• çərşənbə axşamı, 16 aprel, 17:15
  • Baku Bakı 19°C

Ayrılıq ağrısı ilə yazılan sətirlər...

01.06.15 10:58 3693
Ayrılıq ağrısı ilə yazılan sətirlər...
Hər eşq sonsuza qədər getmir. Hətta hər eşqin yolu vüsaldan keçəcək deyə də bir sığorta yoxdur. Amma uzun zaman könül bağı qurduğumuz insanlarla yolları ayıranda da bunu könül qırıqlığı yaşatmadan etməyin yolunu tapmaq lazımdır. Əgər ayrılıq qaçılmazdırsa, bunun ən az yara ilə keçiləcək yolunu tapmalı oluruq. Bəs bu yolları kimdən öyrənməli?! Ədəbiyyatda sizə həm örnək olacaq, həm də, sadəcə, dərin zövq alaraq oxuyacağınız ayrılıq məktubları saysız-hesabsızdır. Uzun illər danışılan, əfsanəyə çevrilən məhəbbət macəraları ilə tanınan yazıçıların ayrılıq məktubları heç də eşq məktublarından geri qalmır. Əslində bu məktublar bir az da oxucuya yol göstərir, qarşımızdakını incitməmək, bir yerdə zamanın təəssüf və göz yaşı ilə xatırlanmaması üçün lazım olan sözlərlə təmin edir...
“Mənə ürəyimi geri ver...”
Simona de Bovuardan Nelson Olqrenə, 1950-ci il

Simona de Bovuar və Nelson Olqren 1947-ci ildə Çikaqoda tanış olurlar. Bir müddət bir yerdə olsalar da, sonralar cütlük münasibətlərini uzaqdan da olsa, məktubların köməyi ilə davam etdirir. Ancaq Olqren üçün sevdiyi qadından uzaqda qalmaq, məktublarla qane olmaq çətin idi. Simonanı tez-tez görmək, ona yaxın olmaq istəyirdi. Olqrenin məktublarındakı soyuqluq artdıqca vəziyyətdən narahat olan Simona görüş üçün sevgilisinin Paris səfəri təklifini qəbul edir. Aşağıda təqdim edəcəyimiz məktubu xanım Bovuar Paris səfərindən qayıdarkən yolda yazıb. Nelsonun gözlənilməz və anlaşılmaz soyuqluğu və çəkingənliyi Simonanı ayrılıq qərarına vadar edir.
“Soyuqqanlı hikkədən çox quru bir kədər var içimdə, qəribə hisslərdir. Bu qədər ağrı hiss etməyimə baxmayaraq, gözlərim belə dolmadı, onlar da qupqurudur. Təkcə ürəyim titrək, yumşaq, laxtalanıb-parçalanmağa hazır vəziyyətdədir.
Deyəsən, kədərli də deyiləm, yəni özümü belə pis hiss etmirəm. Daha çox təəccüb və heyrət içindəyəm, mənə bu qədər uzaq ikən eyni zamanda necə bu qədər yaxın, doğma ola bilmisən. Buna təəccübləndim. Ayrılmadan sənə iki şey demək istəyirəm və bir də əsla bu mövzuda danışmayacam, bu məsələyə qayıtmayacağam, söz verirəm. Birincisi, səni bir gün nə zamansa yenidən görməyi çox istəyirəm, ümid edirəm ki, bu çox arzulanan görüş bir gün baş tutar, çünki buna ehtiyacım var. Amma bunu da unutma, bir də əsla səndən görüşmək tələb etməyəcək, səni görmək istədiyimi deməyəcəm. Bunun səbəbi qürur deyil, onsuz da bilirsən ki, səni tanıyandan qürurumu unutmuşam, ancaq sən istədiyin və mən bu istəyin şiddətli olduğunu hiss elədiyim zaman görüşümüz baş tutar. Yəni mən gözləyəcəyəm. Əgər məni yenidən görmək istəsən, bunu yazmağın kifayətdir.
Sevgini itirdim, uduzdum bəlkə də, amma səni itirmək istəmirəm. Necə etdin, necə oldu bilmirəm, mənə o qədər çox şey öyrətdin, o qədər zənginləşdirdin ki, bunları sənə geri qaytarmaq mümkün deyil. Qayğıkeşliyin və əvəzolunmaz dostluğun mənim üçün çox dəyərli idi, buna görə sənə hələ də minnətdaram, xoşbəxt günlərim üçün də. Bunu demk mənə çətindir, bəlkə də utancvericidir, amma səni özümü artıq məni istəməyən qollarına düşünmədən buraxdığım an nə qədər sevirdimsə, hələ də o qədər sevirəm. Amma bunu üzərində bir təzyiq vasitəsi kimi, ya da çiyninə məsuliyyət yüklənməsi kimi qəbul etmə. Bir də heç vaxt mənə yazmaq məcburiyyətində hiss etdiyin üçün, cavab verməli olduğun üçün məktub yazma. Yalnız ürəyin həqiqətən mənə nəsə danışmaq istəyəndə yaz və nə yazırsan yaz, məni xoşbəxt etdiyini bil.
Nəsə, artıq sözlər çox səfehcə səslənir. Mənə çox yaxın idin, sənə yaxınlaşmağıma icazə ver. Əgər bu mümkün deyilsə, xahiş edirəm, mənə ürəyimi geri ver.
Sənin Simonan
“Dərin kədər və heyrət içindəyəm”
Edit Vartondan Morton Fullertona, 1910-cu il

Amerikanın Pulitzer mükafatlı yazarı, qısa hekayənin uğurlu müəlliflərindən olan xanım Varton və amerikalı jurnalist, publisist Fullerton 1907-1908-ci illər arasında ciddi və hamının həsəd və heyranlıqla baxdığı bir münasibət yaşayır. Ancaq Harvard Universiteti və “The Times” qəzetində işləyən Fullertonun məhəbbəti Editi İngiltərədə saxlaya bilmir. Xanım Varton Amerikaya qayıtdıqdan sonra Fullertonun məktubları seyrəlməyə başlayır. 1909-cu ildə Edit sevgilsinin başqa bir qadınla birlikdə olduğunu öyrənir. Xəbərdən tam əmin olduqdan sonra isə bu məktub yazılır.
“Tez-tez dediyin kimi “əsəbi” olduğumu düşünmə. Sadəcə, kəlmələrlə ifadə edə bilməyəcəyimdən əmin olduğum dərin kədər və heyrət içindəyəm. Belə davam etməyə razı olacağımı düşünürsənsə, yanılırsan!
Bura geri qayıdanda heç olmasa aradabir səndən xəbər alacağımı düşünmüşdüm. Amma sən hər gün yazdın, durmadan, üç il əvvəl yazdığın məktublar kimi! Məhz bu məktublar məni sənə geri yazmağa, bizi düşünməyə vadar etdi, düşündüm ki, qəlbimdən keçənləri bilmək və bunlarla bir-birimizə bağlı qalaq istəyirsən!
Sonra isə qəfildən nə bir səs gəldi, nə nəfəs. Üç gün keçdi, səndən bir sətir də gəlməyib. İçində heç ölməyəcək bir duyğuya söykənmək, sığınmaq istəyirəm, gözəl və sadiq bir dostluğa heç olmasa! Ən azından o zaman həyatındakı bu ani dəyişikliyə dözə bilərəm, yaza bilərəm, həyatımı yoluna sala bilərəm. Nə istədiyimi, kim olduğumu bilmirəm!
Mənə məşuqənə yazırmış kimi yazırdın, yoxsa sıradan bir adama yazırmış kimi? O məktubların müəllifi sənsən, ya da mən kiməm? Sıravi insan olmadığım aydındır, bir dosta yazırmış kimi də yazmamışdın onları. Deyəsən, dost da ola bilməyəcəyik heç. Həyatım səni tanımadan əvvəl daha yaxşıydı. Bu xəbər onsuz da sürünməklə keçən bir il üçün ağır bir son oldu.
E.V.
“Həyatını cəhənnəmə çevirmək istəmirəm”
Virciniya Vulfdan həyat yoldaşı Leonard Vulfa, 1942-ci il

Əslində bu məktub ayrılıq məktubu yox, vida məktubu hesab edilir. Yəni buradakı “ayrılıq” sözünün mənası bir xeyli dəyişir. Çünki bu məktub şairənin ölümündən, daha doğrusu, intiharından az müəddət öncə yazılıb. Məktub təkcə həyat yoldaşından yox, həyatdan, özündən, artıq dözmədiyi, mütəmadi dəyişən ruhi vəziyyətindən, ədəbiyyatdan ayrılıq məktubudur.
Ümidim,
Yenə o dözülməz vəziyyətlərimə qayıtdığımı, yavaş-yavaş idarə edilə bilməyən insana çevrildiyimi hiss edirəm. Onu da bilirəm ki, bu dəfə bu bərbad günlərdən, o əzablardan sağ çıxa bilməyəcəyəm. Bilirəm ki, bu dəfə mənim üçün sağalmaq ehtimalı yoxdur, yaxşılaşmayacağam. Artıq o qarışıq səslər beynimin içini zəbt edib, özümü işimə də cəmləşdirə bilmirəm. Buna görə də mənim vəziyyətimdəki bir adamın edə biləcəyi ən yaxşı şeyi etməyə qərar vermişəm. Sən mənə cəsur və ürəkli bir insanın xəstə və tükənmiş bir qadına yaşada biləcəyi ən böyük xoşbəxtlikləri yaşatdın, mən həyatın dadına baxdım. Hər baxımdan məni xoşbəxt etməyin öhdəsindən layiqincə gəldin. Bu xəstəlik yaxamdan yapışana kimi iki insanın bir yerdə ola biləcəyi qədər xoşbəxt olduq, iki insanın bir yerdə yaşaya biləcəyi bütün o gözəl duyğuları yaşadıq. Amma səninlə xoşbəxt olmaq ehtimalı da ölür yavaş-yavaş, mənim artıq mübarizə edəcək gücüm qalmayıb. Bu təkcə öz həyatımdan əl üzmək qərarı deyil, sənin də həyatını məhv edirəm, bilirəm. Amma sənin sağalmaq ehtimalın var, çünki məndən sonra yeni bir yol var, davam edən bir həyat var. Həyatına davam edəcəksən, bilirəm. Oxuyanda görəcəksən, hətta bu məktubu belə yaza bilmirəm...
Əslində sənə bircə şey demək istəyirəm – mən həyatımdakı bütün xoşbəxt anları sənə borcluyam, bu həyat üçün sənə minnətdaram. Mənə qarşı hər zaman çox qayğıkeş, hər nə olursa-olsun, ən yaxın dəstəkçi idin, niyyəti təmiz adam idin. Bunu təkcə mən demirəm, hamı bilir. Əminəm ki, həyatımı ikinci dəfə xilas etmək imkanı olsaydı, məni xilas edən adam yenə sən olardın. Mən hər şeyimi itirdim, əlimdə qalan xeyirxah bir sən idin, etdiyin bütün yaxşılıqlar mənimlə qalacaq. Həyatını cəhənnəmə çevirmək istəmirəm. İnanmıram ki, dünyada kimsə bizim olduğumuz qədər xoşbəxt ola bilər...
Vircin
banner

Oxşar Xəbərlər