AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Mədəni müxtəlifliyin rəmzi – Ramazanın birliyi

Mədəni müxtəlifliyin rəmzi – Ramazanın birliyi

Cəmiyyət
06 May 2021, 18:00 618
Azərbaycanın multikulturalizm modeli sosial, dini və mədəni müxtəlifliyin tolerant əsaslarla interaktiv bir vəziyyətdə mövcudluğudur. Bu model ölkənin əsrlərdən bəri formalaşan mədəniyyətlər və dinlərarası dialoq işinin təcrübədən keçirilməsi ilə yeni çağırışlara əsaslanaraq hazırlanmışdır.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Məzahir Əfəndiyev bildirib.
Deputat qeyd edib ki, Azərbaycanın tolerantlıq ənənələrinin mədəni, siyasi, sosial mahiyyətinin araşdırılması, respublikadakı dini müxtəlifliyin elmi müstəvidə təhlili bu modelin əsas prioritet istiqamətlərindəndir. Əldə olunan multikultural nailiyyətlərin beynəlxalq ictimaiyyətdə təbliği və dini abidələrin qorunub saxlanılması yönündə də əsaslı işlər görülməkdədir. Azərbaycan hər zaman İslam dünyasının tarixi və mədəni mərkəzlərindən biri olub. Əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycan digər din və mədəniyyətlərə də qucaq açmış, əksər ölkələrdən fərqli sivilizasiya formalaşdırmışdır.
"Müxtəlif xalqlara və dinlərə mənsub insanların Azərbaycana pənah gətirməsinin əsas səbəbi bu ölkədə yaşayan insanların mədəniyyəti və onların xarakterik keyfiyyətinə çevrilmiş tolerantlıq xüsusiyyətidir. Azərbaycanın ictimai-siyasi həyatında da xalqlar mühüm rol oynamış və tolerantlığın təməl sütunlarının qoyulmasında yaxından iştirak etmişlər. Bu gün də ölkəmizdə bu dinlərin tarixi abidələri və zəngin mənəvi irsləri qorunub saxlanılmaqdadır.
2003-cü ildən Prezident İlham Əliyev multikultural dəyərləri və tolerantlığı prioritet hesab etmişdir. Ölkəyə rəhbərlik etdiyi dövrdən bəri İlham Əliyev dünya miqyasında keçirilmiş beynəlxalq forumların, tədbirlərin müəllifi olmuşdur. Son dövrlərdə ümumdünya mədəniyyətlərarası dialoq forumlarının vətəninə çevrilən ölkəmizi 2016-cı ildə Roma Papası Fransiskin "əsl tolerantlıq nümunəsi” adlandırması da Azərbaycan xalqına və Prezident İlham Əliyevin fəaliyyətinə verilmiş ən yüksək qiymətdir”, - deyə Məzahir Əfəndiyev vurğulayıb.
O bildirib ki, Konstitusiyada dövlətin dünyəviliyinin açıq şəkildə ifadə edilməsi Azərbaycanın ən dünyəvi müsəlman cəmiyyətlərindən biri olduğunu iddia etməyə əsaslı zəmin yaradır. Azərbaycanın vətəndaşları öz inanc və dinlərindən olan insanlara müqəddəs bayramlarını qeyd etməyə və ənənələrini yaşatmağa imkan verir. Aprel ayının 4-də Azərbaycanda yaşayan katoliklərin və may ayının 2-si provaslavların "Pasxanı”, habelə yəhudilərin sentyabrda "Yom Kippur”u yüksək əhval-ruhiyyə ilə birlik içində qeyd etməsi bir daha ölkəmizdə bütün inanclı vətəndaşların hüquq və azadlıqlarının bərabər səviyyədə qorunmasından xəbər verir. Ölkəmizdə müsəlmanlar tərəfindən qeyd olunan Ramazan ayı İslam təqvimində ən şəfaqətli və müqəddəs ay hesab edilir və İslamın əsas şərtlərindən biri sayılır. Onu məcazi şəkildə "on bir ayın sultanı” da adlandırırlar, çünki bu ayda müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərim nazil olmuşdur. Müsəlmanlar bu ayda orucu Allaha daha yaxın olmaq və mənəvi sağlamlıqlarını, nizam-intizamlarını gücləndirmələrini təmin edən bir ibadət kimi yerinə yetirirlər. Ramazan mədəni maarifləndirmə, həmrəylik, mədəniyyəti bölüşmək, səbir, mədəniyyətlərarası dialoqun təşviqi ayı sayılır. Müsəlmanlar bu müqəddəs ayın son gününü Ramazan bayramı kimi qeyd edirlər. Xüsusilə də, 30 illik həsrətdən sonra doğma Qarabağımızın düşmən tapdağından azad olunması bu il Azərbaycan ərazisində yaşayan bütün inanclı insanların bu bayramları yüksək əhval-ruhiyyə ilə keçirməsinə stimul vermişdir. Dini ayin və ənənələrin, xüsusi gün və bayramların hər bir Azərbaycan vətəndaşı tərəfindən sərbəst qeyd olunması müxtəliflik və tolerantlıq ahənginin sübutudur. Azərbaycanda multikulturalizm dövlət siyasətinin mühüm tərkib hissəsidir və Prezident İlham Əliyevin son 18 illik fəaliyyəti dövründə daha da inkişaf edərək "Azərbaycanın multikulturalizm modelinə” çevrilmişdir.
Deputat deyib: "Ölkəmiz gələcəkdə də bütün dünyada müxtəlif dinlərin və millətlərin nümayəndələrinin mədəni müxtəlifliyini qorumaq, inkişaf etdirmək və uyğunlaşdırmağı hədəfləyir. Bu baxımdan növbəti ənənəvi multikulturalizm forumunu regionumuzun mədəniyyət beşiyi sayılan Şuşada təşkil edərək bu modeli dünyada bir daha təqdim edə bilərik. Bu isə öz növbəsində bir neçə qlobal məqsədlərə eyni anda çatmağa və dözümlü, sülhsevər cəmiyyətin qurulmasına öz töhfələrini verə bilər”.