Arpa, buğdadan başqa nə?
Ekspertlər hesab edirlər ki, işğaldan azad edilmiş ərazilərdə məskunlaşma az olduğu üçün insan əməyinə ehtiyac olan bitkilərin az əkilməsi gözləniləndir. İndiki halda dəmyə əkin sahələrinin daha çox olması taxıl əkininə üstünlük verilməsini tələb edir. Amma gələcəkdə...
İşğaldan azad olunmuş ərazilərin əkinə yararlı torpaqlar olmasının ölkənin ərzaq təhlükəsizliyinə müsbət dinamika gətircəyi gözləniləndir. Bəzi ekspertlər hesab edir ki, dünyada mövcud buğda qıtlığı durumunda işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın buğda əkini üçün böyük potensialı var. Əlbəttə ki, bu heç də buğdaya olan tələbatı tam ödəmir. Amma ən azından, Azərbaycanın başqa ölkələrdən buğda idxalına təsir göstərə bilər. Ona görə də, işğaldan azad edilən ərazilərdə hələ ki məskunlaşma olmadığı üçün taxıl əkini həyata keçirilib.
50 min hektarda əkin
Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət şöbəsinin müdiri Firudin Tağıyev açıqlamasında bildirib ki, Azərbaycanın azad olunan ərazilərində bu il 50 min hektar sahədə aparılmış əkinlərin əsasını taxıl təşkil edir və bu sahələrdən yüksək məhsuldarlıq gözlənilir. Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin böyük potensialı var: “Bu gün azad edilmiş ərazilərdə 50 min hektarlıq sahədə aparılan əkini, əsasən, buğda və arpa təşkil edir. Əkinlər dəmyə şəraitində aparılır. Növbəti mərhələdə suvarılan sahələrə transfer edilməsi planlaşdırılır. Bu da məhsuldarlığın dəfələrlə artmasına səbəb olacaq”.
Konseptual layihələr hazırlanıb
Nazirlik rəsmisi əlavə edib ki, torpaqlarımız işğaldan azad edildikdən sonra həmin ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların potensialının öyrənilməsinə başlanılıb: “Potensial öyrənildikdən sonra hər rayondan asılı olaraq əkin sahələrinin hansı istiqamət üzrə aparılması müəyyənləşdirilib. Konseptual layihələr hazırlanıb, hökumətə təqdim edilib. Eyni zamanda, praktiki işlərə də başlanılıb. Bu işlərin başlanğıcında minatəmizləmə fəaliyyəti və təhlükəsizliyin təmin edilməsi öndə dururdu. Biz aidiyyəti qurumlarla birgə təhlükəsiz ərazilərin seçilməsinə başladıq. Qələbənin əldə edildiyi 2020-ci ildə əkin vaxtı keçmişdi, lakin simvolik olaraq əkin apardıq. Bunu praktiki yanaşma baxımdan etdik".
F.Tağıyev onu da qeyd edib ki, həmin torpaqların potensialına uyğun olaraq, bu il bütün aqrotexniki qaydalara əməl edilərək əkin həyata keçirilib: "Əkinlərin monitorinqi göstərir ki, bu torpaqlardan yüksək məhsuldarlıq gözlənilir. Burada regiondan asılı olaraq fərqli yanaşma var. Düşmənlərimiz tərəfindən torpaqlarımız kortəbii istifadə edilib. Bu isə torpaq resurslarının çirklənməsinə səbəb olub. Qarşımızda duran məsələlər həmin torpaq resurslarının münbitliyinin geri qaytarılması ilə daha məhsuldar əkinlərin aparılmasıdır”.
Firudin Tağıyev vurğulayıb ki, Həkəri çayı üzərində su anbarları qurulacaq ki, bunlar da daha yüksək məhsuldarlıq əldə edəcəyimizə təminat verir: “Biz daha yüksək məhsuldarlığı bu layihələrdən sonra əldə edəcəyik”.
Rəsmi açıqlamadan məlum olur ki, işğaldan azad edilmiş ərazilərdə buğda və arpa əkilib. Sual yaranır: bu ərazilər ancaq taxıl əkini üçün ixtisaslaşacaq, yoxsa gələcəkdə digər məhsulların əkini planlaşdırılır?
“Hədəf və məqsədlərə nail olunub”
Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, işğaldan azad edilmiş ərazilərdə taxıl ilə bərabər digər ənənəvi əkin-biçinin də həyata keçirilməsi nəzərdə tutulub: “Söhbət ondan gedir ki, işğaldan əvvəlki dövrdə bu ərazilərdə yalnız taxıl əkilməyib. Ayrı-ayrı bölgələrdə üzüm, pambıq və sair əkilirdi. Ona görə də, indiki dövrdə araşdırma aparılır. O cümlədən ərazilərin boş qalmaması üçün taxıl əkilməsinə başlanılıb. Demək olar ki, bu gün bu proses uğurla davam etdirilir və müəyyən hədəf və məqsədlərə də artıq nail olunub”.
Sudan və torpaqdan asılı olan məsələlər
C.Məmmədov qeyd etdi ki, əlavə əkin işlərinin həyata keçirilməsi zamanla müəyyənləşdiriləcək: “Əlbəttə ki, burada sudan və torpaqdan asılı olan məsələlər var. Biz indi çalışacağıq ki, ən səmərəli və uyğun bir formada ərazilərdən istifadə olunsun və işğaldan azad edilmiş torpaqlarda əkin-biçin həyata keçirilsin. İndiki halda vətəndaşlar üçün də geniş imkan və şərait yaradılacaq. Yəni hər bir rayonun, bölgənin spesifik xüsusiyyətləri ciddi şəkildə nəzərə alınacaq. Onu da qeyd edim ki, bu gün kənd təsərrüfatında yeniliklər, müxtəlif yeni istiqamətlər var. Bunu nəzərə alsaq, ola bilər ki, həmin ərazilərdə yeni bitkilər və fərqli əkinin həyata keçirilməsi məsələsinə də baxılsın. Bu gün baxıb görə bilərik ki, bəzi rayonlarda şəkər çuğunduru əkilir, digərində tütünçülük var. Ümumilikdə bu məsələlər diqqətlə araşdırıldıqdan sonra dəqiq, ciddi və konkret qərar qəbul edib addım atılacaq”.
“Yaz əkini kimi digər bitkilərin əkilməsi mümkündür”
Kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli bildirdi ki, işğaldan azad olunmuş ərazilərdə aparılan əkin payızlıq taxıl əkinidir: “Qeyd olunan ərazilərdə suvarılan və dəmyə yaz əkini aparıla bilər. Qarğıdalı, kartof və günəbaxan kimi bitkilərin əkilməsi də mümkündür və buna gələcəkdə baxılacaq. Hesab edirəm ki, hazırda məskunlaşma az olduğu üçün insan əməyinə ehtiyac olan bitkilərin az əkilməsi gözləniləndir. İndiki halda dəmyə əkin sahələrinin daha çox olması taxıl əkininə üstünlük verilməsini tələb edir”.
Bəxtiyar Məmmədli