• çərşənbə axşamı, 23 aprel, 20:41
  • Baku Bakı 20°C

Alın yazısına inanan prima-balerina - SƏNƏT

04.06.22 06:30 1600
Alın yazısına inanan prima-balerina - SƏNƏT

“Bütün günü, hər yerdə Leyliyəm, ancaq bu obrazı düşünürəm, ona çevrilmişəm. Alqışsa enerji nüvəsidir. Əvvəlcə bu enerjini tamaşaçıya sən ötürürsən, sonra enerjini o sənə qaytarır. Mənim üçün səhnədə olmaq, alqış almaq böyük xoşbəxtlikdir”.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı həmişə mənim üçün bir kübarlıq və klassikanın sinonimi olub. Bu bina, səhnə, lojalar, hətta onun dəhlizləri həmişə möcüzəli görünüb. Sanki ayağımı yerə bərk atsam, sehr pozulacaqmış kimi, barmaqlarımın ucunda gəzmişəm burada. Bu sehrli teatrın prima-balerinası, Əməkdar artist Cəmilə Kərimova ilə söhbətləşdik. 

Bir məktəbdə üç məktəb 

Balerina olmaq həvəsini Cəmilə xanımda anası yaradıb: “Anam incəsənətdə olmağımı istəyirdi. Və əvvəlcə məni skripka sinfinə qoydu. Sonra isə rəqsə böyük həvəsimi görüb balet məktəbinə yazdırdı və dedi ki, gəl yoxlayaq, alınır, yoxsa yox. Xoşuna gəlsə, bacarsan, davam edərsən. On yaşımda Bakı Xoreoqrafiya Akademiyasına daxil oldum. 20 ildir ki, sevə-sevə bu işlə məşğulam. BXA xüsusi məktəbdir. Orda oxumaq maraqlı və çətindir.  Bir məktəbdə, sanki üç məktəb cəmləşib. Orda balet, musiqi, orta məktəb dərslərini oxuyuruq. Mənim üçün o qədər maraqlı idi ki, çətinlikləri heç vaxt fikirləşmədim, fiziki heç vaxt yorulmadım. Nə olur-olsun, davam etmək istədim. Bu sənət psixoloji tərəfdən də çətindir. Hər gün bir addım irəliləmirsənsə, deməli, geri qalırsan. Fasilə yoxdur. Həm də alın yazısına inanıram. Mən balerina olmalı idim, oldum da. Üç təhsilin bir yerdə olmasından və baletin mənim üçün birinci yerdə durmasından asılı olmayaraq, oranı qırmızı diplomla bitirdim. Moskva Dövlət Akademik Böyük Teatrının nəzdində Moskva Dövlət Xoreoqrafiya Akademiyasına daxil oldum. Mədəniyyət Nazirliyinə minnətdaram ki, məni ora bir il ixtisasartırma kursuna göndərdi”.

Balet həyat tərzidir

Cəmilə xanım “balerina elə bir sənətdir ki, sən işdə balerina, evdə sadə insan ola bilməzsən” deyir: “Mümkün deyil. Balet həyat tərzidir. Evdə də tamaşaları, obrazları fikirləşirsən. Düşünürsən ki, obrazı, xarakteri tamaşaçıya daha yaxşı necə çatdırım. Hazırda “Leyli və Məcnun” baletində Leyli obrazının məşqini edirik. Mən bütün günü, hər yerdə Leyliyəm, ancaq bu obrazı düşünürəm, ona çevrilmişəm. Alqışsa enerji nüvəsidir. Əvvəlcə bu enerjini tamaşaçıya sən ötürürsən, sonra enerjini o sənə qaytarır. Mənim üçün səhnədə olmaq, alqış almaq böyük xoşbəxtlikdir. Bununla yaşayıram, bununla nəfəs alıram. Belə bir şey oxumuşdum: “İnsan, əgər artistdirsə, heç yerdə səhnədə olduğu qədər azad və xoşbəxt deyil!” Bu fikirlə çox razıyam. “Elə bir tamaşa yoxdur ki, həyəcanlanmayım” deyir Cəmilə xanım: “Ümumiyyətlə soyuqqanlı ola bilmirəm, emosionalam. Bəzən düşünürlər ki, insan təcrübə topladıqca, həyəcan artıq keçməlidir. Amma belə deyil. Mənim üçün adiləşmir. Həyəcanım həmişə var. Çünki səhnə çox möcüzəli bir yerdir. Mən səhnəni canlı hesab edirəm. O, sənin dostun ola bilər. Əgər münasibətin alınmadısa, bir dalğaya köklənə bilmədinsə, tamaşa yaxşı alınmaya da bilər. Bunu tamaşaçı hiss etməz, bəlkə də. Bəyənər, alqışlar. Amma sən özündən tam razı qalmazsan”.

Ağ və qara qu

Özünə qarşı tənqidi yanaşan balerinamız teatra gəldiyi ilk mövsümdə “Qu gölü” baletində oynayıb: “Balet sənətinin zirvəsi sayılan bu əsər 4 pərdəli böyük tamaşadır. Əsərdə 2 çətin obraz var – Ağ qu və Qara qu. Aparıcı solist  həm ağ, həm də qara qunu oynayır. Və burda əsas məsələ bu kontrastı oynaya bilməkdir. Bunun elə mürəkkəbliyi də bundadır. Mənim üçün belə bir tamaşada oynamaq böyük bir məsuliyyət idi. Rəhbərliyə, mənə verdiyi bu şansa görə çox minnətdaram. Onların inamı məni güclü edirdi. “Qu gölü”ndə həmişə anşlaq olur. Orda həm bizim, həm də xaricdən dəvət olunan artistlər oynayır. Dünya ölkələrindən gələn ifaçılar bizim truppanın yüksək səviyyəsini görür, balet məktəbini, peşəkarlığımızı qiymətləndirirlər”.

Zərif və güclü olmaq

Balerina formada qalmaq haqda da danışdı: “Hər gün bir neçə saatlıq məşqdə təkcə bəzi əzələlər yox, bütün bədənimiz işləyir. Məşqdə 100 faiz işləyirsənsə, deməli, mütləq formada qalacaqsan. Qidamız məşqimizə uyğun olmalıdır. Çünki bütün elementlər, vitaminlər bizə lazımdır. Biz həm zərif, həm də güclü olmalıyıq. Azərbaycan kulinariyasını çox sevirəm. “Fastfood”dan başqa heç nədə özümə qadağa qoymuram, amma az yeyirəm”. 

Düşən lokon, yaddan çıxan hərəkət

“Qu gölü”ndə balet saç düzümündən başqa, əlavə lokon da taxmalı idim. Nədənsə, onu bircə sancaqla bərkitdim. Səhnəyə çıxan kimi lokon düşdü. Biz 4 qız idik və yaxşı ki, mərkəzdə deyildim, tamaşaçılar bunu hiss etmədi. Mənsə özümü heç nə olmamış kimi apardım. “Leyli və Məcun”da Leylini oynayırdım. O baletdə hərəkət ardıcıllığı çox mürəkkəbdir. Məşqdə növbəti dəfə hansı hərəkətin gələcəyini bir-birimizə xatırladırdıq. Tərəf müqabilimin unutduğu bir yer vardı, ona həmişə mən deyirdim. Tamaşada isə həmin yeri mən unutdum. Cizgilərimdən unutduğumu hiss etdi və həmin yeri mənə xatırlatdı”.

Fiziki, psixoloji yük

“Bu sənətdə hamı axıra qədər davam gətirə bilmir” deyir balerina: “Bilirsiniz, hər dəfə yenidən başlamaq çox çətindir. İnsan fiziki, psixoloji yükü qaldırmaya bilər.  Məsələn, dil öyrənirsən, 10 söz öyrəndin, vəssalam, yadında qaldı. Baletdə belə deyil. Hər səhər təkrarladığımız klassika dərsini 20 ildən çoxdur edirik. Amma mən özümü ofisdə, masa arxasında təsəvvür etmirəm. Balet olmasaydı, incəsənətin başqa bir qolu ilə məşğul olardım. Bəlkə də, aktrisa olardım. Teatra getməyi, xüsusən də, operanı çox sevirəm. Çünki fransız və italyan dillərini bilirəm və tamaşa mənə xüsusi zövq verir”.

Balerina xanımın pozitivliyi, zərif bədənindəki güclü ruhu bu teatra xüsusi işıq, sevgi verir. Sağollaşıb yeni günəşlərin görüşünə gedirəm.

Söhbətləşdi: Xanım Aydın
Fotolar: Sabir Məmmədov

banner

Oxşar Xəbərlər