çərşənbə, 06 Iyul, 23:50

Baku Bakı 26°C

“Amerikasayağı demokratiya”

icon 2038 icon 12 iyun 2013 | 08:24 “Amerikasayağı demokratiya”

Birləşmiş Ştatlarda ölkəni bürüyən gurultulu qalmaqal yetişir. ABŞ və Avropa KİV-lərində məxfi “PRISM” proqramının mövcudluğu barədə sensasion xəbərlər yayılıb. Bəlli olub ki, bu proqram çərçivəsində xüsusi xidmət orqanları sosial şəbəkələrin, axtarış sistemlərinin istifadəçiləri, o cümlədən elektron yazışmalar (audio və videofayllar daxil) barədə məlumatlar əldə edirmişlər. Məsələ o qədər böyüyüb ki, ABŞ prezidenti Barak Obama işə qarışmalı olub. Və belə bir proqramın mövcudluğunu təsdiqləyib.
Ədliyyə Nazirliyi ölkənin kəşfiyyat qurumları tərəfindən vətəndaşlara aid şəxsi məlumatların müttəfiq ölkələrin müvafiq qurumlarına ötürülməsi barədə iddiaların araşdırılmasına başlayıb. Qalmaqalı ilk olaraq “The Washington Post” və “The Guardian” dərc edib. Nəşrlərin məlumatına görə, 2007-ci ildən Milli Təhlükəsizlik Agentliyi Federal Təhqiqat Bürosunun tələbi ilə ölkədə iri internet provayderlərin istifadəçiləri barədə qapalı informasiyalar toplayır. Xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən kompaniyalar arasında “Microsoft”, “Yahoo!”, “Google”, “Facebook”, “AOL”, “Skype”, “YouTube” “Apple” və “PalTalk” var.
Bəlli olub ki, FTB-nin sorğusu ilə Birləşmiş Ştatların iri telekommunikasiya kompaniyası - Verizon – üç ay ərzində xüsusi xidmət orqanlarına ABŞ vətəndaşları barədə məlumatlar verib. İnternet istifadəçilər üzərində izləmə hüquq müdafiəçiləri tərəfindən qəzəblə qarşılanıb. Ağ evin rəhbəri Barak Obama isə sonrakı açıqlamasında əməlli-başlı qalmaqal yaratmış olub. O bildirib ki, telefon danışıqları barədə məlumat toplanması və internet istifadəçilərinin şəxsi elektron yazışmalarının analizi terrorizmə mübarizə çərçivəsində edilir. Bu informasiya yayıldıqdan sonra Konqresin bir sıra üzvləri etiraz ediblər. Onlar bildiriblər ki, xüsusi xidmət orqanlarının belə bir əməliyyatı barədə məlumatlı olmayıblar. Obama isə hesab edir ki, proqram qanunvericilər tərəfindən razılaşdırılıb. Təfərrüatları ABŞ Milli kəşfiyyat İdarəsinin direktoru Ceyms Klepper də açıqlayıb. Onun sözlərinə görə, “PRISM” kəşfiyyatçıların şəxsi təşəbbüsü deyil. Bu, daxili kompyuter sistemidir və müvafiq qanunlara uyğun aparılır.
Xüsusi xidmət orqanlarının internet istifadəçilərinin bazalarına daxil olmaları barədə əvvəldən də danışılırdı. Lakin indi Ağ ev bunu rəsmən bəyan edib. Bu isə bir sıra ölkələrdə, o cümlədən Rusiyada neqativ reaksiya doğurub. Rusiya Dövlət Dumasının komitə rəhbəri Aleksey Puşkov baş verənləri amerikasayağı demokratiya adlandırıb. Avropa Birliyi də baş verənlərdən narazı qalıb.
Ceyms Klepper isə qəti şəkildə bəyan edib ki, ABŞ izlənmə siyasətindən əl çəkməyəcək: “Bu proqramın köməyi ilə terror şəbəkələrinə daxil ola və onların planının üstünü aça bilərik. Bundan əlavə, elektron şəbəkələrin monitorinqi bizlərə kiber təhlükələrə qarşı mübarizə aparmağa və kütləvi qırğın silahının yayılmasının qarşısını almağa imkan verir”.
Bütün bu qalmaqalın səbəbkarı isə 29 yaşlı Edvard Snouden adlı keçmiş MKİ əməkdaşıdır. Yayılan xəbərlərə görə, bu şəxs hazırda onu ABŞ-a verməkdən imtina edəcək ölkədən sığınacaq almaq üçün mübarizə aparır. Honkonqa qaçan bu şəxs öz addımını xeyirdən çox ziyan gətirəcək bir sistemin bir hissəsi olmaq istəməməsi ilə izah edib. Artıq Rusiya tərəfi bəyan edib ki, Snouden sığınacaq üçün müraciət edərsə, onun müraciətinə baxıla bilər. Snouden bəyan edib ki, bu addımı yalnız və yalnız ideoloji baxışlarına görə edib: “Əgər məni pul maraqlandırsaydı, bu məlumatları Rusiya və digər ölkələrə ötürərdim. Siz hətta pis bir şey etməmisinizsə belə, sizi izləyirlər və səsinizi yazırlar. Səhv bir addım xüsusi xidmət orqanları tərəfindən sizin şübhə altına alınmanıza bəs edər”. E.Snouden deyib ki, qərarı tədricən qəbul edib: “Yavaş-yavaş başa düşürsən ki, prezidentlər yüksək vəzifəyə seçilmələrini təmin etmək üçün açıq-aşkar yalan danışıb, sonra hamının qarşısında verdikləri vədləri heç bir məsuliyyət daşımadan poza bilərlər”.
Ekspertlər hesab edir ki, Honkonq ekstradisiya üzrə ABŞ-ın tələblərini yerinə yetirə bilər. ABŞ-da onu dövlət sirrini yaydığına görə, 20 ilədək həbs cəzası gözləyə bilər. Snouden isə siyasi sığınacaq almaq istədiyi ölkə kimi İslandiyanı gördüyünü deyib.
Azər Nuriyev