• cümə, 19 Aprel, 04:27
  • Baku Bakı 18°C

19 nəfərin acı və qürur dolu hekayəsi - FOTOLAR + VİDEO

05.11.22 01:30 1577
19 nəfərin acı və qürur dolu hekayəsi - FOTOLAR + VİDEO

“Parabüzən” həqiqətlərimizi sadə dillə danışan ekran əsəridir. Film həm də tarixə baxışdır. Bu, tariximizin hər bir özünə hörmət edən vətəndaşının bilməli olduğu ağrılı səhifələrindən biridir. “Parabüzən” o ağrılı illərin bütün həqiqətini, qorxusunu və ən əsası, ümidini çatdırmağın ən yaxşı yoludur.

Müharibə, qaçqınlıq, əsirlik, mühasirə haqqında əsərlər həmişə təsirli və kədərlidir. Xüsusən sənədli ekran əsərlərinin yaddaşda iz buraxması və emosiyalar doğurmasının həqiqətləri çatdırmaq baxımından effekti inanılmazdır.

Biz 1-ci və 2-ci Qarabağ müharibəsi başlayana, bir milyon insanımız köçkün düşənə, torpaqlarımız işğal olunana qədər belə təsirli kadrları filmlərdə, muzeylərdə, telekanallarda izləmişik. Leninqrad blokadası haqda sənədli və bədii kinoepopeyaların təsirindən uzun illər qurtula bilməmişik. İndi isə ekranlarda Qarabağ müharibəsinin ağrı-acısının, erməni vandallığının əks olunduğu kadrları – başımıza gətirilən oyunları, öz həqiqətlərimizi izləyirik. “Parabüzən” sənədli filmi məhz bu həqiqətləri dolğunluğu ilə ekranda nümayiş etdirdi.

Film ev-eşiyindən, isti ocağından didərgin düşən, müharibə yaralarını görən, mühasirə həyatının bütün çətinliklərini yaşamış insanların son dərəcə kədərli hekayələridir: aclıq, soyuq, qorxu və heç vaxt itməyən ümid… Tamaşaçılar “Parabüzən”in qəhrəmanlarının sənədli filmlərin səciyyəvi quru rəqəmləri və faktlarından daha güclü təəssürat və emosiya yaradan hekayələri ilə üz-üzə qaldılar.

Yaradıcı heyət qəhrəmanlarının dili ilə Qarabağ müharibəsinin yaratdığı ürək dağlayan atmosferi dəqiqlik və detalları ilə ekrana gətirə bilib. 

54 gün əsirlikdə keçən gün

“Parabüzən” 54 gün az qala dünyadan təcrid olunmuş halda yaşayan, mübarizə aparan və sağ qalan 19 nəfərin acı və qürur dolu hekayəsidir. Mühasirə günlərində ermənilərdən necə gizlənmələri, ölüm-qalım uğrunda mübarizələri, mühasirədən hansı yolla çıxmaları, bir-birlərinə dəstək olmaları, “ölsək də, qalsaq da bir” ideyaları sona qədər onları mübariz edib. Onlar hər an ölüm təhlükəsi ilə üzləşiblər, yorğun, çaşqın halda, qarşıda onları nə gözlədiyini bilmədən gecələr yol gedib, gündüzlər daldalanacaq tapıblar. Ailələrinə, övladlarına qovuşmaq ümidi onları bir an da tərk etməyib.

Filmin lentə alındığı kadrlarda 19 nəfərin mühasirəyə düşdüyü yer - Kəlbəcərin Çaykənd kəndi, mühasirədə qaldıqları ərazi - Laçının Oğuldərə kəndi və mühasirəni yardıqları yer - Laçının Güləbird kəndi yer alıb. Tamaşaçılar da sanki hadisəni yaşayırmış kimi həmin yerləri qarış-qarış gəzir, eyni həyəcan və qorxunu yaşayırlar…

Real faktlar və həyat hekayələrilə zəngin süjet

29 illik işğalın birbaşa acısını çəkən, o dəhşətli günləri yaşayan şahidlər getdikcə azalır. Elə “Parabüzən”də olduğu kimi: bəzi qəhrəmanları həyatdan köçüb, bəziləri ölkədən gedib, bəziləri qocalıb əldən düşüb… Amma onların xatirələri həmişə dəhşət saçır. İndi onlar həmin günlərdən yuxu kimi danışırlar. Xilas olduqlarına, əzizlərinə qovuşduqlarına hələ də inanmırlar. Filmdəki kadrlar, əslində, mühasirənin əzablarına qatlaşan və ümidini itirməyən, birlik nümayiş etdirən insanların timsalında bütöv xalqımızın nə qədər mübariz olduğunu təcəssüm etdirir.

Torpaqlarımız işğaldan azad edildikdən sonra yaradıcı heyətin mühasirədə qalmış şəxslərlə birlikdə hadisələrin yaşandığı ərazilərə səfər etməsi, onların vaxtilə daldalandığı yerləri yenidən gəzməsi təsirli xatirələrdir. 29 illik vətən həsrətindən sonra mühasirədə mübarizə aparan insanların torpağının artıq azad olması onlar üçün ən xoşbəxt anlardır.

Zəfər Gününün müjdəsi

Parabüzən – uğur böcəyidir, verdiyi ümid heç vaxt itmir. Uşaqlıq xatirələrimizdə yaranan inam bu filmlə özünü bir daha doğrultdu. Necə ki, uşaqlıqdan bəri uçurduğu böcək filmin prodüseri İmdad Əliyevin illər sonra da inamını qırmır. Parabüzən mühasirədə olan atası və yerlilərini öz izi ilə azadlığa qovuşdura bilir. Bu kadrlarla parabüzən həm də xilasın simvoluna çevrilir. Xoş niyyətli böcək qəhrəmanlarına təkcə mühasirədən xilas olmağın yolunu göstərmir, həmçinin qarşıdakı böyük Zəfərin yaxında olduğunun müjdəsini verir.

Həqiqət və ümidi çatdırmağın ən yaxşı yolu

Qarabağ müharibəsi zamanı ermənilərin mühasirədə saxladığı insanlarımızın yaşantılarından bu qədər ətraflı və maraqlı danışan sənədli və bədii filmlər barmaqla sayılacaq qədər azdır desək, yanılmarıq. “Parabüzən” həqiqətlərimizi sadə dillə danışan ekran əsəridir. Film həm də tarixə baxışdır. Bu, tariximizin hər bir özünə hörmət edən vətəndaşının bilməli olduğu ağrılı səhifələrindən biridir. “Parabüzən” o ağrılı illərin bütün həqiqətini, qorxusunu və ən əsası, ümidini çatdırmağın ən yaxşı yoludur. Təqdimatda da səsləndiyi kimi: “Ermənilərin xalqımıza qarşı təcavüzünü anlamaq üçün filmi xarici dillərə çevirmək və haqq səsimizi dünyanın diqqətinə çatdırmaq baxımından əhəmiyyətli olacaq”.

Sənədli ekran əsəri həmçinin ordumuzun rəşadətinə, Ali Baş Komandanın qətiyyətinə, xalqımızın sarsılmaz birliyinə, gənclərimizin şücaətinə inamı ifadə edir. İtməyən ümid, insanların birliyi, mühasirə günlərindən filmin qəhrəmanının günümüzə qədər qorunub saxladığı üçrəngli bayrağımız elə böyük Zəfərimizə aparan yoldur. Doğma torpaqlarından didərgin düşən insanlar bir daha sübut etdilər: onların ruhunu sındırmaq olmaz və düşmən heç vaxt qalib gəlməyəcək!

“Parabüzən” Qlobal Media Qrupun dəstəyi ilə ərsəyə gəlib. Filmin yaradıcı heyəti - direktoru Fuad Hüseynəliyev, rejissor və ssenari müəllifi Ayaz Mirzəyev, prodüseri İmdad Əliyev təxəyyüllə deyil, real faktlar və həyat hekayələrilə zəngin süjet xəttini, ümumilikdə filmin motivini baxımlı və təsirli kadrlarla təqdim etməyə nail olublar. Ekran əsəri informasiyalılığı və faktların konkretliyi ilə seçilir. “Parabüzən” sənədli film sərhədlərini gözləməklə bir növ bədii kinematoqrafiya effekti də yaradır. Yəni xatirələrdən kitablaşan, daha sonra real həyatın salnaməsinə çevrilən hadisələrin günlərin birində bədii lentdə əbədiləşməsi də gözləniləndir…

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər