• şənbə, 06 Sentyabr, 05:52
  • Baku Bakı 25°C

“Kölgələnən” iqtisadiyyat

06.09.25 02:33 73
“Kölgələnən” iqtisadiyyat

Bu gün ölkəmizdə 3,2 milyard manatlıq məhsul və xidmət statistikadan kənardadır. 2,2 milyard manatlıq əlavə dəyər isə uçotdan gizlədilir. Ekspertlər kölgə iqtisadiyyatının azaldılmasının yollarını açıqlayırlar. 

Azərbaycanda müşahidə olunmayan iqtisadiyyatın ÜDM-də payı 7,7 faiz təşkil edir. Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimovun sözlərinə görə, bunun 1,8 faizi kölgə iqtisadiyyatının payına düşür: “İlk baxışda bu rəqəm kiçik görünə bilər, lakin bu, 3,2 milyard manatlıq məhsul və xidmətin statistikadan kənarda qalması, 2,2 milyard manatlıq əlavə dəyərin isə uçotdan gizlədilməsi deməkdir”.

Maraqlıdır, ölkə iqtisadiyyatında “görünməyən” fəaliyyətlər əsasən hansı sahələrdə cəmləşir? Kölgə iqtisadiyyatı daha çox harada “kölgələnir”?

Bəzi sahibkarlar “ağarmaq” istəmirlər

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı Ruslan Atakişiyev bildirir ki, bəzi sahibkarlar fəaliyyətlərini “ağartmaqda” maraqlı deyillər: “Biz bunu daha çox ticarət və xidmət sektorunda müşahidə edirik. Məsələn, iri ticarət mərkəzləri kölgə iqtisadiyyatının geniş yayıldığı yerlərdən biridir. Regionlarda yerləşən bəzi istehsal müəssisələri də vergidən yayınır. Belə istehsal müəssisələri adətən zirzəmilərdə, gözdən uzaq məkanlarda fəaliyyət göstərirlər. Bəzi müəssisələr isə gəlirlərinin yalnız müəyyən bir hissəsini açıqlayır, digər hissəsini gizlədirlər. Demək olar ki, bütün sahələrdə kölgə iqtisadiyyatına rast gəlinir. Dövlət qurumları da çalışırlar ki, həmin sahələr “ağardılsın”.

Ekspertin sözlərinə görə, iqtisadiyyatın tamamilə ağardılması qeyri-mümkündür. Amma “görünməyən” fəaliyyətlərin həcmini ciddi səviyyədə azaltmaq olar: “Bunun üçün vergi nəzarəti mütəmadi olaraq həyata keçirilməlidir. Eyni zamanda, stimullaşdırıcı tədbirlər nəzərdə tutulmalıdır ki, kölgədə olan sahibkarlar fəaliyyətlərini ağartmaqda maraqlı olsunlar. Hazırda sahibkarların gəlirlərini gizlətmə səbəblərindən biri alışlarla bağlıdır. Onlar çox vaxt alışları həyata keçirərkən məcbur olurlar ki, bəziləri qeyri-rəsmi olsun. Bu istiqamətdə nəzarətin gücləndirilməsi vacibdir. İkinci məsələ, çox vaxt sosial ödəmələrin həcmi yüksək olduğundan sahibkarlar rəsmi müqavilə ilə işçi götürməkdə maraqlı olmurlar. Bu məsələyə diferensial şəkildə baxılmasına ehtiyac var”.

“Nümunəvi vergi ödəyicilərinin reytinqi hazırlansın”

Ekspert həmçinin vurğulayır ki, sahibkarların “kölgə”dən çıxarılması istiqamətində sistemli iş aparılmalıdır: “Yaxşı olar ki, nümunəvi sahibkarlıq subyektlərinin reytinqi müəyyənləşdirilsin və cəmiyyətə elan olunsun. Kölgə iqtisadiyyatında mövcud olan sahibkarların “kölgə”dən çıxarılması istiqamətində iş aparılmalıdır. Yəni onlar mövcud istehsal avadanlıqlarını və sexlərini “ağartmaqda” çətinlik çəkirlərsə, burada da bir inam, dəstək formalaşdırmaq lazımdır. Düşünürəm ki, onlarla fərdi görüşlər keçirmək, problemlərinə yaxından bələd olmaq lazımdır”.

İri ticarət mərkəzlərində sənədsiz mal dövriyyəsi

Vergi məsələləri üzrə ekspert Anar Bayramov deyir ki, son illər kommersiya obyektlərinin dövriyyəsinin şəffaflaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib: “Amma bu, bəzi sahibkarlara sərf etmir. Onlar müxtəlif yollarla vergidən yayınmağa cəhd göstərirlər. Bu gün karqo şirkətləri iqtisadiyyatın “kölgələnməsində” müəyyən rola malikdir. Xaricdən gətirilən mallar onların adına çox cüzi məbləğlə rəsmiləşdirilir. Yəni, faktiki olaraq malın mülkiyyətçisi, idxalatçısı başqa şəxslərdir, lakin həmin şəxslər rəsmi qaydada fəaliyyət göstərmirlər”.

A.Bayramovun fikrincə, kölgə iqtisadiyyatının böyük bir payı iri ticarət mərkəzlərinin üzərinə düşür: “Sədərək”, “Binə” kimi iri ticarət mərkəzlərində böyük həcmdə sənədsiz mal dövriyyəsi mövcuddur. Regionları götürəndə isə mərkəzdən kənar yerlərdə kölgə iqtisadiyyatı hakim mövqeyə malikdir. Çünki orada əhalinin həssas qrupu yaşadığından məsələyə bir qədər emosional yanaşılır və nəzarət tədbirləri daha yumşaq formada həyata keçirilir. Xidmət sektorunda da kölgə iqtisadiyyatını hərəkət etdirmək daha rahatdır. Əsas yayınma üsullarından biri isə ödənişlərin "Card to card" üsulu ilə alınmasıdır. Eyni zamanda, ölkə xaricinə xidmətlər göstərərkən qanunvericiliyin tələblərini pozaraq ödənişləri kriptovalyuta vasitəsilə həyata keçirirlər. Bu da kölgə iqtisadiyyatında rol oynayır”.

Həm cəza, həm də stimullaşdırıcı tədbirlər

Mütəxəssis bildirir ki, dövlət tərəfindən bu kimi halların aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər görülür: “Zaman-zaman bununla bağlı qanunvericiliyə sərt tədbirlər gətirilib. Bundan başqa, kommersiya qurumları arasında nağdsız hesablaşmalar təşviq olunur ki, buna uyğun olaraq onlara müəyyən qədər vergi endirimləri edilir. Yəni, dövlət bu istiqamətdə həm cəzalandırma, həm də təşviq vasitəsilə tədbirlər həyata keçirir. Nəticədə kölgə iqtisadiyyatının səviyyəsi ildən-ilə aşağı düşür”.

Ekspert vurğulayır ki, kölgə iqtisadiyyatı dünyanın ən inkişaf etmiş ölkələrində də mövcuddur: “Bunun əksini düşünsək, o zaman həmin ölkələrdə maliyyə-vergi nəzarəti idarələri də olmamalıdır. Amma dünyanın ən inkişaf etmiş ölkələrində belə həmin idarələr var, vergi qanunvericiliyi mövcuddur. Sadəcə, kölgə iqtisadiyyatının faizi ölkədən-ölkəyə dəyişir”.

Yarım milyondan artıq mənzil kirayə verilir

“İqtisadi və Sosial Araşdırmalara Yardım” İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli isə hesab edir ki, hazırda ölkəmizdə kölgə iqtisadiyyatının payının 1,8 faiz təşkil etməsi arzuolunan hal deyil. Onun sözlərinə görə, kölgə iqtisadiyyatının mövcud olduğu sahələrdən biri kirayə mənzil bazarıdır. Hazırda ölkəmizdə yarım milyona yaxın mənzil kirayə verilib. Bunların da böyük hissəsi vergidən yayınır. Hətta bəzi insanların kirayədə bir neçə evi var. Bundan başqa, klinikalarda, şadlıq saraylarında vətəndaşlardan böyük məbləğlərdə nağd vəsaitlər alınır. Amma bunun müqabilində onlara heç bir qəbz təqdim olunmur. Xatırlamıram ki, hansısa restoran və ya şadlıq sarayı təşkil olunan ziyafətə görə müştərinin etdiyi ödənişlə bağlı ona qəbz təqdim etsin. Təmir-tikinti, kənd təsərrüfatı, repetitorluq sahəsində də belə hallar baş verir”.

Sevinc Abbasova 

banner

Oxşar Xəbərlər