Zirvənin yolunu gözüyumulu tapan əsl qəhrəman
Qarabağ qazisi İlham Zəkiyev insan iradəsinin sərhəd
tanımadığını bütün dünyaya nümayiş etdirir
Cüdoçularımız
"London 2012" Yay Olimpiya Oyunlarına hazırlıq çərçivəsində Türkiyənin
Antalya şəhərində olarkən, iki dünya şöhrətli azərbaycanlı tatami ustasının
iştirakı ilə baş verən bir əhvalat idmançılar arasında kifayət qədər məşhurdur.
Belə ki, adət üzrə, olimpiyaçılarla birgə təlim-məşq toplanışında iştirak edən
paralimpiya çempionu İlham Zəkiyev yorucu məşqdən sonra köməkçisi ilə birgə
qaldığı otel otağına çıxaraq istirahət edirmiş. Uzun müddət ondan səs-soraq
çıxmamasından narahatlıq keçirən heyətin, həmişə şən, hazırcavab üzvü Elnur Məmmədli,
məşq yoldaşının kefini açmaq istəyi ilə yuxarı qalxıb, otağın zəngini sıxır.
Bir neçə saniyə sonra qapının İlhamın elə özü tərəfindən açıldığını, üstəlik,
içərinin tam qaranlıq olduğunu gördükdə, olimpiya çempionu təəccübünü boğa bilməyərək
soruşur:
- Ay İlham, axı bu qaranlıqda qapını necə açdın?
- Mən qaranlıqda iki olimpiada udmuşam, qardaş, sən isə bir qapını açmağıma təəccüblənirsən...
İkiqat
paralimpiya, ikiqat dünya, yeddiqat Avropa çempionu, "Bakı 2015" ilk
Avropa Oyunlarının qalibi, dünya kubokunun və digər irili-xırdalı mükafat və təltiflərin
sahibi, dostları, sevənləri, onunla qürur duyan hər kəs üçün isə sadəcə, İlham
Zəkiyev. Zirvənin yolunu gözüyumulu tapan Qarabağ qazisi. Həyat hekayəsi ilə
yeddidən yetmiş yeddiyədək hamıya örnək olacaq idmançı axtarışında ən yaxın
ünvanımız elə odur.
Qardaşının izi ilə: güləş, sambo və cüdo
1980-ci il,
mart ayının 3-də gənclik və idman şəhəri Sumqayıtda, zavod fəhləsi Əzizağa Zəkiyevin
ailəsində doğulan İlham, 4 qardaşın ən kiçiyi idi. Nə ailədə, nə də yaxın
qohumları arasında vaxtilə ciddi idman təcrübəsi yaşayıb müəyyən məqamadək yüksələn
biri olmasa da, onun lap uşaqlıqdan idmana, ələlxüsus da döyüş növlərinə maraq
göstərməsi tam təbiidir. Axı, İlhamın boya-başa çatdığı Sumqayıtda idmanın şahı
futbolla yanaşı, güləş, cüdo, karate və s. kimi təkmübarizəli növləri də daim
çox populyar olub. Üstəlik, özündən 3 yaş böyük qardaşı Fikrət bir neçə il idi
ki, güləşə gedirdi. İlham elə ondan ruhlanaraq, 12 yaşında milli idman növü ilə
məşğul olan saysız-hesabsız uşaqların sırasına qoşulur. Üç ilə yaxın sərbəst
güləş məşqlərinə gedən Zəkiyev, məşqçisinin ölkəni tərk etməsindən sonra Azərbaycan
idmanında məşhur Rəcəblilər nəslinin ağsaqqalı Əhməddin Rəcəblinin yanında cüdo
məşqlərinə yazılmaq qərarına gəlir. Paralel olaraq cüdonun "kiçik
qardaşı" adlandırılan samboda da qüvvəsini sınayır. Hər iki növdə şəhər,
zona, habelə, respublika birinciliklərinin mükafatçısı olur.
Prezidentin mühafizə xidmətində çalışmaq arzusu
Biz öyrəşmişik
ki, idmançılar təhsili idmana qurban versinlər. Həmkarlarının bir çoxundan fərqli
olaraq, İlham orta məktəb müəllimlərinin yaddaşında aktiv şagird kimi qalıb.
Sumqayıt şəhər 5 saylı məktəbin rus bölməsində təhsil alan Zəkiyev, xüsusən
coğrafiya, riyaziyyat, dil və ədəbiyyatı yaxşı qiymətlərlə oxuyub.
Təşkilatçılıq
bacarığı ilə də hər zaman ön plana çıxan universal şagird, coğrafi obyektləri xəritədə
göz təması olmadan tapması ilə hamını heyrətləndirər, üstəlik, rəssamlıq
qabiliyyəti ilə diqqətləri üzərinə çəkərdi. Dava-dalaşdan uzaq olsa da, döyüş
filmlərinin Jan-Klod Van Damm, Silvester Stalone, Arnold Şvartsenegger kimi
ulduzlarının portret-rəsmlərini çəkmək yeniyetmə Zəkiyevin əsas hobbisi idi.
Düşmən gülləsi...
"Kəşfiyyat
taboruna seçim vaxtı generalın diqqətini ilk mən çəkdim"- deyir, Zəkiyev:
"Beyləqandakı N saylı hərbi hissəyə düşmüşdüm. O vaxt boyum 1.87 metr, çəkim
94 kiloqram idi. Kəşfiyyat taboruna seçim vaxtı korpus komandiri Yaşar Aydəmirovun
diqqətini ilk mən çəkdim. Mənə yaxınlaşıb, hansı şəhərdən gəldiyimi, hansı
idman növü ilə məşğul olduğumu öyrəndikdən sonra sual verdi ki, əsgər Zəkiyev,
kəşfiyyatda qulluq etməyə hazırsanmı? Tərəddüd etmədən "bəli" dedim.
Bu müddətdə
bir sıra əməliyyatlarımız oldu, nümunəvi xidmətə görə fəxri fərmanla da təltif
edildim. 1999-cu ilin 4 fevralında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi
istiqamətində növbəti döyüş tapşırığını yerinə yetirərkən isə düşmən
snayperinin gülləsinə tuş gəldim. 7.62 kalibrli güllə sol gicgahımdan girib,
sağ gicgahımdan çıxdı. Beş gün koma vəziyyətində qaldım, ayılacağıma heç bir
ümid yox idi. Həkimlər çox ümidsiz danışırdılar. Yaxınlarıma yüksək immunitetə
sahib olduğum üçün bu qədər müddətdə sağ qaldığımı, yaxın zamanda öləcəyimi
deyirdilər. Anamın səsinə ayıldım. Yadımdadır, oyananda ilk sözüm "ana,
çox üşüyürəm" olmuşdu. 13 gündən sonra Əhmədbəylidən Bakıya aparıldım,
ümumilikdə 41 gün çəkən müalicədən sonra, nəhayət, evə buraxıldım. Tam görmə məhdudiyyətli
I qrup Qarabağ əlili kimi".
"Özümdə qətiləşdirmişdim ki, bu, ilahidən gələn
gücdür"
Çətindir, əlbəttə.
Həm də çox çətindir. Sənin, sadəcə 19 yaşın var, arzular çox, bitib-tükənməz,
fiziki durum isə bir o dərəcədə - ən sadə diləkləri də həyata keçirməyə imkan
verməyəcək qədər - məhdud. Belə vəziyyət nəinki çox cavan, hətta lap yaşlı
birinin də psixologiyasını alt-üst edib, onu həyatdan tamamilə soyudardı...
Məşhur
"Həyat mübarizədir" devizini rəhbər tutan İlham, həyatın ağır,
amansız sınağı qarşısında bir an belə, əyilmir, Azərbaycan əsgərinə yaraşan mətinliklə
heç nə olmamış kimi, səbr və inamla yaşamına davam edir. Dostlarının dediyinə
görə, yanına könlünü ovutmaq məqsədi ilə gələn bütün yaxınlarına "hər şey
yaxşı olacaq" deyə, özü təskinlik verirdi.
İlhamın dil və
ədəbiyyat müəlliməsi, Zəkiyevlərin uzun illərdir ailə dostu olan Sevinc Kərimova
deyir ki, onun, hər şeyə rəğmən, həyatda özünə layiqli yer tutacağına inanıb:
"Xəstə yanına gedəndə, hər bir insanın ürəyindən təsəlli vermək istəyi
keçir. Ancaq o, özünü elə aparırdı, sanki heç nə olmayıb, aldığı adi, yüngül
bir yaradır. Təkrar-təkrar "Sevinc Sabirovna, narahat olmayın, hər şey əla
olacaq" deyirdi. Sözdən çox, siması - oradakı işıq, əminlik,
qarşısındakını inandırırdı. Hələ o vaxtdan özümdə qətiləşdirmişdim ki, bu,
qeyri-adi, ilahidən gələn bir gücdür. Əmin idim ki, o, həyatda öz layiqli
yerini tuta biləcək".
Üç ilini
müalicə-bərpa proseslərinə həsr edən İlham, 2002-ci ilin noyabrında böyük
idmana dönür. Yenidən Əhməddin Rəcəblinin başçılığı altında çıxdığı bu yol,
onu, 1 il 10 ay sonra paralimpiya zirvəsinə daşıyacaqdı...
Haşiyə
Müasir dövrdə
əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün ən kütləvi vasitə
idmandır. Odur ki, idman aləmini paralimpiya dəyərləri olmadan təsəvvür etmək
mümkün deyil. Almaniyalı neyrocərrah Lüdviq Quttman tərəfindən irəli sürülən,
1960-cı ildən bu yana ali səviyyədə əksini tapan paralimpiya maraqları ötən
dövr ərzində böyük hərəkata səbəb olub, günümüzdə dünyanın hər bir tərəfindən
milyonlarla insanı ətrafına toplamaqdadır. Dəyərlər, Azərbaycanda da yüksək səviyyədə
qorunaraq, təbliğ edilir. Respublikamızın nümayəndələri cəmi altı Yay
Paralimpiya oyunlarında iştirak etsələr də, az qala bir əsrlik fəaliyyəti ifadə
edən uğurlara imza atıblar. Eyni zamanda, idmançılarımız ayrı-ayrı növlərdə
Avropa, dünya, paralimpiya rekordlarına sahibdirlər.
5 dəqiqə 29 saniyəyə iki olimpiya zirvəsi!
Azərbaycanda
paralimpiya hərəkatının ən önəmli ilkləri məhz Zəkiyevin adı ilə bağlıdır.
Belə ki,
Kuba, İspaniya və Böyük Britaniyadan olan cüdoçularla görüşlərə üst-üstə 179
saniyə vaxt sərf edib, onlara xal belə vermədən "Afina 2004"ün qalibi
olan 24 yaşlı Zəkiyev, tarixə Azərbaycanın ilk paralimpiya çempionu kimi düşüb.
Növbəti
olimpiya zirvəsini fəth etmək üçün isə ona cəmi 2 dəqiqə 30 saniyə vaxt lazım
olur. Fransalı Jülyen Torinye (İlhamın dəfələrlə, əsasən də finalda üz-üzə gəlib
məğlub etdiyi Jülyenin bir maraqlı ləqəbi də var: "Azərbaycan himnini əzbərdən
bilən yeganə fransız") Qarabağ qazimizin qarşısında, sadəcə 5, Cənubi
Koreya təmsilçisi 105, ev sahibi Vanq Sonq isə 40 saniyə duruş gətirir. Beləliklə,
bir ay əvvəl Elnur Məmmədlinin fantastik şousu ilə lərzəyə gələn Pekin Elm və
Texnologiya Universitetinin idman salonunun tribunaları, daha bir igid Azərbaycan
oğlunun möhtəşəm qələbəsini ayaq üstündə alqışlayırdı.
Bəli, bunlar
adi çempionluqlar deyildi; insan iradəsinin böyük təntənəsi, mənəvi işığın zülmət
üzərindəki parlaq zəfəri idi.
İlham Zəkiyev
insan potensialının sərhəd tanımadığını - hər kəsin, istəyərsə, hər şeyə nail
ola biləcəyini bir daha nümayiş etdirən şəxsdir.
Dünya cüdosunun şərəf zalında ilk və tək!
Son olaraq
vurğulamağı vacib bilirik ki, sonrakı illərdə dünya, Avropa adına rekord sayda
qitə çempionu, paralimpiya üçüncüsü olan Zəkiyev, bu zamanadək, əsasən görmə
imkanına malik cüdoçularla üz-üzə gəlib. Belə ki, paralimpiya cüdosunun əsasnaməsinə
görə, idmançıların görmə məhdududiyyətinin dərəcəsinə əsasən, üç ayrı
kateqoriya müəyyənləşdirilsə də, onların hamısı birgə mübarizə aparır. B1
kateqoriyasından olan - yəni tam görmə məhdudiyyətli idmançıların, əsasən müəyyən
civarda görmə imkanına sahib olan rəqibləri ilə başabaş mübarizə aparmasının nə
dərəcədə mürəkkəb bir iş olduğunu çatdırmaq üçün əlavə şərhə gərək yoxdur, deyə,
düşünürük. Odur ki, onun, Beynəlxalq Cüdo Federasiyası tərəfindən dünya
cüdosunun şərəf zalına daxil edilən yeganə paralimpiyaçı statusunu daşıması təsadüfi
deyil.
Sahib Əsədbəyli
Yazı Milli Olimpiya Komitəsinin keçirdiyi müsabiqəyə təqdim olunur.