• şənbə, 06 Sentyabr, 05:52
  • Baku Bakı 25°C

Azərbaycan çay bazarında balans dəyişir

06.09.25 02:06 89
Azərbaycan çay bazarında balans dəyişir

İdxalın azalması dünya bazarında qiymət dəyişiklikləri və daxili bazarda yerli istehsalın artması ilə əlaqələndirilir. İxracın artması isə yerli istehsalçıların məhsullarını yeni bazarlara çıxarmaq imkanlarının yaranması ilə bağlıdır.

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 7 814 ton çay idxal edib. Bu həcmdə çayın dəyəri 47 milyon 587 min ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 528 ton (6,3 faiz) azdır, dəyər baxımından isə dörd milyon 614 min ABŞ dolları (10,7 faiz) çoxdur. 

Bundan başqa, yeddi ay ərzində Azərbaycan üç milyon 905 min ABŞ dollar dəyərində 430 ton çay ixrac edib. Bunlar, ötən ilin eyni dövrünə nisbətən həcm baxımından 31 ton (7,7 faiz), dəyər baxımından isə 317 min ABŞ dolları (8,8 faiz) çoxdur. Hesabat dövründə çay ixracından əldə olunan gəlir Azərbaycanın ümumi ixrac gəlirlərində 0,03 faiz paya malik olub.
Görəsən, çay idxalının azalması, ixracının artması nə ilə əlaqələndirilə bilər?

Qiymət dəyişiklikləri, yerli istehsalın artması

Lənkəran Dövlət Universitetinin Aqrar və mühəndislik fakültəsinin müəllimi Nahid Əzizlinin sözlərinə görə, son dövrlərdə Azərbaycanın çay idxalının həcmi azalır, lakin dəyəri artır, ixrac isə həm həcm, həm də dəyər baxımından artım göstərir: “İdxalın azalması dünya bazarında qiymət dəyişiklikləri və daxili bazarda müəyyən qədər yerli istehsalın artması ilə əlaqəlidir. İstehlakçılar getdikcə daha çox keyfiyyətli çay markalarına üstünlük verirlər. İxracın artması isə yerli istehsalçıların məhsullarını yeni bazarlara çıxarmaq imkanları ilə bağlıdır. İdxalın həcminin azalması və ixracın bir qədər artması əsasən yerli istehsalın inkişafı, istehlak strukturunda dəyişikliklər və valyuta siyasəti ilə bağlı ola bilər. Azərbaycanda çay plantasiyalarının bərpasına yönəlmiş dövlət dəstəyi və regional layihələr idxaldan asılılığı müəyyən qədər azaldır. Digər tərəfdən, ixracın artması Lənkəran-Astara bölgəsində istehsal edilən çayın xarici bazarlarda tanınmağa başlaması ilə izah edilə bilər”.
N.Əzizlinin fikrincə, idxalın həcminin azalıb, amma dəyərinin artması o deməkdir ki, əvvəlki illə müqayisədə daha az həcmdə, lakin daha bahalı və keyfiyyətli çay idxal olunub. Yəni əsasən dünya bazarında çayın qiymətinin yüksəlməsi müşahidə edilir: “Əsasən daha keyfiyyətli və yüksək qiymətli çaylar idxal olunur. Bu, həm də dünya bazarında çayın qiymətinin artması ilə əlaqədar bir prosesdir. Hazırda Azərbaycana çay əsasən Şri-Lanka, Hindistan, Çin, Keniya və İrandan idxal olunur. Bu ölkələr dünya üzrə ən iri çay istehsalçılarıdır və bazarda sabit mövqelərə malikdirlər. Bu ölkələrin çayı dünya bazarında həm çeşid, həm də qiymət baxımından rəqabətqabiliyyətlidir”.

“Yerli istehsalın idxalı əvəz etməsi qismən mümkündür”

Ekspert düşünür ki, ixrac artımını istehsalın genişlənməsi ilə əlaqələndirmək ən doğru yanaşma ola bilər: “Lənkəran-Astara bölgəsində çay plantasiyalarının bərpası istiqamətində dövlət dəstəyi var. Bu, istehsal həcminin artmasına səbəb olub. Amma yenə də ixrac həcmi ümumi göstəricilərdə çox kiçikdir. Son illər çayçılıq təsərrüfatlarında məhsuldarlığın artırılması və yeni plantasiyaların salınması ixrac üçün əlavə imkanlar yaradıb. İxrac üçün əsas bazarlar Rusiya, Qazaxıstan və Gürcüstan kimi ölkələrdir. Coğrafi yaxınlıq, tarixi ticarət əlaqələri və Azərbaycan çayının həmin ölkələrdə müəyyən qədər tanınması bu bazarların seçilməsinə səbəb olur”. 

N.Əzizlinin sözlərinə görə, yerli istehsalın idxalı əvəz etməsi tam şəkildə olmasa da, qismən mümkündür: “Müasir texnologiyaların tətbiqi, intensiv bağların salınması və emal müəssisələrinin gücləndirilməsi ilə idxalın müəyyən hissəsini yerli istehsal əvəz edə bilər. Yerli istehsal yaxın illərdə idxalı tam əvəz edə bilməsə də, onun həcmini əhəmiyyətli dərəcədə azalda bilər”.

Köhnəlmiş plantasiyalar, müasir texnologiyaların çatışmazlığı

Müsahibimiz qeyd etdi ki, hazırda çay plantasiyalarının vəziyyəti təəssüf ki, ideal deyil: “Sovet dövründə 13 min hektara yaxın çay plantasiyası mövcud idisə, bu gün onların çoxu sıradan çıxıb. Hazırda yeni plantasiyalar salınır, amma proses hələ başlanğıc mərhələsindədir. Hazırda Lənkəran-Astara bölgəsində çayçılıq ənənəsi bərpa olunur. Yeni çay sahələri salınır, dövlət dəstəyi artır, amma hələ də əvvəlki illərin məhsuldarlıq səviyyəsinə çatılmayıb. Çay istehsalını artırmaq üçün əsas maneə kimi köhnəlmiş plantasiyaları, suvarma problemlərini, müasir texnologiyaların çatışmazlığını, iqlim dəyişmələrini, gənclərin marağının zəif olmasını və emal müəssisələrinin tam gücü ilə işləməməsini qeyd etmək olar. Bundan başqa, dünya bazarında rəqabət gücünün artırılması üçün markalaşma və marketinq də vacibdir”.

“İxrac daxili istehsalın hesabına deyil”

Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun Lənkəran Çay Filialının direktoru Fərman Abdullayev isə dedi ki, idxalın azalmasında istehsalın rolu var. Yeni əkilən plantasiyalardan məhsullar götürürlər. Amma son illərdə yeni plantasiyalar əkilmir: “İxracın artmasında isə məsələ başqadır. Burada xarici şirkətlərə aid plantasiyalar mövcuddur. Hansı ki, onlar burada əkdikləri məhsulu öz ölkələrinə aparırlar. Azərbaycan çayı adı altında ixrac edilir, lakin daxili istehsalın hesabına deyil. Çünki daxildə heç ümumilikdə 1000 hektar çay plantasiyamız yoxdur. Yeni plantasiyalarla birgə 700-800 hektar ümumi ərazimiz ola bilər”.  

F.Abdullayevin sözlərinə görə, istehsalın artırılması üçün subsidiyalar kifayət etmir: “Çay istehsalı ilə bağlı dövlət tərəfindən dəstək göstərilir. Hər bir hektar çay plantasiyasının əkininə 12 min manat subsidiya ayrılır. Amma sahibkarlar özü həvəsli deyil. Çünki bu sahə rentabelli deyil. Çay ciddi qulluq tələb edir. Fabriklər isə çayın kiloqramını maksimum 1 manat 50 qəpiyə götürür”. 

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər