• cümə, 19 Aprel, 14:05
  • Baku Bakı 25°C

Ceyms Bolduindən hekayələr

02.05.16 10:44 1552
Ceyms Bolduindən hekayələr

Naşükür döyüşçü

Neçə yüz il bundan əvvəl İsveçlə Danimarka arasında müharibə gedirdi. Bur gün yenə də onların arasında güclü döyüş oldu, İsveçlilər məğlub oldular, döyüş meydanından qovuldular.

Bir Danimarkalı döyüşçü yüngülcə yaralanmışdı və torpağın üstündə oturmuşdu. Su qabını götürüb su içmək istəyəndə yaxınlıqdan bir səs eşitdi:

- Cənab, mənə də su verin! Mən susuzluqdan ölürəm!

Bu sözləri deyən yaralı İsveç döyüşçüsü idi. O bir az aralıda yerə uzanmışdı. Danimarkalı döyüşçü tez onun yanına getdi, dizi üstə çökdü, su qabını onun ağzına yaxınlaşdırıb dedi:

- İç, iç, sənin suya ehtiyacın mənimkindən daha çoxdur.

Danimarkalı döyüşçü bu sözləri deyib qurtarmamışdı ki, İsveçli döyüşçü birtəhər dirsəyini yerə dirəyib tüfəngini götürdü və ona su vermək istəyən döyüşçüyə atəş açdı. Güllə Danimarkalı döyüşçünün çiyninə dəysə də onu çox yaralamadı.

-Ah, əclaf! Mən sənə su verirdim, sən isə bunun əvəzini məni öldürməklə ödəmək istədin. Buna görə də mən səni cəzalandıracam, sənə suyun yarısını verəcəm.

Belə deyib o su qabındakı suyun yarısını içdi, qabda qalan suyu İsveçliyə verdi.

Danimarka kralı döyüşçünün bu hərəkəti haqda eşitdi, adam göndərib onu yanına çağırtdırdı. Döyüşçü hadisəni olduğu kimi ona danışdı.

- De görüm, səni öldürmək istəyən isveçlinin həyatını niyə xilas etdin? - kral ondan soruşdu.

- Mən heç vaxt yaralı əsgəri öldürmərəm, - döyüşçü krala deyir.

- Elə isə, sən zadəgan olmağa layiqsən, - kral dedi və döyüşçünü mükafatlandırdı ona zadəgan titulu verdi.

Maksmilian və qazotaran oğlan

İsti bir yay günündə Bavariya kralı Maksmilian kəndin içiylə yol gedirdi. Hava çox isti olduğundan kral bir ağacın kölgəsində dayanıb dincəlir.

Ağacın altı çox sərin idi. Kral ağacın altında, göy otun üstündə uzanıb səmadakı ağ buludları seyr edir. Sonra o cibindən kiçik bir kitab götürüb oxumağa başlayır.

Ancaq kral çox yorulduğundan fikrini kitaba cəmləyə bilmir. Az sonra onun gözləri yumulur və o dərin yuxuya gedir.

Kral oyananda axşamtərəfi idi. O ayağa durub əl ağacını götürüb evinə tərəf getməyə başlayır. Təxminən bir kilometr gedəndən sonra kral kitabı xatırlayır. Əlini cibinə salır, kitab cibində deyildi. Başa düşür ki, kitabı unudub ağacın altında qoyub.

Kral çox yorulmuşdu, o geri qayıtmadı. Ancaq kitabı da orda qoyub getmək istəmədi. O neynəyə bilərdi?

Kaş bir adam olaydı, onu kitabı gətirməyə göndərəydi!

Elə bu vaxt kral yol kənarındakı tarlada ayaqalın, balaca bir oğlan gördü. O qazları qazı otarırdı. Qazların yarısı ot yeyir, bəziləri də dayaz gölməçədə üzürdülər.

Kral uşağa tərəf getdi, əlində balaca qızıl vardı.

- Oğlum, istəyərsənmi ki, bu balaca qızıl sənin olsun?

- Əlbəttə, istəyərdim, ancaq inanmıram ki, o qızıl mənim ola bilər.

- Əgər sən gedib yolun ikinci döngəsindəki palıd ağacının altında unutduğum kitabı gətirsən bu qızıl sənin ola bilər.

Kral elə fikirləşirdi ki, uşaq sevinəcək. Ancaq yox, uşaq aralanıb getmək istədi, dedi:

- Mən heç də siz fikiləşdiyiniz qədər axmaq deyiləm.

- Bu nə deməkdir? – kral dedi – Kim deyir ki, sən axmaqsan?

- Yaxşı, - uşaq dedi – Sizcə, mən o qədər axmağam ki, guya gedib o kitabı gətirsəm o qızılı mənə verəcəyinizə inanım? Yox, siz məni aldada bilməzsiniz.

- Bu qızılı sənə indi versəm, yəqin, mənə inanarsan, - kral dedi və qızılı uşağın ovcuna qoydu.

Uşağın gözləri parladı, ancaq o yenə də yerindən tərpənmədi.

- Bəs indi nə oldu? Getmirsən? - kral soruşdu.

- Mən getmək istəyirəm, ancaq qazları qoyub gedə bilmirəm. Mən gələnə qədər onlar hərəsi bir yana gedəcəklər, buna görə məni cəza verəcəklər.

- Yaxşı, sən gələnə qədər mən otararam qazları, - kral dedi.

Oğlan gülüb dedi:

- Sizin qaz otarmağınızı görmək istərdim. Onlar bir dəqiqənin içində qaçıb gedərlər.

- Qoy bir cəhd edim, - kral dedi.

Nəhayət, oğlan razılaşdı, qamçısını krala verib getdi. Ancaq bir az gedəndən sonra o yenidən geri qayıtdı.

- Yaxşı, indi nə oldu? - Maksmilian soruşdu.

- Qamçını şaqqıldadın, – uşaq dedi.

Kral uşağın dediyinə əməl etmək istəyir, ancaq qamçını ha vursa da, səs çıxmır.

Uşaq qamçını götürür, krala qamçını neçə şaqqıldatmağı öyrədir.

- Hə, indi bildiniz bunu necə edirlər, - uşaq qamçını ona qaytarıb deyir – Əgər qazlar qaçmaq istəsələr onda qamçını bərkdən şaqqıldadarsınız.

Kral gülür və uşağın "dərsini” öyrənmək üçün bacardığını edir.

Uşaq ona verilən tapşırığı yerinə yetirməyə gedir.

Uşaq gedəndən sonra Maksmilian bir daşın üstündə oturur. Fikirləşəndə ki, o qaz otarır, onu gülmək tutur. Qazlar da bu vaxt yarısı uça-uça, yarısı da qaça-qaça çəmənlikdən qaçıb gedirlər.

Kral qazların arxasınca qaçır, ancaq bərk qaça bilmir. O qamçını şaqqıldadır, ancaq heç bir faydası olmur. Qazlar ondan çox uzaqlaşmışdı, gedib başqa əkin sahəsinə girib, tərəvəz yeyirdilər.

Bir azdan uşaq əlində kitab geri qayıtdı.

- Mən fikirləşdiyim kimi oldu, mən kitabı tapdım, siz qazları itirdiniz, - qazotaran oğlan dedi.

- Fikir eləmə, mən onları geri qaytarmaqda sənə kömək edərəm.

- Yaxşı, onda gedib o gölməçənin yanında durun, mən gedib əkinlikdən onları çıxarım.

Kral oğlan deyən kimi etdi. Uşaq çoxlu qışqırandan, qamçısını şaqqıldadandan sonra qazları əkinlikdən qovub çıxartdı.

- Yəqin ki yaxşı qazotaran olmadığıma görə məni bağışlayarsan. Mən kral olduğuma görə belə işləri bacarmıram.

- Nə? Kral? - oğlan dedi. - Axmaqlıq edib qazları sizin yanınızda qoydum. Ancaq mən o qədər axmaq deyiləm ki, sizin kral olmağınıza inanım.

- Yaxşı, - Maksmilian gülmsəyib dedi. - Sənə bir qızıl da verirəm, gəl dost olaq.

Oğlan qızılı götürdü, kralın üzünə baxıb dedi:

- Siz çox xeyirxah adamsınız, məncə, siz yaxşı kral ola bilərsiniz. Ancaq bütün həyatınız boyu nə etsəniz də, siz yaxşı qazotaran ola bilməzdiniz.

İngliscədən tərcümə edən: Sevil Gültən

banner

Oxşar Xəbərlər