çərşənbə, 05 Oktyabr, 20:09

Baku Bakı 23°C

Alimlər yağışın ətrinə dair tədqiqat aparıblar

icon 233 icon 17 avqust 2022 | 11:15 Alimlər yağışın ətrinə dair tədqiqat aparıblar

Yayın ən isti günündə leysan yağışı yüngül təravət ətri və sərinlik yaradır. Tədqiqat nəticəsində məlum olub ki, məsələ təkcə sərinlikdə deyil, burada kimyəvi proseslərin də yeri var. “Ekspress” yazır ki, alimlər onilliklər boyu güclü leysandan sonra havanın ətrini tədqiq edərək bu qənaətə gəliblər.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, elmi dairələrdə yağışın ətri Petrikor adlandırılır. Yunanca “petra” daş, “ichor” isə mifologiyada tanrıların və ölməzlərin damarlarından axan qızılı rəngdə maye mənasını verir.

İlk dəfə “yağış ətri” tərifi 1964-cü ildə avstraliyalı alimlər İzabel Bear və Roderik Tomas tərəfindən verilib. Onlar belə qənaətə gəliblər ki, isti müşk ətri bakteriyaların səbəb olduğu kimyəvi reaksiya nəticəsində əmələ gəlir. İsti şüalara və su buxarına məruz qalmış dağ süxurları, həmçinin torpaqda olan sarı yağ ifraz edir. Daha sonra müəyyən edilib ki, bu, quru torpaqda bitkilərin ifraz etdiyi yağlardır, həmçinin bakteriyaların ifraz etdiyi kimyəvi maddələrdən başqa bir şey deyil. Sonuncular, öz növbəsində, geosmin adlı molekul yaradır.

Leysan yağışı yağmağa başlayanda eyni kimyəvi proses baş verir: yağış damcıları tərkibində geosmin olan hava qabarcıqlarını udur. Daha sonra hava qabarcıqları partlayır və kiçik hissəciklər havaya dağılır. Bundan əlavə, həddindən artıq nəmlik molekulların hissəciklərinin daşların və torpağın məsamələrində qalmasına kömək edir - məhz bu hissəcikləri də biz “yağış ətri” adlandırırıq.

İzabel Bear və Roderik Tomas araşdırmalar nəticəsində yağış ətrini niyə bu qədər xoşladığımızı da müəyyən ediblər. Məlum olub ki, insan burnu geosminə qarşı həddindən artıq həssasdır və onu hətta mikro konsentrasiyalarda – milyard : 0,4 hissə nisbətdə də hiss edə bilir. Məhz buna görə də Petrikor hələ 1960-cı illərdə ətriyyat kompozisiyalarında populyarlaşdı və bu gün də fəal şəkildə ondan istifadə olunur.