ABŞ-ni aciz qoyan yanğınlar
ABŞ öz tarixinin ən dəhşətli meşə yanğınlarından biri ilə üz-üzədir. Yanğının vurduğu zərər rekord həddədir. Dəyən iqtisadi zərər təxminən 135-150 milyard dollar təşkil edə bilər.
ABŞ ölkə ərazisində tüğyan edən yanğınların əlində aciz qalıb. Bu vaxta qədər qeydə alınan ən böyük meşə yanğınları kimi dəyərləndirilən fəlakətin miqyası isə dəhşətvericidir. Kaliforniya ştatında, Los-Anceles ətrafında onminlərlə mülk, minlərlə hektar ərazi tamamilə külə dönüb.
Los Ancelesdəki Baş konsulluğumuz evakuasiya edilib
Kaliforniyada davam edən yanğınlar səbəbilə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər həyata keçirir. Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib. O qeyd edib ki, yanvarın 7-dən Los Anceles şəhərinin qərbində başlamış yanğınlarla əlaqədar, Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna məxsus sosial media hesablarında xəbərdarlıq elanı və təcili əlaqə nömrəsi yerləşdirilib: "Həmçinin vətəndaşların yanğınlarla bağlı məlumat əldə etmələri və təhlükəsizlik təlimatı ilə tanış olmaları üçün müvafiq internet səhifəsinə keçid linki paylaşılıb".
Yanğınlar səbəbindən Azərbaycanın Los Ancelesdəki Baş konsulluğunun yerləşdiyi bina da müvəqqəti olaraq evakuasiya edilib.
Sakinlərə səhvən təxliyə bildirişləri göndərilib
ABŞ federal hökumətinin, ştat rəhbərliyinin səriştəsiz idarəçiliyi isə yanğının miqyasının böyüməsinin, dəyən ziyanın miqdarının artmasının əsas səbəblərindən biri kimi göstərilir.
Belə ki, Kaliforniyada davam edən yanğınlar fonunda Los Anceles dairəsinin sakinlərinə səhvən təxliyə bildirişləri göndərilib. Bu barədə dairənin fövqəladə hallar idarəsinin direktoru Kevin Makqouen məlumat verib. Direktorun sözlərinə görə, xəbərdarlıq yalnız Kalabasas və Aqura-Hillz şəhərlərinin sakinləri, həmçinin Los Anceləsin Uest-Hillz rayonunda olanlar üçün nəzərdə tutulub.
"ABŞ-nin ən yaxşı və gözəl əraziləri yanır"
Bu cür kuryoz hadisənin baş verməsi isə həm yerli sakinləri, həm də hökumətin rəqiblərini qəzəbləndirib.
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Los-Ancelesdəki güclü yanğınlar fonunda Kaliforniya qubernatoru Gevin Nyusomun istefa verməli olduğunu bildirib. Tramp bu barədə “Truth Social” şəbəkəsində yazıb.
O qeyd edib ki, ABŞ-nin ən yaxşı və gözəl əraziləri tamamilə yanır. "Onlar külə çevrilib və Gevin istefa verməlidir. Bütün bunlar onun günahıdır!!!" - yeni seçilmiş prezident əlavə edib.
150 milyard dollarlıq ziyan
Yanğının vurduğu zərər isə rekord həddədir. Dəyən iqtisadi zərər 135-150 milyard dollar təşkil edə bilər. Bu barədə “AccuWeather” konsaltinq şirkətinin nümayəndəsi Bill Veydell məlumat verib. "AccuWeather” Cənubi Kaliforniyada meşə yanğınları nəticəsində ümumi zərər və iqtisadi itkilərlə bağlı ilkin qiymətləndirməsini 135-150 milyard dollara qədər artırıb", - o bildirib.
Məlumata görə, şirkət daha əvvəl dəymiş ziyanı 52-57 milyard dollar qiymətləndirib. “AccuWeather” nümayəndəsinin sözlərinə görə, şirkətin meteoroloqları gələn həftə də regionda güclü küləyin və meşə yanğınları təhlükəsinin davam edəcəyini proqnozlaşdırır.
Ölənlərin sayı bilinmir
Yanğınların miqyasının böyüklüyü və əlaqənin itməsi səbəbindən ölüm halları ilə bağlı da qeyri-müəyyənlikdir. Bu faktı rəsmilər də etiraf edirlər. Məhkəmə-tibbi ekspertiza xidməti məlumat verib ki, Los-Ancelesi bürüyən yanğınlar nəticəsində ən azı 10 nəfər həlak olub. "Həlak olanların kimliyinin müəyyənləşdirilməsi prosesi bir neçə həftə çəkə bilər, çünki məhkəmə-tibbi ekspertiza departamenti yanğın şəraiti və təhlükəsizlik səbəbləri ilə əlaqədar müəyyən ərazilərə girişi əldə edə bilmir", - qurumun məlumatında vurğulanıb.
Los-Anceles dairəsinin şerifi Robert Luna xəbərdarlıq edib ki, yanğınlar davam etdiyi üçün nə qədər insanın həlak ola biləcəyi hələ məlum deyil: “Ölümlərin araşdırılması üzrə qruplar bu ərazilərə daxil ola bilməyənə qədər həlak olanların dəqiq sayı məlum olmayacaq”.
F.Abasoğlu