cümə, 12 Avqust, 06:44

Baku Bakı 22°C

“80 il cüdo tarixi olan ölkələri nəticəmizlə keçmişik”

icon 233 icon 08 iyul 2022 | 19:44 “80 il cüdo tarixi olan ölkələri nəticəmizlə keçmişik”

 

Əməkdar məşqçi: “1992-ci ildə Nazim Hüseynovun cüdo üzrə olimpiya çempionu olması öz arxasıca yüzlərlə uşağı, gənci bu sahəyə çəkdi. Amma hamısı qalmadı. Gəlirdilər, 3-4 ay məşq edirdilər, sahədəki çətinlikləri görürdülər, çoxu gedirdi. İndi ən azı 3 il məşğul olurlar”

 

Altmışıncı illərdə Belarusda hərbi xidmətdə olanda sambo, güləş idman növləri ilə məşğul olur, yarışlara qatılır. Həmin müddətdə cüdo ilə tanış olur, bu idman növünü araşdırmağa başlayır və cüdoya vurulur. Azərbaycana qayıtdıqdan sonra ölkəmizə bu idman növünün gəlməsini səbirsizliklə gözləyir. Biləndə ki, artıq cüdo Azərbaycana gəlir, o, öncədən qrup yığıb məşqlərə başlayır. 1972-ci ilin iyununda məşqlərə başlayır, noyabrın 22-də isə cüdo idman növü Azərbaycanda təsdiq olunur.

Bu il Azərbaycan cüdosunun 50 illik yubileyi qeyd edilir. Onun da cüdoda məşqçi kimi fəaliyyətinin 50 ili tamam olur. Yarım əsrlik tarixin hər gününə şahidlik edib, tarix yazanları yetişdirib, keçilən yolda atılan hər addıma bələddir.

Yetirmələri arasında Azərbaycanın hər iki olimpiya çempionunun şəxsi məşqçiləri, yüzə yaxın idman ustası, Yay Olimpiya Oyunlarının iştirakçıları, üç beynəlxalq dərəcəli hakim, iki Milli Qəhrəman, bir nəfər general-polkovnik və onlarla yüksək rütbəli zabit var. Böyüklərdən ibarət Azərbaycan yığmasının hazırda aparıcı üzvləri olan ikiqat Avropa çempionu, dünya çempionatlarının ikiqat bürünc medalçısı Hidayət Heydərov, üçqat Avropa mükafatçısı Məmmədəli Mehdiyev və "Dünya Turu" seriyasından nüfuzlu "Böyük Dəbilqə" turnirlərinin mükafatçısı Murad Fətiyevin şəxsi məşqçisidir.

Söhbət cüdo üzrə Azərbaycanın Əməkdar məşqçisi, Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi, "Kanokan TT" klubunun yaradıcısı Tərlan Həsənovdan gedir. Cüdo tarixinə nəzər salmaq üçün 80 yaşlı mütəxəssisin məşq keçdiyi idman zalına üz tutduq. Biz zala daxil olanda, uşaqlardan ibarət qrup məşq edirdi. Məşqdən sonra qocaman məşqçi elə tatami üzərində suallarımızı cavablandırdı.

- İndi zalda uşaqların qrupunda 30 tələbə ilə məşq etdiniz. 50 il əvvəl məşqçiliyə başladığınız dövrdə zallarda nə qədər tələbə olurdu?

- Bu, 30 nəfərlik bir qrupudur. Ümumilikdə, 250 tələbəmiz var. O vaxt isə mən 30 tələbə ilə başlamışdım. Onların da çoxu dost-tanış idi, maraqlandırıb cəlb etmişdim. O vaxt zallarda məşq edənlərin sayı indiki ilə müqayisədə çox az idi. Bu gün isə Azərbaycanda 10-12 min insan cüdo ilə məşğul olur.

- Maraqlıdır, ilk məşqlərdə hansı yaş qrupları ilə məşq edirdiniz?

- Əsas 16-18 yaşlı gənclər idi. Cüdo Azərbaycanda yeni başladığı dövrdə sistem belə qurulmuşdu ki, 14 yaşından başlayırdılar, 14-dən tez olmazdı. İndi 8 yaşdan sonra icazə var. Amma bu idman növündə çox irəli gedən ölkələrdə - Hollandiya, Belçika, Almaniya, Fransa, Macarıstan, Yaponiyada 4-5 yaşında uşaqlarla cüdo məşqləri keçirdilər. Mən də hər zaman erkən yaşlarda məşqə başlamağın tərəfdarı olmuşam. Demək olar ki, respublikada cüdo üzrə birinci məşqçiyəm ki, 4-5 yaşındakı uşaqlarla məşqə başlamışam. Çünki cüdo intellektual idman növüdür. Çüdonun tərcüməsi “ağılla qələbəyə gedən yol” deməkdir. Nə qədər tez başlasan, ağıl da bu istiqamətdə inkişaf edəcək. 15-16 yaşda bədən bərkiyir, öyrətmək çətindir. Zamanla aşağı yaşlarda məşqə gedilməsi bizdə də artdı. Ona görə cüdoda böyük nəticələr əldə etdik.

- Erkən yaşda başlayıb parlaq nəticə göstərənlər kimlərdir?

- Gənclər arasında Avropa çempionatının gümüş medalçısı, "Dünya Turu" seriyasından olan "Böyük Dəbilqə" turnirlərinin mükafatçısı, Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı Murad Fətiyev məşqə gələndə, 4 yaşı var idi. İkiqat Avropa çempionu Hidayət Heydərov 5 yaşına gəlmişdi. “Böyük Dəbilqə” turnirinin qalibi Məmmədəli Mehdiyev 4 yaş yarında başlayıb. Belə nümunələr çoxdur.

- Ötən 50 ili dövrlərə bölsək, cüdo tarixini necə xarakterizə edərsiniz?

- Çox çətin dövrlərdən keçdik. Cüdoçular çox az maaş alırdı, Cüdo Federasiyasının fəaliyyəti bərbad vəziyyətdə idi, demək olar ki, adı var idi. İdman Komitəsinin (O vaxt Gənclər və İdman Nazirliyi yox idi) bu sahəyə diqqətini görmürdük. Bizə nə döşək, nə geyim verirdi. Müəllimlərin maaşı cüzi idi, gülməli bir məbləğdən söhbət gedir. Amma inkişaf getdi, sistem dəyişdi. İdman Komitəsi Gənclər və İdman Nazirliyi oldu, Olimpiya Komitəsi, güclü federasiya var. Əvvəlki və indiki federasiya rəhbərliyi dəstəyini göstərib. Material, tatami verirlər. Bunu dövlət, federasiya verirsə, dəstəkdir. Yığma komandanın idmançıları geyimlə təmin edilir. Çanta, paltar verirlər. Valideyn bunlar üçün pul xərcləmir. Məşqçilər mükafat alırlar.

Nəticədə bu gün Avropada yeniyetmə, gənc və kişilər arasında cüdoda ilk beşlikdəyik. İki olimpiya çempionumuz var. Olimpiya mükafatçılarımız, dünya çempionlarımız var. 80 il cüdo tarixi olan ölkələri nəticəmizlə keçmişik. İranın əhalisi 80 milyona yaxındır, bu ölkədə 1947-ci ildən cüdo var, amma olimpiya çempionları yoxdur.

- Çətinliklər təsirini hansı formada göstərirdi?

- İdmançılar pis yola gedirdi. Qolu güclü idi, kiməsə şilləvuranlıq etmək lazım idi, onları cəlb edirdilər. Vəziyyət pis olduğu üçün potensial qaliblərin çoxu uzaqlaşdı. Düz yola gedənləri onlarla, pis yola gedənləri yüzlərlə oldu. Çünki çətin vəziyyət idi, onları saxlamaq asan deyildi.

- Məşqçilər belə onları cüdoda saxlaya bilmirdilər?

- Tək idmançılar yox, elə məşqçilərdən də həvəsdən düşənlər az olmadı. Mənimlə bir yerdə məşqçiliyə başlayanlardan cəmi bir neçəsi bu sahədə qaldı. Amma dözmək lazım idi. Sovet vaxtı tələbəmə görə mükafat almamışam. Bir dəfə almışam, o da balaca məbləğ idi. Bir maaş qədər. Amma İslam Oyunlarında 2 tələbəm çempion oldu. Məşqçi olaraq mənə hərəsinə görə 50 min manat mükafat verildi. Evim pis vəziyyətdə idi. Yoldaşım, qızım, ailəsi, oğlum, ailəsi, uşaqları 3 otaqlı evdə bir yerdə yaşayırdıq. O pulla özümə ev aldım.

- Çətin dövrünüz uzun çəkib.

- Yalan olmasın, 30-35 il çətin dövrümüz oldu. Amma mən o çətinliklərə ona görə dözürdüm ki, bəhrəsi olacağını bilirdim. Deyim ki, indi də çətinliyimiz var.

- Hansı çətinlikdən söhbət gedir?

- (Gülür) İndiki xoş çətinlikdir. İndi iş çoxdur. Mən zalı bir il ərzində 9,5 ay səhər saat 7-də açıram, axşam 8-də gedirəm. Bu çətinlikdən ləzzət alıram.

- İdmana dövlət qayğısını, son 20 ildə görürük. Yüksək mükafatlar verildi, idmana yönələnlər artdı. Bu da bir motivasiyadır. Bəs əvvəlki 30 ildə motivasiya nə idi?

- Cüdo tariximizdəki parlaq qələbələr pul mükafatını düşünərək əldə olunmayıb. Onlar qalib olmaq istəyiblər, uduzmağı qəbul etməyiblər. 1992-ci ildə Nazim Hüseynov olimpiya çempionu olanda indiki mükafatlar yox idi. Elnur Məmmədli olimpiya çempionu olanda, pulu fikirləşib qalib olmamışdı. Düzdür, diqqət olanda daha çox adam gəlir, amma qalibiyyətlər pula görə deyil. Pulu fikirləşənlər qələbəyə yol tapa bilməyəcək.

O vaxt motivasiya medal qazanmaq, ölkə adına qalibiyyət gətirmək idi. Mən müəllim olaraq tələbələrimə belə motivasiya verirdim ki, sənin millətinin tarixdə filan qələbələri olub, nə üçün indi geridə olsun? Pul lazımdır, peşəkar idmançıdırsa, gündə ən azı 4-5 saat məşğul olmalıdır. Ona qoyulan enerji gərək nə iləsə geri gəlsin. Dövlət tərəfindən mükafat verilməlidir ki, özünü saxlaya bilsin.

- İndi cüdoda kütləvilik var. Bu kütləvilik nə vaxtdan müşahidə olundu?

- Hansısa idmançı dünya, olimpiya çempionu olandan sonra həmin idman növünə maraq artır. 1992-ci ildə Nazim Hüseynovun cüdo üzrə olimpiya çempionu olması öz arxasınca yüzlərlə uşağı, gənci bu sahəyə çəkdi. Amma hamısı qalmadı. Gəlirdilər, 3-4 ay məşq edirdilər, sahədəki çətinlikləri görürdülər və çoxu gedirdi. İndi ən azı 3 il məşğul olurlar.

- İndi 3 il sonra gedənlərin səbəbi nədir?

- Gedənlərin səbəbləri o vaxtkı ilə eyni deyil. Burda gördüyünüz uşaqların çoxu məktəbdə yaxşı oxuyurlar. Bəzən olur ki, dərsdə zəiflik olur, valideynlər idmanı dayandırırlar. Amma indi cüdoda qalıcılıq çox yaxşıdır. Bir qadın uşağını gətirir, atası yoxdur. Bədəni Mauqlinin bədəni kimidir. Deyirəm ki, o, 2 ilə əməlli-başlı güləşəcək. Ailəsinin imkanı yoxdur, amma dövlət dəstəyi onu bu sahədə saxlayacaq.

- Ümumiyyətlə, uşaq qrupundan neçə faizi yeniyetmələr qrupuna keçir?

- 70 faizi keçəcək. Əla statistikadır. 30 faiz də batmır, güclü uşaq olacaq, əsgər gedəcək. Əvvəllər isə 30 faiz keçirdi, 70 faiz itirdi. Dövlət qrup təyin edirdi, 12 nəfər yazırdı. 13, 14, 15-ci, 20-ci kənarda qalırdı. İndi hamısını qəbul edirik. Zəiflərlə də başqa cür işləyib digərlərinə çatdırmaq olur.

Mart ayından Beynəlxalq Cüdo Federasiyası (BCF) növbəti olimpiya dövrü (2022-2024) üçün cüdo idman növü üzrə yeni qaydalar tətbiq etdi. Məsələn, bəzi əks fəndlərdə qiymətləndirmə olmayacaq və bir sıra hallarda cüdoçular kəmərdən aşağı tutmalardan da istifadə edə biləcəklər. Eyni zamanda, bəzi fəndləri əks tərəfə tətbiq etdikdə qiymətləndirilməyəcək. İdmançıları qorumaq məqsədi ilə yarış zamanı qanaxma zədəsi iki dəfə həkimin göstərişi ilə müayinə edilə bilər. Həkimin eyni yerdən qanaxmaya müdaxiləsinə yenidən ehtiyac yaranarsa, hakim rəqibi qalib elan edəcək. Bundan əlavə, kəmərin və saçın düzəldilməsinə bir dəfə icazə verilir, ikinci dəfə bu hal icazəsiz təkrar olunursa, bu hərəkət şido (xəbərdarlıq) ilə cəzalandırılacaq. Eləcə də, cüdoqi (cüdoçunun yarış paltarı) qaydalara uyğun olmazsa, idmançı yarışdan kənarlaşdırılacaq.

- Tərlan müəllim, yeni qaydaların tətbiqi cüdoya nə gətirəcək?

- Yenilik sürət, idmançıya dözümlülük gətirəcək. Yaxşı texnikaları bilmək, tətbiq etmək önəmlidir, amma yeni qaydalar texnikaları sürətlə tətbiq etməyə kömək edəcək.

 

“Fövqəladə uşaqları hiss edirik”

Tərlan müəllim zaldakı uşaqlardan ayrıca danışdı, dedi ki, təkcə 30 nəfərlik qrupda tarix yaza biləcək fövqəladə uşaqlar var: “O yolla gedənləri hiss edirik. Onlarda mənlik var, uduzmağı qəbul etmirlər, uduzanda ağlayırlar. Nazim mənim tələbəm idi. 8-9 yaşında yanıma gəlib. Onda o enerjini aldım, həvəsi gördüm, üzərində işləməyə başladım. Köməkçi müəllimə də tapşırdım ki, üzərində işləsin. Bəzən Nazim itirdi, köməkçi müəllimə deyirdim ki, onu tap, o, nəticə verəcək. Elə də oldu. Əslində, onlarla idmançıya onun kimi yanaşıldı. Yaxşı nəticə göstərən idmançılar az deyildi, amma Nazimdə maksimal oldu”.

“Atam dedi ki, bir az get, sonra dayandırarsan”

T.Həsənovun seçdiyi bir neçə uşaqla da söhbətləşdik. Rövşən və Emin Qurbanəliyev qardaşlarını idmana valideynləri istiqamətləndirib. Emin deyir ki, ilk vaxtlar hətta idmanı dayandırmaq fikri də olub: “Atam boksa getməyimizi istəyirdi. Sonra elə oldu ki, cüdoya gəldim. Cüdonu güləş kimi bilirdim deyə, razılaşdım. Birinci dəfə getdim, sonra dayandırmaq istədim. Atam dedi ki, bir az get, sonra dayandırarsan. Elə “bir az get” deyə-deyə məni burda saxladı. Sonra artıq öz marağım oldu deyə dayandırmadım. 17 medalım var, 10-u qızıldır”.

Rövşənin də əvvəl idmana marağı olmayıb: “Valideynlərim qardaşımla məni idmana qoymaq istədilər, razılaşmadım. Qardaşım razı oldu. Sonra bizi evdə güləşdirməyə başladılar, ona uduzdum. Əsəbiləşdim, dedim səni udmalıyam. Qardaşımdan 5 ay sonra cüdoya gəldim. Sonra özümdə həvəs yarandı, davam etdim. 4 il yarımdır gəlirəm, 12-13 medalım var. Amma yenə qardaşım məni yıxır (Gülür). Çünki 5 ay məndən təcrübəlidir”.

“Ona görə ağlayıram ki…”

4 ildir məşq edən, 10 medalı olan Elman Xəlilini də valideynləri idmana yönəldiblər: “Evdən idmana qoyurdular, amma nə seçəcəyimi bilmirdim. Sonra Nazim Hüseynovun videolarına baxdım, dedim ki, cüdoya gedim. Tənbəllik etmirəm, tez oyanıb məşqə gəlirəm. Evdəkilər məcbur “məşqə get” demirlər. Qaliblərin çıxışlara baxanda içimdən onların qələbələrini yaşamaq keçir”.

Böyük yarışlarda uduzanda ağlayan idmançıları çox görürük, elə uşaqlar içərisində də uduzanda ağlayanları var. Onlardan biri də Mədət Alışanovdur. Mədət deyir ki, qalib olmağı ondan heç kim istəmir, sadəcə, o, uduzmağı qəbul edə bilmir: “6 ildir gəlirəm, 18 medalım var. O medalları ona görə qazanmışam ki, rəqiblərimdən çox məşq edirəm. Zaldakı öz yerində, evdə özüm də məşq edirəm. Məşqdə yorulmuram, məncə, dözümlüyəm. Uduzanda ona görə ağlayıram ki, uduzmağı qəbul etmirəm”.

- Tərlan müəllim, uşaqlarla söhbət də göstərir ki, valideynlər övladlarını idmana yönəltməkdə maraqlıdırlar, özləri həvəs yaradırlar.

- Əvvəllər uşaqların həvəsi olurdu deyə, valideynlər gətirirdilər. Bəzən həvəsi olanı gəlməyə qoymurdular. Amma indi valideynlər özləri maraq yaradırlar, yönlədirlər. İndi valideynlər övladını ilk olaraq sağlam görmək üçün idmana gətirirlər. Sonra idmanda görmək, çempion olmalarını istədikləri üçün. Bir valideyn var, deyir ki, qızım olsaydı, onu da cüdoya gətirərdim.

- Mən isə oğlu sizin yanınızda məşq edən bir xanımla söhbət etdim, yanında qızı var idi. Dedi ki, qızdır deyə, cüdoya qoya bilmirəm. Qızların cüdoya yazılması niyə hələ də problem olaraq qalır?

- Qadın cüdosu ilə bağlı Azərbaycanda vəziyyət çox pisdir. 2000-ci ildən sonra Cüdo Federasiyası fəal işləyəndən sonra bu sahəyə qızlar bir az gəldi, dirçəlmə müşahidə edildi, amma indi yenə də azdır. 250 tələbənin içində heç 10 qız yoxdur. Ailələrdə mentalitet buna imkan vermir. Türkiyənin qız cüdosu oğlan cüdolarından yüksəkdir. Onların qızları bu sahədə uğurludursa, bizim qızlar da uğur qazana bilər. Say çox olanda, içindən qaliblər çıxır. İndi cüdoya o qədər qız gəlmir ki, qadın cüdosunun gələcəyi ilə bağlı ümidverici fikirlər deyək. Amma az da olsa, həvəsli valideynlər var. Bir dindar ailə var, qızlarını həvəslə gətirirlər. Mən o qızdakı, ailəsindəki marağı görəndə, daha da həvəslənirəm. Tək-tük valideyn idmanla bağlı qızını başa düşür. Məşqə gələn qızların 50 faizini isə bir müddət sonra “Qızdır, böyüyüb” deyib çıxarırlar. Həm də qızların sayı o qədər azdır ki, onlar oğlanların içində məşq edirlər. Say çoxalsa, ayrıca qrup yığılar. Qızlarda mənlik, qalibiyyət hissi çox güclüdür, əgər qızlar bu sahəyə gəlsə, nəticə gecikməz, sadəcə gəlmələri lazımdır. Bəzən narahat olurlar ki, idmançı bədəni filan olacaq. Amma cüdo ilə məşğul olan qız incə qalır.

Aygün Asimqızı