72 illik ənənəyə son qoyula bilər
72 illik tarix ərzində NATO-ya 13 nəfər
rəhbərlik edib və onlardan hamısı kişi olub. Amma iddialara görə, hazırda alyansın daxilində bu
postu qadın namizədin tutması ilə bağlı konsensus mövcuddur. İyunda
Madriddə keçiriləcək sammitdə yeni baş katib qadın ola bilər
İyunda Madriddə keçiriləcək NATO-nun növbəti sammiti təşkilatın tarixinə "ən sürprizli sammit" kimi düşə bilər. Belə ki, alyansın 72 illik tarixi ərzində ilk dəfə baş katib postunu qadın tuta bilər. Hazırkı baş katib Yens Stoltenberq səlahiyyət müddətinin başa çatması ilə əlaqədar oktyabrın 1-də vəzifəsini tərk edəcək və nə qədər qəribə səslənsə də, Norveç Mərkəzi Bankına rəhbərlik edəcək. Təşkilatda seçki proseduru olmadığından yeni baş katibin adı da onda açıqlanacaq. Belə götürəndə baş katib postu böyük önəm daşımır və hər kəsin də bildiyi kimi, təşkilatda əsas söz sahibi Birləşmiş Ştatlardır.
Baş katib postuna mümkün qadın namizədlər
Bu dəfə prosesi
maraqlı edən baş katib vəzifəsi üçün qadın namizədlərin çoxluğudur. Qadın namizədlər məsələsinin
elə-belə ortaya atılmadığını deyənlər çoxdur. Özü də nədənsə
qadın namizəd məsələsini daha çox rus mediası qabardır. Qərbdə isə indiyədək
mövcud olan ənənənin davam etdiriləcəyinə - baş katib vəzifəsinə kişi
namizədlərdən birinin seçiləcəyinə daha çox inanırlar. 72 illik tarix ərzində
quruma 13 nəfər rəhbərlik edib və onlardan hamısı kişi olub. Amma iddialara
görə, hazırda alyansın daxilində bu postu qadın namizədin tutması
ilə bağlı konsensus mövcuddur. Baş katib postuna mümkün qadın namizədlərə
gəldikdə, bu sırada Böyük Britaniyanın eks-baş naziri Tereza Mey, Avropa
İttifaqı diplomatiyasının sabiq rəhbəri Frederika Mogerini, Almaniyanın müdafiə
naziri Aneqret Kramp-Karrenbauer, Litvanın eks-prezidenti Dalya Qribauskayte
(dəfələrlə ölkəmizdə olub, Azərbaycanın haqq işini müdafiə edib), Estoniyanın
hazırkı baş naziri Kersti Kalyulayd və Xorvatiyanın eks-prezidenti Kolinda
Qrabar-Kitaroviç göstərilir.
Diqqətlər Estoniyanın hazırkı baş nazirinə yönəlir
Qadın
namizədlər içində ən şanslısı kimi Estoniyanın hazırkı
baş naziri Kersti Kalyulaydın adı çəkilir. Qeyd edilir ki, Rusiya
ətrafındakı vəziyyət yeni baş katibin Şərqi Avropa ölkəsindən olması ehtimalını
artırır. "Politico” yazır ki, Kertsi ilə yanaşı Kolinda Qrabar-Kitaroviç, Dalia
Qribauskayte də şanslı ola bilərlər. Nəşr hesab edir ki, Kersti Kalyulaydın
NATO-nun baş katibi postuna şansı Estoniyanın ÜDM-in 2 faizini müdafiə
xərclərinə ayrılması tələbinə əməl etməsinə görə artır. Maraqlıdır ki, Estoniyanın baş naziri NATO-nun növbəti baş katibi ola
biləcəyi ilə bağlı xəbərlərə özünəməxsus cavab verib. Onun sözlərinə görə, bu,
anlaşılmazlıqdır. "Görünür,
adım səhvən siyahıda olub" deyə baş nazir "Delfi.ee-yə bildirib.
İtaliyanın namizədi də şanslıdır
İtaliya hökuməti isə hələlik iyunda Madriddə keçiriləcək sammitdə namizədinin kim olacağı ilə bağlı qərar verməyib. Namizədlər arasında keçmiş müdafiə naziri Robertu Pinotti və hazırkı müdafiə naziri Lorenzo Querini var.
Başqa bir versiyaya görə, Böyük Britaniyanın müdafiə naziri Ben Uolles də baş katib postuna iddialılar sırasındadır. Diplomatik mənbələr "The Times”a bildiriblər ki, keçmiş Nazirlər Kabineti katibi və milli təhlükəsizlik müşaviri Lord Sedvillin də dəstəklənə bilər.
Keçmiş baş nazir Devid Kemeronun bu vəzifəni tuta biləcəyi ilə bağlı xəbərlər də var idi, lakin onun fransızların dəstəyini alacağı ehtimalı azdır. "NATO-nun üzvlərindən bir çoxları Ben Uollesin baş katib ola biləcəyini düşünürlər", deyə mənbə bildirib. O, Ukrayna böhranını müzakirə etmək üçün keçən həftə Stoltenberq və digər yüksək vəzifəli rəsmilərlə görüşüb. Onun özünün bu postu tutmaq istəyib-istəmədiyi hələlik məlum deyil.
Türkiyənin namizədi yenə də yoxdur
Son olaraq bir məsələyə də toxunmaq istərdik. 70 ildir alyansın mühüm və etibarlı üzvü olan Türkiyə namizədinin adı bu dəfə də hallanmır. Halbuki, Ankara Kosovodan Əfqanıstana, Aralıq dənizindən Afrikaya qədər bir çox NATO missiyalarını fəal şəkildə dəstəkləyib. NATO üzvləri arasında ABŞ-dan sonra ən böyük hərbi gücə malik olan Türkiyənin bir neçə şəhərində komandanlıq fəaliyyət göstərir. 2012-ci ildə Türkiyə NATO büdcəsinə ən yüksək töhfə verən 10 üzvdən biri olub. Bütün bunların fonunda yenə də qardaş ölkənin adı çəkilmir.
NATO ilə sıx münasibətlərə malik Azərbaycan üçün də yeni baş katibin kimliyi böyük önəm kəsb edir. Nəzərə alaq ki, NATO və Azərbaycan 1994-cü ildən Alyansın "Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində əməkdaşlıq edirlər. Bu çərçivədə ölkəmiz NATO-nun Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında və digər proqramlarında fəal iştirak edir. Eyni zamanda, Azərbaycanın NATO təlimlərində və ikitərəfli əsasda Türkiyə ilə keçirilən təlimlərdə fəal iştirakı da vurğulanmalıdır. Bu gün Azərbaycan həm də NATO-ya üzv 4 ölkənin etibarlı təbii qaz təchizatçısıdır.
Azər NURİYEV