• şənbə, 23 Avqust, 07:13
  • Baku Bakı 19°C

Gəlirin bes misli qədər kredit limiti

23.08.25 02:28 85
Gəlirin bes misli qədər kredit limiti

Kredit kartları ilə bağlı tətbiq ediləcək məhdudiyyətlər riskləri azaltmağa hesablanıb. Ekspertlər bu qərarın çoxdan atılmalı olduğu qənaətindədirlər. Çünki insanlar gəlirlərinin üzərində borclanırlar.

Əhalinin kredit kartı ilə borclanması məhdudlaşdırılıb. Dəyişikliklərə əsasən, borcalanın kredit kartı onun xalis vergidən sonrakı gəlirinin maksimum beş misli qədər olacaq. Sözügedən limit borcalanın digər kredit təşkilatlarına qarşı öhdəliklərini də nəzərə almaqla hesablanır. Bəs bu qərar vətəndaşlara, banklara necə təsir edəcək?

“Borclanmanın artması inflyasiyanı qidalandıra bilər”

Maliyyə məsələləri üzrə konsultant, Bakı Mühəndislik Universitetinin Maliyyə və mühasibat kafedrasının baş müəllimi Elmin Nemətlinin sözlərinə görə, istehlak kreditləri istər bank aktivlərinin, istərsə də bankların kredit portfelinin mühüm hissəsini təşkil edir: “30 iyun 2025-ci il tarixinə istehlak kreditlərinin (ipoteka kreditləri istisna olmaqla) ümumi həcmi 8 milyard 898 milyon təşkil edib ki, bu da icmal bank aktivlərinin 15.7 faizi deməkdir. Müvafiq göstəricilər 2024-cü il 30 iyun tarixinə 7 milyard 634 milyon manat və 15.2 faiz təşkil edib. İstehlak kreditlərinin həcmi təkcə son altı ayda 453.30 milyon manat artıb. Bu göstərici son bir ildə 1 milyard 264 milyon, son beş ildə isə 4 milyard 958 milyon manat təşkil edib. Azərbaycanda hazırda 2 118 498 ədəd kredit kartı mövcuddur. Beş il əvvəl bu rəqəm 1 203 158 ədəd idi. Hər yeni kredit kartı vətəndaşa verilən yeni kredit limiti deməkdir”.

Maliyyə konsultantı bildirdi ki, istehlak kreditlərinin həcminin qeyri-adekvat böyüməsi əhalinin qeyri-sağlam maliyyə yükünü artırır. Bu, eyni zamanda bankların kapital mövqeyinin zəifləməsinə də gətirib çıxara bilər: “Banklar ayda bir dəfədən az olmayaraq aktivlərini təsnifləşdirməli və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatlar ayırmalıdırlar. Bu baxımdan, vaxtı keçmiş kreditlər artdıqca banklar da əlavə ehtiyat ayırmağa məcbur olur. Bu isə bankların mənfəətinə və kapital mövqeyinə mənfi təsir göstərir. İstehlak yönümlü borclanmanın artması inflyasiyanı qidalandıra bilər”.

“Qeyri-işlək istehlak kreditləri sürətlə artır”

E.Nemətlinin fikrincə, Mərkəzi Bankın yeni qaydaları hər bir bankın özünə aid müvafiq kapital göstəricisinə uyğun istehlak krediti xətləri açmasına gətirib çıxaracaq. Daha yüksək kapital göstəricisinə malik olan bank daha böyük həcmdə kredit xətti açmaq imkanında olacaq.

Ekspert bildirdi ki, məhdudiyyətlərin olmaması bankların yüksək gəlir əldə etmək məqsədilə vətəndaşa ödəmə qabiliyyətindən daha yüksək məbləğdə kredit (o cümlədən kredit limiti) verməsinə imkan yaradırdı: “Qeyri-işlək kreditlərin (90 gündən artıq gecikmə) istehlak kreditlərinin nisbətinə diqqət yetirsək, son bir ildə bu göstəricinin 3 faizdən 3.6 faizə yüksəldiyini görə bilərik. Qeyri-işlək istehlak kreditləri 30 iyun 2024-cü il tarixinə 226.3 milyon, 1 il sonra isə 321 milyon təşkil edib”. 

“Büdcə planlaşdırması barədə savadlılıq artırılmalıdır”

E.Nemətli deyir ki, problemli kreditlərin azalması fonunda bankların gözlənilən mümkün zərərlər üçün xüsusi ehtiyat ayırmaları azalacaq. Sözügedən aktivlərin azalması bankların həmin kreditlərin bərpası üçün sərf etdiyi resurslara qənaət etməsinə gətirib çıxaracaq: “Bu, mənfəətliyə müsbət təsir edəcək. Problemli kreditlərin azalması bankların kapital mövqeyində bu və ya digər dərəcədə güclənməyə gətirib çıxaracaq”. 

“Effektivlik üçün maarifləndirmə də lazımdır” 

Maliyyəçinin fikrincə, qərarın effektiv olması üçün maarifləndirmə də lazımdır: “Dəyişiklik xüsusilə də yüksək məbləğdə istehlak krediti xətti əldə etmək istəyən müştərilərin sayını məhdudlaşdıracaq. Yüksək limitli kredit kartları vasitəsilə gərəksiz xərclərin nisbətən azalacağını da ehtimal edə bilərik. Digər maarifləndirici üsullar vasitəsilə də vətəndaşların borc yükü və şəxsi büdcə planlaşdırması barədə savadlı-lığının artırılması yönündə davamlı çalışmalar həyata keçirilməlidir. Çünki potensial borcalan xalis gəlirinin beş mislinə qədər olan borclanma perspektivini də düşünməli və məsuliyyətini dərk etməlidir. Gəlirə uyğun xərcləmə prinsipi və qənaət vərdişləri vətəndaşın özündə formalaşmadığı müddətcə digər məhdudlaşdırıcı alətlər yüz faizli nəticə göstərməyəcək”.

“İnsanlar maliyyə güclərini doğru qiymətləndirə bilmirlər”

İqtisadçı Eldəniz Əmirov da düşünür ki, istehlak kreditlərinin verilmə şərtlərinin sərtləşdirilməsinə ehtiyac var idi: “Çünki 2021-2025-ci illər ərzində istehlak kreditləri 90,5 faiz artaraq 8,6 milyard manata çatıb. Problemli kreditlərin də əsas hissəsi məhz istehlak kreditləridir. İstehlak kreditlərinin son illərdə sürətlə artması və onların problemli kreditlərin içərisində yüksək paya sahib olması maliyyə dayanıqlılığı üçün risk yaradır. Mərkəzi bank həm bankların dayanıqlılığını qorumaq, həm də əhalinin borc yükünü optimallaşdırmaq məqsədilə belə bir addım atıb. İnsanlar öz maliyyə güclərini doğru qiymətləndirə bilmirlər. Beləliklə, qarşılaya bilməyəcəkləri maliyyə yükü altına girirlər”.

E.Əmirovun sözlərinə görə, istehlak kreditlərinin böyük hissəsi kredit kartları üzərindən baş verir. Dəyişiklik vətəndaşları düşünülmüş maliyyə qərarları verməyə sövq edəcək: “Bu qərar bankların mənfəətini azalda bilər. Çünki banklar kredit verərək mənfəət əldə edirlər. Amma müsbət tərəfi odur ki, birbaşa daha şəffaf və riski aşağı maliyyə mexanizmləri yaranacaq. Eyni zamanda, problemli kreditlərin həcmini azaldacaq. Əgər banklara minlərlə insanın borcu varsa, bu, onlar üçün problem deməkdir. Belə bankların sayının çox olması ölkə iqtisadiyyatı üçün də problemlər yaradır. Ona görə də bu, yerində atılmış addımdır”.

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər