Arzuları “reallaşdıran” rəqəmlər
İnsanlar arasında rəqəmlərlə bağlı mistik düşüncələrə inananların sayının artdığını görürük. Hətta bir çoxları qərarlarını məhz bu inanclar əsasında verir. Əsrlər boyu bizləri özünə bağlayan “rəqəmlərin sehrli qüvvəsi” ilə bağlı çoxsaylı fərziyyələr mövcuddur.
Bəzən insanların planlarını, addımlarını hansısa rəqəmlərlə bağlı inanclarla əlaqələndirməsinin şahidi oluruq. Bəzən hansısa bir rəqəmi yazıb iş masasının üstünə qoyurlar. Hansısa bir rəqəmin onlara uğur və ya uğursuzluq gətirəcəyinə inanırlar. Götürək elə “13” rəqəmini. İnsanların çoxu ona “nəhs” damğası vurub qaçırlar. Amma “7” rəqəmini müqəddəs bilirlər. Rənglərin, musiqi notlarının, həftənin günlərinin 7 olmasını xüsusi qeyd edirlər. “4” rəqəmi də az dəbdə deyil. İlin 4 fəsli, həyatın 4 ünsürü, dünyanın 4 bucağı... Bu, bəlkə də, elə tarix, təqvim, rəqəmlər yaranandan belədir.
İndi isə doğum tarixinin rəqəmlərinə görə həyatlarını quranların sayı durmadan artır. Bəs bu, nədir belə? Bununla “numerologiya” adlanan ayrıca bir “elm” məşğul olur. Onun tarixi çox qədimdir. İudaizm, xristianlıq, hətta qədim şərq mədəniyyətində numerologiyadan geniş istifadə edilirdi. Müasir dövr numerologiyasında isə insanın doğum tarixi analiz olunur. Sözləri aydınlaşdırmaq, təfsir etmək üçün hər bir hərfə rəqəm uyğunlaşdırırlar.
Kainat bizimlə necə əlaqə saxlayır
Numeroloq Nuranə Camal deyir ki, numerologiya rəqəmləri, onların insanlara və ətrafdakı dünyaya təsirini öyrənir: “Numerologiyanın haradan və necə meydana gəldiyi elm dünyasına sirr olaraq qalır. Bəzi mənbələrdə bu elmin kökünün Qədim Misir, Babil və şumerlərə dayandığı gostərilir. Ancaq təxminən e.ə. 2500-cü illərdə yunan filosofu Pifaqor yaratdığı Pifaqor teoremi ilə bir fikir irəli sürərək rəqəmlərin insan həyatında fərqli baxış yaratmasına səbəb oldu. Kainatda hər şeyin öz sayı qədər titrədiyini və hətta planetlərin öz tezliklərində əks-səda doğurduğunu bildirdi. Dünyadakı bütün cisimlər və canlılar, o cümlədən bədənimizin hər bir hüceyrəsi özünəməxsus titrəşimə malikdir. Biz də yaxşı və pis düşüncələrimiz nəticəsində bədənimizdən yaydığımız titrəyişlərlə kainatdakı hər şeylə əlaqə saxlayırıq. Bu, mahiyyət etibarı ilə kainatın bizimlə ünsiyyət qurması üçün bir vasitədir. Kainatın eşidilən səsi yoxdur, bu səbəbdən bizimlə birbaşa əlaqə saxlamaq üçün çox vaxt rəqəmlər şəklində işarələrdən istifadə edir”.
“İnsanların doğum tarixləri onların titrəşim və tezliklərini yaradır”, - deyir Nuranə xanım: “Doğum tariximiz bizə 8 rəqəmdən ibarət barkod verir. Fərdə məxsus bu 8 rəqəm vasitəsi ilə arzularımızın titrəşim gücünü daha tez yarada, şans, uğur və pul rəqəmlərimizi müəyyən edə bilərik”.
3, 6 və 9 rəqəmlərinin titrəşimi
Müsahibimizin sözlərinə görə, dünya tarixində kəşfləri ilə yadda qalan Nikol Tesla rəqəmlərin düzgün titrəşim gücündən istifadə edərək ortaya bir çox ixtiralar qoyub: ““Əgər 3, 6 və 9 rəqəmlərinin möhtəşəmliyini və əhəmiyyətini bilsəydiniz, kainatın qapılarını açacaq bir açarınız olardı”. Tesla rəqəmlərin gücünü bu cür ifadə edirdi. Bəs biz 3, 6, 9 rəqəmlərinin titrəşimini öz həyatımızda necə tətbiq edə bilərik? Gerçəkləşməyini istədiyimiz arzu və niyyətlə bağlı sadə, anlaşıqlı dildə bir cümlə seçməliyik. Məsələn, “həyatın bütünü mənə sevinc və rahatlıqla gəlir”. Hər gün səhər yuxudan oyananda arzunuzu bir vərəqə 3, günorta 6 və yatmazdan əvvəl 9 dəfə yazmalısınız. Bunu 3, 6 və ya 9 gün ardıcıl etməlisiniz”.
“Anbaan qırmızı maşına sahibəm”
Numeroloq xanım qeyd edir ki, rəqəmlər vasitəsi ilə tətbiq edilən fəndlərdən biri də 5/55 texnikasıdır: “Dəqiq və anlaşıqlı bir cümlə seçirik və həmin cümlənin əvvəlinə “anbaan” sözünü əlavə edirik. Məsələn, arzumuz qırmızı rəngdə maşına sahib olmaqdırsa, biz cümləmizi bu cür seçirik: “Anbaan qırmızı maşına sahibəm”. Bu cümləni 5 gün eyni saatda və ara vermədən 55 dəfə yazmalıyıq”.
Cüt rəqəmlərin sehri
Nurana xanım güzgü effektli və ya cüt rəqəmlərlə bağlı da çox maraqlı məqamlar söylədi: “İnsanlar çox vaxt bu cür rəqəmlərlə rastlaşdıqlarını deyirlər. Kainat bu rəqəmlər vasitəsi ilə insanlara mesajlar ötürür. “11”, “22” və “33” rəqəmləri numerologiyada “ustad rəqəmlər” sayılır. “11-11” aydınlanma, mənəvi kəşf, ruhun yeni başlanğıc və dönüşüm yoluna hazır olduğunu göstərən çox yüksək titrəşim nömrəsidir. “22-22” rəqəminin bizə mesajı nədir? Bu rəqəmi görürsüzsə, o sizə istədiyiniz həyatı və ya arzuladığınız nəticələri yarada biləcəyinizi xatırladır. Həmin vaxt arzularınızı gözünüzdə canlandırmaq üçün ən ideal zamandır. “33-33” rəqəmini də qəbz, telefon nömrəsi və ya həyatınızdakı başqa yerlərdə görə bilərsiniz. Bu rəqəm yaradıcı düşüncə, dərin şəfqət, mənəvi əlaqələr, nizam-intizam və cəsarət ətrafında olan mövzularla əlaqələndirilir. Həmçinin də bu rəqəmin arxasında çoxlu ilahi enerji var. Yəni sizi haqq yolunuzda irəliyə aparır”.
Xanım Aydın