Akutaqava Rünöskenin “cəhənnəm”i

Yapon
ədəbiyyatı ilə ilk tanışlığım ötən əsrin 90-cı illərində Yukio Misimanın
"Xəzər” jurnalında dərc edilmiş "Vətənpərvərlik” novellası ilə başlayıb. Şeirdə
hayku, nəsrdə novella bütün zamanlarda yapon ədəbiyyatında aparıcı mövqe tutub.
İstər Misimanın, istərsə də digər yapon yazıçılarının əsərlərində mənsub olduğu
xalqın ruhu, mübarizə əzmi, mənəvi dünyası qabarıq şəkildə öz əksini tapıb.
"Vətənpərvərlik” novellası bunun ən gözəl nümunəsidir.
Fərdin ideallarına
önəm verən idealistlərdən, onun cinsəl duyğularını, həzzə bağlı yaşamını önə
çəkən estetiklərdən fərqli olaraq ötən əsrin əvvəllərində yaranan yapon nəsri
insanın mənəvi iztirablarına, ruhuna xitab etdi. Haqqında yazacağımız Akutaqava
Rünöske məhz belə yazıçılardan idi. Amerika və Avropa onu ölümündən sonra kəşf
etdi. O, həyatıyla da, ölümüylə də bir ədəbiyyat əfsanəsi idi. İnsanın iç
dünyasına nüfuz edən, yadlaşma duyğusunu incələyən novellaları onu əhatə edən
mənəvi iqlimdən yaranmışdı və o, tənhalaşdıqca daha çox yazmış, yazdıqca
həyatdan bir az da ayrı düşmüşdü. Yaradıcılığı tənhalıqla hesablaşmanın məhsulu
idi. Həyata qarşı bu uzaqlıq, bu yadlıq onun qəhrəmanlarına, insanın pisliyə
meyl etməsinə qarşı soyuqqanlı bir məsafədən baxa bilməsinə və onun
mahiyyətindəki şəri sarsıdıcı təsvirlərlə qələmə almasına yardımçı olan əsas
vasitələrdəndir. Rünöskenin novellaları insana yeni baxış bucağı qazandırır,
onun mənəvi dünyasının üfüqlərini genişləndirir. Bu qısa rəvayətlər insanın
ruhunda iz buraxır. Qurğusu, xarakterləri və atmosferi etibarilə həm də hekayə
ustalığına yiyələnməyin yollarını öyrədir.
Məşhur
"Rasyomon darvazası” novellası ağası tərəfindən qovulmuş nökərin yağışlı gecədə
bu darvazanın altına sığınıb yağışın kəsməsini gözləməsi ilə başlayır. Rasyomon
sözünün yaponca mənası qala, "şəhər qapıs” deməkdir və Rünöske bu məkanı
rəzalətin qapısı, insanlıq sifətini itirmiş məxluqların sığındığı məkan kimi
simvolizə edir. Oğrular, quldurlar bu məkana sığınır, hətta sahibsiz meyitləri
də gətirib bura atırlar. Nökər bu darvazanın altında düşüncələrə dalır, düşdüyü
vəziyyətdən çıxış yolu axtarır. Ayaqları onu darvazanın qülləsinə doğru çəkib
aparır və orda gördüyü rəzalət nökərin qəlbindəki iynə ucu boyda işığı da udur.
Döşəməyə
sancılmış şam işığında bir qarı meyitin başındakı tükləri qoparırdı. "Burdakı
meyitlərin hamısı buna layiqdir”. Qarı öz əməlinə belə haqq qazandırır. Başının
tükünü yolduğu meyit canlı ikən ilanları qurudub quru balıq adıyla saray
keşikçilərinə satırmış. Bunu etməsəydi, acından öləcəkdi. Qarı da acından
ölməmək üçün meyitə daraşıb; yoluşdurduğu tüklərdən parik düzəldib satacaqdı.
Axı nökər də aclığın amansız cəngində qıvrılır, bəs o, nə etməlidir? "Onda mən
də səni soysam, gileylənmə, yoxsa gərək mən də acından öləm”. Və nökər qarının
əynindəki kimononu dartıb çıxarır və qülləni tərk edib qaranlığa qarışır.
Nökərin ətrafında işıq yoxdur, hər yer qaranlığa bürünüb, onun içindəki insanı,
yatmış vicdanı oyadacaq bir zərrə belə gözə dəymir. Yazıçı özünü bu labüd
amansızlığın qarşısında uşaq kimi köməksiz, müdafiəsiz hiss edir. Onun
qəhrəmanları tənhalığın qurbanlarıdır.
Hər bir xalqın
özünəməxsus psixologiyası, dəyişməyən cizgiləri var. Bunlar anatomik növlər
kimi, heç vaxt dəyişilməyən xüsusiyyətlərdir. Yapon düşüncə tərzi kütlə
ruhundan xalq ruhuna keçənə qədər uzun bir inkişaf mərhələsi keçib. Bu mənada
Rünöskenin yaradıcılığını dünya ədəbiyyatı kontekstində təhlil etmək bir qədər
çətindir. Onun ədəbi platforması əcdadlarından gələn tarixi ənənəyə söykənir.
Bu novellalarda mifoloji (Nara dövrü) dünyagörüş, estetik dünyagörüş (Heian
dövrü), dini (Kamakura dövrü) və rasional (Muromaçi dövrü) dünyagörüşləri
qovuşur. Onun obrazları meditasiya vasitəsilə mələklərlə görüşür, ruhları
görürlər. Lotos gölünün sahilində dayanan Budda ("Hörümçək sapı”) cəhənnəmin
dibində qaynaşan insanları görür.
Yazıçının az
qala, bütün novellaları qədim mətnlərdən, mifoloji süjetlərdən iqtibas edilib.
Bu mətnlərin də kökündə Çin-Buddizm
fəlsəfəsi dayanır. Bu da yapon mədəniyyətinə Çin sivilizasiyasının ciddi
təsiriylə bağlıdır. Buddizm fəlsəfi baxışının ədəbi mətnlər vasitəsilə təbliği
yaponlar üçün təcrübəvi səciyyə daşıyırdı. İnsan ruhunun meditativ üsullarla
təmizlənməsini, həyatdakı ağrı və iztirablardan xilas olmağın yeganə yolunu
buddizmdə görən yapon mütəfəkkirləri bu təlimin əsaslarını özlərinin də yaşam
tərzinə çevirmişdilər.
Akutaqava
Rünöskenin qəhrəmanları özlərinə fanilik hissini aşılamış, dünya nemətlərinə
arxa çevirmiş sadə adamlardır. Onların qəddarlığında da bir tərkidünyalıq var.
Tənhalığın cəhənnəmində dolaşan nəfsinə yenik düşmüş rahib də, cəhənnəm
mənzərəsini çəkməkdən ötrü doğma qızını belə qurban verən rəssam Yosixide də
daxilən üsyankar təbiətə malikdirlər, onlar insanın ruhunu əzən gücə qarşı
sarsılmaz iradə nümayiş etdirirlər. Şər qüvvələrdən qorunmaq üçün onlar
əcdadlarının ovsunçuluq instinktindən istifadə edirlər. Yosixide rəssam olsa da
mahir bir ovsunçu idi və elə buna görə də əlahəzrətin sarayında canlı cəhənnəm
"karnaval”ı (qızının ölümü bahasına olsa belə!) təşkil etməyi bacardı. Yazıçı
bu əsərində insanı varlıq içində Tanrının yerində qoyur. Yosixide özünü
fövqəlgüc hesab edir. Rünesko yaradıcılığı sanki Buddanın ideyalarına
adaptasiya tunelidir.
"Magiyanın
möcüzələri” hekayəsində Misra-kun adlı bir sehrkar öz şagirdinə ocaqdakı közü
mirvariyə çevirməyin sirrini öyrədir. Lakin şagirdi bu sirlərə vaqif olandan
sonra içindəki şeytan onu qumara sürükləyir, nəfs qalib gəlir. O, bu qeyri-adi
qabiliyyətdən məhrum olur. Nəfsinə məğlub olanları Rüneskönun cəhənnəmi
gözləyir.
Qədim
yaponların mədəniyyətini mifoloji mədəniyyət adlandırsaq, bu mədəniyyətin
qaynağı şintoizmə gedib çıxır. Şinto bütöv bir epoxanın rəmzidir, şintoizm
"Allahların yolu” mənasında işlənir. Rünöskenin yaradıcılığında bu, həm də
insanların yolu anlamına gəlir. Yaponlar mifologiyanı din kimi qəbul edirlər və
mifoloji təfəkkür onların yaşam tərzini müəyyən edir. Rüneskönün novellalarında
bu təfəkkür mütəhərrikdir, obrazlar həyata mifoloji üsullarla reaksiya versələr
də rasionallıqla irrasionallığın sərhədində qovuşurlar. Bu novellalarda çox
vaxt magiya fon rolunu oynayır, onun üzərində insanların taleyi əks olunur. Bu
novellaları təhlil etməyə ehtiyac yoxdur, oxuyan mütləq nəsə əxz edəcək, içinə
bir işıq toxumu düşəcək, bir az da müdrikləşəcək.
Ruhi
sarsıntılar onun mənəvi gücünü tükətdi və sonda yüksək dozada yuxu dərmanı
qəbul edib həyatına son qoydu. Amma o, uzaq gələcəkdəki oxucularını təsəvvür
edirdi və inanırdı ki, "bu oxucunun qəlbində dumanlı şəkildə, xəyal kimi bir
obrazı canlanacaq”. O, ruhən zəif insan idimi? Özü belə yazırdı:
"Mən anlayıram
ki, ağıllı adamlar mənim bu axmaqlığıma güləcəklər. Elə mən özüm də gülməyi
bacarıram, bu məsələdə heç kimdən geri qalmıram. Ancaq axmaqlığıma güləndə də
bu axmaqlıqdan dördəlli yapışan ruhi zəifliyimə görə özümə yazığım gəlir.
Özümlə birgə digər ruhən zəif insanlara da yazığım gəlir...”
A.Rüneskö
yapon ədəbiyyatının sehrbazıdır, onun yazdığı novellalar insanları həmişə
sehrləyəcək və eyni zamanda düşündürəcək, saflaşdıracaq; Budda kimi.
Kənan Hacı
