• çərşənbə, 25 Dekabr, 06:47
  • Baku Bakı 8°C

Az sözlə böyük rollar yaradan aktyor - ANIM

22.06.24 01:52 11323
Az sözlə böyük rollar yaradan aktyor - ANIM

 Məşhur Azərbaycan filmlərindəki yaddaqalan obrazlar İsmayıl Osmanlını sözün əsl mənasında xalq artistinə çevirib. Onun bütün rollarında zərgər dəqiqliyi olub. 


İsmayıl Osmanlının adı teatr və kinosevərlərə yaxşı tanışdır. Məşhur Azərbaycan filmlərindəki yaddaqalan obrazlar aktyoru əsl xalq artistinə çevirdi. Bir çox tamaşaçı İsmayıl Osmanlının qəhrəmanı Kələntər dayı obrazına görə çox hiddətlənib. Film ekranlara çıxandan sonra aktyor tamaşaçılardan qəzəbli məktublar alıb... 

60 ilə yaxın səhnə fəaliyyətində heç vaxt əsas qəhrəmanları oynamayan, 300-ə yaxın epizodik rolla səhnəyə çıxan İsmayıl Osmanlı SSRİ Xalq artisti fəxri adına qədər yüksəlib... 

22 iyunda - böyük aktyorun vəfatı günündə onu sənət yoldaşları ilə andıq. 

“O, bir məktəb qoyub getdi...”

“İsmayıl Osmanlı 76 il ömür sürüb, 46 ildir haqq dünyasındadır”, - deyə Akademik Milli Dram Teatrının qocaman aktyoru, Xalq artisti Rafiq Əzimov xatırlayır: “İsmayıl Osmanlı rəhmətə gedəndən sonra mən bu günə qədər onun qrim otağında, vaxtilə oturduğu stulda otururam. Hər dəfə qapını açıb içəri daxil olanda böyük məsuliyyət hissi keçirirəm. Professor İlham Rəhmli mənim haqqımda yazdığı kitabda epizodik rollar ifaçısı kimi yaradıcılığımı İsmayıl Osmanlının yaradıcılığına bənzədir. Mən bununla fəxr edirəm. Amma o da, mən də tək epizodik rollarda oynamamışıq, baş rollarda da səhnəyə çıxmışıq, çəkilmişik. Elə tamaşalar var ki, biz eyni rolları oynamışıq. “Nişanlı qız” da Qasım, “Ölülər”də Məşədi Oruc, “Aydın”da Mirzə Cavad... Mən bu rolları oynayarkən hər dəfə Osmanlının oyunu gözümün qabağına gəlir. Çalışıram ki, onu təkrar etməyim. O, bütün rollarında böyük ustalıqla çıxış edib, az sözlə böyük rollar yaradıb. Onun bütün rollarında zərgər dəqiqliyi var. İsmayıl Osmanlı aktyor ömrünün sonuna qədər Akademik Dram Teatrının səhnəsində oynayıb. O, teatr tariximizdə şərəfli yer tutduğu kimi, kinomuzda yaratdığı rollar da tamaşaçıların yaxşı yaddaşındadır”.

R.Əzimov mərhum aktyorla bağlı bir xatirəsini yada salır: “Bir gün onun oturduğu otağın qarşısından keçirdim. Qapı açıq idi, stulda oturmuşdu, əlində vərəq vardı, nəyəsə deyinirdi. Ayaq saxladım. Məni görüncə “gəl bura görüm...”, - deyə çağırdı. Sən demə, “Yeddi oğul istərəm” filmindən sonra ona çoxlu məktublar yazıblar. Əlindəki məktubu uzadıb: “Oxu bunu”, - dedi. Məktubda çoxlu təhqiredici ifadələr vardı. Həm utandım, həm də sevindim: “İsmayıl müəllim, görün, bu rolu necə yaratmısınız ki, tamaşaçıya belə təsir edib...”, - dedim. Doğrudan da, Kələntər dayı obrazı hara, onun oynadığı komik rollar hara... İsmayıl Osmanlı bir məktəb qoyub getdi...”

”O cür oğlanı öldürdün...”

“Yeddi oğul istərəm” filmindəki Cəlal rolunun ifaçısı , xalq artisti Ənvər Həsənov “İsmayıl Osmanlı təkcə gözəl aktyor deyildi, həm də gözəl insan idi”, - deyə xatırlayır: “Aramızdakı yaş fərqinə baxmayaraq, biz dost idik. Görüşürdük, çörək yeyirdik, söhbət edirdik”. Ə.Həsənov xatırlayır:

“Yeddi oğul istərəm” filmi təzə ekranlara çıxmışdı. İsmayıl dayı “Sovetski” məhəlləsində yaşayırdı. O məhəllədə yaşayanların çoxu “lotuluq” edirdi. Bir gün kinostudiyada məni görüncə qucaqlayıb öpdü, sonra da ağlamağa başladı. Səbəbini soruşdum: “Mən niyə bu filmə çəkildim? “Sovetski”də evdən çıxanda bir dəstə cavan qabağımı kəsdi, çiyinlərimdən tutub silkələdilər, söydülər: “O cür oğlanı öldürdün, niyə o rola çəkilmisən?”, - dedilər. İsmayıl dayıya xeyli təsəlli verdim. Amma səhəri gün  “Sovetski”yə gedib lotuların başçısı Ənvər adlı adamı tapdım. 5-6 nəfərlə oturub söhbət edirdi. “Nə məsələdir?” - deyə maraqlananda əhvalatı danışdım: “Ağsaqqal kişiyə, gözəl bir aktyora qarşı belə təhqiramiz hərəkət ediblər”. Ənvər yanındakılara “gedin, həmin adamları tapıb yanıma gətirin”, - deyə hirsləndi. Bir neçə gündən sonra İsmayıl dayı ilə yenidən kinostudiyada üzbəüz gələndə məni sevinclə qucaqlayıb öpdü: “Ənvər, sən neyləmisən? Gəlib əlimi öpdülər, qucaqladılar, üzr istədilər”. İsmayıl dayının üzündəki sevinc indi də gözümün qabağındadır...”

“Onu sevməmək mümkün deyildi”

Xalq artisti Xalidə Quliyeva İsmayıl Osmanlı ilə iki filmdə çəkilib. “Nəsimi” və “Bakıda küləklər əsir” filmlərində... Hər iki filmdə də aktyor onun atası rolunda oynayıb:

“İsmayıl Osmanlı haqqında danışmaq çox rahatdır. Çünki o, heç kimə oxşamırdı. Onunla çəkiləndə doğma insan təəssüratı yaranırdı. Onu sevməmək, hörmət etməmək mümkün deyildi. Səs tembri tamamilə özünəməxsus idi, pıçıltı ilə danışırdı. Amma bu pıçıltı o qədər inandırıcı idi ki, həm sevgini, həm də nifrət və qəzəbi çatdıra bilirdi. Tamaşaçı da ona inanırdı. İsmayıl Osmanlı təmkinini, sakitliyini yaradıcı heyətə ötürə bilirdi. Onun özgüvəni vardı. Onunla oynayanda biz də özümüzə güvənirdik. Oyununda heç bir pafos yox idi, elə bil özünü oynayırdı. Həm cəlladı, həm Nəimini, həm müharibəyə gedən qızın atasını eyni şövq və inandırıcılıqla oynayırdı. Elə bil bütün rollar boyuna biçilmişdi. Bütün rolları ustalıqla çatdırırdı. O qədər səmimi idi ki, tamaşaçı onun oynadığı obraza laqeyd qala bilmirdi. Həyatda da sadə və təvazökar idi”.

Aktrisa “Bakıda küləklər əsir” filmindən bir xatirəsini danışır: “Mən həmin filmdə  Solmaz rolunda çəkilmişəm. Gənc olmasına baxmayaraq, Solmaz könüllü müharibəyə gedir. Filmdə anamı Məhluqə Sadıqova, atamı İsmayıl Osmanlı oynayırdı. Bizim Bakı limanında vidalaşma səhnəmiz var. Böyük kütləvi səhnədir. Gəmiyə minməli idim. Pilləkənlərlə düşüb ata-anamla görüşməli idim. Mən bir az emosional aktrisayam. Pillələri qalxıb özümü həyəcanla atamın - İsmayıl Osmanlının üstünə atdım. Hiss elədim ki, diksindi. Həmin an elə bir emosiyanı gözləmirdi. Mən onlarla görüşüb gəmiyə tərəf yollandım. Şadam ki, qismətimə bu cür aktyorlar düşdü. Kino tariximizi yaradan aktyorlarla çəkildim. Onların hər biri bir məktəb idi...”

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər