Ailə dostu Rasputin

...Onlar bir az
əvvəl Bayraq Meydanı tərəfdəki restoranlardan birində tanış olmuşdular...
Gənc Qadın yanar
od üstündə qaymaqlı türk paxlavası sifariş edib iri dəsgahın ətrafına düzülmüş
rəngli şamları yandırmağa çalışırdı və bunu bacarmadığını anlayıb çəkinmədən
qonşu masada kofe içən Tobidən kömək istəmişdi.
Qadın durmadan
danışırdı. Tobini masasına dəvət edib ondan nəsə
istəyib-istəmədiyini soruşmadan darçınlı çay da sifariş etdi və bu paxlavanı dadmaq
üçün xüsusi olaraq Moskvadan buraya gəldiyini söylədi. Əlbəttə, Moskvanın
havası zəhrimardı, orada niyə yaşayasan ki, amma o geniş küçələr, ormanlar,
qaynar həyat, buraya gələn kimi geri çağırır.
Beləliklə, bircə
saatın içində bu yaraşıqlı, baxımlı gənc Qadın qarşısındakı orta yaşlı, çal
saqqallı, sakit təbiətli Tobiyə ətrafında baş verən hər şeyi danışdı. Məsələn,
təhsil: burda təhsil var ki, ya da Rusiyada? Bacısı Danimarkada yaşayır, bax
təhsil ordadı, gəzəməyə isə Türkiyə yaxşıdır, xüsusilə də İzmir, bir bacısı da
orada ərdədir.
Amma Tobi fikir
verdi ki, paxlava yeyilib qurtardıqca və altındakı közlər sönməyə başladıqca
gənc Qadının da çılğınlığı keçır, üzünə kədər və qayğı çökməyə başlayır.
-Qızım sözümə
baxmır, atasından gizlin rəqsə getmək istəyir.
-Buraxın getsin
- deyə, Tobi gülümsündü.
-Atası
rayonludu, qısqancdı, hələ mən ondan gizlin idmana gedirəm, bilsə...
Qadın bərkdən
güldü. Tobi isə həyəcanlandı:
-Niyə gizlin?
-Bilirsiz...
bir-iki ildən sonra mən əlil arabasında olacam...
-Nə mənada?
-İdmanı həkim
məsləhət görüb. Xəstəliyimi də sizdən başqa bilən yoxdu, - Gənc qadın ərklə
Tobinin gözlərinə baxır, qımışırdı, - Bura gələndə xeyli piyada gəzdim, fikir
verdim, şəhərdə əllil arabaları üçün çığırlar düzəldirlər. Bu çox yaxşıdı...
Tobi
qıcıqlanırdı. Ətrafa boylandı, qolundakı saatını, gümüş, ağac və müxtəlif
daşlardan hazırlanmış bilərziklərini qurdaladı. Çallaşan saqqalını tumarladı, boynuna doladığı nazik,
uzun şərfini düzəltdi. Hesabı ödəyib
getmək istədi. Məlum oldu ki, gənc Qadın necəsə hesabı ödəyibmiş. Üstəlik,
onunla bircə saat bulvarda gəzişərək söhbət etmək istədiyini də söylədi...
Restorandan
çıxdılar. Bayraq Meydanının ətrafındakı bulvar ərazisindən üzü şərqə
gedirdilər...
Qadın bircə
ondan narahat idi ki, əlil olsa arabasını buralarda asanlıqla özü idarə edə
biləcəkmi? Amma niyə əlil olacağını demirdi. Hə, bir də, on üç yaşlı qızı
onunla Bakıya dönəcəkmi? Əlbəttə dönməyəcək.
Tobi
razılaşmadı:
-Uşağın
əvəzindən danışmayın. Axı bilmirsiz o özünü necə aparacaq. Hələ əriniz, onu
orda qoyub gələcəkmi?
-Axı o pul
qazanmalıdır, məndən olsa o da orda bir rus qızı tapar, evlənər, işinin başında
qalsın yəni...
Qadın bu sözləri
tələskənliklə, deklorasiya oxuyurmuş kimi deyir, təngənəfəs olur, səsi
titrəyirdi...
Tobi dayandı.
Qadın isə danışa-danışa yoluna davam edirdi. Axırı susdu. Tobi bir az arxada
qalsa da gənc Qadının susduğunu görüb onun qızı barədə danışmağa başladı. Və
bayaqdan qoruduğu təmkinini pozaraq bu yaşda qızların psixikasında baş verən üzüntüləri
səhmanlamağın zəruri olduğunu əsaslandırmağa çalışdı. Tövsiyyələr verdi,
kitablar siyahısı sadaladı, dedi ki əgər qız bu kitabları ardıcıl oxusa daha
tez yaxşı tərəfə dəyişəcək, həlimləşəcək, insanlaşacaq... Hətta Bakıya gələrsə
Tobi onunla dostluq edə biləcəyini, mühitə uyğunlaşma dərsləri və milli köklərə
bağlılığa dair mühazirələr oxuyacağını söylədi. Tobi israrla danışırdı.
Qadın dayandı və
Tobinin üzünə baxıb həvəslə soruşdu:
-Ailəvi dost
olarıq hə?
-Əlbəttə!
Tobi eyni
həvəslə cavab verdi.
Gənc Qadın üzünü
kənara çevirdi, dənizə baxdı, acı
gülümsündü. Sakitcə dönüb irəli getdi, gödəkcəsinin cibindəki əllərini
çıxarmadan dirsəklərini tez-tez yanlarına vuraraq söyləndi:
-Ailə dostu
Rasputin!
Tobi yerində
dondu. Bu atmacadan çaş-baş qaldı. Hətta geri dönüb sağollaşmadan uzaqlaşmaq
üçün qanrıldı da...
Amma gözünün bir
qırağıyla Qadının qəfil səndələdiyini sezdi. Tobi ona tərəf cumdu. Qadın az
qala bulvarı dənizdən ayıran dəmir
məhəccərə çırpılacaqdı. Yerə yıxıldı. Məhəccərin o üzündə isə köpüklü dalğa
olaydan gizlənirmiş kimi beton enişin üzərində ağ şırımlar buraxaraq dənizə
qaçırdı. Tobi özünü itirmişdi. Yerdə balıq kimi çırpınan Qadına necə yardım
edəcəyini bilmirdi. Və necəsə, bir andaca bu xırda, nazik sür-sümüklü Qadın
Tobinin güclü qolları arasında çırpınaraq onun bədənini qapı kimi döyəcləyirdi.
Tobi ətrafa baxdı, gec olduğundan kimsə gözə dəymirdi. Tobiyə elə gəldi ki,
uzun bir zaman keçdi, əslində isə az sonra Qadın özünə gəlmişdi.Onu yerə
oturtdu:
-Allah kəssin! -
Qadın oturduğu yerdəcə üst-başını təmizləməyə başladı, təzədən gözləri qaraldı,
süstləşdi və başını məhəccərə söykəyib gözlərini yumdu, gülümsündü.
Tobi birdən başa
düşdü ki, bu naməhrəm gənc Qadın onun əllərindən bərk-bərk yapışıb. Qorxdu,
üşündü. "Semaşko" xəstəxanasının soyuq koridorlarında o baş-bu başa
qaçan həkimləri təsəvvür edirdi.
-Siz kimsiniz?-
deyə Qadın təəccüblə soruşdu.
Tobi çaşıb
qalmışdı. Bir anlıq dili tutuldu. Amma içinə bir fərəh gəldi - yaddaşı pozulub!
Gülümsəyərək cavab verdi:
- Adım Tapdıqdı.
Yanınızdan keçirdim, gördüm yıxıldınız...
Qadın azacıq
dikəlib Tobinin əlini buraxdı və ayağa qalxmaq istəsə də fikrini dəyişdi,
dərindən nəfəs aldı, toparlanmaq üçün bir az da gözləmək qərarına gəldi. Üz-üzə
olsalar da Tobiyə baxmadan deyinməyə başladı:
-Çılğınlığımdan
zəhləm gedir ey, nifrət edirəm. Axırıma çıxıb! Bilirsiz, mən bütün ağrılarımı
bitdə-bitdə xatırlayıram. Ta ağlım kəsəndən bu yana elə bir ağrım yoxdu onu
xatırlamayım, - Qadın qəhərləndi, gözündən bir damla yaş axdı, onu da çeçələ
barmağının ucuna alıb ovcunun içinə ötürdü, - Dəqiq xatırladığım ən yaxşı şey
ağrılarımdı, bircəsini də unuda
bilmərəm, dəqiq ee, dəqiq, bütün xırdalığına qədər yadımdadı... Ona görə də
təzə ağrıları dərhal tanıya bilirəm. Qızımın, ərimin üzünü xatırlamaya bilərəm,
amma ağrının təzə-köhnəsini bilirəm...
Söhbətin bu cür
dəyişməsi və uzanması Tobini qıcıqlandırdı. Hətta utanmasaydı elə buradaca, bu
halda Qadını buraxıb qaçardı.
Tobinin ürəyi
sıxıldı, nəsə bir təhlükə hiss edirdi. Yadına düşdü ki, ətraf təhlükəsizlik
kameraları ilə doludur. Hələ qadın ağlamağa başladısa, bu da bir həngamə. Amma
Qadın o bir damla yaşla da bitirdi. Tobiyə isə elə gəldi ki, o bir damla yaş
Qadının gözündən deyil, kəhrizdən çıxmışdı, ovucuna girərək təzədən kəhrizə
qayıtdı və yeraltı çaylara qovuşaraq gizlinlərə axıb getdi.
-Siz gedin
vallah. Narahat olmayın!
Qadın Tobinin
gözlərinə baxırmış. Baxışlarıyla Tobinin qorxaqlığını, özünü burdan keçən
birisi kimi təqdim etmək cəhdlərini anlamağa çalışdığını demək istəsə də
təmkinlə susurdu. Tobi gözlərini gizlətməyə çalışdı və qızardı.
Bayaqkı gənc
Qadından əsər-əlamət qalmamışdı. Tamam qocalmış, birçəkləri buruxlanıb üzünə
dağılmışdı:
-...axı mən
burdakı evlərimizi kirayə verməyə gəlmişdim...
Qadın bu sözləri
Tobiyə deyil, dənizə deyirmiş kimi geri qanrıldı.
-Təcili yardım
çağırım? - deyə Tobi çaşqın halda ətrafa boylandı. Əslində isə Tobi taksi
çağırmaq istəyirdi.
-Yox, nə
danışırsız?
Qadın Tobinin
ifrat narahatlığını hiss edib güclə ayağa qalxdı və yeriməyə başladı. Arada
müvazinətini saxlamaq üçün ondan yapışdı. Və cib telefonunu çıxarıb taksi
sifariş etdi.
Gecə yarıya az
qalırdı, şəhərin işıqları isə sayrışırdı. Dinməzcə taksini gözlədilər.
Tobi içindəki
qorxu və üzündəki saxta hərəkətlərlə onu taksiyədək ötürdu, hətta arxa qapını
açıb sonra da ehmallıca örtdü və Qadını ədəblə yola salmağa çalışdı.
Taksi uzaqlaşdı.
Tobinin urəyinə
bir fərəh, canına bir hərarət gəldi. Saqqalını qaşıdı, yerə baxıb gülümsündü.
Kiçik mənzilini, eyvanda bəslədiyi çicəklərini, isti döşəmədə mürgüləyən
pişiyini xatırladı. Və ailə dostu olmağa can atmasından bərk utandığının
ağrısını keçirtdi, ətrafa boylandı. Öz
özünə deyindi:
-Ailə dostu
Ras-Putin!
29.10.2018, Mərədəkan