bu günlərdə Ermənistanın Azərbaycana qarşı təhdidləri fonunda bunun bir daha şahidi olduq. Radikal müxalifət qanadında yer alan Milli Şura və bura daxil olan siyasi qurumların bir sıra rəhbərləri Paşinyanın sərsəm bəyanatlarına etiraz etmək əvəzinə, sosial şəbəkələrdə onun fikirlərini təkrarlamaqla mövcud təhdidləri dəstəkləmiş oldular. Məgər müxalif düşüncəli olmaq dövlətini düşmənə satmaq deməkdirmi? Əlbəttə ki, bütün faktlar göz qabağındadır və elə bu səbəbdən də Azərbaycan vətəndaşları radikal müxalif düşərgənin yanında yer almır. Bəs görəsən hansı səbəblərdən radikal müxalifət düşərgəsi Azərbaycan dövlətinə qarşı təhdidlər olanda, birlik nümayiş etdirmir?    
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirdi ki, ölkədə xaos, qarışıqlıq salmaq istəyən, sabitliyi pozmağa cəhd edən qüvvələrə müxalifət demək olmaz: "Onlar radikal müxalifət yox, anarxist qüvvələrdir. Əlbəttə ki, onların niyyəti Azərbaycanda qarşıdurma yaratmaqdır, sabitliyi pozmaqdır, dövlətimizin həm daxildə, həm də ölkədən kənarda nüfuzuna zərbə vurmaqdır. Bu cür insanların adının qarşısına istər radikal, istər konstruktiv qoymaqla "müxalifət” adlandırmaq, fikrimcə, doğru deyil. Çünki heç bir ölkədə müxalifətin hansı qanadında olmasından asılı olmayaraq, siyasi təşkilatlar dövlətə və dövlətçiliyə qarşı düşmən mövqeyi sərgiləmirlər. Başqa ölkələrdə dövlətçiliyə düşmən kəsilən qüvvələrlə bərabər olmurlar, o layihələrin içərisində yer almırlar. Ancaq Azərbaycanda anarxist qüvvələr bunun tamamilə əksini nümayiş etdirir”.
F.Ağamalı vurğuladı ki, Azərbaycan dövlətinə qarşı aparılan ən müxtəlif təxribat xarakterli, gözdənsalma kampaniyalarında anti-milli qüvvələrin içərisində radikal müxalifət öndə dayanır: "Bunlar sadəcə olaraq, pozucu və anarxist qüvvələrdir. Ona görə də hesab edirəm ki, belə qüvvələrin "radikal müxalifət” deyil, tamamilə başqa bir anlayışla ifadə olunması daha yaxşı olar. Çünki bu qüvvələrin müxalifətlə hər hansı bağlılığı yoxdur”. 
Yurddaş Partiyasının sədri Mais Səfərli bildirdi ki, bu gün Azərbaycanda müxalifət yeknəsəq deyil: "Müxalifət düşərgəsində normal düşüncəli, dövlətçilik mövqeyindən çıxış edən xeyli sayda qüvvələr var. Həm də belə konstruktiv müxalifət partiyalarının parlamentdə təmsil olunan və olunmayanı mövcuddur. Amma çox təəssüflər olsun ki, bir qrup radikal siyasi təşkilatlar həqiqətən də Azərbaycana qarşı təhdidlər olanda, dövlətin mövqeyini dəstəkləmir. Son dövrlər Ermənistan atəşkəsi ciddi şəkildə pozur və bununla bağlı da bu ölkənin siyasi rəhbərliyi ağzına gələni danışır. O cümlədən Paşinyan Dağlıq Qarabağla bağlı danışıqlardan qaçmaqla, çıxışları ilə sülh prosesinə zərbə vurur. Düşünürəm ki, bu kimi məsələlərdə siyasi partiyalar öz münasibətini bildirməlidir. Lakin radikal müxalifət dediyimiz düşərgə buna münasibət bildirmir, heç bunun şahidi də olmuruq. Bu ondan xəbər verir ki, həmin radikal müxalifət düşərgəsi yalnız öz maraqları üçün işləyir. Həm də ola bilsin ki, xaricdəki bəzi qüvvələrin maraqlarını təmin edirlər və elə ona görə də onların xoşuna gələn bəyanatları verirlər. Yəni, boğazdan yuxarı vətən, millət desələr də, görünən odur ki, birlik nümayiş etdirmirlər, iqtidarla birgə mövqe sərgiləmirlər. Bu da radikal müxalifət düşərgəsinin iç üzünü açıb Azərbaycan cəmiyyətinə göstərir. Məhz elə buna görədir ki, Azərbaycan cəmiyyəti radikal müxalifət düşərgəsindən üz döndərib. Onların atdığı səhv addımlar ölkə vətəndaşları tərəfindən dəstəklənmir. Buna ən yaxşı nümunə kimi ölkədə keçirilən seçkilərdə radikal müxalifətin fiaskoya uğramasını göstərmək olar. Radikal siyasi düşərgə bütün seçkiləri uduza-uduza gəlib. Bu nəyin göstəricisidir? Azərbaycan seçiciləri onlara məhz bu mövqeyinə görə dəstək vermir və demək olar ki, radikal müxalifətin ətrafında çevrə daralır. Hesab edirəm ki, radikal müxalifət düşərgəsinin bugünkü acınacaqlı durumu məhz ölkə vətəndaşlarının onlara inamının itməsi ilə bağlıdır”.
M.Səfərlinin fikrincə, aparılan təhlillər onu göstərir ki, radikal müxalifət düşərgəsi xaricdəki müəyyən qüvvələrlə əlaqəlidir: "O cümlədən xaricdəki müəyyən dairələrin, misal üçün, Soros Fondunun və başqalarının maraqlarını təmin edirlər. Qeyd etdiyim Soros Fondu elə ermənipərəst qüvvədir. Bildiyimiz kimi, bu fond demokratiya, insan haqları, söz azadlığı adı altında ölkələrin siyasi həyatına daxil olub, onu nəzarətdə saxlamaq istəyir. Hətta bir çox məsələlərdə bu fond ermənilərin mövqeyindən çıxış edir. Radikal müxalifət düşərgəsinin də bu cür fondlarla əlaqəsi var və aparılan təhlillər bunu inkar etmir. Hesab edirəm ki, bu, hüquq-mühafizə orqanlarının səlahiyyətində olan məsələdir və ciddi şəkildə araşdırılmalıdır”.
 
AZAD       

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8722
GEL 1 1 Gürcüstan larisi 0.5762
GBP 1 1 İngiltərə funt sterlinqi 2.111
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1761
CHF 1 1 İsveçrə frankı 1.714
KWD 1 1 Küveyt dinarı 5.5927
TRY 1 1 Türkiyə lirəsi 0.2967