10 min manatlıq gözəlliklə bağlı nələri bilirik?
Mütəxəssislər ehtiyac olduğu və sağlamlıq imkan verdiyi halda bədən şəkilləndirmə əməliyyatlarına getməyi məsləhət görürlər. Amma bu əməliyyatların qiymətləri elə də ucuz deyil. Üstəlik, həkimlər hər adama da bu əməliyyatları etdirməyi məsləhət bilmirlər.
Gözəllik üçün plastik cərrahların masasına əvvəllər daha çox məşhurlar uzanırdı. Onlardan bunu niyə etdiklərini soruşanda, cavabları bu tipli olurdu: “Daim kamera önündəyik, gözəl görünməyə məcburuq”. Ancaq zamanla sosial şəbəkələrin sayəsində təkcə məşhurlar deyil, hər kəs kamera önünə gəldi və görünüşü haqqında daha çox adam narahat olmağa başladı. Nəticədə estetik mərkəzlərin, estetik cərrahların sayı artdı.
İlk vaxtlar estetik əməliyyat deyəndə, daha çox rinoplastika - burun əməliyyatları ağıla gəlirdisə, indi artıq estetik əməliyyatların əhatə dairəsi genişlənib. Son illər isə bədən şəkilləndirmə ilə bağlı cərrahi əməliyyatlara müraciət edənlərin sayı xeyli artıb.
Bəs bu əməliyyatların qiyməti neçəyədir?
Bu sahədə məşhur həkimlərin abdominoplastika (qarın gərmə), popoplastika (omba böyütmə), mammoplastika (sinə plastika) üçün qiymətlərini öyrəndik. Hər birinin qiyməti 3000-3500 manatdan başlayır. Bildirildi ki, bu, ilkin qiymətdir. Müayinə zamanı hər kəsin bədəninə görə qiymət dəyişə - yəni yüksək ola bilər. Həmin əməliyyatlarla bir yerdə bel-kürək üçün də şəkilləndirmə əməliyyatı etdirmək istəsəniz, bunun üçün minimum 1000-1200 manat əlavə ödəməlisiniz. Bel-kürək ayrıca əməliyyat olacaqsa, qiymətlər 2000-2500 manatdan başlayır. Bütün bədəninizdə şəkilləndirmə etmək qərarı vermisinizsə, minimum 10 min manatdan keçməlisiniz.
“Bu, arıqlama əməliyyatı deyil”
Bəs 10 min manata alacağımız gözəlliklə bağlı nələri bilməliyik?
Plastik cərrah Mübariz Məmmədli deyir ki, bədən şəkilləndirmə əməliyyatlarına gedilməsi üçün səbəb olmalıdır: “Bədən şəkilləndirmə əməliyyatları üçün müraciət edən pasiyentlərdən müayinə zaman diyet saxlayıb-saxlamadığını, idman edib-etmədiyini soruşuruq. Bunun səbəbi var. Bədən şəkilləndirmə əməliyyatlarına nə zaman gedilməlidir? Məsələn, deyir ki, idmana gedirəm, hər yerimdəki piylər əriyir, hansısa hissədəki piyləri əridə bilmirəm. Ona görə liposaksiya əməliyyatına müraciət edir. Çünki bəzi piylər arıqlamağa dayanıqlıdır. Nə etməyindən asılı olmayaraq, idmançılarda belə getməyə bilir. Yaxud idmanla bədənində hansısa formanı əldə etmək istəyir, cəhd edir, alınmır. Bunları edib nəticə almayıbsa, əməliyyat qərarı verə bilirik. Yəni mahiyyət odur ki, sən istədiyin formanı idmanla, pəhrizlə əldə edə bilmirsən, cərrahi yola üz tutursan. Bu zaman bədəndə piy artıq olan yerlərdən çəkilir və çatışmayan yerlərə vurulur. Bununla da bədən şəkillənir”.
Bəzən bədənin müxtəlif hissələrində böyük miqdarda piylənmə olan, artıq çəkili şəxslər “bədən şəkilləndirməyə gedəcəm, piyləri götürsünlər” deyirlər. Cərrah bildirdi ki, bədən şəkilləndirmə əməliyyatları arıqlamaq üçün icra olunmur: “Adam 60 kiloqramla əməliyyata girirsə, həmin çəki ilə də əməliyyatdan çıxır. Hətta bir az artıq ola bilər. Çünki əməliyyatdan sonra bədəndə ödemlər, şişlər filan olur. Bu, arıqlama əməliyyatı deyil. Arıqlamaq üçün pəhriz saxlamaq, idman etmək, mədəkiçiltmə əməliyyatına getmək olar. Bədən kütlə indeksi 30-dan yuxarıdırsa, bədən şəkilləndirmə əməliyyatına götürmürük. Çünki bədən şəkilləndirmə zamanı alacağımız piyin miqdarı maksimum 6 kiloqramdır. Artıq çəkili adamlar üçün nə etməyimizdən asılı olmayaraq, onlar məmnun qalmayacaq. Ona görə deyirik ki, arıqlayın, sonra gəlin. Həm də artıq çəkilərdə piy emboliyası, tromboemboliya riskləri də çox olduğu üçün əməliyyata götürmürük”.
“Dəyişikliyi hiss edirsən, amma...”
M.Məmmədli deyir ki, bədən şəkilləndirmə əməliyyatlarına daha çox qadınlar müraciət etsə də, kişi pasiyentlər də az deyil: “Bədən şəkilləndirməyə bir çox əməliyyatlar daxildir. Onlar içərisində abdominoplastika, liposaksiya, yaxud popoplastika əməliyyatlarına daha çox gedilir. Xanımlar şəkilləndirmə və popoplastika, bəylər isə liposaksiya və bəzən ginekomastiya (kişilərdə süd vəzisinin böyüməsi) üçün müraciət edirlər”.
Cərrah bildirdi ki, məşhurların bədən formasını əldə etmək üçün müraciət edən şəxsləri əməliyyat etmir: “Bəzən xarici ulduzun şəklini gətirir, mənim bu hissəmi eynən onun kimi et deyirlər. O tip pasiyentləri əməliyyata almırıq. Heç kim heç kimə oxşamaq məcburiyyətində deyil, fərdilik olmalıdır. Həddindən artıq böyütmə, həddindən artıq kiçiltmənin tərəfdarı deyilik. Norma daxilində olsa, daha gözəl olar. Onun tərəfdarıyıq ki, hər kəs insandakı dəyişikliyi görür, amma tapa bilmir ki, nə edilib. Hər şey qədərində gözəldir”.
“Hər ürək, hər beyin ona dözmür”
Həkim-terapevt Məlahət Abbasova deyir ki, bədəndə qüsur varsa, bu, adamda psixoloji olaraq çox narahatlıq yaradırsa, kompleksə, stressə səbəb olursa, bu tipli əməliyyatlara gedilməsi normal haldır. Amma unutmamalıyıq ki, bu, bir əməliyyatdır: “Plastik cərrahiyyə uzun müddət - 6-7-8 saat davam edir. Bu müddətdə adam narkoz altında qalır. Hər ürək, hər beyin ona dözmür. Belə olanda fəsadlar yarana bilir. Üstəlik, əməliyyat uğursuz alına, ya da istədiyin kimi alınmaya bilər. Ürəyi xəstə, sinir sistemi zəif, qanda hemoqlobinin miqdarı aşağı olan, hepatit olan, yaxud hansısa xroniki xəstəlikləri olan adamlara məsləhət görməzdim. Əməliyyatdan sonra bu problemlər daha da arta bilər. Gözəllik xatirinə olan bu əməliyyatlara tək istəyimizlə qərar verməməliyik, sağlamlığımıza baxmalıyıq”.
Bədən şəkilləndirmə əməliyyatları zamanı həyatlarını itirənlərə gəlincə, M.Abbasova dedi ki, ölüm halları bu sahə bizdə yeni olduğu dövrlərdə daha çox olurdu: “Çünki peşəkar həkimlər az idi, amma müəyyən zaman keçib artıq, peşəkar mütəxəssislərimiz var. Həkimlər əməliyyatdan öncə pasiyentlərin xəstəlik tarixçəsini analiz edirlər, sağlamlığı imkan verirsə, edirlər. Elə xəstəliklər var, 10-15 min adamdan birində olur. Onu təxmin etmək olmur. Əməliyyat zamanı üzə çıxıb xəstənin həyatının itirməsinə səbəb ola bilər”.
Aygün Asimqızı